Şahzada Bəhram:
Belə gözəl gəlmiyibdi cahanə
Dolansa bu döran, dönsə zəmanə
Üzüyünü verib mənə nişanə
Üz çöyürüb ol viranə gedirəm.
Piran:
Oğul dərdinnən çəkirsən ah zarı
Gözəli yaradar yaradan tanrı
Gülə düşmən yaradıb o zalım xarı
Əbəs düşüb bu södayə gedirsən.
Şahzada Bəhram:
Amanəti vardı mənim əlimdə
Xarlər oynayammaz mənim gülümdə
Bəhram deyər səri qoydum yolunda
Qavıl etsə mən qurvana gedərəm.
Piran:
Oğul qaşın qara o dişdərin yaməni
Hax götürsün aralıxdan yamanı
“Piran” deyər yandırasan haməni
Tapşırıram ol xudaya gedərsən.
Piranın dört oğlu var idi. Onlara tafşırdı:
– Oğlannarım şahzada həm yol bilmiyir, həm də təkdi. Ona görə dördünüz də attanıb munu Xtan yolunun bir cada yoluna qədər aparın.
Hamusu “bə çəşm” deyib atdara suvar oldular. Şahzada Bəhram piran ilə halallaşdı, Xtan vilayətinə tərəf rəvan oldular. Tainki həmin cada yola yetişdilər. Burada şahzada piranın oğlanları ilə halallaşıb Xtan elinə tərəf getməgə məşğul oldu. Piranın oğlannarı da öz öylərinə qayıtdılar.
Şahzada Bəhram bir neçə gün at sürüb bir axşamüstü bir biyavannan getdiyi vaxt bir qalaya nümayun oldu. “Gedərəm bu qalada bir neçə gün istirahətlik edərəm” deyib ata bir mahmız göstərib qalanın yanına yetişdi. Nə gördü: bir qaladır, başı ərş əlayə çəkilib; bunun eyvanında bir nazənin sənəm əyləşib; gəl məni gör dərdimdən öl; ağ, çağ; kəllə mənar, əl dəysə sınar, cavannar görsə umar: al köynək əynində; əraşqın başında; məmələr qızıl qabın içində – xülasə, nə deyim heç misli manəndi olmayan bir gözəldir. Şahzada Bəhram bunu görcək ağlı başınnan çıxıb bu dillərnən sözə başladı:
Bə, bə aləm məlahətdə gözüm bir ceyrana düşdü
Zülfi reyhan siyah sünbülə düşdü
Artdı əfsanəyi dərdim ki nə dildən dilə düşdü
Dolanıb çarx zaman bizimki də belə düşdü.
Şahzada Bəhramın sözünü qız eşitcək balay eyvanan yüz naz ilə xuraman-xuraman onun yanına gəldi. Dedi: “Ey cəvan, xoş gəlmisən, buyur mehmanım ol”.
– Hürmətiniz artıx olsun, bir qədər dincəlib getməliyəm. Çünki intizarə söhbət həramdır.
– Bu gecə mənim mehmanımsan. Hər ikisi baravar saraya daxil oldular. Qız bir qədər söhbətdən sonra məclisə taam gətirib hər ikisi tam tənavil etdi. Sonra istirahət zamanı qız şahzadadan soruşdu:
Mah Ənvər:
Başına döndüyüm gül üzlü cavan
Söylə görüm nə məkandan gəlirsən
Sənə layıq olsun mən tək bir cavan
Söylə görüm nə məkandan gəlirsən.
Dostları ilə paylaş: |