Azərbaycan folklorunun ilkin nəşrləri” seriyası HÜMMƏT ƏLİzadə azərbaycan el əDƏBİyyati



Yüklə 1,33 Mb.
səhifə3/18
tarix25.05.2018
ölçüsü1,33 Mb.
#51486
1   2   3   4   5   6   7   8   9   ...   18

Səkinə xanım:

Baş götürüb ayağına gəlmişəm.

Əlac sana qalıb Mısrın xanı

Mən səni özümə qəmxar bilmişəm

Əlac sana qalıb Mısrın xanı.
Tanımıyırsan sən əslimi soyumu

Səryaquflar görməyibdi boyumu

Özün öz əlinlə elə toyumu

Əlac sana qalıb Mısrın xanı.


Göllərin sonasıyam, qazıyam

Məclislərin söhbətiyəm, sazıyam

Dağıstanlı Hüseyn şahın qızıyam

Əlac sana qalıb Mısrın xanı.

Səkinə xanım sinəyi-tarinan dediydən sonra dil ilə də həm özü­nün və həm də İbrahimin əhvalatını ona söylədi. Şəmun yə­hu­­­dinin hiləsini də aşdı. Xan Dağıstan şahının adını eşitcək işi se­­­çib o saat höküm etdi, Şəmun yəhudini dutub, siyah çalaya sal­­­dılar. Bundan sonra xan Səkinəni İbrahimə tapşırdı. İbrahim bir neçə gün xana mehman olub, ondan izn səfər aldı. Xan İb­ra­hi­mə xərclik verib yola saldı. İbrahim Səkinə ilə bərabər Mı­sır­dən çıxıb yüz bərri biyabanə dutub gedirdilər.

O qədər getdilər ki, nəhayət dərya kənarında gəmi ayağına ye­tiş­dilər. Gördülər buradan hər tərəfə adamlar gedir. İbrahim bun­ları görüb fikir etdi ki, gəl sən də bu gəmiyə oturub bir neçə di­yar gəz, bəlkə qardaşın Asdan şahdan bir xəbər dutasan. Bu fi­kir­­dən sonra Səkinə ilə gəmiyə oturdu. Bunlar gəmidə otur­maq­da olsun, gəl sana Şəmun yəhudidən xəbər verim. Məlun xana yüz dinar pul verib, özünü siyah çaladan azad etdirdi. Həman İb­ra­him ki, oturduğu gəmi ayağına yetişdi, nə gördü İbrahim ilə Sə­kinə gəmidə əgləşib gəmiçi gəmini sürmək istəyir.

Şəmun yəhudi bir hilə ilə gəmiyə mindi. Gəminin bir gizlin tə­­rəfinə elə oturdu ki, İbrahim və Səkinə bunu görmədilər. Bu za­man Şəmun yəhudi özünü gəmiçiyə yetirib, əhvalatı ona aç­dıqdan sonra min dinar pul verdi.

– Gəmiçi qardaş, amandı bir hilə ilə gərək İbrahimi həlak etmək.

Gəmiçi pula təməsilənib yəhudi ilə İbrahim və Səkinənin ya­nına gəlib dedilər:

– Ey cavan bu qız sənin nişanlın degil, nə üçün buna sahib ol­musan. İbrahim hərçi dedi:

– Bu qız mənim halalımdı. Şəmun yəhudi və gəmiçi razı ol­ma­­­dı. Nihayət İbrahimin qolunu bağlayıb bir sandığa qoyub dər­ya­­­yə atmaq istədigdə, İbrahim yalvara-yalvara: – Ey gəmiçi, mən bilirəm bu kafir biinsaf sənə pul verib onun üçün sən də onun­­la barabar mənim qanıma suzayırsan. İndi izin verin, bir ne­çə sözüm var, onu sizə deyim. Sonra gənə ixtiyar sizindi.

Onların rəhmi gəlib İbrahimə söz demək üçün izin vərirlər.

Bəs yüz min bəlalər çəkən və ata-anadan yarımıyan biçara İb­rahim bu dillər ilə, Səkinə xanıma qardaş Asdan şahı hərgah gö­rə bilsə əhvalatı söyləməgini deyir.

Şahzada İbrahim:

Bu qaptanlar buyurdular

Gör nə işlər qayırdılar,

Məni yardan ayırdılar

İbrahim düşdü dəryaya.
Səkinə söylər sözünü

Kim çekər işvə nazını

Ağlar qoydun sən gözünü

İbrahim düşdü dəryaya.

Qızılgülü bəs dərsən

Siyah zülflərinə örsən

Asdan adlı şahı görsən

İbrahim düşdü dəryaya.

Şahzada İbrahim sözünü tamam edən kimi onu bir insaflar san­­dığa qoyub dəryaya atdılar. İbrahim dəryaya qərq olduqdan son­­ra Şəmun yəhudi Səkinənin yanına gəlib ərz etdi.

– Ey nazənin, gəl məni eşqin oduna yandırma, nə olar bir qəl­­­bin yumşalıb rəy verəsən.

Səkinə xanım əqilli bir qız idi, hilə yolu ilə:

– Ey alicanab! Mən eşitmişəm əqilli adamlar tədbir və səbir sa­­hibi olur. Səd heyf onlar sizdə yoxdur. Çünki İbrahim öləndən sonra mənim kimim var. Daha mən səninəm. Ancaq bu şərtilə gə­­midən düşən kimi hankı şəhər olursa olsun orada mənim üçün bir elə otaq tikdirəsən, başı bulutdan, ayağı dəryadan nəm çekə. Mən otağa daşınandan sonra toy edib mənim visalimə ye­ti­şər­sən.

Şəmun yəhudi qızdan bu sözü eşidib məhəbbəti daha da art­dı, bir gönüldən min gönülə ona aşiq oldu.

– Ey can, mən can-baş ilə rəva edərəm.

Səkinə o bi əqlə belə yalan vədələr vermək ilə sakit etdi. Cə­mi bir neçə gün yol gedib, axırda bir şəhərə çatdı. Bu şəhər də ha­­man İbrahimin qardaşı Asdan şah olan Bibahat şəhəri idi. Elə ki şəhərə yetişdilər, Şəmun yəhudi pul zoruna şəhərin bir tərə­fin­­­də yer aldı. Az vaxtda yeddi mərtəbə minarə kimi qəşəng otaq­­­lar qurdurdu. Otaqlara həmişə yuxarıdan nərdivan sallayıb çı­­xardılar. Səkinə xanım haman otaqlara gelib dedi:

– Tacir, gərək bir Bibahatda qərib olduğumuzdan ehtiyatlı olaq. Ona görə gərək sən altı aylıq azuqə alıb bu sarayda hazır edə­sən.

Şəmun yəhudi altı aylıq azuqəni haman imarətə yığdı. Səkin al­tı ayın azuqəsi imarətdə hazırlanandan sonra yəhudini ba­şın­dan əkmək üçün dedi:

– İndi visalə yetişmək vaxtıdı. Get mənə bir dəst gözəl toy li­bası al.

Şəmun yəhudi Səkinədən toy sözünü eşidib gözü üç təpə sağ­­­sağanın gözünə döndü. Libas almaq üçün bazara getdi. Şə­mun yəhudi bazara gedəndə Səkinə firsət tapıb, nərdivanı yuxarı çek­­di. O yandan yəhudi şəhərdən toy libasın alıb qayıdanda nə gör­­dü, nə tas var, nə hamam. Səkinə nərdivanı çekib, yeddinci mər­­­təbənin eyvanında xuraman-xuraman gəzir.

Yəhudi hərçi yalvardı, “Nərdivanı endir mən də çıxım”. Qız ra­zı olmadı.

– Mən səni onda buraya yaxın qoyaram ki, İbrahimin ölüm xəbərini mana getirəsən.

Şəmun yəhudi Səkinədən bu sözü eşidib, dinməz-söyləməz İbrahimi axtarmağa getdi.

Şəmun yəhudi gündüzləri Bibahat və başqa şəhərlərdən xə­bər dutardı. Bu nişanda cavan gördünüzmü. Gecələr sarayın ət­ra­fında keşik çəkərdi. Yəhudi keşik çəkməkdə olsun, gəlin sizə şah­zada İbrahimdən xəbər verim.

Elə ki o cavanı dəryayə atdılar, dərya movc vurub bir müd­dət­­­­­dən sonra onu Bibahat şəhərindən bir az kənarda qırağa çı­xart­dı.

Sandıq dəryanın qırax tərəfində bir uçurum yanında durur­du. Asdan şahın dəli çobanı haman o uçurumun üstündə qoyun ota­rırdı. Sandığı görcək gedib dəryanın kənarına gəldi. Sevinə-se­vinə onu qucağına alıb qoyun sürüsünün yanına çıxartdı. Dəli çoban hərçi etdi kilidli sandığı aça bilmədi. Acığı dutub çomağı çə­kib kilidə bir elə çomaq vurdu ki, kilid ilə sandığın bir yanı yer ilə yeksan oldu. Çoban nə gördü: sandığın içində bir cavan hu­­­­şə getmiş ki, dünyadə misli manəndi yoxdu. Xətti-xalı bə­nəf­şə kimi, əmma başına gələn bəlalərdən və dərya üzündə ac və su­­suz qaldığından o gül camalı zəfəran sarılı yüzünə ölüm sifəti çö­­kübdü. Dəli çoban diqqət ilə baxanda gördü ki, İbrahimin ya­nında dalı yekə qabağı nazik uzunsoy, üstündən məftu uzanmış çömçəyə bənzər bir şey var. Dəli çoban istədi ki, çömçəyi qırsın. Ya­nındakı dünyagörmüş qoca çoban:

– A... ağa o çömçəni qırma, çünki bu cavan aşıqdır. Çömçə də onun sazıdır.

– Dəli danışma, aşıq qoyunun incıqındə (diz qapağının al­tın­da) olar. Bu adam deryadan çıxdığına görə yəqin ki, su ada­mı­dı.

Bu dirilən zaman burada durmaq olmaz.

– Ey allahın dəlisi, bu da bizim kimi adamdır. O dediyim çöm­çə də yaxşı səslənən sazdır.

Dəli çoban qeyzə gəlib, qoçun boynunun dalından bir ço­maq vurdu, qoç öləndən sonra əli ilə incıqın parçalayıb aşağı çı­xartdı.

– A mənim çörəgim sana haram olsun, bax aşıq budu.

Qoca çoban dəli çobanın bu avam hərəkətindən xoşlanıb, o qə­dər güldü ki, az qaldı bihuş olub yerə yıxılsın. Çobanların səs- kü­­yündən və öz bədəninin bir az yaxınlaşdığından şahzada gü­lün­dən ayrılmış bülbül kimi yavaş-yavaş huşa gəldi. İki çobanı ya­­nında görüb “barı ilahi sana çox şükür ki, dəryada balıqlara qis­­­­mət olmadım”.

Dəli çoban soruşdu: Qardaş, bir onu de görüm, hələ bu ya­nın­­­dakı çömçə nədir. Özün də haradan gəlib haraya gedirsən ki, bu dərya sənin yolun olmuşdur.

Şahzada İbrahim gördü ki, bu çoban heç dünya görməmiş və is­tiot dadmamış bir nadandır. Şahzada çobanın gönlünə uyğun söh­­bətlər ilə həm sazı nişan verdi və həm də bir az dərdindən söy­­­lədi.

Çoban sazı çalmağı şahzadadan dilədi. İbrahim sazı sinəsinə ba­sıb, bir xoş hava çaldı.

– Mən indiyə qədər bunun belə ötdüyünü bilmirdim. Bu nə yax­şı ötürmüş, hərgah bunun ipini (simini) yoğun eləsən daha da yax­şı ötər.

– Bəli, çox yaxşı ötər. Dəli çobanın İbrahimdən xoşu gəlib dedi:

– Qardaş, gəl səni özümə bala çobanı dutum. Qorxma altı ayına bir toğlu verrəm.

İbrahim bir az fikirləşib, öz-özünə:

– Çox yaxşı olar, altı ay bunun yanında qallam, həm gəlib ge­dəndən qardaşımdan suraq ədərəm, həm də özüm üçün xərclik dü­zəldərəm.

Çobanın sözünə razı olub, altı ay ona bala çobanı oldu. Altı ay­­­dan sonra haman toğlunu alıb Bibahata satmağa getdi. Şə­hər­də toğlunu bir qəssaba satdığı zaman Şəmun yəhudi o kü­çə­dən ke­­­çəndə İbrahimi görüb, qəssabın dükanına gəldi və bir tor ilə qəs­saba İbrahimdən pinhani dedi:

– Ey qassab, sənə beş min dinar pul verrəm. Bu oğlanı bir ba­­hanə ilə dal dama apar.

Qəssab yəhudidən beş min dinar pul adını eşidəndə:

– Sən dal dama get, mən bu saat İbrahimi oraya gö­tü­rə­cə­gəm.

Şəmun yəhudi dal dama getdi. Qəssab İbrahimdən toğlunu aldıqdan sonra dedi:

– Oğlum, götür toğlunu dal dama aparaq.

İbrahim qəssab ilə toğlunu dal dama apardı. Şəmun yəhudi ilə qəssab İbrahimin əl ayağını bağlayıb axşama qədər orada sax­ladılar. Axşam olcaq Şəmun yəhudi qəssab belə məsləhət et­di­­­lər ki, Şəmun yəhudi öz qəsrinə qaravul çəkməgə getsin. Qəs­sab da İbrahimi aparıb bir biyabanda öldürüb, qanlı köy­nə­gi­ni sabah Şəmun yəhudiyə versin.

Bu məsləhətdən sonra Şəmun yəhudi qəsrə, qəssab İbrahimi siyirmə xançal qabağına qatıb bir biyabana apardı.

O biyabanda İbrahimin başını kəsmək istəyəndə:

– Ey qəssab əmi, mən bilirəm, mənim ölümümə səbəb yə­hudidi. Əmma onu yəqin bil ki, məndə təqsir yoxdur. Əvvəla gəl məni öldürmə. İndi ki, həlak edirsən qulaq as başıma gələn qəza-qədəri sana söyləyim.

– Oğlum, söylə görüm.

Şahzada İbrahim əhvalatı əvvəldən axıra qadar qəssaba nəql etdi.

Qəssab oğlanın halına yanıb:

– Ey cavan, xof etmə səni həlak etmərəm. Ancaq Şəmun yə­hu­­dinin yanında yalançı çıxmamaq üçün köynəgini mana ver. Sa­­bah qoyun qanına boyayıb ona verim.

Şahzada qəssaba çox alqış eylədi.

Qassab İbrahimin köynəgini alıb, özünü mürəxxəs etdi.

İbrahimin köynəgini götürüb, qəssabxanaya gəldi. Axşam ya­­­­­tıb sabah olcaq İbrahimin köynəgini qoyun qanı ilə boyadı. Şə­­­­­mun yəhudi gələndə ona verdi. O yandan şahzada İbrahim o bi­­­­­yabandan heyran və sərgərdan gəzə-gəzə şəhərə gəlirdi. Səki­nə xanımın başı bulutdan, ayağı yerdən nəm çəkən yuca qəsrini gö­­rüb valeh oldu. Bu qəsrə tamaşa edə-edə ötərkən gözü Səkinə xa­­­nımın gözünə sataşdı. O saat tanıdı. Bir tor ilə oğlanı yuxarı bax­­­mağa vadar etdi. İbrahim yuxarı baxanda gördü ki, qəsirdə sa­­kin olan öz nişanlısı Səkinə xanımdır. Hər iki yar vəfadar qaş-göz ilə biri-birinə xoş gəldin etdilər. Səkinə xanım qızılgül kimi açıl­dı. Nərdivanı endirib, İbrahimi yanına çıxardı. Qəsirdə bir-bi­rini ağuşa çəkib, görüşdülər və iş-işrətə başladılar.

Bu yannan qəssab ilə Şəmun yəhudi İbrahimin qanlı köy­nə­gi əldə qəsrin ayağına gəlib yetişdilər. Şəmun yəhudi şad və xür­­rəm yuca səs ilə Səkinə xanımı çağırıb׃

– Ey nazənin, budu qəssab ilə İbrahimi öldürüb, qanlı köy­nə­gini götürmüşəm.

Səkinə xanım İbrahimin ölüm xəbərini eşidib, Şəmun yə­hu­di­­nin acığına şahzada ilə qol-boyun öpüşə-öpüşə biri-birini ağu­şu­­­na çekib, “ölən sən olacaqsan, budur şahzada İbrahim”. Şə­mun yəhudi İbrahim ilə Səkinəni qol-boyun qəsirdə görüb qəs­sab­­dan ayrıldı. Bibahat vilayətinin şahı olan Asdan şahın hü­zu­ru­­na gedib örətini bir cavan zor ilə aldığını və ev-eşiginə sahib ol­­mağını ərz etdi.

Asdan şah onun cavabında:

– Xof etmə, burda ol, indi onu götürdüb, gör başına nə oyun gə­­ti­rəcəgəm.

Şəmun yəhudi iltica dilini açıb o ki var həm şaha yalvardı, həm də İbrahimdən yaman qandırdı.

Asdan şah Seyr Sübhan vəzirə əmr etdi ki: “Sərbaz qəsrə gön­­­­dər, onları getirsin”. Vəzir sərbazları göndərdi. Sərbazlar qə­­sir­dən Asdan şahın hüzuruna İbrahim ilə Səkinəni getirdi. Şah­za­­da İbrahim şaha nəzər yetirdikdə gördü ki, öz qardaşı Asdan şah­­­dı. Amma Asdan şah əsla İbrahimi tanımadı. Ona görə də İb­ra­­himə acıqlanıb׃

– Nə üçün bu kişinin arvadına və mülk-malına zor ilə malik ol­­musan.

İbrahim bildi ki, Asdan şah bunu tanımadı.

– Şah sağ olsun, izin ver Şəmun yəhudi ilə bizim aramızda olan ədavəti və bizə atdığı böhdanları başdan-başa deyim.

Şahzada İbrahim:

Üç ay qışı dəryalarda qışladım.

Dil bilməz əlinə düşdüm nəyliyim

Altı ayı bir toğluya işlədim

Dil bilməz əlinə düşdüm nəyliyim.
Günü-gündən günüm düşdü ah vaya

Çoban oldum mən də döndüm gedaya

Qaptanlar atdılar məni dəryaya

Dil bilməz əlinə düşdüm nəyliyim.


Verdiyim əməklər gətdilər zaya,

Fələk düz qəddimi döndərdi yaya

Pul atdılar tulladılar dəryaya

Dil bilməz əlinə düşdüm nəyliyim.


Bu yəhudi satdı məni sallağa

O sallaqda bağışladı Allaha

Onda şükür elədim qüdrəti Allaha

Dil bilməz əlinə düşdüm nəyliyim.


Bir quş olub, havalanıb ötmədim

Ağ əllərə əlvan həna dutmadım

Nakam oldum mətləbinə çatmadım

Dil bilməz əlinə düşdüm nəyliyim.


Zülal şah oğluyduq iki qardaş

Hərəmiz götürdük bir qiymətli daş

Günbəzdə ayrılıb tökdük qan yaş

Dil bilməz əlinə düşdüm nəyliyim.

İbrahim sözünü tamama yetirdi. Asdan şah Zülal şah və gün­bəz adını eşitdiydə diqqət ilə oğlana baxıb gördü ki, qardaşı şah­za­­da İbrahimdi. Şah İbrahimi belə dəstgir və zəlil görüb, bi­huş ol­du. Vəzir, vəkil bir təhər ilə şahı huşa götürdü. Hər iki qardaş qol-bo­­yun olub görüşdülər. Asdan şah Səkinə xanımı hüzura istəyib əh­­valatı ondan da xəbər alandan sonra höküm etdi Şəmun yə­hu­di­ni yeddi yolun ayrıcığında təpəsi üstə basdırdılar. İki qardaş darul ima­­rəyə gedib, başlarına gələni biri-birinə tamamilə söylədilər. As­­dan şah İbrahimin əhvalatından xəbərdar olub dedi:

– Qardaş birimiz Bibahatda qalaq şahlıq edək. O birimiz də ata­mızın vilayətinə gedək.

İbrahim Asdanın cavabında:

– Qardaş onu bilməlisən ki, mənim gözü yolda qalanım var. Çün­­­ki “buta”m bu qız döyül. Mənim butam Hirat şahı Fətəli şahın qı­­­­zı Hurinnisadı. Hərgah razı olsan mən gərək gedib onu getirəm.

– Qardaş sən çox zəhmətlər çekibsən. İndi sən mənim ye­rimdə otu­­rub, şahlıq elə mən gedim, calal və şökət ilə ni­şanlını gətirim.

Asdan şahın sözünü İbrahim qəbul etmək istəmədi.

Şah acıqlanıb buyurdu:

– Mən böyuk qardaşınam, hər nə desəm borcundur, qəbul edə­­­­­­sən. İbrahim naəlaj qalıb razı oldu, qardaşının yerində təxt səl­­­­­­tənətdə qərar dutdu.

Asdan şah bir çox qul ilə atdanıb, günə bir mənzil, teyyi mə­na­zil edib, dərələrdə sel kimi, təpələrdə yel kimi, badeyi sərsər kimi, qız­­mış nər kimi xuraman-xuraman Hirat şəhərinə yetişdilər.

Asdan şah cah-cəlal ilə Hurinnisa xanımın qəsrinin qa­ba­ğın­dan keçərkən Hurinnisa Asdan şahı görüb, İbrahimə ox­şa­dı­ğın­dan elə bildi ki, aşığı sahzada İbrahimdi. Ona görə beş kəniz gön­­dərib de­di:

– Gedin foyc-foyc gedən qoşunun qabağındakı mina gər­dən­li, sərv qamətli, bənöşə bığlı, kaman qaşlı qoşun sərkərdəsini bu qəs­­rə getirin.

Kənizlər gedib, Asdan şahı dilə dutub, qəsrin qabağında şah­za­­­da xanıma yetirilər. Hurinnisa şahzadanı görüb, xətti-xa­lına, gül camalına heyran oldu. Cavana o qədər möhübbəti qon­du ki, az qaldı yürək əldən verib, bihuş ola. Kənizdər Hurin­ni­sanı belə hal­­­da görəndə yüzünə müşq, gülab səpib, dedilər:

– Ey nazənin, özündə ol ki, qabağında hərif var.

Hu­rinnisa bir tor özün saxlayıb:

– Bu cavan nurəsidə ya İbrahim və ya onun qardaşıdır, dedi. Ona görə gönül əldən verib, görək şahzadaya nə deyir:

Hurinnisa:

Başına döndüyüm cavan

Cavan xoş gəldin, xoş gəldin.

Yolunda qoymuşam bir can.

Cavan xoş gəldin, xoş gəldin

Şahzada qızı belə eşqə mübtəla görüb, öz-özünə: “Ey dil qa­fil, bu qıza özünü tez tanıt ki, qoşun içərisində səni rüsvay edər. Qardaşının yanında papağın aşağı olar”.

Asdan bu fikirnən Hurinnisanın cavabında deyir:

Asdan şah:

Başına döndüyüm gözəl

Ay qız, yarın mən döyüləm.

Əsər yellər, tökər xazan

Ay qız, yarın mən döyüləm.
Hurinnisa:

Ha ağlaram yana-yana,

Dərdindən oldum divana,

Sən bənzərsən o canana

Cavan xoş gəldin, xoş gəldin.
Asdan şah:

Can alırsan qələm, qaşnan

Tor qurursan siyah saşnan

Çox gezibsən yaşılbaşnan

Ay qız, yarın mən döyüləm.
Hurinnisa:

Bilmirəm hardan gəlirsən

Bağrımın başın dəlirsən

Baxışınnan can alırsan

Cavan xoş gəldin, xoş gəldin.
Asdan şah:

Qoşun əhli yar yoldaşım

Çox bəlalər çekib başın

Yarın İbrahim qardaşım

Ay qız yarın mən döyüləm.

Hurinnisa:

Mail oldum güllərinə

Bülbül kimi dillərinə

Yoxsa vardın ellərinə

Cavan xoş gəldin, xoş gəldin.
Asdan şah:

Ərşə çıxıb dud ahım

Sənsən mənim qibləgahım

Təqsirkaram var günahım

Ay qız, yarın mən döyüləm.
Hurinnisa:

Çağırıram mihri-mahımı

Səvərəm qibləgahımı

Axtarıram İbrahimi

Cavan, xoş gəldin, xoş gəldin.
Asdan şah:

Qaşların qibləgahdı

Mən çəkdim dərddi ahdı

Yarın Bibahatda şahdı

Ay qız, yarın mən döyüləm.
Hurinnisa:

Hurinnisayam çoxdur işim

Axır gözdən qan yaşım

Həm qayınım, həm qardaşım,

Cavan, xoş gəldin, xoş gəldin.
Asdan şah:

Asdan şaham, vardı gücüm,

Belimdə əgri qılıcım

Həmi yengəm, həmi bacım

Ay qız, yarın mən döyüləm.

Sözləri tamama yetirdilər. Asdan şah qardaşının və özünün ba­­şına gələn qəza və qədəri sinəyi tarnan dedigi kimi dil ilə də Hu­­rinnisaya nağıl etdi.

Qız Asdan şahdan çox xecalət çəkdi. Ərz etdi:

– Ey şahzadə qayınım, məni bağışla əvvəldən səni tanı­ma­dım. Yanında nalayıq sözdər danışdım.

Hurinnisa şahzadaya dedi:

– Məni İbrahimin yanına aparmaq üçün çox zəhmətlər çekib, bu minnəti mənim boynuma qoymusuz. Get atamın yanına, mən də qul qarabaş ilə gəlirəm.

Asdan şah qoşunu ilə Fətəli şahın bargahına getdilər. Fətəli şah əhvalatdan bərxurd olduqdan sonra bunları pişvaz edib otaq­lar­­­da oturtdular. Məclis arəstə oldu. Saqilər gəlib əhl məclisə xurd-xorək və badə verdilər.

Məclis əhli yəmək-içməkdən farig olandan sonra vəzir, vəkil, Fə­təli şah və Asdan şah bir otağa çəkilib, söhbətə başdadılar.

Asdan şah uzaqdan söhbətə başdayıb, axırda qardaşı İb­ra­himin Hurinnisaya aşiq olmağını, onun yolunda nə bəlalar çək­di­yini və indi də eşq ucundan həlak olmağını söylədi.

Hələ Asdan şah sözünü qurtarmamışdı ki, Hurinnisa qul qa­ra­baş ilə məclisə varid oldu. Şah öladını pişvaz edib, məclisin bir tərəfində oturmağa izin verdi.

Fətəli şah Asdanın İbrahim Hurinnisaya aşiq olmaq sözünü eşidib, yüzünü qızına dutdu:

– Ey qızım, söylə görüm, sən də İbrahimə aşiq olub, onu səvirsən.

– Bizim eşqimiz indi dögül, üç il doqquz aydır ki, bu eşqə mübtəlayam.

Fətəli şah qızın alnını öpdü və elin adəti üzrə kəbinini İbrahimə kəsdirdi.

Əhli-məclis bu iki aşığın ağaları əlindən badə içdigini, üç ilə doqquz ay biri-birini söydüklərini bilib hər ikisinə dua və səna etdilər. Toylarını mübarək bad edib öylərinə dağıldılar.

Asdan şah bir neçə gün mehman qaldıqdan sonra gətməyə şah­dan izin aldı. Fətəli şah höküm etdi.

Zərrin kecavələr tərtib olunub qızı Hurinnisa özünə yeddi qə­­ləm ilə zinət verib, başında qırx kəniz haman kecavələrdə qə­rar tut­du.

Fətəli şah qızına hesabsız cehiz verdi. Yüzündən-gözündən öpdü.

– Qızım, nişanlın ilə boya-başa çıxasan.

Asdan şah irəli yeriyib Fətəli şah ilə qol-boyun oldu, halal­laş­dığdan sonra höküm etdi, kecavələr və qoşun Bibahat vi­la­yə­tinə yola düşdülər.

Bu besat ilə şəhərlərdə qonaq qala-qala xuraman-xuraman Bi­­bahat şəhərinə yaxınlaşdılar. Asdan şah bir neçə köhlən atlı muş­­­duluqçu İbrahimin yanına göndərdi. Muşduluqçular atları qam­­çılayıb, İbrahimə yetişdilər. Asdan şahın Hurinnisanı götü­rüb gəlmək xəbərini yetirdilər.

İbrahim nişanlısının və qardaşının gəlməgini eşidib, bir gül­dən min gülə açıldı. Vəzir, vüzəra, əyan və əşrafını başına yığdı. Bi­­ba­hat şəhərin başdan-ayağa əlvan çiçəklər ilə bəzətdirdi. Vəzir, vəkil, əyan, əşraf və pəhlivanlar ilə atlara suvar olub, pişvaza çıxdılar.

Hamısı şahzada ilə görüşdülər. Şahzada İbrahim özünü ni­şanlısı Hurinnisaya yetirdi. Biri-birini ağuşa çəkib, görüşdülər. Bü­­tün Bibahat əhli bir elə şadlıq bərpa etdilər ki, gögdə mə­laikə­lər, ərşin qapılarını açıb tamaşaya başlamışdılar. Bu calal və şö­kət ilə şad -xürrəm şəhərə daxil oldular.

Asdan şah qardaşı İbrahimin yüzündən və gözündən öpüb dedi: Ey gözüm qardaş izin ver bu Bibahat şəhərində sana bir toy əkim ki, cahanda görülməmiş ola.

– Qardaş əziz olasan, bi qərib vilayətdə mana toy etmək lazım də­yil, çünki atamız Zülal şah indi vətənimiz Kilatda tut­du­ğundan pe­­şiman olub, biz cavan balalarının yolunu gözləyir. Mənə toy et­mək və ağ günlərlə yaşatmaq istəyirsənsə bu toyu Kilatda et.

Bir gün Asdan şah şahanə libas geyib bir neçə qəvi pəh­li­van­lar ilə şəhərdə gəzərkən qəsirdə bir qız gördü ki, az qaldı eqli ba­­şından çıxsın. Qız nə qız, qəddi qaməti sərv ağacı, qaşları ka­man, hər dərdə dərman, bir huri qılman, on dört hörük saçı gər­da­­­nına tökülüb, gözləri qosu qəzəh, ləbləri piyala, ruyi rüxsarı gün təki şölə verir. Mərmər sinəsinin üstündə gül pirhən içərində bir cift nar məməsi baş vermiş, barmaqlarında mirvarid qaşlı zə­bər­­cəd yüzüklər, qulaqlarında tanalar, qollarında bilərziklər var, ən­­damı zər-ziba ilə bəzənmiş bir xoş baxışlı candır. Dəryalar mü­­rək­kəb, meşələr qələm olsa onun gözəlliyini vəsfə çəkmək ol­­maz. Mah camalına bir baxan bir də baxmaq istəyir. Şahzada bir bələ cananı görüb dil əldən verdi, eşqə giriftar oldu. Ya­nın­da­­kı pəhlivanlardan xəbər aldı ki:

– Bu qız hansı bağçanın bülbülü və hansı bağın gülüdür.

Pəhlivanlar ərz etdilər ki:

Şah sağ olsun, bu sizin vəziriniz Seyr Sübhanın qızı Bəd­ri­ca­han xanımdır. Gözəllikdə bunun misli Bibahat mülkində ola bilməz. Bu şəhərə şah olmazdan neçə şahlar bu qıza elçi gön­də­riblər, qız razı olmadığından atası verməyib, ancaq siz bura şah olan­dan camaət elə güman edir ki, siz onu almaq istəyirsiniz. Şahın möhübbəti qıza daha da artdı. Eşq dəryasına qərq olmuş bir halda bargahına qayıtdı. Şahzada İbrahim Səkinə və Hu­rin­nisa xanım ilə söhbətdən fariq olub qardaşının bargahına gəl­diydə gördü ki, Asdan şah məyus, məlul və didəgiryan oturub, İb­rahim ayağına düşüb dedi:

– Qardaş, nə dərdin varsa mana bəyan et, ya bu canımdan keçim və ya o dərdinə əlac edim.

Asdan şah Seyr Sübhan vəzirin qızı Bədricahan xanıma məftun olmağını ona söylədi.

Şahzada İbrahim Seyr Sübhan vəziri tapub, əhvalatı ona aç­dı. Seyr Sübhan can-baş ilə razı oldu. Bədricahan xanıma əh­va­la­tı söylədiydə o da razı oldu. İbrahim şəhəri əlvan-əlvan bə­zətdi. Yeddi gün, yeddi gecə toy vurub əyan, əşrafnan Bəd­ri­ca­han xa­nı­mın kəbinin Asdan şaha kəsdirib, mübarək bad ilə əl-ələ tap­şır­dılar.

Şahzadalar altı ay həm camaət işi ilə, həm də nazəninlər ilə iş-işrətə və söhbətə məşğul oldular. Altı aydan sonra Bibahat əh­li­nin razılığı ilə Seyr Sübhan vəziri Bibahata şah tikdilər. Onu təxt səltənət bərqərar etdiydən sonra halallaşdılar. Özləri də sü­va­rı və piyada qoşun götürüb, şahanə libas ilə bəzənib na­zə­ninlər ilə kecavələrdə Kilat şəhərinə yola düşdülər. Mənzil- bə-mən­zil, teyyi mənazil, xəbər verdilər ki, şah sağ olsun İbrahim və Asdan başlarında dərələrdə sel kimi, təpələrdə yel kimi ba­deyi sərsər kimi xuraman-xuraman çəmən gahları, xoş safalı şə­hər­ləri seyr edə-edə Kilat şəhərinə yetişdilər. Zülal şaha xəbər ver­dilər ki, şah sağ olsun İbrahim və Asdan başlarında bir hesab qoşun və kecavələrdə nazəninlər budur şəhərə daxil oldular.

Şah muşduluqçuya ənam verdi. Özü də höküm etdi, Kilat şə­hərini laləzar kimi bəzədilər. Şəhər bəzəndiydən sonra şah, və­zir, vəkil ilə şahzadaları pişvaza çıxıb, oğlanlarını və gəlinlərini bir can kimi bağrına basıb görüşdü. Vəzir, vəkil və əhl şəhər də gəlib, bir-bir şahzadalar ilə görüşdülər.

Bir gün şahzadalar atalarına ərz etdilər.

– Bizim nahaqdan sürgün olmağımıza səbəb olan analığı sən saxlasan onda biznən səninki tutmayacaq.

– Balalarım, amandı, məndən yuz döndərməyin mən o çəpəl arvadın böhtanına görə sizi sürgün etdim.

Şahzada İbrahim qəfil irəli durub:

– Babacan, öldürmək üçün o arvadın ixtiyarını biz iki qardaşa verirsənmi:

– Bəli, verdim, nə cür öldürürsəniz öldürün.

Şahzadalar atalarından bu sözü eşidib çox şad oldular. Bir xam qatır hazır etdilər. O çəpəli haman qatırın quyruğuna bağ­layıb Kilat əhlinin gözünün qabağında qatırı şəhərə buraxdılar. Qatır şillax ata-ata arvadı, daşlar üstündə o qədər yerə vurdu ki, var əndami tikə-tikə olub daşların üstündə qaldı. Cəhənnəmə va­sil oldu.

Kilat əhlindən atalarına bir əsil arvad aldılar.

Zülal şah bir böyük məclis bərpa etdirdi. Kilat əhlini o məc­li­sə yığdırıb:

– Ay camaat mən qocaldığıma görə oğlanlarımın birini özü­nü­zə şahlığa qəbul edin.

– Şah sağ olsun, oğlanlarının hər ikisi şahlığa qabıldır. Han­sı­nı şah tikək.

– Böyük Asdanı özünüzə şah tikin.

Asdan şahı şahanə libası ilə bəzəyib zərrin tacı başına qoy­du­­lar. Təxt səltənətdə bərqərar etdilər. Kilat şəhərini löyün- bə-lö­­yün xalı, zililər ilə bəzəyib qırx gün, qırx gecə toydan sonra Hu­­rinnisanın, Səkinənin əlini şahzada İbrahima və Bədricahan xa­­nımın əlini də Asdan şahın əlinə tapşırdılar.

Şahzadalar o gündən camaat ilə yaxşı rəftar edib, adilanə di­van­­lıq etmək ilə bərabər başlarını yüz min balalara salan və neçə illər­­nən eşq oduna yandırıb diyar-bə-diyar gəzdirən na­zə­nin ilə cah-calal və var dövlət içində qırmızı günlər keçirib ömür sür­mə­­gə başladılar.

Ustadlar şahzada İbrahimin və Asdan şahın toyunu bu dillər ilə nəzmə çəkirlər.

Gözəl sənin məmələrin,

Mən bilmirəm nəyə bənzər.

Canım alır qəmzələrin

Çatma qaşın yaya bənzər.

Qara xallar qoşa-qoşa

Hüsnün tək olmaz tamaşa

Bəzənibsən al, qumaşa

Süzüşün ceyrana bənzər.

Küləcə zərdən zibadan

Xələtin xara dibadan,

Seçilmirsən tous, qubadan

Baxışın terlanə bənzər.

Biri “min”di, biri “cim”di

Oları xəlq edən kimdi

Biri sabah doğan gündü

Biri axşam aya bənzər.

Cahallar çekdiyi ahdı

Biri təxt üstündə şahdı

Biri də ərşdəki mahdı

Biri dan yıldızına bənzər.
Biri “al xatun” almas

Biri Şirvan şamaması

Biri Hindistan xurması

Biri şirin nara bənzər.


Təxt üstə bir cüt əgləşən

Tuti kimi boş danışan

Aşıqlar görcək pərişan

Bir düşmə tağa bənzər.


Ay xocalar dad qazılar

Bu gəlin insandı nədi

Titrəşir əndamı

Huriyi qılmandı nədi.


Çox sığal verib, özünə

Dərdlərə dərmandı nədi

Açılıb ay qabağı

Tac zər əfşandı nədi.

Zülüfləri ağ üzündə

Bilməm gül rəyhandı nədi

Əgləşib təxt üstündə

Ədavət divanı nədi.


Müjganı bir-bir ox atır

Çilləli kamandı nədi

Bu surətdə insan olmaz

Qətlimə fərmandı nədi.

Qıya baxır canım alır

Cisim dinim, imanım alır

Kirpik, ləşdər qəlbim alır

Mısırdə soltandı nədi.


Zənixtanın dört tərəfin

Tamam qoşa xal elədin

Ləblərindi şəhdi şəkər

Dodaqların bal elədin.


“Gögçeli aşıq Musanı”

Dərdindən abdal elədin

Mayilinəm oldum zayil

Qəmzələrin qandı nədi.




Yüklə 1,33 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin