Azərbaycan folklorunun ilkin nəşrləri” seriyası HÜMMƏT ƏLİzadə azərbaycan el əDƏBİyyati



Yüklə 1,33 Mb.
səhifə12/18
tarix25.05.2018
ölçüsü1,33 Mb.
#51486
1   ...   8   9   10   11   12   13   14   15   ...   18

NƏCƏFİN NAĞILI

Əli Rəhim oğlu

Qazax- 1928

Ustatnama
Əzəl başdan sənnən soda ələdim

Çox da verdim sənə nəsihət gönül

Əcəl meydanında can bazarında

Nəbadə, nəbadə əmanət gönül.


Hər məclisdə sən hərcayi söyləmə

Söyləyübən özün bədnam eyləmə

Daldalarda laf uzaf eyləmə

Onda sənnən olur şikayət gönül.


Bir gözdür sənə etdim nəsihət

Hamu keçər bir gün olar qiyamət

“Şur” çalınar, axır qopar ərəsət

O vaxtda gələr ədalət gönül.


O yerdədə xeyir şərrər seçilir

Günahkarda çox eyiblər açılar

Cəhənnəmə o vaxtda köçülür

“Abbas” onda edər şikayət gönül.

Ustatdar bir deməyif, iki deyər. Biz də deyək iki olsun.

Yaz olcağın sellər oynar yurdunnan

Bulut qalxır daşlar gəlir çata, çat

Elə ki sən əl tapdın düşmənə

Çal çəngəlin, çək cigərin çata, çat.
Arif deyər çata, çat

Toplar gəlir çata, çat

İstiyirsən yüklənəsən qaçasan

Çək qifnəni yükləgilən çata, çat.

İstiyirsən yetişəsən karvana

Düşman qabağından qaçmaz bir yana

O xəsmin bağrını döndərdin qana

Bağla qolun dal gərdanda çata, çat.


“Qasım” bu sözləri dedin əzəldən

İstiyirsən müşkül işlər düzəldən

Keçmək olmaz hər tərifli gözəldən

Al qoynuna öp üzünnən çata, çat.

Ustatdar iki deməyif, üç deyər. Biz də deyək üç olsun.

Bu dünya yoxkan sən də var idin.

Onda işlərində bərqərar idin

Tiflikən sən də bir maral idin

Əritdim göhəri dör elədin şah.
Bağladı brəni, bərkitdi bəndi

Tiflikən dünyanı dolandı, döndü

Dərya üzündə gəzdirirdin səməndi

Özünü Cəbrayıla bir elədin şah.


Biçara Səlman da gəlməz duaya

Çağıranda sən yetişdin haraya

Çağırdılar səni ərşi səmayə

Özünü qəndildə nur elədin şah.

“Kuşan” mülkündə ən dölətdi tacir başlarınnan “Əhməd xa­cə” adlı bir zat var idi. Bu Əhmədin bir oğlu dünyaya gəldi ki, heç misli-manəndi yox idi. Əhməd tacirin bu oğlunun adını “Nə­cəf” deyə addandırdılar. Bu Nəcəf birinci dəfə dayədən lələyə ve­rilif tərbiyə alırdı. Tainki on altı yaşına yetişif atası bir dəst ta­cir­yana libas alıf oğluna verdi. Nəcəf bu taciryana libası giyinif hər dürlü tacirrərnən bir meclisdə və bir söhbətdə olurdu. Odur ki, Nəcəf tacirriyə gözəl fikir verib nəticədə birinci tacirrərdən ol­muşdu. Bir gün Kuşan tacirrəri yük bağlıyıf “Al osman” vi­layətinə gedirdilər. Əhməd xacə oğlu Nəcəfi istiyif bu tacırrara baş edif Al osman vilayətinə yola saldı. Tacirrər günə bir mənzil ge­dirdilər. Ta inki Al osman vilayətinə yetişdilər. Buradan da yo­la rəvan olub İstanbulda qərar tutdular. Bir gün İstanbul tacir baş­darından Həsən xacə Nəcəfnən altmış taciri öz öyünə qonaq apardı. Həmin bu Həsən xacə Nəcəfin atasınnan sığa qardaş idi. Ona görə bulara bi həd hürmət edirdi. Həsən xacə tacirrərə diq­qət ilə baxırdı. Nə gördü qardaşı Əhməd xacə görünmür, dedi:

– “Ey tacirrər, nə içun başınız gəlmiyif?”

Tacirrər cavab verdi ki:

– “And olsun Allaha, özü gəlmiyifsə də bu nocəvan Nəcəf qar­­daşın oğludu. Həsən xacə bu sözü eşitcək şad olub qolunu Nə­­cəfin boynuna salıf üzünnən-gözünnən öfdü və dedi:

– “Şükr Allaha ki sənin kimi qardaşımın oğlu var. Pəs: bir qə­dər söhbətdən sonra Həsən xacə öz hərəmxanəsinə gəldi. Gəl sə­nə Əhməd xacədən xəbər verim: o günnən ki, Həsən xacə ilə qar­daş olmuşdular, aralarında bir əhd-peyman bağlamışdılar ki, hər­gah sənin qızın olsa mənim oğluma, mənim qızım olsa sənin oğ­luna verməliyəm. Bu əhd vəfaya hər ikisi razı olmuşdular. Qə­zadən Əhməd xacənin oğlu və Həsən xacənin bir qızı dün­ya­yə gəlmişdi ki, misli-manəndi yoxudu. Bu qızın adına Mə­lək­za­də deyirlərdi, odu ki, Həsən xacə dedi:

– “Çox yaxşı oldu, indi gərək buları bir-birinə göstərək hər­gah bəgənsələr onda bu günnən toy eliyif bir-birinə tap­şır­ma­lı­yam”. Pəs: qıznan oğlan bir-birlərinən görüşəndə hər ikisi aşıq giriftar oldular və beləliklə də toy binası qoymax niyyətin­dəy­di­lər. Bu xəbər qızın anası Xeyransaya yetişdi. Bu arvad necə ki əvvəldən bu işə razı olmurdu, indi də dedi:

– “Mən diyar qürbətə qız vermərəm. Əmbə munun sözünə nə atası və nə də qız fikir vermədi. Odu ki, toy binası qoydular. Gəl sənə Xeyransadan xəbər verim. And yad etdi ki, yainki öləm və yainki bu işi bina tutmağa qoymayam. Bu sözü deyif on min di­nar pul götürüb özünü İstanbulda məşhur olan bir cadugərin hi­zurinə getdi. Bu min dinara bir tilsim qayırtdırub bir hikalın içi­nə qoydu, övdə öz sandığında pinhan etdi. Bu yannan Həsən xa­cə qırx gün, qırx gejə toy etdikdən sora səfər tədarikini gör­mə­gə başladı. Odu ki, qıznan oğlan gejə bir otaxda söhbət eliyən vaxt qız Nəcəfə həm anasının necə tərslik edub munun Nəcəfə get­məsinə mane olmasını və munnan əlavə Nəcəfin bir neçə gün İs­tanbulda qalmasına bu dillərnən söyləyir:

Mələkzadə:

Başına döndügüm xan əmim oglu

Gəl getmə bir zaman qal bizim xanda

İncimə sözümnən sən əmim oglu

Gəl getmə bir zaman qal bizim xanda.
Nəcəf:

Başına döndüyüm gül əmim qızı

Gəl gedək bir zaman qal o Kuşanda

Sən mənim dərdimi bil əmim qızı

Şad olub bir zaman gül o Kuşanda.
Mələkzadə:

Deməyinən yarım mənnən inciyir

Danışırıx sözümüzü kim bilir

Elinnən ayrılmağı çox tənə qılır

Gəl getmə bir zaman qal bizim xanda.
Nəcəf:

Alması var, narıncı var, gülü var

Mehribandı çox hürmətli eli var

Nəciflikdə hər tərəfə yolu var

Gəl gedək bir zaman qal o Kuşanda.
Mələkzadə:

Bir sözüm var axır sənə pinhandı

İnciməynən səndə mənnən amandı

Mələkzadə gənə sənə qurbandı

Dedim bir eyənif qal bizim xanda.

Söz tamamə yetişib kəcavalar hazırranıf amadə oldular. Am­ma bu yannan Mələkzadənin anası məlun Xeyransa həmin tilsim hey­kəlini qızın döşünə keçirib dedi: “Bala munu pinhan sax­la­gi­nən, içi dolu ləl cavahiratdı, qürbət eldə sənə lazım olar”. Mə­lək­zadə “bə çəşm” deyif anasıynan vidalaşub zərin kəcavədə qərar tutub Nəcəfnən Kuşan vilayətinə yola düşdülər. Günə bir mən­­zil gedirdilər. Tainki Kuşanın yaxınlığında olan “Həmədan” yay­lağına yetişdilər. Nəcəf öz məşuqəsini görmək fikrində idi. Çün­ki oğlannan qızın kəcavəsi həmən vəxt ayrı olardı və tacir­rə­rin yanında qızın çadırına Nəcəf getməzdi. Onun için bu mən­zil­də yükləri aşub çadırrarı qurdular. Bütün tacırrar xab nazə ge­dən­dən sonra Nəcəf özünü qızın çadırına yətirib baxdı ki, Mə­lək­zadə yatıb. Nəcəf yüz naz ilə Mələkzadəni yuxudan oyadub söh­bətə məşğul oldular, bir qədər eyş-işrətdən sonra kənizlər rəxt xab gətirib yerrəri saldılar. Kənizlər öz yerrərinə getdikdən son­ra Nəcəf paltarını soyunub qızın yerinə girəndə əlini o na­zə­ni­nin döşündə olan tilsimə uzadıb nə olduğunu xəbər aldığı hal­da birdən-birə tilsim çatdıyıb tilsimin hökmünnən Nəcəf bir gö­yər­­çin oluf yaxında olan bir uca qayaya düşdü; Mələkzadə bu ha­lı görüb o dəm saət bihuş oldu. Bir müddətdən sonra huşə gə­lib zar-zar ağlamağa başladı, öz-özünə deyirdi: “Anacan. Səni bi iman olasan. Məni yaxşı yerdə bilməkan qoydun”. Pəs: bir müd­dət fikirdən sonra dedi:

– Ey dil qafil, durmax vaxtı dəgil. Gərək burada elə bir iş gör­­­­mək həm öz namusun ayağ altında tapdalanmasın, həm də ça­­lı­şıb Nəcəfi bu tilsimnən xilas etmək – bunu deyif Nəcəfin mər­danə libasını öz əgninə giyinif yanında həmən vəxt muna xid­mət edən və ən yaxın kənizdərdən olan Bad Savahi oyadıb hi­lə yolilə dedi: “Bad Savah Mələkzadə xanımın haradadı?” Qa­rabaş əzəldən Nəcəfdən umurdu, onun içun “Mən nə bilim hanki lotularnan kefə gedib”. Mələkzadə dedi:

– “Çox yaxşı, onda olmasın indi olsun cəhənnəmə haraya ge­dib getsin. Səni alajam”. Qız Mələkzadəyə bir gönüldən min gö­nülə aşiq olub dedi:

– “Onda sənin qulun oluram”. Pəs Nəcəf yəni (Mələkzadə) bü­tün öz paltarını kənizə geydirdi. Bu surətlə şirin söhbət elə­di­lər, tainki sabah açıldı. Mələkzadə kənizə dedi ki, öylə dolan heç ta­cir­rər bir müddət bilməsin ki, sən Mələkzadəsənmi, yoxsa Bad Sa­vah­sanmı? – Qız baş üstə deyif öz işinə məşğul oldu. Mə­lək­za­­­də bu qızı arxayın salmaxdan ötrü dedi:

– “Sən arxayın ol, hərgah savah Mələkzadə gəlirsə, onda onu öldürrəm. Bu günnən sən mənimsən, mən də sənin”. Pəs: Mə­ləkzadə savah olcaq tacirrərin yanına gedif dedi:

– “Qardaşlar, mənim Həmədanda bir qədər işim var. Çünki öyü­müzə lazım olan şeylər alajam. Onunçün hələ bir müddət bur­da olajam, indi siz yavaş-yavaş gedə bilərsiniz və əhvalatı ata­ma tamamilə nəql edərsiniz”. Odur ki, tacirrər qıflələri ni­zam­lıyıf Mələkzadə ilə görüşüf yola düşdülər. Biçarə Mələk- za­də Nəcəfin nökər və kənizilə Həmədan yaylağında qalıf fikrə pi­çi­də olmuşdu: – Xudaya, mən bu dərdə nə çarə edim? – deyə ah-zar edirdi. Bu vədə Nəcəfin tanış yoldaşlarınnan bir neçəsinin İs­fa­hana getdiklərini görüf bulara tərəf gəlif görüşdülər. Tacirrər de­dilər:

– Nəcəf, nə için burada yalnız qalıfsan. Mələkzadə tacirrərin söz­dərinnən cuşa gəlif Nəcəfin anasına böylə bir namə yazır:



Mələkzadə:

Gələn bazırganlar gedən xacələr

Yetirin ərzəni yarə bazırgan

Yolunuz düşsə şəhr Kuşanə

Yazıram ağ üstə qara bazırgan.
Xədənk yerdə qurdular umnagahi

Bu gəmli sinəmə vurdular tig ab gahi

Deyin xəstə gördüm biçarə Nəcəfi

İndi günüm oldu qara bazırgan.


Axır fələk ağı qatdı bəlayə

Saldı bizi burda sehr caduya

Bir gün mehman getdim Mələkzadaya

Əlim ki dəgmədi narə bazırgan.

Bazırganlar dedilər:

– Nəcəf, bu sözdən biz heç bir şey başa düşmədik, hərgah müm­künsə aydın söylə ki, başa düşək. Biçarə Mələkzadə aldı dü­barə:

Əynimə geydiyim yarın libasın

Üstünnən qurşadım zərin zibasın

Sövmişidim igitlərdə bir xasın

Yarım getdi sağ solları qaldı.


Bahar fəsli nalə çəkər bülbüllər

Bağında açılar süsən sünbüllər

Əgri bənöyşələr həm qızılgüllər

Öldü naşı bağban bağları qaldı.


Sinəmnən uçurdum mürğ gögərçin

O sehr caduya uğrar bir laçın

Mələkzadə gülah altında qərq edif saçın

Nəcəfin boş dolu sağları qaldı.

Söz tamama yetişif qız naməni sər-bə-möh edif tacirrərə ver­­di dedi: – İsvahana çatan kimi naməni atama verərsiz – ta­cir­lər “bə çəşm” deyif rəvan oldular. Tacirrər gedəndən sora Mə­lək­­­zadə öz xəyməsinə gəlif ah-zar edib fikrə piçidə olmuşdu, na­gah birdən xəyalına düşdü ki, Həmədanda Əhməd cadugərin “Xa­­nı xanın adında bir cadugər qız vardı ki, dünyadə özünə ba­ra­­var bir cadugar yoxdu, öz-özünə dedi:

– “Hərgah munnan əlaj olmasa Nəsəf bu tilsimnən xilas ol­maz. Gərək bu saət onun yanına gedim”. Pəs: ata suvar olub özü­nü Xani xanımın daril imarəsinə yetirdi. Xanı xanımın atası Əh­­­məd cadugər Mələkzadəni pişvaz edub yüz ehtiram ilə övünə apar­­dı. Nəcəf bilib bir qədər söhbətdən sora Əhməd cadugər de­yir: – oğlum, nə içun çox dilgirsən, söylə görüm nə qulluq və nə içun böylə pərişan halsan?

Mələkzadə dedi:

– Bir dərdim var, onun da dəvası sənnən aşajax.

Əhməd cadugər ərz etdi ki:

– “Buyur, hərgah mümkün olsa, başnan-cannan dava edə­rəm”.

Mələkzadə dedi ki:

– Həmədan vilayətinin yaylağında bir gejə qardaşım ilə düş­müş­­düm nagahan bən yuxuda ikən birdən qardaşım tilsimə düş­dü­günü bilib hölnak yuxudan bidar oldum. Nə gördüm Həmədan yay­­lağının bir uca qayasında gögərçin surətində tilsimə düş­müş­dü. İndi mən eşitmişəm ki, sənin qızın Xani xanım bu dərdə əlaj edə bilər. Onunçün qapınıza bu təmənnadən ötrü gəlmişəm.

Əhməd cadugər deyir:

– Gözüm qızın ixtiyarı öz əlindədir. Dur yanına get, gör nə de­­yir.

Mələkzadə qızın hizurinə gəlif əhvalatı təmamən qıza nağıl elə­di. Xani xanım bunu bir vəchə gözəl görüb bir gönüldən min gönülə aşiq olub dedi:

– “Tacirzadə bu iş mənim əlimdədi. Ancax bu şərt ilə ki qar­da­­şını qurtarannan sora məni özünə örətdiyə qəbul edəsən”. Mə­lək­zadə Nəcəfin tilsimdən xilas olması içun dedi:

–“Çox yaxşı, amma sənə nişan taxaram, qardaşın qur­taran­nan sora öz vətənimdə toy eliyif mətləbimə yetişərəm”. Pəs: hər iki­­si razı oluf atdara suvar olub hər ikisi də Həmədan yaylağına va­­rid oldular. Xani xanım həmin tilsimin yanına gedif tilsimi sın­­dırmax için əlində olan tərlanı gəmişdirif dedi:

– Hələ qırx gün buna əl vurmaq olmaz. – Ona görə Mələk- za­də yükləri çatıf zərin kəcavələrdə arəstə oluf Kuşan vilayətinə rə­van oldular. Kuşanə yetişəndə Əhməd södagərə xəbər verdilər ki, oğlun taciryanə libasi oğlanın əgninə geydirif Xani xanımın ya­nına gəldilər. Oradan vilayətə getməli olanda Mələkzadə dedi:

– “Nəcəf, indi şükr Allahə belə ölümlü cadudan səlamət qur­tar­dın, indi sən get Əhməd cadugərin öyündə bir neçə gün meh­man ol, tainki mən Kuşan şəhrinə gedif toy binası qoyum o vədə sə­nə ay göndərif gətirdərəm. Çünki mən özümü xəlqə Nəcəf bə­yan edif bildirmişəm. Hətta neçə qızdar sənin adına almışam. Gə­­rək oları bir tör edəm ki, səni şəhərə aparram”.

İndi Nəcəf cadugərin öyünə getməkdə olsun, bu yannan Mə­lək­zadə xoşhal bir halda Xani xanımnan Kuşan şəhərinə varid ol­dular. Mələkzadə daril imarəyə daxil oluf dedi:

– Qızdar, şad olun, indi əhdim tamam oldu. Bu günnən hər bi­rinizə ayrı-ayrı toy edub vüsalinizə yetişərəm. Pəs: Mələkzadə Nə­cəfin atasının yanına bir xacə göndərif dedi:

– “Əmi toy tədariki gör”. Əhməd xacə bu sözü eşidif xoşhal oluf hər nə lazım isə arəstə edif toya başladılar. Bu yanda Mə­lək­zadə Nəcəfə bir attı göndərif attıynən bir namə göndərdi. Meh­tər atı sürüf naməni Nəcəfə verdi. Nəcəf naməni oxuduxda gör­du ki, Mələkzadə yazıf: “əzizim bu saət sənə toy edirəm. Bu na­məni alan kimi bir qəribə libas geyinif həmin toy məjlisinə gə­ləsən”. Nəcəf bir dəst qəribə libas geyinif ata suvar oldu və özü­nü Kuşan şəhrinə yetirdi. Bir tərəfdən həmin toy olan məjlisə gəl­di. Camahat munu görcək dedilər:

– “Ey cavan, sən hardan gəlif, harya gedirsən. Hərgah meh­man olmalısansa düş toy məjlisinə gəl”. O halda Mələkzadə cə­ma­ətə ərz etdi ki: “Mən bu cavanı yaxınnan tanıyıram”. Cəmaət dedi:

– Sən nə tanıyırsan ki, hərgah tanıyırsansa da di görək kim­di?

Mələkzadə: “Qulax asın, mən bu oğlanın kim olmasını sizə ni­şan verim.

Vəfalı Mələkzadə bu dillərnən Nəcəfi camaata nişan verir:

Bu no cəvan ilqarında doğrudu

Adı bəlli özü əmim oğludu

Dərd əlindən sinən çalı çarpaz dağlıdı

Bu no cəvanın əsl zatın tanıram.


Bu cavannan mən qol-boyun yatardım

Mən də muna işvə, qəmzə satardım

Sağ əlimdə piyalələr tutardım

Bu cavanın etiqadın tanıram.

Mələkzadə dönməz öz ilqarınnan

Necə dönər bir vəfalı yarınnan

Qızılgül mosimi öz nübarinnan

Mən Nəcəfin hər halətin bilirəm.

Nəcəf iki nazənin sənəm ilə gəldi. Bu vədə Nəcəfin ata-ana­sı pişvazə çıxıf yüz ehtiram ilə buları daxil şəhər etdilər. Bir ne­çə günnən sora Nəcəfin atası dedi: oğul tacir başdarında qayda bu­du ki, hanki vilayətə gedif gəldikdə şahə layıx bir töhfə apar­sın, odu ki gərək sən də şahə töhfə aparasan, yoxsa bizə özgələri sər­zəniş edəllər. Pəs: Biçarə Mələkzadə öz qulunu yanına çağırıf bir şahanə töhfə əlinə verif şahın bərgahına varid oldu. Mə­lək­za­də ədəb əllərini sinəsinə qoyub şahə gərnuş etdi. Şah yer göstərif, Mə­ləkzadə əgləşdi. Vəzir töhfənin sərguşini götürüf baxdılar ki, bir töhfədir ki, heç tacirrərdən gəlmiyif. Şah ərz etdi ki, vəzir bu cavan kimin fərzəndidi. Vəzir dedi:

– Şah sağ olsun, bu Əhməd södagərin oğlu Nəcəfdur.

Şahın qəzəvi buna qonuf dedi:

– Vəzir buna nə inam verək? Vəzir dedi:

– “Sən bilərsən” şah ərz etdi ki, hərgah qəbul etsə töhfəni bən ve­rərəm. Pəs şah dedi:

– Ey cavan, hərgah qəbul etsən, mənim pərdeyi ismətdə bir qı­­zım var, onu sənə verərəm. Mələkzadə şahın qəzəbinnən qor­xuf dedi:

– Hərgah şah razı olsa can-baş ilə qəbul edərəm. Şah o saət hökm edif qızın kəbinini kəsdirif Mələkzadəyə Nəcəf adilə ver­di­lər. Toy olduğdan sora Əhməd södagərin evinə apardılar. Əh­məd södagər dedi:

– Oğul, bu nə işdi? Mələkzadə əhvalatı təmamən nağıl elədi. Atası çox şad oluf dedi:

– Şükür şah ilə də qohum olduq. Mələkzadə baxdı ki, bu qız­lar munun hiləsini anlayajaxlar. İş açılmasın deyə başladı hər gün­də üç dəfə dəstamaz alıf namaz qılmağa. Qızlar soruşdular ki, Nə­cəf bu nə işdir? Cavan vəxtində başlamısan namaz qılmağa. Mələkzadə ərz etdi ki, mən bir bəlayə düçar olmuşdum, onda əhd etdim ki, bu bəladən səlamət qurtarsam, qırx gün ibadət edif pak-pakizə dolanajam, indi əhdim tamam olmağa yeddi gün qa­lıf xilasə: belə əfsanə sözlərnən qızlardan başını qurtardı. Gəl sə­nə Xani xanımdan xəbər verim. Bir gün Nəcəfin daril ima­rə­sin­də oturmuşdu. Rəml atıf baxdı ki, oğlanın tilsimdən qur­tar­ma­sı­nın vaxtı tamam olub, o saət Mələkzadəni yanına çağırub dedi:

– Vaxt tamamdı. Daha durmax yaramaz. Gedək qardaşını til­simdən qurtarmağa. “O saət Mələkzadə atdarı hazır eliyif hər iki­si atdara suvar olub özdərini Həmədan yaylağına yetirdilər. Ca­dugər Xani xanım rəml atıf səsdəndi: “Ey cavan, hərgah ya­tıf­san, oyan, oyaxsan, eşit. Mən bu sehri oxuyub terlanı uçurajam. Ter­lan sənə yetişcək tilsimi sındıracax. Sən də amadə ol, terlan sə­nə yetişcək əlini onun belinə çək, onda sehrdən azad olarsan. Hər­gah bu dediklərimi eləməsən, onda qiyamətə qədər tilsimdə qala­caxsan”. Cadugər bu sözdəri diyif terlanı uçurdu. Terlan tirş­tab kimi özünü tilsimə vuruf o saət sındırdı. Nəcəf tilsimi sın­mış görüf əlini terlanın dalına çəkdi, bu vədə sağ-səlamət til­sim­dən xilas oluf öz məşuqəsini və cadugəri görüf çox şad oldu, öz yar vəfadarı ilə görüşüf cadugər ilə də əl təmən oldu. Sora Mə­lək­zadəni bir pinhani yerə çağırıf bütün əhvalatı soruşdu. Mə­lək­za­də işə təmamən əvvəldən axirə qədər başına gələn işdəri Nə­cə­fə söylədi. Mələkzadə Nəcəf içun gətirmiş olduğu tacir:

Qırx günün namazın qılardım qəza

Yazıx qızlara verirdim cəza

Nəcəfin cadudan qurtardı tasa

Qızlar müjdə verin yarımız gəlifdir.


Kuftarı şirin ləbi ballıyam

Adım Mələkzadə yüzü xallıyam

Mən də sizin kimi bir zən əhliyəm

Qızlar müjdə verin yarım gəlifdir.

Söz tamamə yetişif Mələkzadə özünü Nəcəfə yetirif qol-bo­yun məjlisə gəldilər. Bütün camaət Mələkzadəyə Nəcəfin adına gə­lən qızdar əhvalatdan xəbərdar oldular. Və bildilər ki, Nəcəf til­simə düşübmiş. Hamusu Mələkzadəyə “Afərin” deyif bütün Ku­­­şan şəhrini bəzədilər, yeddi gün, yeddi gejə toy edif şahın qı­zı­nı, Mələkzadəni və Xani xanımı Nəcəfə verdilər.

Ustatdar Nəcəfin toyunu belə nəzmə çəkdilər:

Ey xacələr təsdiq edim

Bəsliyifdi cani kərəm

Tiflisi viran eliyif

Kəsdi Dilicani Kərəm.


Çaylı Kəsmən yeridi

Deyən əsrəmiş nər idi

Yaranıf molam şir idi

Çağırır sübhani Kərəm.


Tüfəngini aldı dəstinə

Sığındı Əli dostuna

Çıxıl lərvərin üstünə

Gözlüyür revani Kərəm.


Rəngi bənzər laliya

Yamanı gəlsin balıya

Getdi makunin qalıya

Gördü Temur xan Kərəm.


Kərəm o bərdən keçdi

Dostunnan duşmanın seçdi

O vaxtında başa düşdü

Gördü şükür Xani Kərəm.


Ordan getdi xoy qalıya

Yamanı gəlsin balıya

Xəbər verdilər valıya

Kəsif xiyavani Kərəm.


Xiyavanda yol üstədi

Atlılar getməz xəstədi

O dəmdə vali istədi

“Abbas Qulu” xanı Kərəm.


O gündən ki keçdi İranə

Salavat verdi qurana

Getdi çıxdı İsfahana

Gördü Zilli Sultanı Kərəm.


Gəlif Təbrizdə düşdü

O qəfədə çayın içdi

Çəkdi xəncərini piçdi

Öldürdü Zalı xanı Kərəm.


Əlimə allam sazımı

Haqqa elərəm niyazımı

Eşit ustadın sözünü

Dost duşmanın tanı Kərəm.




FATMAJIXNAN KAVIJIĞIN NAĞILI
Xacca İsmayıl qızı

Qazax- 1928
“Oymadaran” ovasında bir torçu “Doduş”nan bir “Qor­qu­maş” var idi. Bu ər-arvadın da Fatmajıx addı böyük qızı və Ka­vı­jıx addı balaja oğlanı var idi. Torçu Doduş balıx tutmaxnan uşaq­larını dolandırarkan uşaxların anası Qorqumaş bafat etdi. Tor­çu Doduş Qorqumaşın bafatından sonra üş, dört at sonra övü, uşağı dolanmadığınnan “Balta diş”, “Baş xanım” addı bir arvad gət­ti.

Balta diş Baş xanım gələnnən ayağının sayası olmadığınnan ki­şinin dolanajaxı çətinnəşdisə də ay kəçif-il kəçif Doduşun Baş xa­nımdan əvvəl bir qızı, sonra da bir oğlu oldu. Uşaxlar keçəl ol­duxlarınnan qızının adını “Daz qız”, oğlanın adını da “Keçəl Aşır” qoydular.

Balta diş Baş xanımın qara davannığınnan biçarə kişi dərya qırağına gedif tor atarkən həmişə altı balıx düşər, onu da gətirif hərəsi birinnən bir gün dolanırdılar. Bu təərnən Doduş uşaxlarını o qədər saxladı ki, qızdar ərə gedəsi, oğlannar da arvad alası ol­du­lar. Munu görən Balta diş Baş xanım Doduşa dedi ki:

– A kişi, indi Fatmajıxnan Kavıjıx öz başlarını dolan­dırası­dı­lar, ona görə bulları apar azıt ki, olların balıx payını biz yeyək. Çünki biz də aj qalırıx.

Doduş hərçi dedi “Ay arvat öylədi azıtmaq olmaz”, arvat ra­zı olmuyuf “Ya oları azıt, ya məni boşa” dedi.

Torçu Doduş naəlaş qalıf Fatmajıxnan Kavıjığı yanına salıf odun gətirmək bahnasınnan meşəyə apardı. Meşədə qızını və oğ­lunu bir yanda pencər dərməyə qoyuf dedi:

– A balalarım, meşənin o biri tərəfində mən şələlərimizi ha­zır eləyənə kibi siz pencər dərin. Nejə ki mənim taqqıltım gəlir siz burada pencər dərin, elə ki taqqıltım kəsildi onda bilin ki, şə­lə­lər hazırdı və o saatda, – gəlin, deyə uşaxlardan aralandı. Bu za­man ağaca bir öylə taxta qayırdı ki, yel əsdikcə taxtayı ağaca vu­ruf taqqıldadırdı.

Doduş kişi bu uşax alladan taqqıltı qayırannan sora eylə il­ğa­dı ki, az vaxda evlərinə gəldi. Afalatı Balta diş Baş xanıma bil­dirdikdə arvat dedi:

– A axlın qar suyuna dönsün o meşə yaxın yerdi, onun üçün bir az vaxda uşaxlar gələllər. İndi gəlif ha bizdəri tappasınnar. Oy­madarannan qaşmax lazımdı.

Arvat ağızdı Doduş Baş xanımın sözünnən bar-barxanayi özü­­­nə və arvad uşağına şəlliyif Şah ölkəsinə tərəf yola dü­zəl­di­lər. Gejə-gündüzə gedif bir müddətdən sora şah ölkəsinə ye­tiş­di­lər.

Şah ölkəsinin bir ujqarı yerində bir dam tikif içinə girdilər. Genə buradada torçu Doduş adəti üzrə balıx tutmaxnan dolan­ma­ğa başdadı. Torçu Doduş şah ölkəsinin şahı olan “Şah Məm­mə­din” imarətinin yanındakı darya qırağına köçif savahdan ax­şa­ma qədər tor atırdısa da tora dörtcə balıx çıxırdı. O yazıx ba­lıx­ları gətirif öyə gəlirdi və balıxın hərəsini birinə vərirdi. Torçu Do­duş bir gün belə, beş gün belə toru daryaya nə qədər çox atır­dı­sa da qaydasınnan artıx balıx çıxmırdı. Ona görə bir gün öyə gə­lif dedi:

– “Ay arvat nahaxdən uşaxları azıtdım, görürsənmi onların ur­zusu o günnən kəsilif. Dogurdan da hər kəsin urzusu özünnən ba­ravar dünyaya gəlirmiş”.

Torçu Doduş öladlarının azıtmağına peşman oldusa da əmbə peş­mançılıx bir fayda vermədi. Doduş, həmi də külfəti bir qarına aj bir qarına tox dolanırdılar.

O tərəfdən Fatmajıxnan Kavıjıx qulaqları taqqıltıda baş aşa­ğı o qədər pencər dərməyə məşğul oldular ki, bir də başdarını qal­­dı­rıf baxanda gördülər: lap axşamdı: əmbə gənə də taqqıltı gə­lir. Ax­şam olduğunnan hər ikisi həmən taqqıltı gələn yerə ge­dən­də nə gör­dülər: “lələ köçüf, yurdu ağliyir”, ataları qaçıf taq­qıl­tı da tax­ta­nın ağaca dəyməsinnəndi.

Fatmajıx axlı kəsən olduğunan işi duyuf:

Taxtaxından babajığım,

Bizi alladan babajığım

Ay analığın sözünnən

Bala azıdan babajığım

– diyifnən qardaşıynan baravar üz çöl biyabana qoydu. O ya­zıx­dar heyran və sərgərdan gedirdilər, əmbə bilmirdilər ki, haraya ge­dirlər. Gejə-gündüz bu təərnən gedərkən günün isti vaxtında bir elə yerə yetişdilər ki, hər tərəf bulaxdur. Kavıjıx susuz ol­du­ğu üçün o bulaxlardan su içmək istədi.

Fatmajıx bulağa baxdıqda gördi ki, bir daş həkk olunmuş at şək­li var. Ağıllı, kamallı qız olduğunnan və söylənən nağıllardan eşit­digindən bildi ki, bu at bulağıdı. Ona görə dedi: “A qardaş, bu at bulağınnan su içmək olmaz”. Kavıjıx o biri bulaxdan iç­mək istədikdə Fatmajıx “a qardaş, içmə it bulağıdı”.

Bu təərnən o qardaşını o bulaxdan su içməgə qoymadısa da Ka­vıjıx qabağca gedərkən çox susuz olduğu üçün nə bulağı ol­du­ğunu bilmiyif su içdi.

Kavıjıx su içdiyi bulax öküz bulağı olduğunnan o bir öküz ol­du. Halı belə görən Fatmajıx ağlıya-ağlıya Kavıjığın yanına gə­­lif dedi: “A qardaş, mən baxtı qara demədimmi? Bu bu­lax­lar­dan su içmə”. Kavıjıx nitqə gəlif cavab verdi ki:

– Ay bajı zərər yoxdur, gənə də qardaşınam, bunnan qavax sən də aj qalırdın mən də; əmbə indi mən otnan doyaram, sən də o tilsim bulağı ki məni öküz eyliyif buynuzdarım yağ-bal mə­də­ni­di, onun birinnən yağ ,o birinnən bal əmif, dolan.

Kavıjıx sözünü tamamlayan kimi yerə yatdı və “a bajı da­lı­ma min gedək bəlkə öyümüzü tapax”. Fatmajıx qardaşını minif gəzə-gəzə Oymadaran ovasına yetişdi. Hər iki bajı-qardaş gör­dü­lər ki, övləri qaçıf gediflərdi. Olar belə halı görüf məsləhət elə­dilər ki, soraxlaşa-soraxlaşa gedif övlərini tafsınnar. Fatmajıx qar­daşının belində ellərdən xavar ala-ala şah ölkəsində övlərinin so­rağını aldı. O övlərinə getdiyi halda öyəy bajısı “Daz qız” onu görüf anasına dedi: “Ay ana, bu baxtı qara Fatmajıx taxıl bitinə dö­nüf, nə ölür nə itir. Budu qardaşını da bir öküzə verif, minif gə­lir”. Balta diş Baş xanım cavaf verdi ki: “A qızım ziyan yoxdu iki olanda bizə nə eylədilər ki, indi də tək olanda neyləyə, qoy gəl­sin. Mana da Balta diş Baş xanım deyəllər. Çox əllərinin ba­şı­nı batırmışam”.

Ana bala söhbətdə ikən o yannan Fatmajıx qapıda öküzdən tü­şüf evə gəldi. Atasınnan, analığınnan və öyəy bajı-qardaşınnan gö­rüşdü. Olar qardaşının nejə olmasını və başdarına gələn qə­zav-qədəri Fatmajıxdan xavar aldılarsədə o hilə yolunan qar­da­şı­nın ay tərəfinnən ölümünü və özü də meşədə öküzü tapıf minif gəl­məsini söylədi.

Baş xanım Fatmajıxa gündə bir külli kömbə vərif daraxnan yun əyirməyi ona iş, peşə elədi.

Fatmajıx külli kömbəyi və yunu darağı götürüf axşamatan həm çöldə öküzü otarırdı, həm də yunu darıyırdı o acdıxca ökü­zün bir buynuzunnan bal, bir buynuzunnan yağ əmərdi. Odu ki, kül­li kömbəyə əhtiyajı olmurdu. Axşam olan kimi daradığı yunu və külli kömbəyi gətirif analığına verərdi.

Fatmajıx bu tərnən genə bir gün yun darayarkən yunun pil­tə­sini yel apardı. Fatmajıx analığının qorxusunnan piltənin da­lın­ca tüşüf:

“Yelinə qurvan, yel bava

Piltəjiyimi ver bava

Analığım övdən qoyar

Başıma, gözümə döyər”

– diyə-diyə o qədər getdi ki, axırda yel piltəyi öv damının ba­ja­sın­nan içəri saldı. Fatmajıx piltənin dalınca davan basarax içəri gi­rəndə nə gördü: bir döy qarısı oturuf övü-eşiyi və əyni -başı bü­tün ilan-çalaynan doludu. Yazıx Fatmajıx qorxa-qorxa:

– Ay nənə! Ay nənə! Mənim piltəmi yəl sənin bajannan içəri saldı.

Döy qarısı: “Ay bala, mənim öyüm, işim, əynim-başım nə tər olmağını söyləsən, piltəni verəjəm”, dedi.

Fatmajıx həmi canının qorxusunnan, həmi də analığının qor­xu­sun­nan dedi:

– “Ay nənə! Öy-eşiyin, əynin-başın anam-bajım öyü-eşiyi və anam-bajım əyni-başı kimidi. Laf yağ töküf yalamax olar”.

Döy qarısı:

– Ay bala, üzün hər iki cahanda ağ olsun, gəl yanımda otu, mən yatajam, burdan bir ağ, bir qara və bir də qırmızı su gələjək. On­da məni durğuz, piltəni də verif yola salım – diyə qarı yatdı. Fat­majıx qarının yanında oturuf o qədər gözdədi ki, bir də gördü ağ, qara və qırmızı su axır. O zaman qarıyı oyatdı. Qarı oyanan ki­bi Fatmajıxı ağ suynan çimdirdi, savalının qarı kimi ağappax ol­­du, qara suynan saçını, qaşını və kirpigini yudu, hər üçü qa­ra­lub şəvə kimi oldu və qırmızı suynan yanaxlarını, dodaxlarını yu­­du, yanaxları alma kimi, dodağı lalə kimi qızardı. Munnan son­ra piltəsini də verif yola saldı.

Fatmajıx ordan öküzün yanına gəldi. Öküz Fatmajıxı belə bir qənirsiz görəndə səbəbini xavar aldı. Fatmajıx afalatı başdan-aya­ğa ona söylədi öküz nitqə gəlif:

– “Ay bajı, övə gedəndə bilirəm sənnən xavar alajaxlar ki, ni­yə belə gözəlləşifsən? Onda olmuya-olmuya düzünü diyəsən.

Qız “yaxşı” diyif piltəsi qujağında söyünə-söyünə öküzün da­lına minif övlərinə gəldi. Övlərində də Fatmajıxı belə gözəl gö­rəndə hamısı təəccüflənif soruşdular:

– Əvvəldən sən belə gözəl döyüdün, nə üçün belə gözəl ol­dun?

Fatmajıx qardaşının tafşırığına görə danıf dedi:

– Savahdan axşama kimi piltə əyirif öküz otarıram. Bil­mi­rəm nə sirdur. Özü də mən gözəlləşdiyimi görmürəm. İndi siz de­yirsiniz mən də eşidirəm. Balta diş Baş xanım dünya görmüş fit­nəkar bir arvad olduğunnan bildi ki, bu iş öküzün işidi. Ona gö­rə savahdan daha öz qızına yun verif öküzü otarmağa gön­dər­di ki, bəlkə o da Fatmajıx kimi gözəl olsun.

Odu ku, savah açılan kimi anasının tədbiri üzərə daz qız gö­zəl olmaq niyyətində yun darax götürüf örüşə öküzü otarmağa apar­dı. Daz qız oturuf yunu daradığı zaman birdən piltəsini yel gö­türdü. O çəpəl piltənin dalınnan düşüf:

“Yəlinə.... yel bava

Piltəjiyimi ver bava

Bu gün gözəl olacam

Aləmə şux salajam”

– deyə-deyə piltənin dalınca gedərdi. Yel piltəni o qədər apardı ki, qəzadən axırda genə həmən öv damının bajasınnan içəri saldı. Daz qız piltənin dalınca içəri girəndə bir döy qarısı görüf:

– Ay ada­ma oxşamaz qarı, mənim piltəmi yel buraya saldı. Tez ver aparım.

Döy qarısı daz qızdan bu sözü eşidif dedi:

– Əvvəl mənim övümə, eşiyimə, əynimə-başıma bax gör nə var, nejədi?

Daz qız dedi:

– Övunə, eşiyinə, əyninə-başına... ilan çayannan doludu nə ola­jax.

Qarı qızın sözdərinnən ajıyıf dedi:

– Gəl yanımda otu mən yatajam, burdan ağ, qara, qırmızı su gə­ləjək, onda məni durğuzarsan piltəni verəjəm.

Bu sözdən sonra qarı başını qoyuf yatdı.

Daz qız qarının yanında oturuf gözdüyürdü. Bir də gördü ağ, qa­ra və qırmızı su gəldi. Daz qız bu zaman qarını oyatdı. Qarı yu­xudan oyanan kimi daz qızı qara suynan çimdirdi, bədəni şivə ki­mi qara oldu, ağ suynan qaşını, kirpigini və başını yudu, hər üçü ağappax oldu; qırmızı suynan əlini yudu, alnında bir damğa ol­du ki, laf eyvəcər. Bu zaman piltəsini də verif yola saldı. Daz qız piltəyi götürüf öküzün yanına gəldi. Axşam olduğunnan ora­dan da öküzü haylıyıf övə gəldi. Öv əhli onu gördülər, əzəldən çir­kin olan qız indi bir hala düşüf ki, baxanın qusmağı gəlir.

Qızın belə olmağının səvəvini xavar aldılar. O əhvalatı baş­dan-başa onlara nağıl elədi. Baş xanım fikir dəryasına cumuf: – Aya, bu nə işdi, nə üçün Fatmajıx öküzü otarmağa aparanda gö­zəl oldu, mənim qızım aparanda belə eybəcər hala düşdü. “Ya­qın bu işlərin anası öküzdü”. Baş xanım özünü hiyləynən azar­lı­lı­ğa vurdu. Doduş kişi buna nə qədər dava-dərman elətdisə də o azar­dan qalxmadı. Axırda öküzün ölümü üçün özünü azarlılığa vu­ran Baş xanım:

– A kişi, mən yuxumda görmüşəm dərdimə əlaj yoxdu. Bir­cə yerdən əlaj var ki, onu da sən eləməzsən. – Doduş and işdi ki, sə­nin dərdinə mənim əlimnən gələn hər nə dərman olsa əsir­gə­mə­rəm.

Balta diş Baş xanım dedi:

– “İndi ki, belə oldu, bil və agah ol, yuxuda ərənnər mənə de­di: hərgah sizin gözün ağı-qarası olan bircə öküzü kəsif, ətin­nən kavaf yiyəsən onda yaxşı olarsan”. İndi əyər yaxşı olmağımı is­tərsən əlaj elə”.

Arvat ağız Doduş bu öküzü öldürdü, ətinnən Baş xanıma ka­vaf yedirtdi. Və dərisinə də unu çəkdi. Bu zaman faqqıçılıq elə­yən Baş xanım sap-ba-sağ ayağa qalxdı. O yannan qardaşınnan öt­rü başını yolan gözünün yaşını axıdan Fatmajıx sakit olmax içun bir damcı qanı nitqə gəlif dedi:

– Ay bajı! Qorxma, məni öküz eləyən tilsim başqa dona da sa­la bilər. Odur ki, mən sənə bir xoruz qardaş olajam və hər nə dər­din olanda dərməni mənim əlimdə olajax, mənim sür-sü­mü­yü­mü tamamən yığıb bir quyuya tök, havax sana paltar lazım olan­da gəl quyunun ağzını aç. Bir dəs qərivə livas orda hazır olar. Fatmajıx bu sözdən təsəlli tapıf xoruz don qardaşına qulağ asır­dı. Özü də bir qarına aj bir qarına tox dolanırdı.

Günnərin bir günü şah ölkəsinin şahı olan şah Məhəmməd adət­ləri üzərə bir büsattı məjlis quruf dünya görmüş arvatdarı və ki­şiləri o məjlisə çağırdı. Baş xanım Fatmajıx o məclisdən qalsın di­yə bir çanax darını külə qatır, Fatmajığa: “Mən gələnə kimi hə­­mi bu darını küldən seç, həmi də bir qav göz yaşı hazırra” di­yif qızınnan baravar şah Məhəmmədin o büsattı məjlisinə getdi. Ar­vat kişi yığışannan sonra şah Məhəmməd buyurdu: “A ca­ma­hat! Mənim sizi buraya toplamaxdan qəsdim budur ku: “El təd­viri yaxşı olar. Mən cavan oğlanam, öylənməy istiyirəm. İndi nə təər öylənim ki, mana bir halalzada urca olsun”. Camahat ərz ey­lə­di ki, şah sağ olsun, bir çoxları kimi cəlayi vətən oluf, diyar- bə-diyar gəzif kim bilir yaxşı olamı, kim bilir pis olamı özünə sir­daş tapa, gəl bizdərin sözünə elini ülküt, axsağına yapış öz əli­mizdən hər kimi beyənirsən onu al. Mal səndə, pul səndə, şah­lıq səndə gözəl camal səndə! Kimi istəsən sənə gəlməz”. Şah Mə­həmməd elin tədbirinə razı oldu. Məhəmməd şahın qonaxları çörəkdən, xörəkdən doyunca yidilər. Şah Məhəmmədin şaddı­ğı­na kimi xuşkəvər kimi pul, kimi yer yemiş fağıra- fuğaraya pay­la­yırdı. O tərəfdən Fatmajıx ağlıya-ağlıya xoruzun yanına gəlif, əh­valatı ona söylədi. Xoruz dedi: “Ay bajı! Olardan hasand nə ola bilər?”. İndi gör o işdəri mən nejə başa gətirəjəm. Xoruz to­yux­ları başına toplayıf küldən bütün darını dimdiklərinnən seç­di­lər. Xoruz bunu hazırlannan sonra bajısına bir qavda duzdu su qa­­yırmağını söylədi. Ay bajı, əmbə özündə quyuyu açıf oradaki bir dəs xanımyana livası giyif sən də şah Məhəmmədin məjlisinə get. Fatmajıx işdəri tutulmuş görüf şad-şadyana quyunu açanda nə gördü? Bir dəs elə paltar var ki heç padşahın xəzinəsində ola bil­­məz. Fatmajıx paltarı giyinif şah Məhəmmədin məjlisinə get­di. Orada analığı oturan tərəfə kül o biri tərəfə gül səpif qayıtdığı za­man analığının qorxusunnan yüyürə-yüyürə gedəndə baş­ma­ğın bir tayı sıçrayıf hoza düşdü. Hoz dərin olduğunnan çıxarda bilmiyif tələsik evə gəldi.

Əynindəki paltarı quyuya qoyuf gənə əvvəlki paltarını gi­yi­nif analığının yolunu gözduyurdu. O tərəfdən camahat daxılanda Balta diş Baş xanım və qızı gözünün külünü oycalaya-oycalaya ev­lərinə gəldilər. Fatmajıx bilməyən adamlar kimi “Ay ana, nə­yə belə bikefsən, söylə görək şah Məhəmmədin məjlisində nə gör­dün və nə eşiddin” Balta diş Baş xanım darıyı küldən se­çil­miş və göz yaşını hazır görüf: “Sağ ola qızım” deyənnən sonra don­quldana-donquldana məjlis əhvalatını Fatmajığa söylədi. O yan­­nan camahat dağılannan sonra şah Məhəmməd axşamüstü şah ölkəsində manşir köhlən atını hoza sulamağa gətirdi. At xəf­kir olduğunnan başmağın şəklini suda görüf kişniyif ayaxlarını ye­rə diriyif su içmədi oğlan diqqətnən suya baxanda gördü ki, ho­zun içində bir başmax var ki, şahın hərəmxanasında yoxdu. Şah Məhəmməd bir təərnən başmağı çıxardı baxıf dedi:

– Gözün ilk oyu yaxşı olar. Odu ki bu başmax hər kimin aya­ğına olsa mən onu alajam.

Şah Məhəmməd başmağı götürüf bargaha gəldi. Savahnan bü­tün şah ölkəsinə carçılara belə bir car çəkdirdi:

– Camahat, hamının bakirə qızdarı öydə olmalıdur. Çünki mən bir başmax tapmışam! O başmax hər kəsin ayağına olsa mən onu alajam. Carçılar şahın buyurduğu kimi carı çəkəndən ca­­­mahat içində olan qızdar şaha getmək içun yeddi ildən su gör­mə­­miş ayaxları axşamnan istanmağa qoydu ki, istansın: “Bərk qa­zı­yan bəlkə başmax ayağımıza ola, şah bizi ala”, diyirdilər. O cüm­­lədən Balta diş Baş xanım da Fatmajıx gözəl və nəcif ol­du­ğun­nan təndirə salıf, üstünü örtdü və daz qızın ayaxlarını təmiz­də­məyə başladı. Keçəl Aşır su gətirif hazırradı. Baş xanım da qı­zı­na:

– A baxtı qara, hər çənd göydən qara şüşədən seçilmir, aya­ğı­nı yu ki, bəlkə şah səni ala, biz də gölgəndə dolanax.

Daş qız anasının tədviri üzərə axşamnan ayağını yumaya baş­ladı.

O tərəfdən şah Məhəmməd başında vəzir, vəkil, ağ saqqal, qa­ra saqqal qapı-qapı hər qızın ayağına geydirmək istiyirdilərsə də olmurdu. Olar axırda gəlif ujgarıdan Baş xanımın evinə ye­tiş­di­lər. Başmaxı daz qızı ayağına giydirmək istədikdə vəl ayağ ol­duğun­nan laf ujunda qaldı. Şah Məhəmməd qəmgin başının ada­mıy­­nan getmək istədikdə o tərəfdən xoruz hündürə çığıf çırpına-çır­pına:

Fatma bajım təndirdə

Əl, ayağı kəndirdə

Keçəl Aşır su daşır

Daz qız, davanın qaşır

diyə banlayanda şah Məhəmməd o saat təndiri aşdıranda Fat­ma­jı­ğı gördü və başmağı onun ayağına giydirəndə nə gördü; elə bil ki, qüdrət bunun ayağını başmaq içun yaratmışdı. Fatmajıx bir tə­­rəfdən quyunun yanına gedif oradaki paltarı başdan-ayağa gi­yin­di və gənə də şah Məhəmmədin yanına gəldi. Şah Mə­həm­məd bir belə eyibsiz gözəli görəndə heyran sərgərdan ona valeh ol­du. Oradan şəhərə getdilər. Şah Məhəmməd şəhəri xalı zili ilə gül-çiçəknən bəzədi. Bir yaxşı toy büsatı düzəldif camahatı məj­li­sinə çağırdı. Camahat şahın əmrinən səgirən və kəbiran onun toy məjlisinə gəldilər. Çörəkdən-xorəkdən yiyif Fatmajığın kə­bi­ni­ni şah Məhəmmədə kəsdilər və oları əl-ələ tafşırıf:

– ”Yeddi oğul anası olun, Allah yıldızınızı barışdırsın. Uru­zu­nuz göydən yağsın, yerdən bitsin diyif dağıldılar.

Bu tərəfdən şah Məhəmməd gözünün ilk oyu olan sirdaşı Fat­ma xanımnan kefə, damağa, ləzətə, dəmə məşğul oldu.

Günlərin bir günündə adətləri üzərə daz qız bajısının körəl­gə­­sinə gəldi. Bir neçə gün bajısının öyündə qalandan sonra öy­lə­rinə getmək istədi.

Bu zaman Fatma xanım qaynar asmaq istədiyinnən bir iki gün­də qalmasını söylədi. Odu ki, savah açılanda Fatma xanım pal­tar yumaq uçun daz qıznan dəryanın qırağına gedif qaynar as­dı.

Fatma xanım paltarı yuduqda sonra soyunuf çimməyə baş­la­dı. Daz qız buna su tökürdü. Odur ki, paxıllığınnan bi qafıldan onu itəliyif dəryaya saldı və bunu dəryaya salannan sonra pal­ta­rı­nı giyinif və başını-gözünü sarıyıf öyə gəldi. Axşam olanda baş-gözü sarıxlı Fatma xanım adınnan şah Məhəmmədin qoyu­nu­na girdi. Şah Məhəmməd onu Fatma xanım sanıf dedi:

– Ay gözümün ilk oyu, o on dört örük saçını həmişəki kimi altımıza sal, onda yaxşı yatıram.

Daz qız qaynarı mahna eyliyif cavaf verdi ki, saşdarım yaşdı. Qə­rəz bir təər savaha kimi bir yerdə yatdılar. Savah şah Məhəm­məd eşiyə çıxıf əl-üzünü yüyəndə xoruz çırpına-çırpına:

“Fatma bajım dəryada

Laxa balıx udufdu

İşi qalıf fəryada

Saş geydəsin tutufdu

Şah oğlu şah Məhəmməd

Qucağında yatıfdı”

diyə banlayanda şah Məhəmməd qorxulu bir halda içəri girdi və diqqət­nən baxanda nə gördi?... Fatma nə gəzir, bir qara həbə­şi­nin biridi. Şah Məhəmməd daz qızı damda qoyuf şəhərə çıxdı. Nə qə­dər şəhərdə torçu varsa hamısın dərya kənarına apardı və əhvalatı ola­ra söylədi. Torçular hamısı dəryaya tor atdılar. Axırda udan la­xa balıx torçuların birinin toruna düşdü. Torçu laxayı qırağa çı­xar­dan kimi şahi və yanındakı yoldaşlarını yanına çağırıf laxanı yar­dılar. Laxanın qarnınnan Fatma xanım yarımcan çıxdı. Fatma xa­nım bir müddətdən sonra özünə gəlif əhvalatı şah Məhəmmədə söy­lədi. Şah Məhəmməd da qızın yanına gəlif buyurdu:

– “A daz qız muşduluğuna qızıl piçakmı istərsən, yeddi illik qıs­rax atmı?”

Daz qız cavaf verdi ki: – Piçax ürəyinə batsın, yeddi illik qıs­rax gətirin, minif öyümüzə gedim.

Şah Məhəmməd gülüf “mən deyirəm Fədəm dəmə bu deyir damnan-dama”; o saat bir yeddi illik qısrax hazır elədif xur­cu­nun bir gözünə küçük və qazan o biri gözünə də daz qızı salıf qıs­rağın belinə qoyuf onu buraxdılar. Küçük zingildədikcə, qa­zan cınqıldadıqca qısraf dal atıf və soncuxluyuf daz qızın hər ti­kə­sini bir dərəyə atdı. Şah ölkəsinin camahatı şah və Fatma xa­nım daz qıza nifrət və lənət elədilər.

Şah Məhəmməd ədalətnən padşahlıx eliyirdi. Və mal-dölət ağ günnərnən gözünün ilk oyu, könlünün söygüsü Fatma xa­nım­nan eyş-işrətnən ömr sürməgə başladılar.


Yüklə 1,33 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin