Banı xanım:
Açıldı sandığın göründü mina
Camalın şevqini oxşatdın günə
Söylə görüm kimlər salmış bu günə
Oyan sandığından var əcəm oğlu.
Açıldı sandığın göründü maya
Camalın şevqimi oxşatdın aya
Söylə görüm kimlər atmış dəryaya
Oyan sandığından var əcəm oğlu.
Saralıban gül rəngin solubdu
Qaynayıban peyvanələr dolubdu
Kimlərin əlindən sitəm olubdu
Oyan sandığından var əcəm oğlu.
Tahir Mirzə bir xeyli müddətdən özünə gəlib Banı xanıma belə cavab verir:
Tahir Mirzə:
Biz yetimik, siz atalı-analı
Bu məclisə hürü qılman gələli
Qolları bəzməntli səri cığalı
Tanrı məni sizə qurban eləsin.
Kimi al geyinib kimi qırmızı
Kimi gül döşürür, kimi nərgizi
Naz ilə yeriyir vəzirin qızı
Tanrı məni sizə qurban eləsin.
Adın Banı, özün xanlar xanısan
Gözəllər içinin xoş nişanısan
Biçarə Tahirin şirin canısan
Tanrı sizi mənə döxtər eləsin.
Tahir Mirzə sözünü tamam edər-etməz Banı xanım qəzəblənmiş dedi:
– Zalım oğlu, zalım bu qızların heç sənə layiq olanı yoxdumu ki, hamısını özünə bacı edirsən.
Tahir Mirzənin köhnə yaraları təzələnib Banı xanımın cavabında görək nə dedi:
Tahir Mirzə:
Şahım! İndi ərzim sənə eləyim
Mən bir tiflikən ağlımı çaşdım
Oxudum sinəmin dəftərin açdım
Buyurdu cəlladə fərmanə məni.
Uzaq ikən beşikimi yırğadım
Çörəyimi zəhərlərə doğradım
Hətəmsultan qəzəbinə uğradım
Atdı seldən-selə ummanə məni.
Tahir deyə özün mənə bildirdi
Ağladıban göz yaşımı sildirdi
Hətəmsultan bəy babamı öldürdü
Təbibimsən yetir dərmanə məni.
Banı xanım ərzim sənə eləyim
Dilim tutmur bu kəlməni söyləyim
Məşər günü mən şikayət eləyim
Zöhrə ilə çəksinlər divanə məni.
– Tahir Mirzə! Söylə görüm Zöhrə-Zöhrə deyirsən, o biz qızların hamısından gözəl və hamısından gönül səvəndurmu?
– Xanım! Zöhrə dedikcə gözəl və dedikcə gönül səvəndi.
– Cavan! İndi ki, sən onu belə tərifləyirsən mən səninlə gedərəm. Hərgah Zöhrə məndən gözəl olsa onda onu sənin üçün zor ilə alaram. Yox gözəl olmasa həm onu və həm də səni həlak etdirrəm.
De görüm buna razısanmı?
– Can baş ilə razıyam.
Banı xanım bu sözdən sonra Tahir Mirzəni də götürüb oradan Çin şəhərinə gəldi. Əlli min səvarə və piyada qoşun ilə Qaramanlı şəhərinə yola düşdülər. Bir müddətdən sonra Qaramanlı şəhərinə varid oldular. Böyük Qaramanlı şəhərini üzük qaşı kimi araya aldılar. Hətəmsultana xəbər getdi ki, şəhəri mühasirə ediblər. Hətəmsultan Banı xanımın hüzuruna qasid göndərdi, dedi: Get gör nədən ötrü o bu vilayətə qoşun çəkib.
Qasid şahın hökmünə görə oradan gəlib şahın dediklərini Banı xanıma söylədi.
Banı xanım dedi:
– Get şahına deyilən Çin padşahının qızı Banı xanım qızın Zöhrəyə Tahir üçün elçi gəlib, ya qızını versin və ya vaxtına hazır olsun.
Qasid baş endirib çıxdı. Hətəmsultanın yanına gəlib əhvalatı başdan-başa ona nəql elədi. Hətəmsultan dedi:
– Yüz kor qızım olsa da birini Tahirə vermərəm. Sultan bu sözdən sonra davaya hazırlaşdı. O tərəfdən Banı xanım Tahir Mirzə ilə arada qoyduğu sözə görə Zöhrəni görmək üçün onunla barabar Zöhrənin yanına gəldi. Çoxdan həsrət qalmış aşıq-məşuq biri-birini gördü. Tahir Mirzə sevgilisini görər-görməz eşqə dolmuş sözə başladı:
Tahir Mirzə:
Qız səni ədalət bildim
Mən yanına dada gəldim
Çox cəfa çəkdim yolunda
Ömür verdim bada gəldim.
Hər nə oldu mənə oldu
Saraldı güllərim soldu
Gül üzüldü bülbül öldü
Səni saldım yada gəldim.
Xan Tahirin bu vaxtında
Sinəsi yarın bəxtində
Hətəmsultanın təxtində
Canım saldım oda gəldim.
Tahir Mirzə sözünü bitirər-bitirməz aldı Banı xanım görək nə dedi.
Banı xanım:
Gözlərində qüsur yoxdur
Allah sənin qarşın Zöhrə
Yaqut ya mən dürrə bənzər
İnci sədəf dişin Zöhrə.
Gəl duraq qabaq-qabağa
Boyum boyuna sadağa
Sandıq çıxdı bizim bağa
Onda bitdi işin Zöhrə.
Uca dağlar başı qarlı
Sinəndən baş verən nardı
Tahir kibi yarın vardı
Bəxtəvərdi başın Zöhrə.
Banı deyər gəl bəsləşək
Görək kimdi kimdən qəşəng
Gücün varsa gəl bazdaşaq
Gətirmişəm qoşun Zöhrə.
Banı xanım saz ilə dediyi kimi söz ilə də dedi: – Tahir Mirzə! Doğrudan da Zöhrə tərifə layıq gözəl imiş. Daha durmaq vəxtı deyil, davaya getməliyik. Bu sözdən sonra Banı xanım ilə Tahir Mirzə qoşunun içinə gəldi. O tərəfdən Hətəmsultan da qoşununu götürüb oraya gəldi. Belə ki, hər iki qoşun ru-bə-ru oldu. Tahir Mirzə atına suvar olub rəzmigaha çıxdı. Mübariz istədi. Neçə pəhlivan gəldisə də heç birinə aman vermədi. Tahir Mirzə meydanı boş görüb üzünü Hətəmsultana tutub dedi: – Padşah! Qoşunu qırmaqdan bir fayda çıxmaz, gəl hər ikimiz dava edək, ya sən məni öldür mənim qoşunuma sahib ol və ya mən səni öldürüb sənin qoşununa sahib olum.
Tahir Mirzənin sözünə hər iki tərəf razı oldu. Bu zaman Hətəmsultan Tahir Mirzənin meydanına gəldi. Tahir Mirzə Hətəmsultan meydana gələr-gəlməz – Əmi! Mən sənin kibi namərd deyiləm. Atıyın tənki açılıb, əvvəl onu bağla sonra dava edək. Hətəmsultan Tahir Mirzənin sözünə inanıb tapqırı bağlamaq üçün başını aşağı əyəndə Tahir fürsəti qənimət bilib onun boynundan qılınc ilə elə vurdu ki, başı on qədəm kənara düşdü. Şahı ölmuş görüb, bütün qoşun əhali və şəhər əhli təslim oldu.
Bu zaman şəhər əhlinin razılığı ilə Tahir Mirzəni Hətəmsultanın yerinə təxtə çıxardılar. Qaramanlı şəhərini çıl-çırağban bəzədilər. Qırx gün, qırx gecə toy edib Zöhrə xanımı və Banı xanımın əlini Tahir Mirzənin əlinə verdilər və xeyir-dua verib evlərinə getdilər. Tahir Mirzə rəiyyətlə adilanə rəftar etmək ilə barabar çox bəlalar və çox cəfalər çəkdiyi nazənənlər ilə mal devlət və cah-cəlal içində ömür sürməgə və gün keçirməgə başladı.
Dostları ilə paylaş: |