ŞAHZADA QASIMIN NAĞILI
Əli Rəhim oğlu
Qazax-1926
Hərat şəhərli Fətəli şahın dünyada heç öladı olmazdı. Yaşı çox keçmiş idi. Bir ədalətli və səxavətli şah idi. Bir gün vəzirindən soruşdu: – Ey vəzir! Təəccübəm, nə üçün mənim yaşım belə keçib, bir öladım yoxdur.
– Şah sağ olsun! Sən bu dünyada ədalətli olub, camaatın əksik işlərini düzəldib xəzinənin ağzını açıb fəqir-füqəraya mal və pul dağıtsan sənin öladın olar.
– Vəzir! Sənin bu sözünü imtahan edəcəyəm və mal dölətdən əl çəkib yeddi il camaatdan xərc, bəyar almıyacağam.
Fətəli şah həmin tarixdən dediklərini edib və yerinə yetirdi. Haqq tala bunun belə səxavətli olmasını nəzərə alıb bir ölad kəramət etdi. Bunun da adını Şahzada Qasım qoydular.
Şahzada Qasımı dayaya və dayadan lələyə verdilər. Ta inki on iki yaşına yetişdi. Bu zaman Fətəli şah vəzirə dedi: Qasımın məktəb vaxtıdır. Bunu məktəbə qoymaq lazımdır. Şahın əmrinə görə şahzada Qasımı məktəbə qoydular. Həmin məktəbdə Qasım dərs oxuyurdu, həm də dava məşqi alırdı. Bu minval ilə iyirmi yaşına qədər məktəbə davam etdi. Bir gün şahzada Qasım molladan izin alıb vəzir vəkil ilə şəhərə çıxıb seyr etdikdən sonra babasının hüzuruna gəlib bir neçə gün vəzir, vəkil yanında şahlıq təlimini almağını söylədi. Babası izin verdi. O bir müddət vəzir, vəkil yanında hər cür təlim aldı.
Qasım bir gün balkonda oturub nartaxta oynuyurdu. Gördü ki, bir neçə oğlan şikardan gəlir. Bunlarda qəribə ovlar vardur. Şahzada vəzirə dedi: Sabah mən də şikara gedəcəyəm. Qasım sabah olcaq əzm, mübariz geyinib babasından izin alıb vəzir, vəkil və qoşun ilə şikara rəvan oldu. O gün axşama qədər qəribə ovlar şikar edib axşam otağa gəldilər. Şahzada Qasım o gecə sabaha qədər şikarın şevkindən yatmadı. Sabah olcaq vəzirə dedi: Atamdan uzaq səfərə şikara getmək iznini al. Vəzir gəzib gəlib şaha oğlunun uzaq şikara getmək istədiyini söylədi.
Şah izn verdi. Şahzada Qasım yeddi yüz altı vəzir-vəkil ilə əzm şikar qıldı. O qədər getdilər ki, ta inki şahın torpağından çıxmağa yaxınlaşdılar. Bu əsnada vəzir dedi: Şahzada! Bura əcnəbi şahların vətənidir. Getmək mümkün deyil.
– Vəzir! Məndən əlavə dünyada şah varmıdur? Vəzir: – Şahzada sağ olsun, dünyada çox şahlar vardur.
– Vəzir! Onu mənim qılıncım bilər. Bu sözü deyib atları sürdülər. Bu surətlə qırx gün yol getdilər, ta inki bir mənzərəli yaylağa yetişdilər. Burada bir ceyranın otlamasını gördülər. Şahzada Qasım ceyranı görəndən and yad etdi ki, bu ceyranı gərək hər nə cür olsa tutam. Bunu deyib qoşuna höküm etdi: bunu hər tərəfdən mühasirəyə alın. Hər kimin tərəfindən getsə onun boynunu vurduracağam. Qoşun ceyranın hər tərəfini bürüdü. Bir vədə ceyranı başını otdan qaldıranda gördü ki, ətrafını üzük qaşı kibi araya alıblar, oyana-buyana baxıb birdən Şahzada Qasımın çiyninin üstündən elə atıldı ki, o qədəm də Qasımdan kənara düşdü. Şahzada Qasım halı belə görəndə dedi: Heç kəs atını sürməsin. Bu ceyran məni fəqir tapdı və mənim tərəfimdən getdi. Ya gərək öləm və ya bu ceyranı dutam. Bunu deyib ceyranın dalınca at saldı. Bir müddət getdikdən sonra qabağında bir dağ nümayun oldu. Həmin dağın yoxuşunu çıxanda gördü: heç bir şey yoxdu, amma bir sərçeşmə var. Şahzada Qasım dərd qəm peçidə olub həmin sərçeşmənin yanında atdan düşdü; yuxuya getdi. Şahzada yatmaqda olsun gəl sənə Hind şahının qızı Əsmayıl Pəridən xəbər verim:
Hinddən dayasına höküm etdi. Bu saat kəcavəmi hazır et. Dünya seyrinə getmək istəyirəm. Əsmayılın hökmünə görə zərin kəcavə hazır oldu. Sarvan ilə yola düşdü. Bir qədər gəzdikdən sonra güzar Hərat mülkündə səfalı bir yaylağa düşdü. Qəzadan həmin Qasım yatan sərçeşmənin yanından gedəsi oldular. O qədər getdilər, Qasıma yaxınlaşdılar. Sarvan görüb dedi: Xanım, burada bir qaratlı var. Xanım durbin ilə baxdıqda sarvana dedi: Sür, qorxma, yurd yeridir. Sarvan sürdü, sərçeşməyə yaxınlaşdılar. Sarvan Qasımı görcək dedi: Xanım! Bu oğlandan xəta əksik deyil, yuxudan bidar olmamış tez buradan gedər.
– Sarvan qorxma, İsmayıl bu sözü deyib və kəcavədən düşüb bulağın üstündə əl-üzünü yumağa məşğul oldu. Bir vədə gözü oğlanın gül camalına düşüb əl etdi cürəsinə, bu dillər ilə oğlanı oyatmağa başladı:
Dostları ilə paylaş: |