Azərbaycan folklorunun ilkin nəşrləri” seriyası HÜMMƏT ƏLİzadə azərbaycan el əDƏBİyyati



Yüklə 1,33 Mb.
səhifə2/18
tarix25.05.2018
ölçüsü1,33 Mb.
#51486
1   2   3   4   5   6   7   8   9   ...   18

Şahzada İbrahim:

Gedən getmə mən də gəlim yetirim

Sən abdal ol keşgülünü götürüm.

Qardaş dedi: gedim taam gətirim.

Gözüm yolda qaldı, gedən gəlmədi.
Göydə bulut bulan-bulan bulanır,

Yaralarım köz-köz olur sulanır,

Qardaş gəlib günbəzini dolanır,

Gözüm yolda qaldı, gələn olmadı.


Sən mənim soltanım, sən mənim şahım

Ərşə dayanıbdı, dudum həm ahım

Günbəzdə qaldı yazıq İbrahim

Gözüm yolda qaldı, gedən gəlmədi.

Sözünü tamama yetirib, dərd qəmə piçidə olmuş ah-zar ilə gün­­bəzə daxil oldu. Bu günbəzdə qalmaqda olsun, gəl sana Mı­sırlı Ziyad həramidən xəbər verim. Ziyad həraminin başında qırx hərami var idi. Bunların hamısına sərgərdəlik edərdi. Hər məm­lə­kətdə çapıb, soymaq ilə baş dolandırarlardı. Çalıb, çapıb soyğun­çuluq etməydən əlavə bu zalimlər həmən vəxt adam əti yemək və adam qanı içmək ilə məşğul idilər. Qəzadan o axşam çalıb, çapıb hə­man İbrahim olan qəbiristanlıqda pünhan olmuş­dular. İbrahim bu suznaq sözləri oxuyanda həramilər eşi­dib, günbəzin yanına gəl­­dilər. Ziyad hərami diqqət ilə günbəzin başına baxdıqda nə gör­dü: bir cavan nurəsidə, xətt xalı bənəfşə kibi günbəzin başında qərar dutmuş. Əmma biçaranın ac susuz­luğundan rəngi zəfəran ki­­­bi saralmış. O özü-özünə dedi: “Hər tor olsa gərək bu cavanı hə­­­ra­­milərin əlindən saldırıb özümə oğul edəm”.

Həramilərin qırxı da İbrahimi günbəzin başında gördüydə de­dilər:

– Ey bəni adam! Hər nə karəsən aşağı düş yanımıza gəl, hər­gah gəlməsən ox ilə bədənini parə-parə edərik.

İbrahim qırx həraminin səsini və həm-həməsini birdən eşit­cək hölnak bir halda aşağı düşüb həramilərin yanına gəldi. Hə­ra­milər İbrahimi görçək, hamısı qılınclarını çekdilər, istədilər ki, öl­­­dürüb kabab etsinlər. Ziyad hərami həramiləri belə sivirmə qı­lıncla qırıb:

– Fikriniz nədi?

– Gərək bu cavanın ətindən adama bir kabab yeyək. Çünki xeyli vəxtdir ki, adam əti yemiyirik.

– Ey yazan! Mən qırx ildir ki, sizə həramibaşı olub, zəhmə­ti­­­ni­zi çəkmişəm. O zəhmətin əvəzində sizdən xahiş edirəm ki, bu cavanı öldürməyin. Çünki özünüz bilirsiniz mənim öladım yox­­dur. Bu cavanı özümə oğulluğa qabul etmək istəyirəm.

Həramilər Ziyadın xatırını çox istəyirdilər. Ona görə də onun sözünü sındırmayıb, İbrahimi Ziyada verdilər.

Ziyad hərami, həramilərə dua və səna edib, İbrahimi də öz­lə­­­ri ilə götürüb, Mısra getdilər. Gecə-gündüz yol gəlib, ta inki, bir müddətdən sonra Mısırda Ziyad həraminin evinə yetişdilər. Ziyad hərami başında olan qırx həramiyə dedi:

– Qardaşlar, bilin və agah olun, mən bu gündən sonra hə­ra­mi­likdən əl çekdim. Ona görə siz nə no ilə dolanacaqsanız do­la­nın.

Həramilər Ziyad ilə görüşüb, hər kəs öz evinə getdi.

Ziyad arvadı Məlaikəni çağırıb:

– Ay arvad, bu cavanı özümüzə oğulluğa qəbul etməkdən ötrü uzaq bir məkandan gətirmişəm.

– Ziyad, oğluna da qurban olum, özünə də, çox yaxşı etmi­sən.

Pəs hər ikisi can dil ilə qəbul etdilər. Məlaikə köynəginin ya­­xasını cırıb, İbrahimi yaxasından keçirdi. Üzündən, gözündən bu­sə edib, qiyamət günü sən mənim oğlumsan dedi: Ziyad hə­ra­mi də həmçinin İbrahimi bir can kimi bağrına basıb, dedi:

– İbrahim sən mənim istəkli oğlumsan, ona görə hər yana getsəm səni də özüm ilə aparacağam.

Ziyad hərami həramilərdən ayrılan gündən çalıb, çapmaq­dan əl çəkmişdi. Hər gün İbrahimi də özü ilə bərabər götürüb, şi­ka­rə gedirdi. İbrahimin ayağının sayasından bir az vəxtdə Zi­yad həraminin var-döləti həddən ziyada olmuşdu. Bu yandan qırx həramilər gördülər ki, Ziyadın döləti günü gündən artır. Dedilər, yə­qin bu cavanın ayağının sayasından Ziyadın döləti artır. Onun üçün gərək İbrahimi Ziyadın əlindən bir tor ilə çıxardaq. Hə­ra­milərin hamısı bir yerə yığılıb, nə hilə ilə İbra­himi Ziyadın əlin­dən çıxarmağı düşünürdülər. Bunların içəri­sin­dən Qənbər adlı bir hərami ayağa durub, dedi:

– Mən bunun tədbirini bilirəm. Hərgah razı olsanız tezlik ilə Ziyadın əlindən bu cavanı çıxarda bilərik.

Hamısı Qənbərin tədbirini qabul etdilər.

– Qardaşlar, bu yaxında bir qarı vardır ki, dünyada hilə­gər­lik­də misli manəndi yoxdu. O qarıya xəlq arasında “Oran Qutan qarı” deyirlər. O bu işə hər cür olsa əlac edib, bir az vəxtdə İb­ra­himi Ziyadın əlindən çıxara bilər.

Həramilər Qənbərin bu tədbirinə afərin dedilər. Qənbər ora­dan Oran Qutan qarıgilə gedib, əhvalatı təmami ilə nağıl etdi:

– Qarı nənə, hərgah bu işə əlac etsən səni dünya malından qəni edəcəyəm.

– Bala o mənim işimdi.

Qarı oradan düz Ziyadın arvadı Məlaikənin yanına gəlib, bir az xoş-beşdən sonra:

– Məlaikə xanım, sən çox hürmətcil və ehtiramlı gəlinsən, əm­ma hər kimə hürmət edirsənsə sənin çörəgini basıb, nanəcib çıxır.

– Qızım, bil və agah ol, sən oğulluğa qəbul edib, bəslədigin İb­ra­­him bütün camaata yayıb ki, Məlaikə bana oğul deməginə bax­ma­yın. Ad Ziyadındur, amma Məlaikə mənimnən iş və işrətə məşğuldu.

Məlaikə bu sözləri qarıdan eşidib, dedi:

– Ey qarı nənə, gör, onun başına nə iş gətirəcəgəm.

Məlaikə qarıya bir qədər ənam verib, yola saldı. Özü də ax­şa­ma qədər qəm-qüssə ilə fikrə piçidə olub, elə ki, axşam oldu, bu za­­man Ziyad və İbrahim evə gəldi. Məlaikə həmişə bun­lar şi­kar­dan gələndə qabaqlarına gedərdi, İbrahimi qu­caq­la­yıb üzün­dən, gö­­­­zündən öpərdi. İndi heç eşigə də çıxmayıb evdə qaş-qa­baq­lı otur­­­­­muşdu. Ziyadı bir tərəfə çağırıb, əhvalatı ona nağıl etdi.

– Gərək bu gün bu haramzadanı burdan rədd edəsən: hərgah rədd etmədin, onda mən atam evinə gedəcəgəm.

Ziyad hərçi Məlaikəyə nesihət etdi – arvad əqlini yeyiblər. Yə­­qin bil ki, bu iş hilədir. Gəl bu fikirdən vaz keç.

Arvad razı olmadı. Axırda Məlaikə cana gəlib:

– Gərək İbrahimi öldürüb, qanlı köynəgini mana gətirəsən, dedi. Ziyad əlacsız qalıb, İbrahimi atın tərkinə alıb, bir biyabana apardı. Hər ikisi atdan düşəndə:

– İbrahim, mən dünya və axirətdə səni bıraxmazdım. Ancaq bi insaf həramilər qoymadılar ki, axıra kimi bir yerdə olaq.

– Ziyad əmi, nə olar bəlki xudanın işi beylə imiş. Hürmətin artıq olsun. Sən məni qırx həraminin əlinnən səlamət qurtardın.

Ziyad hərami qolunu İbrahimin boynuna salıb, yüzündən-gözündən öpüb, bir qədər xərclik verdi və əgnindən köynəgini çı­xardıb, dedi:

– İbrahim get, görək, Allah nə istəyir.

Ziyad İbrahimin köynəgini bir quşun qanına boyayıb, Mə­laikə­yə verdi.

Bu yandan biçara İbrahim yüz bərri biyabana qoyub, gedirdi. Əmma bilmirdi ki, hara gedir. Nagah uzaxda bir cadə yol görüb və yavaş-yavaş həmin yola çatdı. Ta axşama qədər getdi. Axşam ol­caq yoldan kənara çəkilib, bir çəmənzarlıqda məs­kən etdi. Bu məs­­­kəndə həm qardaşından ayrı düşməgi, həm də duz-çörəgini yə­­digi, yaxşılığını gördügü Ziyadın arvadının təhmətini fikirləşə-fi­­kirləşə yatdı. Yuxusunda nə gördü. Bir balaca boylu ərəb ba­şı­nın üstündə durub, bu ərəbin yüzündən-gö­zündən nur asmana bu­lənd olur. Bu ərəb İbrahimin başı üstündə durub, deyir:

– Oğul, İbrahim nə fikir edirsən, qorxma Allah kərimdir. Bü­tün əksik işlərin düzələcək. Həm qardaşını, həm də atanı gö­rər­­­sən. Al əlimdən bu badəni iç ki, tez mətləbinə yetişəsən.

İbrahim bu nurani ərəbin əlinnən badəni içib ərz etdi:

– Ey ərəb, amandı, yandım, bir qədəh də ver ki, yanğımı sön­­­­­­dür­sün.

– Oğul, iki qədəh içənlər mətləbinə çatmayır. Şirin ilə Fər­had, Leyli ilə Məcnun, Əsli ilə Kərəm, Urfan ilə Urşan iki qədəh iç­­­dilər mətləblərinə çatmadılar.

– Bil və agah ol. Hiratın şahı olan Fətəli şahın qızı Hurinni­sa­nı sana buta verdim.

– Bala, barmağımın arasından bax, gör nələr görürsən.

– Uzaq-uzaq yollar görürəm.

– Dürüst bax daha nə görürsən.

– Yuca imarət içində bir qız görürəm.

– O qızı sana verdim.

– Mən gedəndə o məni tanımaz, onda nə edim ki, o məni tanı­sın.

– Qorxma, o da haman badədən içib, onu sana göstərdiyim ki­mi, səni də ona göstərmişəm.

Bu sözləri deyib, ərəb qayib oldu. İbrahim yuxudan bidar olub, heç bir kəsi görmədi. Cavanı eşq havası götürdü. Üç gün, üç gecə yüzü qırmızı əhmər kibi qızarıb, ağzından kəpuk axdı. Üç gündən sonra huşa gəlib həm ağasını, həm də sevgilisini yad edib, görək nə deyir.



Şahzada İbrahim:

Aləm zərdə, nur təcəlla

Dilimi öyrətdim ya sənə möla

Bir Allahı iki bilən kafirdi,

İllə ki, şek edə ya sənə möla.

Yol oğluyam, yol oğlunun yolunda

Dərsim aldım vətənimdə elimdə.

Yeddinci təbəqədə merac yolunda,

Qalxdı cavab verdi ya sənə möla.
İbrahim dini bəslər dinlər içində,

Bir xaş gül bitmiş qızılgüllər içində,

Ərəb nisbətində taput ellər içində,

Qalxdı cavab verdi ya sənə möla.

Söz tamama yetişdi. Şahzada İbrahim gənə haman cadə yola düşüb, Hirat şəhərinə tərəf getməgə başladı. Bir müddətdən son­ra Hiratın yaxınlığında, məşhur södəgər xoca “Əziz”ə yetişdi.

– Əmi can, bu şəhər hansı şəhərdi, Fətəli şahın qızını tanı­yır­­sanmı?

– Bala, sən haman şəhərin adını və qızın əsl nisbini söylə, mən nişan verim.

Şahzada İbrahim:

Xocalar-xocası, xocalar xası!

Xocam bir yarımdan xəbər ver barı,

Silinsin, qalmasın gönlümün pası

Xocam bir yarımdan xəbər ver barı.
Xoca Əziz:

Xoca baban alsın sənin qadanı,

Oğul, sən adın de, mən nişan verim,

Bircə desən, mən eşidim sədanı,

Oğul sən adın de, mən nişan verim.
Şahzada İbrahim:

Dərin-dərin dəryalarda adadı,

Gözəllər dəstində dolü bədadı,

Hirat şəhərində bir şahzadadı,

Xocam bir yarımdan xəbər ver barı.
Xoca Əziz:

Mən gələndə pəncərədə durmuşdu

Ağ üzünə həlqə birçək burmuşdu,

Fərq qayçı ilə telini vurmuşdu

Oğul, sən adın de, mən nişan verim.
Şahzada İbrahim:

İbrahimam şirin candan bezaram

Özüm oxuduğumu özüm yazaram,

Nə müddətdi itgin qardaş gəzərəm

Xocam bir yarımdan xəbər ver varı.
Xoca Əziz:

Xoca Əziz xocaların gözüdü,

Sinəmə çekdigin eşqin gözüdü,

Hiratda Fətəli şahın qızıdı,

Oğul, sən adın de, mən nişan verim.

Sözləri tamama yetişdi. Şahzada İbrahim bütün əhvalatı Xo­ca Əzizə nağıl elədi. Xoca Əziz İbrahimin başına gələn ma­cə­ranı eşi­dib, çox gəmnak oldu.

– Oğul! Haman sən gezən şəhər Hiratdı, məşuqən Hurinnisa də bu Hiratdadı. Get yolun kənarında bir yuca qəsir vardır. Qız ha­­man qəsirdə səni gözləyir. Şahzada İbrahim Xoca Əzizə dua və səna edib, yüz şəhərə qoydu. O yandan Hurinnisa o gündən ki, ağası İbrahimi ona buta vermişdi o İbrahimin eşqindən dedə gir­­yan yol gözləyirdi.

Hurinnisanın imarəti yolun qırağında idi. İbrahim gəlib, keç­mə­sin deyə bir neçə qarabaş yolun kənarına qoyub, tap­şır­mışdı ki:

– Hankı bir aşıq sizə rast gəlirsə mənim yanıma gətirin. Qə­za­­dən İbrahim gəlib, haman cadədən keçərkən qarabaşdara rast gəl­di. Qarabaşdar onu qəsrə xanımın yanına apardılar.

İbrahim Hurinnisanı görcək haman ağası badə verən qız ol­du­­ğunu bildisə də əmma hər ikisi təşvişdə idilər. Bir-birinə eti­bar et­mir­lərdi. Bir-birinə tanışdıq vermək üçün hər iki vəfadar sözə başladı.



Hurinnisa:

Başına döndüyüm cavan!

Cavan gəl bəri gəl bəri

Səndə var yar bircə nişan

Cavan gəl bəri, gəl bəri
Şahzada İbrahim:

Məni eləmə yolumdan

Get pərim gələ bilmərəm,

Bülbül ayrılmaz gülündən

Get pərim gələ bilmərəm.
Hurinnisa:

Çox işlər etdi iradə

Sənin ilə bən içdim badə

Gəl səninlə yetək murada

Cavan gəl bəri, gəl bəri
Şahzada İbrahim:

Danış eşidim sözünü,

Kim çəkə işvə nazını

Fətəli şahın qızını

Get pərim gələ bilmərəm.
Hurinnisa:

Hurinnisayam çoxdu ahım,

Bilmirəm nədir günahım

Can sana qurban İbrahim

Cavan gəl bəri, gəl bəri
Şahzada İbrahim:

İbrahimam getirmişəm

İşi bura yetirmişəm

Asdan qardaş itirmişəm,

Get pərim gələ bilmərəm.

Sözləri tamama yetişdi. Hər iki yar mehriban biri-birini ağu­şa çəkib, otağa daxil oldular. Bir qədər istirahətdən sonra şirin söh­bətə başlayıb, başlarına gələn qəza və qədəri bir-birinə nağıl et­dilər.

Hurinnisa İbrahimin əhvalatından xəbərdar olanda mat-məət­təl qalıb, dedi: İbrahim yaman bəlalara düçar olmuşam. Qorx­­ma bi­zi yaradan kərimdir.

İbrahim Hurinnisanı ağuşa çəkib, üzündən, gözündən öpdü. İş, işrətə başdadı.

Bir gün şirin söhbət əsnasında İbrahim dedi:

– Ey nazənin xoş guftar, indi mana izin ver bir qədər şəhərə çı­xıb, bəlkə xuda rast getirə qardaşım Asdan şahdan xəbər dutum.

Hurinnisa İbrahimi bir can kimi bağrına basıb, cavabında:

– Ey mənim canım, qorxuram şəhərdə vücuduna bəla to­xu­na.

İbrahim qolunu Hurinnisanın boynuna həmayil edib, alma ya­naxlarından busə aldı.

– Ey munisi can, xof etmə, xuda bizə yardı. Mana heç bir afət və bəla toxunmaz.

Hər ikisi mirvarid yüzüklərini biri-birinə yadigar verib, halal­­­­­­­laşdığdan sonra İbrahim qızdan ayrılıb, Hirat şəhərinə gez­mə­­­yə çıxdı. Hirat şəhərini küçə-bə-küçə seyr edirdi. Axşam vəx­ti gənə bir küçədən keçəndə Musa adlı bir halvaçı İbrahimi gö­rüb:

– Ey cavan nurəsidə, bu axşam vəxti yalnız bu küçədə nə gezirsən?

– Əmi, bu şəhərə taza gəlmişəm. Ona görə nabələdəm.

– Gəl mənə şagird ol. Sana oğlum kimi baxıb, həqqini də ve­­­rə­rəm.

İbrahim öz-özünə dedi: çox yaxşı işdir. Həm burada çörə­gi­mi yeyib, dolannam, həm də qardaşımdan xəbər dutaram. Gö­rək xuda nə istəyib, bu fikirnən halvaçı Musanın dükanına gəlib, ona şagird oldu.

Şahzada İbrahimin sayasında halvaçı Musanın halvası daha zi­yada muştərigir oldu. Ona görə halvaçının var-döləti gün-gün­dən ziyadələndi.

İbrahim halvaçı Musaya şagirdlik etməkdə olsun gəl sana Bə­­sirəli Şəmun yəhudidən xəbər verim. Şəmun yəhudi hər bir məmləkətdə tanınmış bir tacir idi. Hər yerə mal göndərib, özü də malların üstü ilə gedərdi. Bir gün Şəmun yəhudi tacirlər ilə mal aparıb Dağıstana getmişdi. Dağıstanda Hüseyn şahın qızı Səkinə xanıma aşıq oldu. Elçi göndərdi qoca olmağına görə Hüseyn şah ver­mədi. Dağıstandan yük bağlıyıb, bir neçə tacir ilə Hirata gəldi. Qəzadan malları Hiratda xırıd etdikdən sonra bir gün ha­man Şəmun yəhudi halvaçı Musanın dükanına gəldi. Taam təna­vil edən bu cavan nurəsidəni görüb öz-özünə yaxşı rast gəldi. Özümlə Dağıstana aparıb oğlum deyə Hüseyn şahın qızını bu­nun adına özüm üçün alaram. Halvaçı Musadan xəbər aldı ki:

– Bu cavan haradan sənin əlinə düşübdü?

Halvaçı Musa onun cavabında:

– O öylə bir cavandır ki, dünyada misli manəndi yoxdu. Çünki o dükana gələndən bəri mənim var-dölətim gün-gündən artır.

Yəhudi bir qədər fikirdən sonra hilə yolu ilə halvaçı Musanı hüzura çağırıb, dedi:

– Musa mən ölüm, bu cavanı bu gecə mana qonaq ver. Bir qədər nisyəm var onu yazsın. Gənə də götürrəm.

Halvaçı Musa Şəmun yəhudi ilə dost olduğundan bunun sö­zü­nə razı oldu. İbrahimi yanına çağırıb, buyurdu:

– Oğlum, bu gecə bu tacir ilə get, bunun hesabı var yaz, sa­bah gələrsən.

İbrahim dinməz-söyləməz yəhudi ilə onun mənzilinə getdi. Şəmun yəhudi gecəni İbrahim ilə yazı bahanası ilə keçirdi. Sa­bah olcaq İbrahimi özü boyda bir sandığa qoyub ağzını qıfılladı. Və nəfəs almağa sandığın bir tərəfindən yer qoydu.

Qafilə qatırı sazlayıb, Dağıstana tərəf yola düşməgə amada oldu. O yandan Hurinnisa o gündən ki, İbrahimdən ayrı düş­müş­dü, ah fəğan içində giryan çağ ömür sürürdü. Əmma yaxşı idi ki, qaravaşdardan biri İbrahimi halvaçı Musanın dükanında görüb, Hu­rinnisaya demişdilər ki, “ey nazənin, qorxma, İbrahim halvaçı Mu­­saya şagird. Qardaşı Asdan şahı gözləyir. O gələndə visala ye­ti­şərsiniz”.

Hurinnisa İbrahimin Hiratda olmağına görə sakit idi. Qə­za­dan o gecə ki, İbrahimi Şəmun yəhudi dutmuşdu, Hurinnisa xab nazda ya­­­tarkən, aləm röyada İbrahimi bir insafsız seyadın əlində giriftar gör­­­müşdü. Hölnak vaqiəni gördükdən gözünün ya­şını əbr bahar bu­­lutu kimi töküb, zülfü pərişan edirdi. İbra­him­dən bir xəbər gətir­mək üçün qarabaş Sadəti yanına çağırıb əhvalatı ona nağıl etdi.

– Hərgah İbrahimdən mana bir xəbər gətirsən sana iki özün ağırlığında qızıl verrəm, həm də kəniz baş edərəm.

Sadət xanım da bu sözü eşidib, gözləri miroj pişigin gözünə dön­dü. İbrahimdən bir xəbər gətirmək üçün şəhərə çıxdı. Yol ilə ge­­­dərkən gördü ki, Şəmun yəhudi qafilə-qatır ilə Hirat şəhə­rin­dən çıxmaq istəyirdi. İbrahim sandığın nəfəs bacasından oyan-bu­­­­yana baxırdı ki, bəlkə bir tanış adam rast gələ ki, ondan Hu­rin­­ni­­saya xəbər göndərə. Birdən nəzəri Hurinnisanın qarabaşı Sa­­­­­dətə düşdü. Bir tor Şəmun yəhudinin əlindən giriftar olub Da­ğıs­­tana aparılmasını ona andırırdı. Sadət İbrahimin Şəmun yə­hu­di­nin əlində giriftar olmasını biləndən sonra özünü Hu­rinnisaya ye­tirib, əhvalatı ona nağıl etdi. Hurinnisa yaxasını çak, zülflərini pə­­rişan edib, qarabaşları ilə qəsrin qabağındakı yolun kənarına çıx­­dı. Şəmun yəhudi qafilə-qatırnan qəsrin qabağından keçəndə Hurinnisa qarabaşlara işarə edib qafiləni dayandırtdı.

– Ey şəxs, amandı mənim yarımı aparma, çünki mən ondan ayrı dura bilmərəm. Hərgah İbrahimi puldan ötəri aparırsan yeddi özü ağırlığı pul verim.

– Ey nazənin, mana pul lazım dəgil, özümün pulum, malım ən­­­da­zədən çıxıbdı. Necə ki, sən İbrahimə, İbrahim də sana aşiq­dir. Elə də mən bir qıza aşiqəm. Mən qoca olmağıma görə onu mana vermirlər. İndi İbrahimi aparıb öz oğlum adına qızı buna alıb visalına yetişəcəgəm.

– Ey yəhudi, sinəmə beş xana söz gəlib, qulaq as deyim.



Hurinnisa:

Yol istərsən hər tərəf yol verim

Pul istərsən yeddi ağırı pul verim

Xal istərsən ağ üzümdən xal verim

Aman yəhudi gəl aparma yarımı.

Hurinnisanın yəhudiyə yalvarmağını İbrahimin qeyrəti qa­bul etməyib, Hurinnisaya dildarlıq verir.



Şahzada İbrahim:

Necə gəldim mən biçara nəzərə

Gün-gündən canım düşdü azara

Mən bülbül, sən gül yalvarma xara

Nazlı yarım sən əğyara yalvarma.
Hurinnisa:

Nə iş idi sən elədin irada

Sən qoymadın bir yetişək murada

İnsaf et məni salma ah fəryada

Aman yəhudi gəl aparma yarımı.
Şahzada İbrahim:

İbrahiməm oxuduğumu yazaram

Hamı bilsin şirin candan bezaram

Asdan deyib, diyar-diyar gəzərəm

Aman gözəl, sən əğyara yalvarma.

Hurinnisa:

Yəhudi görüm təz lal olsun dilin

Hər tərəfə bağlansın sənin yolun

Hurinnisa deyər açılmasın gülün

Aman yəhudi gəl aparma yarımı.

Sözləri tamama yetişdi. Hurinnisa nə qədər yalvardı, zalım yə­­­­hudi insafa gəlib, vermədi. Hurinnisa bu işin atasından gizlin ol­­­mağına görə bir yana xəbər edib zor ilə İbrahimi Şəmun yəhu­di­nin əlindən ala bilmədi. Axırda əlacsız qalıb:

─ Ey yəhudi, səni and verirəm peşdən al əbaya və yüz igir­mi dört min peyğəmbərə indi ki, İbrahimi mana vermədin lamahala san­dığdan çıxar bir beş kəlmə danışıb ayrılaq. Yəhudi razı olub İb­­ra­himi sandığdan çıxardı. İki yar vəfadar biri-birini ağuşa çəkib ağlaya-ağlaya görək nə deyirlər:

Hurinnisa:

Başına döndügüm, qurban olduğum,

Sən gedərsən Dağıstana İbrahim,

Alışıb, oduna biryan olduğum

Sən gedərsən Dağıstana İbrahim.
Şahzada İbrahim:

Bad səbah uyqusundan ayılmış

Zanax verir Dağıstan gözəllərin

Kirpigin ləşdərdi tökür qanımı

Nə qəsd edir şirin cana gözlərin.

Hurinnisa:

Əmib-əmib yar ləbindən nə qandıq

Alışıbən eşqin oduna yandıq

Yəhudi boyunda kesdirdi sandıq

Sən gedərsən Dağıstana İbrahim.
Şahzada İbrahim:

Ol yəhudi gəldi bir qılıc asdı

Gələn-gedəni sındırdı kəsdi

Məni səndən ayırmaxdı qəsdi

Bir öpmədim qana-qana gözlərin.
Hurinnisa:

Eşitginən Hurinnisanın sözünü

Nə saldın canıma eşqin gözünü

Görəcəksən firəng xanımının yüzünü

Sən gedərsən Dağıstana İbrahim.
Şahzada İbrahim:

Yəhudi Hiratda bir qala yapdı

Aradı axtardı İbrahimi tapdı

Gələn-gedəni sındırdı çapdı

Qoy ağlasın yana-yana gözlərin.

Şahzada İbrahim ilə Hurinnisa axırıncı dəfə biri-biri ilə gö­rü­ş­düydən sonra Şəmun yəhudi Şahzada İbrahimi sandığa qo­yub qatıra yüklədi. Saribanlar qəflə sürüb, Dağıstana tərəf yö­nəl­dilər. Mənzil-bə-mənzil, teyyi mənazil edib, təpələrdə yel kimi, də­rə­lər­də sel kimi gedə-gedə Dağıstan şəhrinə varid ol­dular. Qə­filə qa­tırı və yüklərini yerbəyer edib axşamı o mə­kan­da qal­dılar. Sabah olcaq İbrahimi Hüseyn şahın hüzuruna götürmək üçün bir dəst tacir libası geydirib, hazır oldular. Şəmun yəhudi yü­zünü İb­ra­himə dutub:

– İbrahim, bil və agah ol, əgər sən istəyirsən canını mənim əlim­­­dən səlamət qurtarıb mətləbinə yetişəsən, hər nə desəm əməl et.

İbrahim canının qorxusundan naəlaj razı oldu. Şəmun yə­hu­di şad olub, dedi:

– Oğul indi biz şahın məclisinə gedəcəyik. Orda səndən xə­bər alsalar ki, kimin oğlusan de “Şəmun yəhudinin oğluyam”.

Şəmun yəhudi bir qab ləl cavahirat hazır edib üstünə sərpuş qoy­duqdan sonra götürüb İbrahim ilə şahın hüzuruna varid ol­du­lar. Şah tacirin yanında belə bir cavan nurəsidəni görüb onun xətti xalına, gül camalına heyran oldu.

– Tacir, bu cavan sənin nəyindi?

Şəmun yəhudi ərz etdi:

– Nökəriniz Şəmunun oğludu.

Şah buyurdu:

– Tacir, sənin belə cavan oğlun var, bəs nə üçün bu piran vəx­­­­tində mənim qızımı istəyirsən.

Şəmun yəhudi ərz etdi ki:

– Şah sağ olsun, mən elə o gündən oğlum İbrahimə istə­yi­rəm.

İb­rahim şahın xoşuna gəlib, məclis arəstə edib, o məclisə və­­­zir, vəkli əyan və əşrafi və əhli şəhəri çağırdı.

Şahın çağırmağına görə hamı məclisdə hazır oldular. Əhli məc­­lis yeyib, içdiydən sonra Hüseyn şahın qızı Səkinə xanımın kə­binin İbrahimə kəsdilər və dua, səna edib dağıldılar. O yandan Şə­­mun yəhudi qızın əli İbrahimin əlinə verilən kimi ismi əzəm ilə oğlanı bağladı.

Şahzada İbrahim axşam olcaq Səkinə xanımın gərdəginə gi­rib şirin söhbətə başladılar.

Onlar yeddi gün, yeddi gecə bir yerdə qaldılar. Səkinə xa­nım gördü ki, arada busə bazlıq olursa da İbrahim ilə bir qızın tə­faviti yoxdu.

Qız halı belə görüb, anasını hüzurə istədi.

Anası gəlincə dedi:

– Anacan, qulaq as, sana bir neçə kəlmə sir sözüm var.



Səkinə xanım:

Öküz deyil öküzlərə qatam mən

Qoyun dəgil çodarlara satam mən

Dil qanmır ki, qucaqlaşıb yatam mən

Ana məni bir nadana verdiniz.

Səhər doğan dan yıldızıdı

Aşıqların söhbətidi, sazıdı

O da mənim kimi cavan qızdı

Ana məni bir nadana verdiniz.
Dağ başında günəş olsa qar olmaz

Bülbül nə çəksə gül də xar olmaz

İbrahimnən Səkinəyə yar olmaz

Ana məni bir nadana verdiniz.

Sinəyi-tarnan dediyi kimi dilnən də anasına nağıl etdi. Anası qızından əcayib əhvalatı eşidib, oradan şahın yanına gəldi. Sə­ki­nə­­nin başına gələn əhvalatı ona söylədi. Şah höküm edib yə­hu­di­ni hüzurə getirdi. Bu əhvalatı ondan xəbər aldı.

Şəmun yəhudi hilə yolu ilə ərz etdi:

– Şah sağ olsun, mənim məşhur elim var. Orada toy edib qı­zın əlini oğlanın əlinə tapşırmasam oğlan yaxın getməz. Çünki bi­zim eldə adət dəgil. Oğlan öz elində dost aşına yanına ge­dən­də:

– “Buna bax, Dağıstan tək mahaldan bir dul arvad götürüb”.

Şah yəhudinin bu hiləgərliginə allanıb, örətini hüzura ça­ğırıb, bu vəxtə kimi İbrahimin qıza yaxın getmədiyinin səbəbini ona söylədi və ona tapşırdı ki, bu əhvalatı Səkinəyə söyləsin. Ar­vad qızın yanına gedib, əhvalatı ona nağıl etdi. Səkinə xanım Şə­­­mun yəhudinin bu hiləsinə inanırdı.

O yandan Şəmun yəhudi bu hilədən istifadə edib, səfərə çıx­ma­­ğa izin aldı. Şah izin verdi. Qızını zərrin kecavədə bərqərar edib, qul-qaravaş ilə Şəmun yəhudiyə tapşırdı.

Şəmun yəhudi zərrin kecavənin o biri tərəfinə də İbrahimi qo­­­­yub, Şah və əhl-şəhər ilə halallaşıb qul, qaravaş və sariban əh­li ilə yola düşdülər. Mənzil-bə-mənzil gedirdilər. Şəmun yə­hudi İb­rahimi həlak etmək üçün çarə yolu arayırdı. Bir dərədən ge­dən­də o bi insaf kecavənin İbrahim olan tayını kəsib haman də­rə­yə atdı. Səkinə bunu görüb, yəhudiyə hərçi yalvardı müm­kün ol­madı. Axırda kecavədən düşüb İbrahimin yanında qalmaq is­tə­di. Əmma yəhudi qoymadı.

And olsun baban Hüseyn şahın tac təxtinə hərgah bir də İb­ra­himin adın çəksən səni qılınc ilə iki parça edəcəyəm. Çünkü mən səni özümdən ötrü gətirmişəm.

Səkinə o məlundən bu sözü eşidib, qorxudan dinməz, söy­lə­məz kecavədə əgləşdi. Saribanlar qəfləni sürüb, bir müddətdən son­ra Mısır şəhərinə yetişdilər. Şəmun yəhudi öz-özünə fikir­lə­şib, “Yəqin ki, bir az vəxtdə tək İbrahim də buraya gələr. Gə­rək mən qabaqca Mısırın xanına hilə yolu ilə anlatım ki, İbrahim mə­nim nişanlım Səkinə xanımı yoldan çıxardıb, özünə arvad et­mək istəyir. Şəmun yəhudi bu fikirdən sonra qız ilə bərabər Mı­sır xanının yanına gedib o hiləgər bu fikrini ona söylədi. Mısır xa­nı Səkinə xanımı dindirməyib hərəmxanəyə göndərdi. Yə­hu­diyə də: – Qoy İbrahim gəlsin, hərgah işi belə olsa onu öldü­rə­cə­gəm – dedi.

Bunlar xanın hüzurunda qalsın. Gəl sana İbrahimdən xəbər verim.

– O cavan haman məkanda bir qədər fikirdən sonra:

– Bu heç namusdan degil ki, sənin adına kəbin olsun, onu baş­qası aparsın. Ya gərək öləm, ya inki Səkinə xanımın visalına ye­tişəm.

Bu fikirdən sonra oradan yola düşüb, qatırın izi ilə gəlib, Mı­­­sıra yetişdi. Mısır xanının qəsrinin qabağından keçəndə Şə­mun yəhudi onu görüb:

– Aman xan qoyma getdi. Budur mənim arvadımı əlimdən al­maq istəyən cavan.

Xan yəhudidən bu sözü eşidib, İbrahimi hüzurə çağırdı.

İbrahim xanın hüzuruna gəldi. Xan işdən xəbərdar olma­dı­ğın­­dan buyurdu:

– Ey haramzada, xalqın arvadından nə istəyirsən.

Şahzada müqəssir dəgil idi. Acığı dutub, xana nalayıq söy­lə­di. Xan bunun halindən daha da qəzəblənub cəlladə fərman verdi ki, boynunu vursun. Cəllad İbrahimin boynunu vurmaq istəyirdi ki, Səkinə xanım ayaqlarına döşənib ərz etdi:

– Xan sağ olsun, bu cavanı hələ öldürmə. Onun barəsində mən bir az danışım.

Xan bu sözü eşidib, İbrahimin boynunu vurdurmadı. Sə­ki­nəyə izin verdi ki, istədiyi sözü söyləsin.

Səkinə xanımın sinəyi tarnan görərək Hüseyn xana:


Yüklə 1,33 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin