Azərbaycan folklorunun ilkin nəşrləri” seriyası HÜMMƏT ƏLİzadə azərbaycan el əDƏBİyyati



Yüklə 1,33 Mb.
səhifə4/18
tarix25.05.2018
ölçüsü1,33 Mb.
#51486
1   2   3   4   5   6   7   8   9   ...   18

TAHİR MİRZƏNİN NAĞILI
Əli Rəhim oğlu

Qazax- 1926
Qaramanlı şəhrində iki qardaş var idi. Birinin adı Hətəm­sul­tan, o birinin adı Əhmədvəzir idi. Bunların var-döləti həddən zi­ya­da idi. Yarı sinləri keçmişdi, amma hələ öladları yox idi. Mal-dö­­lətdən fəqir-füqaraya payladılar. Hər ikisinin öladı oldu. Hə­təm­­­sultanın qızı, Əhmədvəzirin oğlu olmuşdu. Qızın adını Zöh­­­­rə, oğ­­­­lanın adını Tahir Mirzə qoydular. Ataları bunları mək­tə­bə qoy­­­du.

Hətəmsultanın qızı Zöhrəyə mollanın gözü düşüb bir gö­nül­dən min gönülə aşıq oldu. Əmi qızı əmi oğlunu biri-birindən ayır­­­maq fikrinə düşdü: ona görə onları ayrı-ayrı hücrəyə qoydu. Dedi: – Siz bir yerdə oxumayın, çünki aşıqana sözlər ilə vaxtı­nı­zı keçirib dərs öyrənə bilmirsiniz.

Hər iki əmi qızı, əmi oğlu o günü mollanın dediyi kibi ayrı hüc­­rədə dərs oxuyub axşam evlərinə getdilər. Sabah dərsə gə­lən­də yolda Zöhrə əmisi oğlu Xan Tahirə dedi:

– Əmi oğlu! Bu kafir molla axırda bizi biri-birimizdən ayrı sa­­­lacaqdur. Ona görə gəl bir saat bu xarabalıqda oturub söhbət edək. Onlar bu fikir ilə xarabaya gedib bir qədər söhbət etdilər. Xan Tahir başını məşuqəsi Zöhrənin dizi üstə qoyub yuxuya get­di. Haradan isə bunlara dərs verən molla yoldan mədrəsəyə ge­dir­di. Bunları görüb oradan birbaşa Hətəmsultanın yanına getdi. Əlin­dən gəldiyi qədər qandırdı.

Yazıq Zöhrə mollanın getdiyini görmüşdü, bildi ki, atasına xə­bər verəcək, ona görə Xan Tahiri oyatmağa başladı:

Zöhrə:

Xəbərin yoxdur xəbərdən

Getdi işləri dəbərdən

Nə əmirsən ləb şəkərdən

Nə qanırsan əmim oğlu!
Başımdakı tirmə şaldan

Üzümdəki qoşa xaldan

Nə əmirsən ləbi baldan

Nə qanırsan əmim oğlu!


Mən Zöhrəyəm qələm qaşlı

Gərdanım da qarğı saçlı

Mən yazığı gözü yaşlı

Sən qoyarsan əmim oğlu!

Zöhrə bu sözü deyib ağlayırdı. Gözündən bir damcı yaş Ta­hi­­rin üzünə düşdü, Tahir yuxudan bidar oldu. Soruşdu:

– Əmi qızı! Nə üçün ağlayırsan?

– Evin yıxılsın, nə yatmısan.

Mollamız Hətəmsultana xəbərə getdi, bu saat bizi biri-biri­miz­dən ayrı salacaqlar. O yazıqlar sultanın qorxusundan ora­dan­ca biri-birindən ayrılıb evlərinə getdilər.

Hətəmsultan qızı evə gələndə yanına çağırıb soruşdu:

– Ay çəpəl! Nə üçün dərs oxumuyursan əmin oğlu ilə söh­bə­tə məşğul olursan?

– Ay baba! Mollanın sözünə inanma, o bizi biri-birimizdən ayır­­­maq istəyir. Biz yaxşıca dərsimizi oxuyuruq.

– Mən çox yaxşı bilirəm. Daha bu gündən məktəb üzü gör­mə­­yə­cəksən.

Zöhrə xanım atasının hökmü üzrə səhər dərsə getmədi. Mə­yus evlərində oturdu. O yandan əmisi oğlu Tahir Mirzə hey­bə­sini götürüb məktəbə rəvan oldu. Məktəbdə əmisi qızını gör­mə­yib, qızlardan bu dillər ilə Zöhrənin gəlməməsini sual edir.

Tahir Mirzə:

Belə gözəl doğub hansı analar

Dağılsın dölətlər məktəbxanalar

Göllərdə devr edər gözəl sonalar

Nədən hamı gəldi Zöhrəm gəlmədi?

Mən bilirəm atası onu döyübdü

Molla gəlib yaman sözlər deyibdi

Ağlamağı əlif qəddim əyibdi

Nədən hamı gəldi Zöhrəm gəlmədi?
Açılanda güllər, baharlar, yazlar

Ağlayan Tahirin sümüyü sızlar

Sizə qurban olum xırdaca qızlar

Nədən hamı gəldi Zöhrəm gəlmədi?


Bağçasında gəzər o güllər ilə

Zöhrə söz söyləyər bu dillər ilə

Gedib iltimasa unus ellər ilə

Nədən hamı gəldi Zöhrəm gəlmədi?

Eşidib, bilənlər əhvalatı Tahirə söylədilər. Xan Tahir pə­şi­man olub evlərinə ata-anasının yanına gəldi. Anası Tahirdən so­ruş­du:

– Oğlum! Nə üçün məlulsan?

– Ana! Zöhrə yarım dərsə gəlməyib, onun üçün məyusam.

– Nə səbəbə gəlməyib?

– Molla gedib Hətəmsultana yaman qandırıb. Yəni, Zöhrə dərs oxumur, ancaq Tahir ilə əşqbazlığa məşğul olur.

Bu əhvalatı Tahirin atası da eşitdi. Qardaşının yanına elçi­li­yə adam göndərdi:

– Ya mənim gəlinimi ver və ya qoy məktəbə gətsin – deyə is­­marladı.

Hətəmsultan qızının məktəbə getməsinə razı olmadı, amma ərə getməyə razı oldu. Qızın anası şaha minnət edib bu dəfə qı­zın məktəbə getməsinə izin aldı. Amma bu şərt ilə ki ayrı hüc­rə­də oxusunlar. Səhər hər iki aşıq və məşuq öz hücrələrində məş­ğul ikən qəfildən Tahirin könlü öz məşuqəsini istədi. Qız ayrı hüc­rədə oxuduğuna görə onu görə bilmədi. Ona görə onları biri-birindən ayrı salan zalım mollaya qarğayır:



Tahir Mirzə:

Mollalar mollası, mollalar xası

Silinsin qalmasın könlünün pası

Dağılsın mollanın məktəbxanası

Nədən hamı gəldi Zöhrəm gəlmədi?

Tahir Mirzə gördü ki, bu oxuyanda molla başını aşağı salla­yır, aldı dübarə:

Lənət gəlsin bu dünyada bəd əsil örətlərə

Saldı mən fəqiri yanar-yanmaz odlara

İsmayil tək qurban kəsərəm Zöhrə kibi adlara

Nədən hamı gəldi Zöhrəm gəlmədi?


Tahirin sözləri söylənər dildə

Bülbülün həmişə meyli olar güldə

Zöhrənin gözləri qalubdur yolda

Nədən hamı gəldi Zöhrəm gəlmədi?

Xan Tahir sözlərini tamama yetirdi. Tahir belə oxuyub ağ­la­yır­dı. Gözünün yaşı kitabın üstünə cari olurdu. Bu əsnada bax­dı ki, kitabın üstünə bir dana xurma düşdü, dalı baxdıqda gör­dü xur­manı atan Zöhrədur. Burada hər ikisi biri-birilə söh­bətə məş­ğul oldular. Zalım molla bunları görüb sultanın bar­gahına yol­lan­dı. Yetişər-yetizməz dedi:

– Şah sağ olsun! Ya məni məktəbdən qovla ya bu uşaq­la­rı­nı­za bir fikir çək. Az qalıb qızın hamilə ola.

Hətəmsultan qəzəb-alud olub o saat qızını məktəbdən ya­nı­na çağırtdırıb dedi:

– Ey haramzada! O dəfəkindən üzündə su qalmadı, yenə be­lə etdin; bir daha məktəb üzü görməyəcəksən. Bu xəbər Əh­məd­və­zirə çatıb bildi ki, daha Zöhrə məktəbə getməyəcəkdur. Qar­da­şının yanına tacirdən, vəkildən bir neçəsini göndərib və belə sifariş etdi: – Qardaş, bu iki balamız əvvəldən biri-birinin aşıqı­dur­lar, gəl bunları biri-birindən cida etməyək. Hətəmsultan qar­da­şına belə cavab verdi:

– Qardaş! Bir sözüm yoxdur. Camaat içində rüsvay oldum. Gəl, gəlnini apar.

Hətəmsultan elçilər gedəndən sonra həmin bu əhvalatı bir ka­ğıza yazıb qasid ilə göndərmək istərkən mollanın xalası oğlu Çu­ğulsimon irəli durub ərz etdi:

– Şah sağ olsun, mən aparram. Nəməni qardaşına verrəm. O bunu deyib namə əlində eşiyə çıxdı. Molla əhvalatdan xəbərdar idi. Dedi:

– Xala oğlu! Amanın bir günüdür, gör nə edərsən ki, qızı Ta­­hi­rin əlindən saldıra.

Çuğulsimon o mənim işimdür deyib yola rəvan oldu.

Əhmədvəzirin bargahına varid olub naməni verdi. Hilə yolu ilə dedi:

– Qardaşın belə tapşırdı ki: mənim bargahıma toya gələn adam­­ların hamısının paltarlarının altında silahı olsun, çünki öz­gə bir fikrim vardur.

Əhmədvəzir əlini gözü üstə qoyub dedi: amma qardaşıma de: – Yaxşı, amma hazır olsun sabah günorta vaxtı gələcəyəm.

Qasid getdikdən sonra Əhmədvəzir hərəmxanaya gəlib dedi:


  • Arvad bilmirəm bu nə toydur ki, qardaşım ismarlayıb gə­rək toya gələn adamların hamısının silahı olsun.

– Şah əmridir nə demək olar.

Gəl sənə bu yandan Çuğulsimondan xəbər verim: Hətəm­sul­ta­nın hüzuruna gəlib dedi: –Şah sağ olsun! Qardaşın de­digi vax­tı­na hazır olsun. Hər nə cür olsa sabah onu öldürəcəyəm. – Şah qəzəb alud olub o saat cəllad istədi: “Nə söyləyirsən haramzadə! Mə­­nim qardaşım elə sözü heç vaxt deməz”. Çuğul­simon dedi: – Şah sağ olsun, öldürmə bu saat doğru cavab verim: sabah toya gə­­­lən adamları sən gəzdir, hərgah onların libas­larının altında ha­zır silah olmasa, o vədə məni öldürt.

Şah bu söz ilə onu buraxdı. Sabah olcaq Əhmədvəzir və Ta­hir Mirzə cəlal şevkət ilə şahın bargahına gəldi.

Məclis arasta olub qonaqlar oturdular. Həmin vədə şah Çu­ğul­si­monun dünənki sözünə görə gələn adamların hamısının üs­tü­nü gəzdirtdi ki, bütün hamısı alətdən silahlıdırlar. O vədə cəl­la­da höküm etdi: “Bu saat Əhmədvəzirin boynunu vur”. Cəllad ha­zır olub istədi ki, boynunu vursun. Əhmədvəzir ərz etdi: – Şah sağ olsun, nə üçün mənim boynumu vurdurursan?

– Ey məlun! Sən bu gün silahlı qoşun ilə məni öldürtməgə gəl­mişdin, ona gorə səni öldürəcəyəm.

Şah artıq ona göz verməyib boynunu vurdurub və qoşunun hə­rəsini bir yana dağıtdırdı. Molla hazır idi. Dedi: – Şah sağ ol­sun. İlanı öldürtdürüb onun balasını salamat qoymaq yaxşı deyil.

Bu saat Tahiri də öldürtdür. Yoxsa səni öldürərlər. Bu sözü Ta­­hirin bir yaxın dostu ona xəbər verdi: Evin yıxılsın bir yana qaç, bu saat səni də öldürəcəklər.

– Nə olubdur?

– Sultan atanı öldürdü və səni də öldürmək üçün axtarır.

Biçarə Tahir baş götürüb şəhərdən kənara çıxdı. Bir qarğı­lıq­da pünhan oldu. Bu yandan şah höküm etdi hər kim Tahiri tapıb gə­tirsə ona iki yüz dinar qızıl verəcəyəm. Bir neçə şəxs hər tərə­fə ge­dib və nəhayət Tahiri qolu bağlı şahın hüzuruna gətir­di­lər.

Hətəmsultan höküm etdi bu saat boynunu vrun. Qaramanlı şəhrinin adamları şahın əl-ayağına düşdülər:

– Sənin təxtin taxt olsun, evin tar-mar olsun. Nə üçün öz əlin ilə öz evini yıxıb belə cavanı öldürürsən. Camaatdan başqa bi­çara Zöhrə əlinə bir istəkən zəhər alıb atasına iltimasa gəldi.

– “Hərgah sən Tahiri öldürsən o vədə mən də bu zəhəri içib özü­mü öldürəcəyəm” deyə atasına iltimasa gəldi.

Hətəmsultan nə ilac qalıb dedi camaat, Tahiri sizə bağış­la­yı­ram bu şərt ilə ki Zöhrədən əl götürsün. Qaramanlı şəhərində han­­sı bir nazənin qızı istəsə onunçun alaram və özünü də ata­sı­nın yerində vəzirliyə qəbul edərəm. Şah bu sözü deyib Tahir­dən Zöh­­rədən əl götürmək barədə inkar tələb etdi.

Tahir Mirzə əmisinə bu dillər ilə Zöhrədən əl çəkməyi ba­rə­sin­də söyləməyə başladı.

Tahir Mirzə:

Tayım tuşum yığışıblar yanıma

Təqsirim yox bi günaham xan əmi!

Zalım molla nə susayıb qanıma

Təqsirim yox bi günaham xan əmi.

Xan Tahir oxuduğu zaman gördü bununla bir yerdə oxuyan məktəb uşaqları da şaha iltimasa gəliblər. Aldı dübarə:

Dərya qırağında olar adalar

Gönül dost yoluna salıb cadalar

Məktəb uşaqları mollazadalar

Onlar da iltimasa gəlib xan əmi!

Şah buyurdu:

– Oğul! Qorxma səni bağışlayacağam, dalısını söylə görüm.

Xan Tahir gördü öz məşuqəsi Zöhrə həmin iltimasa gələn şəxs­lərin içində durub əlində olan zəhəri hazır saxlayıb hansı və­də atası Tahiri öldürtsə onda bu zəhəri içib həlak olsun.

Tahirin dərdi cuşə gəlib aldı sözünün axır bəndini:

Gözəl kəklik kimi səsə gəlibdi

Telləri sərində əsə gəlibdi

Ay ağalar iltimasa gəlibdi

Zöhrə kimi xoş zəbanim xan əmi!

Tahir Mirzə Zöhrə adını deyəndə Hətəmsultan qəzəb-alud olub dedi:

– Camaat! Məni qınayırsınız, görürsünüzmü nə danışır?

– Şah sağ olsun! Tahiri öz torpağından sürgün et. Yoxsa ilac ol­maz. Çünkü bu məşuqəsindən əl götürməyəcək.

Camaatın sözünə görə şah höküm etdi qulları ilə barabar Ta­hi­ri özgə bir məmləkətə dörd nəfər cəllad sürgün üçün aparıb ora­­­­da qullarını və özünü öldürüb qanlı köynəyini gətirsinlər. Şa­hın fərmayışına görə cəlladlar Tahiri və qullarını qolu bağlı apar­­­­­mağa məşğul oldular. Bu əsnada Zöhrəyə xəbər verdilər:

– Ay baxtı qara! Atan Tahiri sürgün etdirir. Biçarə Zöhrənin eli öz aşığından çıxıb Tahirin yanmış otağının yanına gəlib ba­şın­­­dakı qırx incə qıza bu dillər ilə söyləyir:

Zöhrə:

Qızlar-qızlar gəlin sizə söyləyim

Yarın bu getməyi yadına düşdü

Gizlin dərdimi sizə bəyan diləyim

Vətəni tərk etməyi yadıma düşdü.

Axşam-sabah gəlib məni bəllərdi

Üzüm öpüb məmələrim əllərdi

Özü gəlməsə də qasid yollardı

Yar mənə qasid yolladğı yadıma düşdü.
Əbəs yandım bi vəfanın sözünə

Zöhrə deyər özüm etdim özümə

Çarhevzdən su səpdiyi üzümə

Yarın su səpməyi yadıma düşdü.

Qızlar Zöhrəyə təsəlli verib öz xanasına apardılar. Zöhrə bal­­­­­kondan əmisi oğlunun xarab olmuş imarətlərinə baxıb dərdi cu­şə gəldi. Bu dillər ilə sözə başladı.

Zöhrə:

İmarətlər sizdən xəbər alayım

Səndə gəzən xanlar xanı necə oldu?

Gönül qəmli bu viranə gələyim

Səndə gəzən xanlar xanı necə oldu?
Hanı bə baharın, hanı bə yazın

Hanı bə söhbətin, hanı bə sazın

Necə oldu ördəyin, necə oldu qazın

Səndə gəzən xanlar xanı necə oldu?


Zöhrə çəkər dərdi, ahı və zarı

Getməz gönlünün heç zaman qübarı

Söylə görüm neylədin bəs xan Tahiri

Səndə gəzən xanlar xanı necə oldu?

Qızlar gördülər Zöhrə çox ahı-zar edir. Hərəsi bir tərəfdən ona dildarlıq verdilər. Zöhrə ahı-zar içində aşığının yolun gözlə­məkdə olsun sizə Tahirdən xəbər verim.

Qaramanlı şəhərindən cəlladlar Tahiri və qullarını o qədər apardılar ki, axırda İran ilə Osmanlının sərhədindəki sər çeş­mə­nin kənarında öldürmək istədilər. Bu zaman biçarə Tahir cəllad­lara yalvara-yalvara dedi:

– Aman cəlladlar! Ağanın yanında nökəri öldürmək yaxşı de­­yil, əvvəl məni öldürün, sonra qulları. Tahir baxdı ki, cəlladlar qulaq asmır. Sazı sinəsinə baxıb sözə başladı.

Tahir Mirzə:

Şahın hökmü ilə gələn cəlladlar!

Öldür məni aman qulu öldürmə.

Yazıq bunlar hər tərəfə baxarlar

Şirin canlar eşq oduna yaxarlar

Təqsirsizdur canlarından qorxarlar

Öldür məni, aman qulu öldürmə.

Tahir Mirzə gördü qulların birini zalım cəlladlar həlak et­di­lər, aldı dübarə:

Tahirə özünü burada bildirdin

Ağlayıban göz yaşını sildirdin

Biinsafsan qullarımı öldürdün

Çox yalvarıram, aman qulu öldürmə.

Cəlladlar istədilər ki, Tahiri də öldürsünlər. Sonradan birisi fi­­kir etdi, dedi:

– Şahların işini bilmək olmaz. Sabah deyər ki, bəlkə mənim acı­ğım dutmuşdu nə üçün qardaşım oğlunu öldürdünüz. Bu fi­kir­­­dən sonra onlar Tahirin kömləyini alıb qulların qanı ilə xizab edib Hətəmsultanın hüzuruna apardılar. Şah soruşdu:

– Əmrimi yerinə yetirdinizmi?

– Şah sağ olsun! Bəli.

Hətəmsultan burada qalsın, gəl sənə xan Tahirdən xəbər ve­rim. Biçarə Tahir cəlladların əlindən xilas olub həmin yerdən yo­­­la rəvan olub bir neçə gündən sonra Xan Verdi södəgərin ima­rə­­­tinə varid oldu. Otağın qarşısında bir gözəl mənzərəli çarhevz var idi. Həmin çarhevzdə ayaqlarını yuyub istirahetə məşğul ol­du. Bu bağ Xan Verdi södəgərin qızı Bulqarlı xanımın imarətinə ya­­xın idi. Bir vədə Tahir Mirzə gördü ki, hevzin aşağı tərəfindən su ilə üzə-üzə bir neçə ördək, qaz ona tərəf gəlir. Biçarə Tahir eş­qi coşmuş bu eyşi büsatı görəndə öz vətəni yadına düşüb sözə başladı.

Tahir Mirzə:

Vətənimdən cida düşdüm

Qan ağlar ellərim mənim.

Bülbül kibi o gülşəndə

Boş qaldı dallarım mənim.
Hər nə oldu mənə oldu

Saraldı güllərim soldu

Sağımda-solumda öldü

Nocavan – qullarım mənim.

Tahirin bu suzanaq sözlərini Bulqarlı xanım eşitcək qızlara dedi:

– Görün bağçadan gələn nə səsdur?

Qarabaş bağa gedib gördü ki, bir norəstə cavan çarhevzin ba­şında əgləşibdi.

Qarabaş soruşdu: – Oğlan! Sən nəçi karəsən?

Bu bağa nə üçün izinsiz daxil olmusan?

– Xanım! Qonağam.

Qız Tahiri xoş sifət görüb əlavə etdi:

– Mənə bir öpüş ver. Biçarə Tahirin dərdi cuşa gəlib bilmədi nə desin. Xalası qızını başından əkmək üçün dedi:

– Başın üçün hələ sifdə eləməmişəm.

Qız məyus olub xanımın yanına gəldi:

– Qomşunun danabaşısı idi, bağa girmişdi, mən də döyəndə səs edirdi, dedi.

Tahir dübarə sözün dalısını aldı:

Tahir Mirzə çağında

Siynəsi Zəhər dağında

Qaldı hevz ayağında

Sonalı göllərim mənim.

Bulqarlı xanım yanıqlı-yanıqlı oxunan səsi eşidib qarabaşa acıq­landı:

– A çəpəl! Neyə danırsan, bu ki, bəni insan səsidir. Bu saat get onu buraya gətir.

Qarabaş Tahir Mirzəni Bulqarlı xanımın hüzuruna gətirdi. Bul­­qarlı xanım Tahiri görər-görməz bir gönüldən min gönülə aşıq giriftar oldu. Şirin dil ilə soruşdu:

– Oğlan! Sən hansı bağçanın gülü və hansı bağın laləsisən?

– Xanım! Qonağam, qonaq.

Bulqarlı xanım ilə Tahir Mirzə bir qədər söhbətdən sonra rəxt-xab gətirildi yatdılar. Sabah açılar-açılmaz Xan Verdi sö­də­­gər evə gəldi. Xan Tahiri görərkən dedi: – Qızım qonağınız da səfa gəlibdur.

O bu sözü deyib, Tahirin üzündən-gözündən öpdü və soruş­du: – Oğlum söylə görüm, haradan gəlib haraya gedirsən?

Tahir Mirzə:

Baş götürüb ayağına gəlmişəm

Hər yerdən kəsilib ilacım mənim.

Ayağın torpağın səcdə qılmışam

Əgər qəbul olsam meracim əmi.
Kim səvər ördəyin, kim səvər qazın

Kim çəkər işvəsin, kim çəkər nazın

Pərdəyi ismətdə Bulqarlı qızın

Haq da bilsin o bacım əmi!

Biçarə Bulqarlı xanım bacı sözünü eşitcək gül rəngi solub mə­­­­­­­­­yus oldu. Atası əhvalatdan xəbərdar idi. Dedi: – Qızım! Qorx­­­­­­ma mənim tapşığıma əməl elə muradına çatasan. Qırx ba­ğı­mız var gönül açan və insanı valeh edən. Bu bağların otuz doq­qu­­­zunu bu oğlan ilə seyir et qırxıncı bağa daxil olma, çünki oğ­lan haqq aşığıdur. Gülşən bağına daxil olcaq havalanıb gedər.

Xan Verdi södəgər Tahirə də belə tapşırdı: – Oğul! Mən qırx gün­­­­lügün södəgərliyinə gedirəm. Mən gəlincənə qədər Bulqarlı xa­­nım ilə burada olarsan. Tahir çar, naçar razı oldu. Xan Verdi sö­­­dəgər səfərinə getdi. Gəl sənə Xan Tahirdən xəbər verim. Bul­qar­­lı xanım ilə otuz doqquz bağı seyr edib şad-xürrəm qırxıncı ba­­­­ğın qapısına yetişdi. Dedi: “Xanım, bu xoş səfalı bağı aç bir seyr edəyim”. Bulqarlı xanım özgə bir bəhanə tapa bilməyib dedi: – Açar əmidə gedibdur. Tahir inanmadı. Sonra qız naçar qa­lıb qa­pını açdı oğlan ilə daxil oldu. Gülşən bağında bir qədər gəzdikdən son­ra Tahirin güzarı bir güşənə düşüb gördü ki, bülbül gülü qo­pa­rıb ağzında yuxarı qaldırır və aşağı endirir. Bu tor oynamaq əsna­sın­da bülbülün ağzından gül düşüb dalınca isə endikdə gülün tika­nı ürəyinin başından batıb dalısından çıxdı. Həmin vədə bülbül öm­rünü öz gülünə (aşığına) fəda etdi. Tahirin dərdi cuşə gəlib de­di: – Ey dili qafil, nə durmusan. Bül­bül bir güldən ötrü canını qur­ban etdi, sən Zöhrə kibi mə­şuqədən əl götürmüsən. Bülbülün belə nakam ölməsi Tahirin qəddini ka­mana döndərdi. Bir yandan yardan ayrı düşməsi o biri yandan bülbülün ölməsi ciyərini kabab edib bu dillər ilə sözə başladı:



Aldı Tahir:

Bülbül sənin işin qandı

Aşıqlar oduna yandı

Nədən hər yerin əlvandi

Köksin altı sarı bülbül.
Bülbülsən dala səkərsən

Göz yaşın kola tökərsən

On bir ay cefa çekərsən

Bu bir aydan zarı bülbül.


Bülbül səni kim uçurdu

Yurtdan yurda kim köçürdü

Kim tökürdü kim içirdi

Kim olmuşdu saqi bülbül.


Bülbül geyinib al yaşıl

Qolun boynuma dolaşır

Ağlamaq mənə yaraşır

Qoy ağlayım barı bülbül.


Bülbül sən məni yandırdın

Gülşən bağını dolandırdın

Axır öz oduna yandırdın

Yazıq xan Tahiri bülbül.

Tahir Mirzə sözünü tamam edər-etməz qız ilə halallaşıb Qa­ra­manlı şəhərinə getmək üçün yola rəvan oldu. Bu halda Xan Ver­di södəgər qırx günlük səfərdən gəlib ona rast oldu, soruşdu:

– Oğul! Haraya gedirsən?



Aldı Tahir:

Başına döndüyüm qurban olduğum

Hər yana gedəndə Xan Verdi deyim

Oduna yandığım giryan olduğum

Hər yana gedəndə Xan Verdi deyim.
Ərzimi eləyim mərd-mərdanə

Şikayətim vardur çərx devrana

Sübh zamanı vardım bağ gülşəna

Bülbül gül yolunda can verdi deyim.


İşvəsinən, qəmzəsinən, nazinnan

Qiya baxsa canlar alır gözünnən

Raqib təhnəsindən, duşman sözündən

Bəlkə Zöhrə bizdən yan verdi deyim.

Tahir Mirzə Xan Verdi södəgər ilə də halallaşıb yoluna də­vam elədi.

Deyildiyinə görə Yəmən şahının qızı Nərgiz xanım başında qırx incə qız ilə Gürcüstanı talayıb öz bağçasında seyr edirdi. O qız­lara tapşırmışdı ki, hər yanda aşıq görsəniz mənim hüzurumə gətirin. Bu əsnada haradansa biçarə Tahir bu qızların əlinə düşdü. Qızlar onu Nərgiz xanımın hüzuruna getdi. Nərgiz xanım dedi: – Ay aşıq! Mənə bir təsrifnamə degilən hərgah bəgənsəm verərəm, bəgənməsəm boynunu vuraram.



Aldı Tahir:

Budu gəldi bahar fəsli

Geyinibsən lalə Nərgiz

Tutu dillim, qumru səsliyəm

Dodaq batıb bala Nərgiz.

Kəsibsən aşığın yolun

Qırıbsan qanatın qolun

Tutu kibi oxur dilin

Dönübsən bülbülə Nərgiz.
Xan Tahiri küstürürsən

Xələt verib dindirirsən

Dar quruban asdırırsan

Özün geydir mənə Nərgiz.

Nərgiz xanım Tahiri çalan-çağıran bir cavan görəndə bu­rax­maq istəmədi. Xan Tahir yalvarıb bir tör ilə qızın əlindən xilas oldu. Oradan yola rəvan olub bir müddətdən sonra yay fəsli za­manı Qaramanlı şəhərin yaylağına yetişdi. Qəzadan yaylaqda öz dəli çobanlarına rast gəlir. Tahir çobanı görər-görməz sev­gi­li­si yadına düşdü. Bu dillər ilə ondan Zöhrəni soruşmağa başladı:

Aldı Tahir:

Başına döndüyüm çoban

Çoban səni səfa gördüm

Ədalət bildiyim çoban

Mən səni bivəfa gördüm.
Qoyun otlar havar-havar

Yaralarım oldu qabar

Zöhrədən mənə bir xavar

Çoban səni səfa gördüm.

Çoban dedi:

– Ay aşıq! Zöhrə adını çəkmə. İndicə səni öldürərəm. O mə­nim­­di, mən onu səvirəm, o da məni. Hər sağından-sağına evə süd aparıram. Deyir yuxarı bax, mən yuxarı baxanda üzümə tü­pü­­rər, iki əlli qara-qara mala yar.

Biçarə Tahir aldı sözün axır bəndini:

Ərisin dağların qarı,

Getməyir gönlümün qübarı

Tanımadım Xan Tahiri

Mən səni bivəfa gördüm.

Çoban Tahir adını eşidəndə əl-ayağına düşüb dedi: – Məni ba­­­­ğışla səni tanımadım. Tahir çobana dildarlıq verdi dedi: – Aman­dı məni Zöhrəyə yetir. Çoban öz paltarını Tahirə geydirib xəl­vət evlərinə apardı. Çobanın anası: – Oğul, qonağın xoş gəlib, sə­fa gətirib. Söylə görüm kimdi? – deyə soruşdu.

– Kor olasan ana, tanımırsan bu mənim ağam Xan Tahirdir. Hər nə cürə olsa bunu öz məşuqəsinə yetirəsən.

Sabah tezdən qarı Tahirin əyninə öz qızının paltarını gey­dirib Zöh­rənin daril imarəsinə getdi. Tahir Mirzə gələn zamanı Zöh­rə hələ yuxuda idi: Zöhrənin yaxın qarabaşdarınnan sayılan Mə­­lək­sima halı belə görəndə bu dillər ilə Zöhrəni oyatmağa baş­la­dı.

Mollanın xalası qarı Zöhrənin qapısında dururdu. Tahiri qız pal­­tarında tanıyıb o saat Hətəmsultana xəbər verməgə yola düş­dü. Hətəmsultan məsələdən halı olan kimi əmr verib qoşun at­landı və qızın otağının hər tərəfini əhatə etdilər. Bu yandan Zöh­rə işi duyub Tahiri öz paltar sandığına qoyub üstündə oturdu. Qo­şun bir şey tapa bilmədi. Hətəmsultan qəzəb alud olub qarını bir qatirin quyruğuna bağlayır par-parça elədi.

Xan Zöhrə gec olcaq Tahiri sandıqdan çıxardı. İki aşıq, mə­şuq biri-birilə görüşdü və öpüşdü.



Aldı Mələknisə:

Xavab içində yatan Zöhrə

Oyan Zöhrə yarın gəldi

Dərd qəmə batan Zöhrə

Oyan Zöhrə yarın gəldi.
Müşkülüyü haqq bitirdi

Müjdəsin qarı gətirdi

O dəli çoban yetirdi

Oyan Zöhrə yarın gəldi.


Sonalar göllərə cuma

Sözüm yetirdim tamama

Sənə qurban Mələknisə

Oyan Zöhrə yarın gəldi.

Mələknisə sözünü tamam edər-etməz Zöhrə yuxudan oyandı.

– Yasəmən zülflərindən üç tel ayırıb saz əvəzinə nar məmə­lə­rin arasına basıb sözə başladı:



Aldı Zöhrə:

Qızılgülləri dərirdim

Pənhan yerlərə sərirdim

Mən də xabda görürdüm

Görən haçan gəlir Tahir.
Sınıq gönülləri hörərəm

Nə istəsən sənə verərəm

Yatanda xabda görərəm

Görən haçan gəlir Tahir.


Zöhrəyəm qanlar ağlaram

Yarıma əza saxlaram

Qəlbimi ona bağlaram

Görən haçan gəlir Tahir.

Onlar qırx gün, qırx gecə bir yerdə qaldılar. Tahir ilə Zöhrə dev­­ran sürməkdə olsun gəl sənə həmin ölən qarının qızından xə­bər verim. Bu qız hər vəxt Zöhrəni görürdü. Bir gün Zöhrənin baş kənizi Mələknisə evdə yox idi. Bu qız fürsət tapıb Zöhrənin ota­ğına daxil olub və qabaqda olan pərdəni sındırıb gördü ki, Ta­­hir ilə Zöhrə qol boyun bir can kimi yatırlar. O saat Hətəm­sul­­tana xəbərə qoşdu: – Şah sağ olsun, anamı da nahaq yerə öl­dürt­dün. Mən bu saat Zöhrə ilə Tahiri bir yorğan-döşəkdə qoyub ya­nınıza xəbərə gəlmişəm – dedi. Hətəmsultan iyirmi beş cəl­la­da höküm edib dedi: – Bu saat gərək Tahiri buraya getirin.

Cəlladlar şahın əmrinə görə gedib Tahiri qolu bağlı Hətəm­sul­­tanın hüzuruna gətirdilər. Şah höküm etdi vurun bunun boy­nunu, vəzir, vəkil və bütün Qaramanlı şəhərinin adamları şaha min­nət etdi ki, heyfdur Tahir kibi cavanı öldürtmə. Özgə bir di­ya­ra sürgün etdir. Şah camaatın sözünə razı oldu. Tahiri Qara­man­lı şə­hərindən sürgünə aparmağı cəlladlara höküm elədi. Cəllad­lar şahın hökmünə görə Tahiri qolu bağlı Zöhrə xanımın ota­ğının qa­ba­ğından apardılar. Zöhrəyə xəbər verdilər. Zöhrə oraya gəlib cəllad­lara yalvardı-yaxardı Tahirin qollarını açdırdı. Tahir səv­gi­li­si­ni yanında görəndə köhnə yaraları təzələnib sözə başladı:



Yüklə 1,33 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin