Şahzada Qasım:
Sən haranın evladısan, öyüsan
Hind elinə getməliyəm pəhləvan
Tanrım üçün gəl eyləmə döyü sən
Hind elinə getməliyəm pəhləvan.
Cəlalı:
Bülbül olan heç ayrılmaz gülündən
Cida düşər vətənindən, elindən
Bu səhrada qurtarmazsan əlimdən
Sənin tək oğlanlar baş verib gedər.
Şahzada Qasım:
Laf eləmə bir az yoldan kənar dur
Görək kim burada baş verib gedər
Bu yerdə bilinər mərd ilə namərd
Görək kim meydanda baş verib gedər
Cəlalı:
Cəlaliyəm bu ölkənin mərdiyəm
Aslanıyam, pələngiyəm, qurduyam
Sən bir tək gədəsən mən bir ağır orduyam
Çox sənin kimilər baş verib gedər.
Şahzada Qasım:
İndi Qasım beş xananı söyləsin
Hər dil ilə sənə ərzin eləsin
Yüz min qavğa bir şonqara neləsin
Görək kim meydanda baş verib gedər.
Sözləri tamama yetişər-yetişməz Cəlalı ilə şahzada güştü tutub güləşməgə başladı. Güləşməkdən murad hasil olmadı. Hər ikisi şəmşir baranə əl etdilər. Nagah Cəlalı fürsət tapıb şahzadaya bir qılınc vurdu, dörd barmaq fərqinə işlədi. Sonra növbət şahzadaya yetişdi. Cəlalıya hərçi qılınc endirdi. Bir mətləb hasil olmadı.
Bu zaman ucadan bir nərə çəkib Cəlalını yəhərdən götürüb elə yerə vurdu ki, nəqş bağladı başını kəsmək əsnasında qız yaxasıını açıb, məmələrini şahzadaya göstərdi. Şahzada heyrətdə qalıb bu sirri qızdan soruşdu.
– Oğlan! Mən əhd eləmişəm. Hər kim məni yıxsa ona gedəm. İndi mən səninəm. Şahzada qəbul etdi. Hər ikisi saraya gəldilər. Bütün burada olan kənizləri azad etdilər. Veznindən yüngül qitmətdən ağır götürüb Hind elinə tərəf rəvan oldular. Qırx gün at sürdü, qırx birinci günü Hində yetişdilər. Hindin dərvazəsindən şəhərə daxil olub bağçalar arasında gəzirdilər. Cəlalı şahzadadan soruşdu: – Fikrin nədi?
– Cəlalı gör nə edərsən Əsmayıl Pərinin oğlunun yerini tapaq.
Bunlar Əsmayıl Pərini axtarmaqda olsunlar, gəl sənə Hind şahının qızı Əsmayıl Pəridən xəbər verim.
Əsmayıl Pəri öz əmisi oğluna nişanlı idi. Elə ki şahzada Qasımı Heyratda gördü, ona aşıq olub əmisi oğlundan əl götürmək istəyirdi. Ona görə əmisi oğluna dedi:
– Gərək yeddi il məni gözləyəsən.
O da razı olub. Bu yandan da Qasıma nama vermişdi ki, səni gözləyəcəyəm.
Əsmayıl Pərinin hər iki tərəfə verdiyi vədə tamam olmağa qırx gün qalmışdı. Gördü yeddi il tamam olur şahzadadan xəbər yoxdu. Əmisi oğlu toy binası qoymaq istəyir. O yazıq ağlaya-ağlaya şahzada Qasımın yolunu gözləyirdi.
Qəzadan o günü dərdini-qəmini dağıtmaq üçün əmisi qızı Zeynəb ilə bağlara gəzməgə çıxmışdı. Şahzada Qasım və Cəlalı həmin bağın qabağında dolanırdı. Şahzada bir uşaqdan soruşdu:
– Əsmayıl Pərini harada görmək olar? Hərgah yerini desən sənə ənam verərəm.
– Aşıq, həmin bu bağda görmək olar.
Şahzada Qasım uşağa ənam verib Cəlalı ilə bağa girib dolanırdı. Bu yandan Əsmayıl Pəri kənizlərə dedi:
– Qızlar! Amandı bir aşıq tapın gətirin, bir qədər söhbət etsin, gönlümüzü açsın, çox dilgirəm.
Qızlar şəhərə aşıq tapmağa gedən vədə şahzadanı bağda görüb dedilər:
– Aman Aşıq! Xanın qızı aşıq üçün bizi şəhərə göndərirdi. Yaxşı oldu səni tapdıq. Gəl gedək, çox ənam verər.
Şahzada Cəlalını orada qoyub tapşırdı:
– Səsim gələndə tez məclisə gələrsən, oradan Əsmayıl Pərinin hüzuruna rəvan oldu. Qasım məclisə yetişəndə gördü sevgilisi Əsmayıl Pəridir. Qaş-göz ilə özünü ona nişan verdi. Əsmayıl Pəri əmisi qızı yanında olduğuna görə açılışa bilmədi. Qızın üzərində dedi:
– Aşıq! Bir neçə qatar türkü söylə, gönlümüz açılsın.
Şahzada Qasım sevgilisinin cavabında sazı sinəsinə basıb görək nə dedi:
Şahzada Qasım:
Bahar fəsli yaz ayları gələndə
Yaylaqlardan qar almağa gəlmişəm
Gönül oylar gözəllərin bağında
Müştəriyəm nar almağa gəlmişəm.
Əsmayıl Pəri:
Baş açmadım fitnəsindən, felindən
İyləmədim qonçasından, gülündən
Qasım ölkəsindən, Qasım elindən
Mənə bir xəbər ver bağrım dəlildi.
Şahzada Qasım:
Ay qız sənin qaşın kəbə küncüdü
Ala gözlərinə kim yoyuncudu
Ləbin qonça, dur dəhanın incidi
Mən zərafamdur almağa gəlmişəm.
Əsmayıl Pəri:
Payız olar bağlar tökər xəzəli
Boynun sınsın, səvməyəydin əzəli
Qırx kəniz var tamam Hindli gözəli
Mənə bir xəbər ver, bağrım dəlildi.
Əsmayıl Pərinin əmisi qızı Gözəl xanım dedi: Əmi qızı, biz burada öküz omasıyıqmı? Sən dəyirsən, o cavab verir, o deyir sən cəvab vərirsən. Yəqin ki sizin əvvəldən tanışlığınız var.
– Aşıq! İndi də Gözəl xanıma tərəf söylə.
Şahzada Qasım:
Hər kim səvər o Gözəl şahı
Əzənlər sərvəni o qibləgahı
Qasım deyər odur sözün kotahı
Müxtəsəri yar almağa gəlmişəm.
Söz tamama yetişdi. Gözəl xanım dedi: – Aşıq! Burada yar filan sözü danışma, bu saat dara çəkdirərəm. Al sözüyün cavabın.
Dostları ilə paylaş: |