Güləndam:
Al libasının gey indi
Car olmamış xəlqə çoban
Söygülüsən söz indi
Car olmamış xəlqə çoban.
Neçəsini yoldan azıdıf
Neçəsini tarıxsız uduf
Dörtə dərvişi azıdıf
Sən yediyin halva çoban.
Bu dağda mal mələdi
Dili yox, lal mələdi
Güləndamın yolu bələdi
Qalx mana yol salğa çoban.
Sözünü tamam eyliyif ordan yola düşüf, yeddi gün, yeddi gejə yol gedif ta inki Nehrat adlı bir şəhərə çıxdı, qəzadən o şəhərin şahı vəfat etmişdi və dölət quşunu uçurmuşlardı. Bu quşun qaydası belə idi ki, hər kimin başına düşsə, onu şahlığa qəbul edərlərdi. Odur ki, Güləndamın başına qondu, əhl şəhər o saat Güləndamı şahlıq libasına geydirif təxt-səltənətdə bərqərar etdilər. Güləndam şahana əksini çəkdirif daril imarəsinin yanından asdırdı, bir xidmətçi də yanında qoydu və dedi:
– Hər kim bu əksə baxıf ah çəksə, mənim yanıma gətir.
Bu burda qalsın, gəl sana dərvişlərdən xəbər verim. Gərddən qalaçaya gəldikdə görürlər Güləndam yoxdur. Bu zaman diyar- bə-diyar gəzə-gəzə həman Güləndamın şah olduğu şəhərə çıxdılar, dolandığları zaman daril imarənin gözləri əksə sataşıf ah çəkdilər. Bu vədə xidmətçi tutuf Güləndamın yanına apardı. Güləndam nə gördü: buna müalicə edən dərvişlərdir. Xidmətçiyə dedi:
– Bunları bir yaxşı otaxda saxlıyın.
Bular burada qalsın, gəl sana Məlik Məhəmməddən, Xətayi şahdan və vəzirdən xəbər verim. Bularsa diyar-bə-diyar düşüf Güləndamı gəzirdilər. Qəzadən güzarları Nehrat şəhrinə düşüf daril imarənin yanında əksi gördülər. Hər üçü ah çəkdikdə xidmətçi şahın hüzuruna apardı. Güləndam Məlik Məhəmmədi görcək tanıdı, odur ki, Xətayi şah və vəziri bir ayrı otağa göndərtdirif hər iki yar mehriban başlarına gələn macəranı bir-birinə nağıl elədilər. Məlik Məhəmməd dedi:
– Ey Güləndam! Məni bağışla, çünki sənin haqqında çox pislik etdim, əmma o düşman ki, sənnən mana yaman qandırmışdı, indijə burada olan Xətayi şahnan qara vəzirdir. İndi firsət vaxtıdır, ömürlərini bad fənaya vermək lazımdı. Güləndam “bə çəşm” deyif o saat cəllada höküm edif Xətayinən vəziri həlak etdirdi və dərvişlərə ənam verif mürəxxəs etdi. Digər tərəfdən isə bir zərrin kəcavə göndərif Şəhribanunu həman özü olan şəhərə gətirtdi. Bu zaman Nehrat şəhərini dağların laləsi kimi bəzədif, yeddi gün, yeddi gejə toy eyliyif kəbinini Məlik Məhəmmədə kəsdirdi. Bir neçə gün mundan sora Güləndam Məlik Məhəmmədi öz yerində qoyuf ləşkər giran ilə Həmədan şəhrinə gəlif Xətayi şahın və vəzirinin nə tor insafsız iş görməyini xəlqə söylədi və xəlq isə vəzirə və şaha nifrət eyliyif, Məlik Məhəmmədi onun yerinə şahlığa qəbul etdilər. Bu zaman Güləndam bir bəz busat ilə Məlik Məhəmmədi Həmədana gətirif, təxt səltənətdə bərqərar etdi. Özü isə Nehratda şah oldu. Bu günnən hər iksi camaatı gözəl dolandırıf eyşi-işrətə məşğul oldular.
Ustatdar bu iki yar vəfadarın toyunu belə nəzmə çəkirlər.
Ustat:
Ay ağalar əzəl başdan söylüyüm
Yaxşı olan ağı tərlanın
Qumruyu qızıldan, çöhrəsi zərdən
Qaim qədim oldun bağı tərlanın.
Harda olar tərlan quşun oylağı
Çırpar, vurar, qıya çəkər qaynağı
Soyux bulax, göy çəmənlik yaylağı
Uca dağdı seyrəngahı tərlanın.
Ustad olan zil qumruyunu pəs elər
Dəgməmişdən yerbəyerdən səs elər
Oğlan öpər, gözəl qızlar həvəs elər
Yaxşı olar sağı tərlanın.
Tərlan quşunun səsi gəlir o yerdən
Cığasına seygal verir səhərdən
Havalanıf uçmax istər bu yerdən
Canım alır o xəyalı tərlanın.
Arifəm, bu tərlanı tərif elərəm
Ofçusuyam, özüm yaxşı ovlaram
Mən ustadam yaxşı yaman söylərəm
Çox da qalmaz burda şaxı tərlanın.
Dostları ilə paylaş: |