Şahzada İbrahim:
Gedən getmə mən də gəlim yetirim
Sən abdal ol keşgülünü götürüm.
Qardaş dedi: gedim taam gətirim.
Gözüm yolda qaldı, gedən gəlmədi.
Göydə bulut bulan-bulan bulanır,
Yaralarım köz-köz olur sulanır,
Qardaş gəlib günbəzini dolanır,
Gözüm yolda qaldı, gələn olmadı.
Sən mənim soltanım, sən mənim şahım
Ərşə dayanıbdı, dudum həm ahım
Günbəzdə qaldı yazıq İbrahim
Gözüm yolda qaldı, gedən gəlmədi.
Sözünü tamama yetirib, dərd qəmə piçidə olmuş ah-zar ilə günbəzə daxil oldu. Bu günbəzdə qalmaqda olsun, gəl sana Mısırlı Ziyad həramidən xəbər verim. Ziyad həraminin başında qırx hərami var idi. Bunların hamısına sərgərdəlik edərdi. Hər məmləkətdə çapıb, soymaq ilə baş dolandırarlardı. Çalıb, çapıb soyğunçuluq etməydən əlavə bu zalimlər həmən vəxt adam əti yemək və adam qanı içmək ilə məşğul idilər. Qəzadan o axşam çalıb, çapıb həman İbrahim olan qəbiristanlıqda pünhan olmuşdular. İbrahim bu suznaq sözləri oxuyanda həramilər eşidib, günbəzin yanına gəldilər. Ziyad hərami diqqət ilə günbəzin başına baxdıqda nə gördü: bir cavan nurəsidə, xətt xalı bənəfşə kibi günbəzin başında qərar dutmuş. Əmma biçaranın ac susuzluğundan rəngi zəfəran kibi saralmış. O özü-özünə dedi: “Hər tor olsa gərək bu cavanı həramilərin əlindən saldırıb özümə oğul edəm”.
Həramilərin qırxı da İbrahimi günbəzin başında gördüydə dedilər:
– Ey bəni adam! Hər nə karəsən aşağı düş yanımıza gəl, hərgah gəlməsən ox ilə bədənini parə-parə edərik.
İbrahim qırx həraminin səsini və həm-həməsini birdən eşitcək hölnak bir halda aşağı düşüb həramilərin yanına gəldi. Həramilər İbrahimi görçək, hamısı qılınclarını çekdilər, istədilər ki, öldürüb kabab etsinlər. Ziyad hərami həramiləri belə sivirmə qılıncla qırıb:
– Fikriniz nədi?
– Gərək bu cavanın ətindən adama bir kabab yeyək. Çünki xeyli vəxtdir ki, adam əti yemiyirik.
– Ey yazan! Mən qırx ildir ki, sizə həramibaşı olub, zəhmətinizi çəkmişəm. O zəhmətin əvəzində sizdən xahiş edirəm ki, bu cavanı öldürməyin. Çünki özünüz bilirsiniz mənim öladım yoxdur. Bu cavanı özümə oğulluğa qabul etmək istəyirəm.
Həramilər Ziyadın xatırını çox istəyirdilər. Ona görə də onun sözünü sındırmayıb, İbrahimi Ziyada verdilər.
Ziyad hərami, həramilərə dua və səna edib, İbrahimi də özləri ilə götürüb, Mısra getdilər. Gecə-gündüz yol gəlib, ta inki, bir müddətdən sonra Mısırda Ziyad həraminin evinə yetişdilər. Ziyad hərami başında olan qırx həramiyə dedi:
– Qardaşlar, bilin və agah olun, mən bu gündən sonra həramilikdən əl çekdim. Ona görə siz nə no ilə dolanacaqsanız dolanın.
Həramilər Ziyad ilə görüşüb, hər kəs öz evinə getdi.
Ziyad arvadı Məlaikəni çağırıb:
– Ay arvad, bu cavanı özümüzə oğulluğa qəbul etməkdən ötrü uzaq bir məkandan gətirmişəm.
– Ziyad, oğluna da qurban olum, özünə də, çox yaxşı etmisən.
Pəs hər ikisi can dil ilə qəbul etdilər. Məlaikə köynəginin yaxasını cırıb, İbrahimi yaxasından keçirdi. Üzündən, gözündən busə edib, qiyamət günü sən mənim oğlumsan dedi: Ziyad hərami də həmçinin İbrahimi bir can kimi bağrına basıb, dedi:
– İbrahim sən mənim istəkli oğlumsan, ona görə hər yana getsəm səni də özüm ilə aparacağam.
Ziyad hərami həramilərdən ayrılan gündən çalıb, çapmaqdan əl çəkmişdi. Hər gün İbrahimi də özü ilə bərabər götürüb, şikarə gedirdi. İbrahimin ayağının sayasından bir az vəxtdə Ziyad həraminin var-döləti həddən ziyada olmuşdu. Bu yandan qırx həramilər gördülər ki, Ziyadın döləti günü gündən artır. Dedilər, yəqin bu cavanın ayağının sayasından Ziyadın döləti artır. Onun üçün gərək İbrahimi Ziyadın əlindən bir tor ilə çıxardaq. Həramilərin hamısı bir yerə yığılıb, nə hilə ilə İbrahimi Ziyadın əlindən çıxarmağı düşünürdülər. Bunların içərisindən Qənbər adlı bir hərami ayağa durub, dedi:
– Mən bunun tədbirini bilirəm. Hərgah razı olsanız tezlik ilə Ziyadın əlindən bu cavanı çıxarda bilərik.
Hamısı Qənbərin tədbirini qabul etdilər.
– Qardaşlar, bu yaxında bir qarı vardır ki, dünyada hiləgərlikdə misli manəndi yoxdu. O qarıya xəlq arasında “Oran Qutan qarı” deyirlər. O bu işə hər cür olsa əlac edib, bir az vəxtdə İbrahimi Ziyadın əlindən çıxara bilər.
Həramilər Qənbərin bu tədbirinə afərin dedilər. Qənbər oradan Oran Qutan qarıgilə gedib, əhvalatı təmami ilə nağıl etdi:
– Qarı nənə, hərgah bu işə əlac etsən səni dünya malından qəni edəcəyəm.
– Bala o mənim işimdi.
Qarı oradan düz Ziyadın arvadı Məlaikənin yanına gəlib, bir az xoş-beşdən sonra:
– Məlaikə xanım, sən çox hürmətcil və ehtiramlı gəlinsən, əmma hər kimə hürmət edirsənsə sənin çörəgini basıb, nanəcib çıxır.
– Qızım, bil və agah ol, sən oğulluğa qəbul edib, bəslədigin İbrahim bütün camaata yayıb ki, Məlaikə bana oğul deməginə baxmayın. Ad Ziyadındur, amma Məlaikə mənimnən iş və işrətə məşğuldu.
Məlaikə bu sözləri qarıdan eşidib, dedi:
– Ey qarı nənə, gör, onun başına nə iş gətirəcəgəm.
Məlaikə qarıya bir qədər ənam verib, yola saldı. Özü də axşama qədər qəm-qüssə ilə fikrə piçidə olub, elə ki, axşam oldu, bu zaman Ziyad və İbrahim evə gəldi. Məlaikə həmişə bunlar şikardan gələndə qabaqlarına gedərdi, İbrahimi qucaqlayıb üzündən, gözündən öpərdi. İndi heç eşigə də çıxmayıb evdə qaş-qabaqlı oturmuşdu. Ziyadı bir tərəfə çağırıb, əhvalatı ona nağıl etdi.
– Gərək bu gün bu haramzadanı burdan rədd edəsən: hərgah rədd etmədin, onda mən atam evinə gedəcəgəm.
Ziyad hərçi Məlaikəyə nesihət etdi – arvad əqlini yeyiblər. Yəqin bil ki, bu iş hilədir. Gəl bu fikirdən vaz keç.
Arvad razı olmadı. Axırda Məlaikə cana gəlib:
– Gərək İbrahimi öldürüb, qanlı köynəgini mana gətirəsən, dedi. Ziyad əlacsız qalıb, İbrahimi atın tərkinə alıb, bir biyabana apardı. Hər ikisi atdan düşəndə:
– İbrahim, mən dünya və axirətdə səni bıraxmazdım. Ancaq bi insaf həramilər qoymadılar ki, axıra kimi bir yerdə olaq.
– Ziyad əmi, nə olar bəlki xudanın işi beylə imiş. Hürmətin artıq olsun. Sən məni qırx həraminin əlinnən səlamət qurtardın.
Ziyad hərami qolunu İbrahimin boynuna salıb, yüzündən-gözündən öpüb, bir qədər xərclik verdi və əgnindən köynəgini çıxardıb, dedi:
– İbrahim get, görək, Allah nə istəyir.
Ziyad İbrahimin köynəgini bir quşun qanına boyayıb, Məlaikəyə verdi.
Bu yandan biçara İbrahim yüz bərri biyabana qoyub, gedirdi. Əmma bilmirdi ki, hara gedir. Nagah uzaxda bir cadə yol görüb və yavaş-yavaş həmin yola çatdı. Ta axşama qədər getdi. Axşam olcaq yoldan kənara çəkilib, bir çəmənzarlıqda məskən etdi. Bu məskəndə həm qardaşından ayrı düşməgi, həm də duz-çörəgini yədigi, yaxşılığını gördügü Ziyadın arvadının təhmətini fikirləşə-fikirləşə yatdı. Yuxusunda nə gördü. Bir balaca boylu ərəb başının üstündə durub, bu ərəbin yüzündən-gözündən nur asmana bulənd olur. Bu ərəb İbrahimin başı üstündə durub, deyir:
– Oğul, İbrahim nə fikir edirsən, qorxma Allah kərimdir. Bütün əksik işlərin düzələcək. Həm qardaşını, həm də atanı görərsən. Al əlimdən bu badəni iç ki, tez mətləbinə yetişəsən.
İbrahim bu nurani ərəbin əlinnən badəni içib ərz etdi:
– Ey ərəb, amandı, yandım, bir qədəh də ver ki, yanğımı söndürsün.
– Oğul, iki qədəh içənlər mətləbinə çatmayır. Şirin ilə Fərhad, Leyli ilə Məcnun, Əsli ilə Kərəm, Urfan ilə Urşan iki qədəh içdilər mətləblərinə çatmadılar.
– Bil və agah ol. Hiratın şahı olan Fətəli şahın qızı Hurinnisanı sana buta verdim.
– Bala, barmağımın arasından bax, gör nələr görürsən.
– Uzaq-uzaq yollar görürəm.
– Dürüst bax daha nə görürsən.
– Yuca imarət içində bir qız görürəm.
– O qızı sana verdim.
– Mən gedəndə o məni tanımaz, onda nə edim ki, o məni tanısın.
– Qorxma, o da haman badədən içib, onu sana göstərdiyim kimi, səni də ona göstərmişəm.
Bu sözləri deyib, ərəb qayib oldu. İbrahim yuxudan bidar olub, heç bir kəsi görmədi. Cavanı eşq havası götürdü. Üç gün, üç gecə yüzü qırmızı əhmər kibi qızarıb, ağzından kəpuk axdı. Üç gündən sonra huşa gəlib həm ağasını, həm də sevgilisini yad edib, görək nə deyir.
Dostları ilə paylaş: |