MƏLİK MƏHƏMMƏDİN NAĞILI
Həsən Həsən oğlu
Qazax-1927
Ustatnama
Ay ağalar əzəl başdan söylüyüm
Hər teyəni dost bilib sirrini vermə
Sən başıma bəlasan dilim
Layığ deyil özgə dərdə qalasan dilim.
Hər yana keşt elər fikrü xəyalım
Sərimdən oynuyub çaşıb kəmalın
Yaxın bilərsən qabaxdadı ölüm
Bir az da olardan beləsən dilim.
Tavar tarlan şikarını ovladı
Uçurduban dagdan-daşa qovladı
Gözəl tərif etmək yaxşı qaydadı
Qorxuram məni xataya salasan dilim.
Kərəm kimi deyib-deyib alışsan
Nakam köçüb torpaxlara qarışsan
Haqqı buraxıf, nahax danışsan
Səni oda düşüb yanasan dilim.
Miskin Həsən uyma namərdə
Çoxları düşüf mən düşən dərdə
Nə ağlımda iş yoxdu, nə də hünərdə
Bir yaxşı baxta düçar olasan dilim.
Həmədan şəhərində Allahverdi södagər namın Məlik Məhəmməd addı bir öyladı dünyaya gəlmişdi. Atası Məlik Məhəmmədi səkkiz yaşınnan məktəbə qoyur. Oğlan on dört yaşına qədər məktəbə davam edir, onnan sora məktəbdən nədənsə çıxıb tacirzadalarnan əyləşif tacirliyi öyrənir. Bu zamannar Məlik Məhəmmədin atası Allahverdi södagər vəfat eyləyir. Məlik Məhəmməd zamanaya görə atasına ehsan verif dəfn eyliyir. Atası vəfat edənnən sora bir müddət tacirlik ilə məşğul olur. Tacirliyi başarmadığınnan bir neçə ilin içində çoxlu mal-dölət əlinnən gedir. Odu ki, oğlan elə hala düşür ki, anası Şəhribanu cəhrə əgirib gündəlik çörək pulu hazır edif bu minvalnan dolanmaxda davam edillərdi. Bular belə məzlum halında dolanmaxda olsun, gəl sana Allahverdi södagərin Qasım və Əhməd addı tacir qardaşdıxlarınnan xəbər verim. Bular dedi: “Üç ildi ki, biz qardaşdığımız Allahverdi södagəri görə bilmirik, gərək onun bu yaxında görüşünə gedək. Çünki o hər halda bizdən böyükdür”. Bu sözə hər ikisi razı olub Əhməd və Qasım bir qədər ənam ilə İsvəhannan Həmədana Allahverdi södagərin evinə gəlməyə məşğul olullar. Ta ki yetişif nə gördülər. Qardaşı vəfat eyliyib; ancaq arvadınnan oğlu Məlik Məhəmməd evdədirlər, çox kasıf halda yaşayırlar. Odu ki, bir neçə gün mehman qalıf getməyə amadə olurlar. Bu zaman Şəhribanu ərinnən qalan bir qiymətli ləli bulara verib oğlu Məlik Məhəmmədim özdərinən baravar tacirliyə aparmağı tapşırır. Olar qəbul edif razı olullar. Bu zaman tacirlər və Məlik Məhəmməd Şəhribanuynan görüşüf Hind vilayətinə getməyə başdıyıllar. Bular getmək istədiydə anası Məlik Məhəmmədin getməsinə tav gətirməyif bu dillərnən oğlunu oxşuyur və oğlu anasına dildarlıx yoluynan cavab vərir:
Şəhribanu:
Başına döndüyüm gül üzdü oğul
Bala, getmə, halallaşax, ayrılax
Sən dara düşəndə o mölanı çağır
Bala, getmə, halallaşax, ayrılax.
Dostları ilə paylaş: |