NƏCƏFİN NAĞILI
Əli Rəhim oğlu
Qazax- 1928
Ustatnama
Əzəl başdan sənnən soda ələdim
Çox da verdim sənə nəsihət gönül
Əcəl meydanında can bazarında
Nəbadə, nəbadə əmanət gönül.
Hər məclisdə sən hərcayi söyləmə
Söyləyübən özün bədnam eyləmə
Daldalarda laf uzaf eyləmə
Onda sənnən olur şikayət gönül.
Bir gözdür sənə etdim nəsihət
Hamu keçər bir gün olar qiyamət
“Şur” çalınar, axır qopar ərəsət
O vaxtda gələr ədalət gönül.
O yerdədə xeyir şərrər seçilir
Günahkarda çox eyiblər açılar
Cəhənnəmə o vaxtda köçülür
“Abbas” onda edər şikayət gönül.
Ustatdar bir deməyif, iki deyər. Biz də deyək iki olsun.
Yaz olcağın sellər oynar yurdunnan
Bulut qalxır daşlar gəlir çata, çat
Elə ki sən əl tapdın düşmənə
Çal çəngəlin, çək cigərin çata, çat.
Arif deyər çata, çat
Toplar gəlir çata, çat
İstiyirsən yüklənəsən qaçasan
Çək qifnəni yükləgilən çata, çat.
İstiyirsən yetişəsən karvana
Düşman qabağından qaçmaz bir yana
O xəsmin bağrını döndərdin qana
Bağla qolun dal gərdanda çata, çat.
“Qasım” bu sözləri dedin əzəldən
İstiyirsən müşkül işlər düzəldən
Keçmək olmaz hər tərifli gözəldən
Al qoynuna öp üzünnən çata, çat.
Ustatdar iki deməyif, üç deyər. Biz də deyək üç olsun.
Bu dünya yoxkan sən də var idin.
Onda işlərində bərqərar idin
Tiflikən sən də bir maral idin
Əritdim göhəri dör elədin şah.
Bağladı brəni, bərkitdi bəndi
Tiflikən dünyanı dolandı, döndü
Dərya üzündə gəzdirirdin səməndi
Özünü Cəbrayıla bir elədin şah.
Biçara Səlman da gəlməz duaya
Çağıranda sən yetişdin haraya
Çağırdılar səni ərşi səmayə
Özünü qəndildə nur elədin şah.
“Kuşan” mülkündə ən dölətdi tacir başlarınnan “Əhməd xacə” adlı bir zat var idi. Bu Əhmədin bir oğlu dünyaya gəldi ki, heç misli-manəndi yox idi. Əhməd tacirin bu oğlunun adını “Nəcəf” deyə addandırdılar. Bu Nəcəf birinci dəfə dayədən lələyə verilif tərbiyə alırdı. Tainki on altı yaşına yetişif atası bir dəst taciryana libas alıf oğluna verdi. Nəcəf bu taciryana libası giyinif hər dürlü tacirrərnən bir meclisdə və bir söhbətdə olurdu. Odur ki, Nəcəf tacirriyə gözəl fikir verib nəticədə birinci tacirrərdən olmuşdu. Bir gün Kuşan tacirrəri yük bağlıyıf “Al osman” vilayətinə gedirdilər. Əhməd xacə oğlu Nəcəfi istiyif bu tacırrara baş edif Al osman vilayətinə yola saldı. Tacirrər günə bir mənzil gedirdilər. Ta inki Al osman vilayətinə yetişdilər. Buradan da yola rəvan olub İstanbulda qərar tutdular. Bir gün İstanbul tacir başdarından Həsən xacə Nəcəfnən altmış taciri öz öyünə qonaq apardı. Həmin bu Həsən xacə Nəcəfin atasınnan sığa qardaş idi. Ona görə bulara bi həd hürmət edirdi. Həsən xacə tacirrərə diqqət ilə baxırdı. Nə gördü qardaşı Əhməd xacə görünmür, dedi:
– “Ey tacirrər, nə içun başınız gəlmiyif?”
Tacirrər cavab verdi ki:
– “And olsun Allaha, özü gəlmiyifsə də bu nocəvan Nəcəf qardaşın oğludu. Həsən xacə bu sözü eşitcək şad olub qolunu Nəcəfin boynuna salıf üzünnən-gözünnən öfdü və dedi:
– “Şükr Allaha ki sənin kimi qardaşımın oğlu var. Pəs: bir qədər söhbətdən sonra Həsən xacə öz hərəmxanəsinə gəldi. Gəl sənə Əhməd xacədən xəbər verim: o günnən ki, Həsən xacə ilə qardaş olmuşdular, aralarında bir əhd-peyman bağlamışdılar ki, hərgah sənin qızın olsa mənim oğluma, mənim qızım olsa sənin oğluna verməliyəm. Bu əhd vəfaya hər ikisi razı olmuşdular. Qəzadən Əhməd xacənin oğlu və Həsən xacənin bir qızı dünyayə gəlmişdi ki, misli-manəndi yoxudu. Bu qızın adına Mələkzadə deyirlərdi, odu ki, Həsən xacə dedi:
– “Çox yaxşı oldu, indi gərək buları bir-birinə göstərək hərgah bəgənsələr onda bu günnən toy eliyif bir-birinə tapşırmalıyam”. Pəs: qıznan oğlan bir-birlərinən görüşəndə hər ikisi aşıq giriftar oldular və beləliklə də toy binası qoymax niyyətindəydilər. Bu xəbər qızın anası Xeyransaya yetişdi. Bu arvad necə ki əvvəldən bu işə razı olmurdu, indi də dedi:
– “Mən diyar qürbətə qız vermərəm. Əmbə munun sözünə nə atası və nə də qız fikir vermədi. Odu ki, toy binası qoydular. Gəl sənə Xeyransadan xəbər verim. And yad etdi ki, yainki öləm və yainki bu işi bina tutmağa qoymayam. Bu sözü deyif on min dinar pul götürüb özünü İstanbulda məşhur olan bir cadugərin hizurinə getdi. Bu min dinara bir tilsim qayırtdırub bir hikalın içinə qoydu, övdə öz sandığında pinhan etdi. Bu yannan Həsən xacə qırx gün, qırx gejə toy etdikdən sora səfər tədarikini görməgə başladı. Odu ki, qıznan oğlan gejə bir otaxda söhbət eliyən vaxt qız Nəcəfə həm anasının necə tərslik edub munun Nəcəfə getməsinə mane olmasını və munnan əlavə Nəcəfin bir neçə gün İstanbulda qalmasına bu dillərnən söyləyir:
Mələkzadə:
Başına döndügüm xan əmim oglu
Gəl getmə bir zaman qal bizim xanda
İncimə sözümnən sən əmim oglu
Gəl getmə bir zaman qal bizim xanda.
Nəcəf:
Başına döndüyüm gül əmim qızı
Gəl gedək bir zaman qal o Kuşanda
Sən mənim dərdimi bil əmim qızı
Şad olub bir zaman gül o Kuşanda.
Mələkzadə:
Deməyinən yarım mənnən inciyir
Danışırıx sözümüzü kim bilir
Elinnən ayrılmağı çox tənə qılır
Gəl getmə bir zaman qal bizim xanda.
Nəcəf:
Alması var, narıncı var, gülü var
Mehribandı çox hürmətli eli var
Nəciflikdə hər tərəfə yolu var
Gəl gedək bir zaman qal o Kuşanda.
Mələkzadə:
Bir sözüm var axır sənə pinhandı
İnciməynən səndə mənnən amandı
Mələkzadə gənə sənə qurbandı
Dedim bir eyənif qal bizim xanda.
Söz tamamə yetişib kəcavalar hazırranıf amadə oldular. Amma bu yannan Mələkzadənin anası məlun Xeyransa həmin tilsim heykəlini qızın döşünə keçirib dedi: “Bala munu pinhan saxlaginən, içi dolu ləl cavahiratdı, qürbət eldə sənə lazım olar”. Mələkzadə “bə çəşm” deyif anasıynan vidalaşub zərin kəcavədə qərar tutub Nəcəfnən Kuşan vilayətinə yola düşdülər. Günə bir mənzil gedirdilər. Tainki Kuşanın yaxınlığında olan “Həmədan” yaylağına yetişdilər. Nəcəf öz məşuqəsini görmək fikrində idi. Çünki oğlannan qızın kəcavəsi həmən vəxt ayrı olardı və tacirrərin yanında qızın çadırına Nəcəf getməzdi. Onun için bu mənzildə yükləri aşub çadırrarı qurdular. Bütün tacırrar xab nazə gedəndən sonra Nəcəf özünü qızın çadırına yətirib baxdı ki, Mələkzadə yatıb. Nəcəf yüz naz ilə Mələkzadəni yuxudan oyadub söhbətə məşğul oldular, bir qədər eyş-işrətdən sonra kənizlər rəxt xab gətirib yerrəri saldılar. Kənizlər öz yerrərinə getdikdən sonra Nəcəf paltarını soyunub qızın yerinə girəndə əlini o nazəninin döşündə olan tilsimə uzadıb nə olduğunu xəbər aldığı halda birdən-birə tilsim çatdıyıb tilsimin hökmünnən Nəcəf bir göyərçin oluf yaxında olan bir uca qayaya düşdü; Mələkzadə bu halı görüb o dəm saət bihuş oldu. Bir müddətdən sonra huşə gəlib zar-zar ağlamağa başladı, öz-özünə deyirdi: “Anacan. Səni bi iman olasan. Məni yaxşı yerdə bilməkan qoydun”. Pəs: bir müddət fikirdən sonra dedi:
– Ey dil qafil, durmax vaxtı dəgil. Gərək burada elə bir iş görmək həm öz namusun ayağ altında tapdalanmasın, həm də çalışıb Nəcəfi bu tilsimnən xilas etmək – bunu deyif Nəcəfin mərdanə libasını öz əgninə giyinif yanında həmən vəxt muna xidmət edən və ən yaxın kənizdərdən olan Bad Savahi oyadıb hilə yolilə dedi: “Bad Savah Mələkzadə xanımın haradadı?” Qarabaş əzəldən Nəcəfdən umurdu, onun içun “Mən nə bilim hanki lotularnan kefə gedib”. Mələkzadə dedi:
– “Çox yaxşı, onda olmasın indi olsun cəhənnəmə haraya gedib getsin. Səni alajam”. Qız Mələkzadəyə bir gönüldən min gönülə aşiq olub dedi:
– “Onda sənin qulun oluram”. Pəs Nəcəf yəni (Mələkzadə) bütün öz paltarını kənizə geydirdi. Bu surətlə şirin söhbət elədilər, tainki sabah açıldı. Mələkzadə kənizə dedi ki, öylə dolan heç tacirrər bir müddət bilməsin ki, sən Mələkzadəsənmi, yoxsa Bad Savahsanmı? – Qız baş üstə deyif öz işinə məşğul oldu. Mələkzadə bu qızı arxayın salmaxdan ötrü dedi:
– “Sən arxayın ol, hərgah savah Mələkzadə gəlirsə, onda onu öldürrəm. Bu günnən sən mənimsən, mən də sənin”. Pəs: Mələkzadə savah olcaq tacirrərin yanına gedif dedi:
– “Qardaşlar, mənim Həmədanda bir qədər işim var. Çünki öyümüzə lazım olan şeylər alajam. Onunçün hələ bir müddət burda olajam, indi siz yavaş-yavaş gedə bilərsiniz və əhvalatı atama tamamilə nəql edərsiniz”. Odur ki, tacirrər qıflələri nizamlıyıf Mələkzadə ilə görüşüf yola düşdülər. Biçarə Mələk- zadə Nəcəfin nökər və kənizilə Həmədan yaylağında qalıf fikrə piçidə olmuşdu: – Xudaya, mən bu dərdə nə çarə edim? – deyə ah-zar edirdi. Bu vədə Nəcəfin tanış yoldaşlarınnan bir neçəsinin İsfahana getdiklərini görüf bulara tərəf gəlif görüşdülər. Tacirrər dedilər:
– Nəcəf, nə için burada yalnız qalıfsan. Mələkzadə tacirrərin sözdərinnən cuşa gəlif Nəcəfin anasına böylə bir namə yazır:
Mələkzadə:
Gələn bazırganlar gedən xacələr
Yetirin ərzəni yarə bazırgan
Yolunuz düşsə şəhr Kuşanə
Yazıram ağ üstə qara bazırgan.
Xədənk yerdə qurdular umnagahi
Bu gəmli sinəmə vurdular tig ab gahi
Deyin xəstə gördüm biçarə Nəcəfi
İndi günüm oldu qara bazırgan.
Axır fələk ağı qatdı bəlayə
Saldı bizi burda sehr caduya
Bir gün mehman getdim Mələkzadaya
Əlim ki dəgmədi narə bazırgan.
Bazırganlar dedilər:
– Nəcəf, bu sözdən biz heç bir şey başa düşmədik, hərgah mümkünsə aydın söylə ki, başa düşək. Biçarə Mələkzadə aldı dübarə:
Əynimə geydiyim yarın libasın
Üstünnən qurşadım zərin zibasın
Sövmişidim igitlərdə bir xasın
Yarım getdi sağ solları qaldı.
Bahar fəsli nalə çəkər bülbüllər
Bağında açılar süsən sünbüllər
Əgri bənöyşələr həm qızılgüllər
Öldü naşı bağban bağları qaldı.
Sinəmnən uçurdum mürğ gögərçin
O sehr caduya uğrar bir laçın
Mələkzadə gülah altında qərq edif saçın
Nəcəfin boş dolu sağları qaldı.
Söz tamama yetişif qız naməni sər-bə-möh edif tacirrərə verdi dedi: – İsvahana çatan kimi naməni atama verərsiz – tacirlər “bə çəşm” deyif rəvan oldular. Tacirrər gedəndən sora Mələkzadə öz xəyməsinə gəlif ah-zar edib fikrə piçidə olmuşdu, nagah birdən xəyalına düşdü ki, Həmədanda Əhməd cadugərin “Xanı xanın adında bir cadugər qız vardı ki, dünyadə özünə baravar bir cadugar yoxdu, öz-özünə dedi:
– “Hərgah munnan əlaj olmasa Nəsəf bu tilsimnən xilas olmaz. Gərək bu saət onun yanına gedim”. Pəs: ata suvar olub özünü Xani xanımın daril imarəsinə yetirdi. Xanı xanımın atası Əhməd cadugər Mələkzadəni pişvaz edub yüz ehtiram ilə övünə apardı. Nəcəf bilib bir qədər söhbətdən sora Əhməd cadugər deyir: – oğlum, nə içun çox dilgirsən, söylə görüm nə qulluq və nə içun böylə pərişan halsan?
Mələkzadə dedi:
– Bir dərdim var, onun da dəvası sənnən aşajax.
Əhməd cadugər ərz etdi ki:
– “Buyur, hərgah mümkün olsa, başnan-cannan dava edərəm”.
Mələkzadə dedi ki:
– Həmədan vilayətinin yaylağında bir gejə qardaşım ilə düşmüşdüm nagahan bən yuxuda ikən birdən qardaşım tilsimə düşdügünü bilib hölnak yuxudan bidar oldum. Nə gördüm Həmədan yaylağının bir uca qayasında gögərçin surətində tilsimə düşmüşdü. İndi mən eşitmişəm ki, sənin qızın Xani xanım bu dərdə əlaj edə bilər. Onunçün qapınıza bu təmənnadən ötrü gəlmişəm.
Əhməd cadugər deyir:
– Gözüm qızın ixtiyarı öz əlindədir. Dur yanına get, gör nə deyir.
Mələkzadə qızın hizurinə gəlif əhvalatı təmamən qıza nağıl elədi. Xani xanım bunu bir vəchə gözəl görüb bir gönüldən min gönülə aşiq olub dedi:
– “Tacirzadə bu iş mənim əlimdədi. Ancax bu şərt ilə ki qardaşını qurtarannan sora məni özünə örətdiyə qəbul edəsən”. Mələkzadə Nəcəfin tilsimdən xilas olması içun dedi:
–“Çox yaxşı, amma sənə nişan taxaram, qardaşın qurtarannan sora öz vətənimdə toy eliyif mətləbimə yetişərəm”. Pəs: hər ikisi razı oluf atdara suvar olub hər ikisi də Həmədan yaylağına varid oldular. Xani xanım həmin tilsimin yanına gedif tilsimi sındırmax için əlində olan tərlanı gəmişdirif dedi:
– Hələ qırx gün buna əl vurmaq olmaz. – Ona görə Mələk- zadə yükləri çatıf zərin kəcavələrdə arəstə oluf Kuşan vilayətinə rəvan oldular. Kuşanə yetişəndə Əhməd södagərə xəbər verdilər ki, oğlun taciryanə libasi oğlanın əgninə geydirif Xani xanımın yanına gəldilər. Oradan vilayətə getməli olanda Mələkzadə dedi:
– “Nəcəf, indi şükr Allahə belə ölümlü cadudan səlamət qurtardın, indi sən get Əhməd cadugərin öyündə bir neçə gün mehman ol, tainki mən Kuşan şəhrinə gedif toy binası qoyum o vədə sənə ay göndərif gətirdərəm. Çünki mən özümü xəlqə Nəcəf bəyan edif bildirmişəm. Hətta neçə qızdar sənin adına almışam. Gərək oları bir tör edəm ki, səni şəhərə aparram”.
İndi Nəcəf cadugərin öyünə getməkdə olsun, bu yannan Mələkzadə xoşhal bir halda Xani xanımnan Kuşan şəhərinə varid oldular. Mələkzadə daril imarəyə daxil oluf dedi:
– Qızdar, şad olun, indi əhdim tamam oldu. Bu günnən hər birinizə ayrı-ayrı toy edub vüsalinizə yetişərəm. Pəs: Mələkzadə Nəcəfin atasının yanına bir xacə göndərif dedi:
– “Əmi toy tədariki gör”. Əhməd xacə bu sözü eşidif xoşhal oluf hər nə lazım isə arəstə edif toya başladılar. Bu yanda Mələkzadə Nəcəfə bir attı göndərif attıynən bir namə göndərdi. Mehtər atı sürüf naməni Nəcəfə verdi. Nəcəf naməni oxuduxda gördu ki, Mələkzadə yazıf: “əzizim bu saət sənə toy edirəm. Bu naməni alan kimi bir qəribə libas geyinif həmin toy məjlisinə gələsən”. Nəcəf bir dəst qəribə libas geyinif ata suvar oldu və özünü Kuşan şəhrinə yetirdi. Bir tərəfdən həmin toy olan məjlisə gəldi. Camahat munu görcək dedilər:
– “Ey cavan, sən hardan gəlif, harya gedirsən. Hərgah mehman olmalısansa düş toy məjlisinə gəl”. O halda Mələkzadə cəmaətə ərz etdi ki: “Mən bu cavanı yaxınnan tanıyıram”. Cəmaət dedi:
– Sən nə tanıyırsan ki, hərgah tanıyırsansa da di görək kimdi?
Mələkzadə: “Qulax asın, mən bu oğlanın kim olmasını sizə nişan verim.
Vəfalı Mələkzadə bu dillərnən Nəcəfi camaata nişan verir:
Bu no cəvan ilqarında doğrudu
Adı bəlli özü əmim oğludu
Dərd əlindən sinən çalı çarpaz dağlıdı
Bu no cəvanın əsl zatın tanıram.
Bu cavannan mən qol-boyun yatardım
Mən də muna işvə, qəmzə satardım
Sağ əlimdə piyalələr tutardım
Bu cavanın etiqadın tanıram.
Mələkzadə dönməz öz ilqarınnan
Necə dönər bir vəfalı yarınnan
Qızılgül mosimi öz nübarinnan
Mən Nəcəfin hər halətin bilirəm.
Nəcəf iki nazənin sənəm ilə gəldi. Bu vədə Nəcəfin ata-anası pişvazə çıxıf yüz ehtiram ilə buları daxil şəhər etdilər. Bir neçə günnən sora Nəcəfin atası dedi: oğul tacir başdarında qayda budu ki, hanki vilayətə gedif gəldikdə şahə layıx bir töhfə aparsın, odu ki gərək sən də şahə töhfə aparasan, yoxsa bizə özgələri sərzəniş edəllər. Pəs: Biçarə Mələkzadə öz qulunu yanına çağırıf bir şahanə töhfə əlinə verif şahın bərgahına varid oldu. Mələkzadə ədəb əllərini sinəsinə qoyub şahə gərnuş etdi. Şah yer göstərif, Mələkzadə əgləşdi. Vəzir töhfənin sərguşini götürüf baxdılar ki, bir töhfədir ki, heç tacirrərdən gəlmiyif. Şah ərz etdi ki, vəzir bu cavan kimin fərzəndidi. Vəzir dedi:
– Şah sağ olsun, bu Əhməd södagərin oğlu Nəcəfdur.
Şahın qəzəvi buna qonuf dedi:
– Vəzir buna nə inam verək? Vəzir dedi:
– “Sən bilərsən” şah ərz etdi ki, hərgah qəbul etsə töhfəni bən verərəm. Pəs şah dedi:
– Ey cavan, hərgah qəbul etsən, mənim pərdeyi ismətdə bir qızım var, onu sənə verərəm. Mələkzadə şahın qəzəbinnən qorxuf dedi:
– Hərgah şah razı olsa can-baş ilə qəbul edərəm. Şah o saət hökm edif qızın kəbinini kəsdirif Mələkzadəyə Nəcəf adilə verdilər. Toy olduğdan sora Əhməd södagərin evinə apardılar. Əhməd södagər dedi:
– Oğul, bu nə işdi? Mələkzadə əhvalatı təmamən nağıl elədi. Atası çox şad oluf dedi:
– Şükür şah ilə də qohum olduq. Mələkzadə baxdı ki, bu qızlar munun hiləsini anlayajaxlar. İş açılmasın deyə başladı hər gündə üç dəfə dəstamaz alıf namaz qılmağa. Qızlar soruşdular ki, Nəcəf bu nə işdir? Cavan vəxtində başlamısan namaz qılmağa. Mələkzadə ərz etdi ki, mən bir bəlayə düçar olmuşdum, onda əhd etdim ki, bu bəladən səlamət qurtarsam, qırx gün ibadət edif pak-pakizə dolanajam, indi əhdim tamam olmağa yeddi gün qalıf xilasə: belə əfsanə sözlərnən qızlardan başını qurtardı. Gəl sənə Xani xanımdan xəbər verim. Bir gün Nəcəfin daril imarəsində oturmuşdu. Rəml atıf baxdı ki, oğlanın tilsimdən qurtarmasının vaxtı tamam olub, o saət Mələkzadəni yanına çağırub dedi:
– Vaxt tamamdı. Daha durmax yaramaz. Gedək qardaşını tilsimdən qurtarmağa. “O saət Mələkzadə atdarı hazır eliyif hər ikisi atdara suvar olub özdərini Həmədan yaylağına yetirdilər. Cadugər Xani xanım rəml atıf səsdəndi: “Ey cavan, hərgah yatıfsan, oyan, oyaxsan, eşit. Mən bu sehri oxuyub terlanı uçurajam. Terlan sənə yetişcək tilsimi sındıracax. Sən də amadə ol, terlan sənə yetişcək əlini onun belinə çək, onda sehrdən azad olarsan. Hərgah bu dediklərimi eləməsən, onda qiyamətə qədər tilsimdə qalacaxsan”. Cadugər bu sözdəri diyif terlanı uçurdu. Terlan tirştab kimi özünü tilsimə vuruf o saət sındırdı. Nəcəf tilsimi sınmış görüf əlini terlanın dalına çəkdi, bu vədə sağ-səlamət tilsimdən xilas oluf öz məşuqəsini və cadugəri görüf çox şad oldu, öz yar vəfadarı ilə görüşüf cadugər ilə də əl təmən oldu. Sora Mələkzadəni bir pinhani yerə çağırıf bütün əhvalatı soruşdu. Mələkzadə işə təmamən əvvəldən axirə qədər başına gələn işdəri Nəcəfə söylədi. Mələkzadə Nəcəf içun gətirmiş olduğu tacir:
Qırx günün namazın qılardım qəza
Yazıx qızlara verirdim cəza
Nəcəfin cadudan qurtardı tasa
Qızlar müjdə verin yarımız gəlifdir.
Kuftarı şirin ləbi ballıyam
Adım Mələkzadə yüzü xallıyam
Mən də sizin kimi bir zən əhliyəm
Qızlar müjdə verin yarım gəlifdir.
Söz tamamə yetişif Mələkzadə özünü Nəcəfə yetirif qol-boyun məjlisə gəldilər. Bütün camaət Mələkzadəyə Nəcəfin adına gələn qızdar əhvalatdan xəbərdar oldular. Və bildilər ki, Nəcəf tilsimə düşübmiş. Hamusu Mələkzadəyə “Afərin” deyif bütün Kuşan şəhrini bəzədilər, yeddi gün, yeddi gejə toy edif şahın qızını, Mələkzadəni və Xani xanımı Nəcəfə verdilər.
Ustatdar Nəcəfin toyunu belə nəzmə çəkdilər:
Ey xacələr təsdiq edim
Bəsliyifdi cani kərəm
Tiflisi viran eliyif
Kəsdi Dilicani Kərəm.
Çaylı Kəsmən yeridi
Deyən əsrəmiş nər idi
Yaranıf molam şir idi
Çağırır sübhani Kərəm.
Tüfəngini aldı dəstinə
Sığındı Əli dostuna
Çıxıl lərvərin üstünə
Gözlüyür revani Kərəm.
Rəngi bənzər laliya
Yamanı gəlsin balıya
Getdi makunin qalıya
Gördü Temur xan Kərəm.
Kərəm o bərdən keçdi
Dostunnan duşmanın seçdi
O vaxtında başa düşdü
Gördü şükür Xani Kərəm.
Ordan getdi xoy qalıya
Yamanı gəlsin balıya
Xəbər verdilər valıya
Kəsif xiyavani Kərəm.
Xiyavanda yol üstədi
Atlılar getməz xəstədi
O dəmdə vali istədi
“Abbas Qulu” xanı Kərəm.
O gündən ki keçdi İranə
Salavat verdi qurana
Getdi çıxdı İsfahana
Gördü Zilli Sultanı Kərəm.
Gəlif Təbrizdə düşdü
O qəfədə çayın içdi
Çəkdi xəncərini piçdi
Öldürdü Zalı xanı Kərəm.
Əlimə allam sazımı
Haqqa elərəm niyazımı
Eşit ustadın sözünü
Dost duşmanın tanı Kərəm.
FATMAJIXNAN KAVIJIĞIN NAĞILI
Xacca İsmayıl qızı
Qazax- 1928
“Oymadaran” ovasında bir torçu “Doduş”nan bir “Qorqumaş” var idi. Bu ər-arvadın da Fatmajıx addı böyük qızı və Kavıjıx addı balaja oğlanı var idi. Torçu Doduş balıx tutmaxnan uşaqlarını dolandırarkan uşaxların anası Qorqumaş bafat etdi. Torçu Doduş Qorqumaşın bafatından sonra üş, dört at sonra övü, uşağı dolanmadığınnan “Balta diş”, “Baş xanım” addı bir arvad gətti.
Balta diş Baş xanım gələnnən ayağının sayası olmadığınnan kişinin dolanajaxı çətinnəşdisə də ay kəçif-il kəçif Doduşun Baş xanımdan əvvəl bir qızı, sonra da bir oğlu oldu. Uşaxlar keçəl olduxlarınnan qızının adını “Daz qız”, oğlanın adını da “Keçəl Aşır” qoydular.
Balta diş Baş xanımın qara davannığınnan biçarə kişi dərya qırağına gedif tor atarkən həmişə altı balıx düşər, onu da gətirif hərəsi birinnən bir gün dolanırdılar. Bu təərnən Doduş uşaxlarını o qədər saxladı ki, qızdar ərə gedəsi, oğlannar da arvad alası oldular. Munu görən Balta diş Baş xanım Doduşa dedi ki:
– A kişi, indi Fatmajıxnan Kavıjıx öz başlarını dolandırasıdılar, ona görə bulları apar azıt ki, olların balıx payını biz yeyək. Çünki biz də aj qalırıx.
Doduş hərçi dedi “Ay arvat öylədi azıtmaq olmaz”, arvat razı olmuyuf “Ya oları azıt, ya məni boşa” dedi.
Torçu Doduş naəlaş qalıf Fatmajıxnan Kavıjığı yanına salıf odun gətirmək bahnasınnan meşəyə apardı. Meşədə qızını və oğlunu bir yanda pencər dərməyə qoyuf dedi:
– A balalarım, meşənin o biri tərəfində mən şələlərimizi hazır eləyənə kibi siz pencər dərin. Nejə ki mənim taqqıltım gəlir siz burada pencər dərin, elə ki taqqıltım kəsildi onda bilin ki, şələlər hazırdı və o saatda, – gəlin, deyə uşaxlardan aralandı. Bu zaman ağaca bir öylə taxta qayırdı ki, yel əsdikcə taxtayı ağaca vuruf taqqıldadırdı.
Doduş kişi bu uşax alladan taqqıltı qayırannan sora eylə ilğadı ki, az vaxda evlərinə gəldi. Afalatı Balta diş Baş xanıma bildirdikdə arvat dedi:
– A axlın qar suyuna dönsün o meşə yaxın yerdi, onun üçün bir az vaxda uşaxlar gələllər. İndi gəlif ha bizdəri tappasınnar. Oymadarannan qaşmax lazımdı.
Arvat ağızdı Doduş Baş xanımın sözünnən bar-barxanayi özünə və arvad uşağına şəlliyif Şah ölkəsinə tərəf yola düzəldilər. Gejə-gündüzə gedif bir müddətdən sora şah ölkəsinə yetişdilər.
Şah ölkəsinin bir ujqarı yerində bir dam tikif içinə girdilər. Genə buradada torçu Doduş adəti üzrə balıx tutmaxnan dolanmağa başdadı. Torçu Doduş şah ölkəsinin şahı olan “Şah Məmmədin” imarətinin yanındakı darya qırağına köçif savahdan axşama qədər tor atırdısa da tora dörtcə balıx çıxırdı. O yazıx balıxları gətirif öyə gəlirdi və balıxın hərəsini birinə vərirdi. Torçu Doduş bir gün belə, beş gün belə toru daryaya nə qədər çox atırdısa da qaydasınnan artıx balıx çıxmırdı. Ona görə bir gün öyə gəlif dedi:
– “Ay arvat nahaxdən uşaxları azıtdım, görürsənmi onların urzusu o günnən kəsilif. Dogurdan da hər kəsin urzusu özünnən baravar dünyaya gəlirmiş”.
Torçu Doduş öladlarının azıtmağına peşman oldusa da əmbə peşmançılıx bir fayda vermədi. Doduş, həmi də külfəti bir qarına aj bir qarına tox dolanırdılar.
O tərəfdən Fatmajıxnan Kavıjıx qulaqları taqqıltıda baş aşağı o qədər pencər dərməyə məşğul oldular ki, bir də başdarını qaldırıf baxanda gördülər: lap axşamdı: əmbə gənə də taqqıltı gəlir. Axşam olduğunnan hər ikisi həmən taqqıltı gələn yerə gedəndə nə gördülər: “lələ köçüf, yurdu ağliyir”, ataları qaçıf taqqıltı da taxtanın ağaca dəyməsinnəndi.
Fatmajıx axlı kəsən olduğunan işi duyuf:
Taxtaxından babajığım,
Bizi alladan babajığım
Ay analığın sözünnən
Bala azıdan babajığım
– diyifnən qardaşıynan baravar üz çöl biyabana qoydu. O yazıxdar heyran və sərgərdan gedirdilər, əmbə bilmirdilər ki, haraya gedirlər. Gejə-gündüz bu təərnən gedərkən günün isti vaxtında bir elə yerə yetişdilər ki, hər tərəf bulaxdur. Kavıjıx susuz olduğu üçün o bulaxlardan su içmək istədi.
Fatmajıx bulağa baxdıqda gördi ki, bir daş həkk olunmuş at şəkli var. Ağıllı, kamallı qız olduğunnan və söylənən nağıllardan eşitdigindən bildi ki, bu at bulağıdı. Ona görə dedi: “A qardaş, bu at bulağınnan su içmək olmaz”. Kavıjıx o biri bulaxdan içmək istədikdə Fatmajıx “a qardaş, içmə it bulağıdı”.
Bu təərnən o qardaşını o bulaxdan su içməgə qoymadısa da Kavıjıx qabağca gedərkən çox susuz olduğu üçün nə bulağı olduğunu bilmiyif su içdi.
Kavıjıx su içdiyi bulax öküz bulağı olduğunnan o bir öküz oldu. Halı belə görən Fatmajıx ağlıya-ağlıya Kavıjığın yanına gəlif dedi: “A qardaş, mən baxtı qara demədimmi? Bu bulaxlardan su içmə”. Kavıjıx nitqə gəlif cavab verdi ki:
– Ay bajı zərər yoxdur, gənə də qardaşınam, bunnan qavax sən də aj qalırdın mən də; əmbə indi mən otnan doyaram, sən də o tilsim bulağı ki məni öküz eyliyif buynuzdarım yağ-bal mədənidi, onun birinnən yağ ,o birinnən bal əmif, dolan.
Kavıjıx sözünü tamamlayan kimi yerə yatdı və “a bajı dalıma min gedək bəlkə öyümüzü tapax”. Fatmajıx qardaşını minif gəzə-gəzə Oymadaran ovasına yetişdi. Hər iki bajı-qardaş gördülər ki, övləri qaçıf gediflərdi. Olar belə halı görüf məsləhət elədilər ki, soraxlaşa-soraxlaşa gedif övlərini tafsınnar. Fatmajıx qardaşının belində ellərdən xavar ala-ala şah ölkəsində övlərinin sorağını aldı. O övlərinə getdiyi halda öyəy bajısı “Daz qız” onu görüf anasına dedi: “Ay ana, bu baxtı qara Fatmajıx taxıl bitinə dönüf, nə ölür nə itir. Budu qardaşını da bir öküzə verif, minif gəlir”. Balta diş Baş xanım cavaf verdi ki: “A qızım ziyan yoxdu iki olanda bizə nə eylədilər ki, indi də tək olanda neyləyə, qoy gəlsin. Mana da Balta diş Baş xanım deyəllər. Çox əllərinin başını batırmışam”.
Ana bala söhbətdə ikən o yannan Fatmajıx qapıda öküzdən tüşüf evə gəldi. Atasınnan, analığınnan və öyəy bajı-qardaşınnan görüşdü. Olar qardaşının nejə olmasını və başdarına gələn qəzav-qədəri Fatmajıxdan xavar aldılarsədə o hilə yolunan qardaşının ay tərəfinnən ölümünü və özü də meşədə öküzü tapıf minif gəlməsini söylədi.
Baş xanım Fatmajıxa gündə bir külli kömbə vərif daraxnan yun əyirməyi ona iş, peşə elədi.
Fatmajıx külli kömbəyi və yunu darağı götürüf axşamatan həm çöldə öküzü otarırdı, həm də yunu darıyırdı o acdıxca öküzün bir buynuzunnan bal, bir buynuzunnan yağ əmərdi. Odu ki, külli kömbəyə əhtiyajı olmurdu. Axşam olan kimi daradığı yunu və külli kömbəyi gətirif analığına verərdi.
Fatmajıx bu tərnən genə bir gün yun darayarkən yunun piltəsini yel apardı. Fatmajıx analığının qorxusunnan piltənin dalınca tüşüf:
“Yelinə qurvan, yel bava
Piltəjiyimi ver bava
Analığım övdən qoyar
Başıma, gözümə döyər”
– diyə-diyə o qədər getdi ki, axırda yel piltəyi öv damının bajasınnan içəri saldı. Fatmajıx piltənin dalınca davan basarax içəri girəndə nə gördü: bir döy qarısı oturuf övü-eşiyi və əyni -başı bütün ilan-çalaynan doludu. Yazıx Fatmajıx qorxa-qorxa:
– Ay nənə! Ay nənə! Mənim piltəmi yəl sənin bajannan içəri saldı.
Döy qarısı: “Ay bala, mənim öyüm, işim, əynim-başım nə tər olmağını söyləsən, piltəni verəjəm”, dedi.
Fatmajıx həmi canının qorxusunnan, həmi də analığının qorxusunnan dedi:
– “Ay nənə! Öy-eşiyin, əynin-başın anam-bajım öyü-eşiyi və anam-bajım əyni-başı kimidi. Laf yağ töküf yalamax olar”.
Döy qarısı:
– Ay bala, üzün hər iki cahanda ağ olsun, gəl yanımda otu, mən yatajam, burdan bir ağ, bir qara və bir də qırmızı su gələjək. Onda məni durğuz, piltəni də verif yola salım – diyə qarı yatdı. Fatmajıx qarının yanında oturuf o qədər gözdədi ki, bir də gördü ağ, qara və qırmızı su axır. O zaman qarıyı oyatdı. Qarı oyanan kibi Fatmajıxı ağ suynan çimdirdi, savalının qarı kimi ağappax oldu, qara suynan saçını, qaşını və kirpigini yudu, hər üçü qaralub şəvə kimi oldu və qırmızı suynan yanaxlarını, dodaxlarını yudu, yanaxları alma kimi, dodağı lalə kimi qızardı. Munnan sonra piltəsini də verif yola saldı.
Fatmajıx ordan öküzün yanına gəldi. Öküz Fatmajıxı belə bir qənirsiz görəndə səbəbini xavar aldı. Fatmajıx afalatı başdan-ayağa ona söylədi öküz nitqə gəlif:
– “Ay bajı, övə gedəndə bilirəm sənnən xavar alajaxlar ki, niyə belə gözəlləşifsən? Onda olmuya-olmuya düzünü diyəsən.
Qız “yaxşı” diyif piltəsi qujağında söyünə-söyünə öküzün dalına minif övlərinə gəldi. Övlərində də Fatmajıxı belə gözəl görəndə hamısı təəccüflənif soruşdular:
– Əvvəldən sən belə gözəl döyüdün, nə üçün belə gözəl oldun?
Fatmajıx qardaşının tafşırığına görə danıf dedi:
– Savahdan axşama kimi piltə əyirif öküz otarıram. Bilmirəm nə sirdur. Özü də mən gözəlləşdiyimi görmürəm. İndi siz deyirsiniz mən də eşidirəm. Balta diş Baş xanım dünya görmüş fitnəkar bir arvad olduğunnan bildi ki, bu iş öküzün işidi. Ona görə savahdan daha öz qızına yun verif öküzü otarmağa göndərdi ki, bəlkə o da Fatmajıx kimi gözəl olsun.
Odu ku, savah açılan kimi anasının tədbiri üzərə daz qız gözəl olmaq niyyətində yun darax götürüf örüşə öküzü otarmağa apardı. Daz qız oturuf yunu daradığı zaman birdən piltəsini yel götürdü. O çəpəl piltənin dalınnan düşüf:
“Yəlinə.... yel bava
Piltəjiyimi ver bava
Bu gün gözəl olacam
Aləmə şux salajam”
– deyə-deyə piltənin dalınca gedərdi. Yel piltəni o qədər apardı ki, qəzadən axırda genə həmən öv damının bajasınnan içəri saldı. Daz qız piltənin dalınca içəri girəndə bir döy qarısı görüf:
– Ay adama oxşamaz qarı, mənim piltəmi yel buraya saldı. Tez ver aparım.
Döy qarısı daz qızdan bu sözü eşidif dedi:
– Əvvəl mənim övümə, eşiyimə, əynimə-başıma bax gör nə var, nejədi?
Daz qız dedi:
– Övunə, eşiyinə, əyninə-başına... ilan çayannan doludu nə olajax.
Qarı qızın sözdərinnən ajıyıf dedi:
– Gəl yanımda otu mən yatajam, burdan ağ, qara, qırmızı su gələjək, onda məni durğuzarsan piltəni verəjəm.
Bu sözdən sonra qarı başını qoyuf yatdı.
Daz qız qarının yanında oturuf gözdüyürdü. Bir də gördü ağ, qara və qırmızı su gəldi. Daz qız bu zaman qarını oyatdı. Qarı yuxudan oyanan kimi daz qızı qara suynan çimdirdi, bədəni şivə kimi qara oldu, ağ suynan qaşını, kirpigini və başını yudu, hər üçü ağappax oldu; qırmızı suynan əlini yudu, alnında bir damğa oldu ki, laf eyvəcər. Bu zaman piltəsini də verif yola saldı. Daz qız piltəyi götürüf öküzün yanına gəldi. Axşam olduğunnan oradan da öküzü haylıyıf övə gəldi. Öv əhli onu gördülər, əzəldən çirkin olan qız indi bir hala düşüf ki, baxanın qusmağı gəlir.
Qızın belə olmağının səvəvini xavar aldılar. O əhvalatı başdan-başa onlara nağıl elədi. Baş xanım fikir dəryasına cumuf: – Aya, bu nə işdi, nə üçün Fatmajıx öküzü otarmağa aparanda gözəl oldu, mənim qızım aparanda belə eybəcər hala düşdü. “Yaqın bu işlərin anası öküzdü”. Baş xanım özünü hiyləynən azarlılığa vurdu. Doduş kişi buna nə qədər dava-dərman elətdisə də o azardan qalxmadı. Axırda öküzün ölümü üçün özünü azarlılığa vuran Baş xanım:
– A kişi, mən yuxumda görmüşəm dərdimə əlaj yoxdu. Bircə yerdən əlaj var ki, onu da sən eləməzsən. – Doduş and işdi ki, sənin dərdinə mənim əlimnən gələn hər nə dərman olsa əsirgəmərəm.
Balta diş Baş xanım dedi:
– “İndi ki, belə oldu, bil və agah ol, yuxuda ərənnər mənə dedi: hərgah sizin gözün ağı-qarası olan bircə öküzü kəsif, ətinnən kavaf yiyəsən onda yaxşı olarsan”. İndi əyər yaxşı olmağımı istərsən əlaj elə”.
Arvat ağız Doduş bu öküzü öldürdü, ətinnən Baş xanıma kavaf yedirtdi. Və dərisinə də unu çəkdi. Bu zaman faqqıçılıq eləyən Baş xanım sap-ba-sağ ayağa qalxdı. O yannan qardaşınnan ötrü başını yolan gözünün yaşını axıdan Fatmajıx sakit olmax içun bir damcı qanı nitqə gəlif dedi:
– Ay bajı! Qorxma, məni öküz eləyən tilsim başqa dona da sala bilər. Odur ki, mən sənə bir xoruz qardaş olajam və hər nə dərdin olanda dərməni mənim əlimdə olajax, mənim sür-sümüyümü tamamən yığıb bir quyuya tök, havax sana paltar lazım olanda gəl quyunun ağzını aç. Bir dəs qərivə livas orda hazır olar. Fatmajıx bu sözdən təsəlli tapıf xoruz don qardaşına qulağ asırdı. Özü də bir qarına aj bir qarına tox dolanırdı.
Günnərin bir günü şah ölkəsinin şahı olan şah Məhəmməd adətləri üzərə bir büsattı məjlis quruf dünya görmüş arvatdarı və kişiləri o məjlisə çağırdı. Baş xanım Fatmajıx o məclisdən qalsın diyə bir çanax darını külə qatır, Fatmajığa: “Mən gələnə kimi həmi bu darını küldən seç, həmi də bir qav göz yaşı hazırra” diyif qızınnan baravar şah Məhəmmədin o büsattı məjlisinə getdi. Arvat kişi yığışannan sonra şah Məhəmməd buyurdu: “A camahat! Mənim sizi buraya toplamaxdan qəsdim budur ku: “El tədviri yaxşı olar. Mən cavan oğlanam, öylənməy istiyirəm. İndi nə təər öylənim ki, mana bir halalzada urca olsun”. Camahat ərz eylədi ki, şah sağ olsun, bir çoxları kimi cəlayi vətən oluf, diyar- bə-diyar gəzif kim bilir yaxşı olamı, kim bilir pis olamı özünə sirdaş tapa, gəl bizdərin sözünə elini ülküt, axsağına yapış öz əlimizdən hər kimi beyənirsən onu al. Mal səndə, pul səndə, şahlıq səndə gözəl camal səndə! Kimi istəsən sənə gəlməz”. Şah Məhəmməd elin tədbirinə razı oldu. Məhəmməd şahın qonaxları çörəkdən, xörəkdən doyunca yidilər. Şah Məhəmmədin şaddığına kimi xuşkəvər kimi pul, kimi yer yemiş fağıra- fuğaraya paylayırdı. O tərəfdən Fatmajıx ağlıya-ağlıya xoruzun yanına gəlif, əhvalatı ona söylədi. Xoruz dedi: “Ay bajı! Olardan hasand nə ola bilər?”. İndi gör o işdəri mən nejə başa gətirəjəm. Xoruz toyuxları başına toplayıf küldən bütün darını dimdiklərinnən seçdilər. Xoruz bunu hazırlannan sonra bajısına bir qavda duzdu su qayırmağını söylədi. Ay bajı, əmbə özündə quyuyu açıf oradaki bir dəs xanımyana livası giyif sən də şah Məhəmmədin məjlisinə get. Fatmajıx işdəri tutulmuş görüf şad-şadyana quyunu açanda nə gördü? Bir dəs elə paltar var ki heç padşahın xəzinəsində ola bilməz. Fatmajıx paltarı giyinif şah Məhəmmədin məjlisinə getdi. Orada analığı oturan tərəfə kül o biri tərəfə gül səpif qayıtdığı zaman analığının qorxusunnan yüyürə-yüyürə gedəndə başmağın bir tayı sıçrayıf hoza düşdü. Hoz dərin olduğunnan çıxarda bilmiyif tələsik evə gəldi.
Əynindəki paltarı quyuya qoyuf gənə əvvəlki paltarını giyinif analığının yolunu gözduyurdu. O tərəfdən camahat daxılanda Balta diş Baş xanım və qızı gözünün külünü oycalaya-oycalaya evlərinə gəldilər. Fatmajıx bilməyən adamlar kimi “Ay ana, nəyə belə bikefsən, söylə görək şah Məhəmmədin məjlisində nə gördün və nə eşiddin” Balta diş Baş xanım darıyı küldən seçilmiş və göz yaşını hazır görüf: “Sağ ola qızım” deyənnən sonra donquldana-donquldana məjlis əhvalatını Fatmajığa söylədi. O yannan camahat dağılannan sonra şah Məhəmməd axşamüstü şah ölkəsində manşir köhlən atını hoza sulamağa gətirdi. At xəfkir olduğunnan başmağın şəklini suda görüf kişniyif ayaxlarını yerə diriyif su içmədi oğlan diqqətnən suya baxanda gördü ki, hozun içində bir başmax var ki, şahın hərəmxanasında yoxdu. Şah Məhəmməd bir təərnən başmağı çıxardı baxıf dedi:
– Gözün ilk oyu yaxşı olar. Odu ki bu başmax hər kimin ayağına olsa mən onu alajam.
Şah Məhəmməd başmağı götürüf bargaha gəldi. Savahnan bütün şah ölkəsinə carçılara belə bir car çəkdirdi:
– Camahat, hamının bakirə qızdarı öydə olmalıdur. Çünki mən bir başmax tapmışam! O başmax hər kəsin ayağına olsa mən onu alajam. Carçılar şahın buyurduğu kimi carı çəkəndən camahat içində olan qızdar şaha getmək içun yeddi ildən su görməmiş ayaxları axşamnan istanmağa qoydu ki, istansın: “Bərk qazıyan bəlkə başmax ayağımıza ola, şah bizi ala”, diyirdilər. O cümlədən Balta diş Baş xanım da Fatmajıx gözəl və nəcif olduğunnan təndirə salıf, üstünü örtdü və daz qızın ayaxlarını təmizdəməyə başladı. Keçəl Aşır su gətirif hazırradı. Baş xanım da qızına:
– A baxtı qara, hər çənd göydən qara şüşədən seçilmir, ayağını yu ki, bəlkə şah səni ala, biz də gölgəndə dolanax.
Daş qız anasının tədviri üzərə axşamnan ayağını yumaya başladı.
O tərəfdən şah Məhəmməd başında vəzir, vəkil, ağ saqqal, qara saqqal qapı-qapı hər qızın ayağına geydirmək istiyirdilərsə də olmurdu. Olar axırda gəlif ujgarıdan Baş xanımın evinə yetişdilər. Başmaxı daz qızı ayağına giydirmək istədikdə vəl ayağ olduğunnan laf ujunda qaldı. Şah Məhəmməd qəmgin başının adamıynan getmək istədikdə o tərəfdən xoruz hündürə çığıf çırpına-çırpına:
Fatma bajım təndirdə
Əl, ayağı kəndirdə
Keçəl Aşır su daşır
Daz qız, davanın qaşır
diyə banlayanda şah Məhəmməd o saat təndiri aşdıranda Fatmajığı gördü və başmağı onun ayağına giydirəndə nə gördü; elə bil ki, qüdrət bunun ayağını başmaq içun yaratmışdı. Fatmajıx bir tərəfdən quyunun yanına gedif oradaki paltarı başdan-ayağa giyindi və gənə də şah Məhəmmədin yanına gəldi. Şah Məhəmməd bir belə eyibsiz gözəli görəndə heyran sərgərdan ona valeh oldu. Oradan şəhərə getdilər. Şah Məhəmməd şəhəri xalı zili ilə gül-çiçəknən bəzədi. Bir yaxşı toy büsatı düzəldif camahatı məjlisinə çağırdı. Camahat şahın əmrinən səgirən və kəbiran onun toy məjlisinə gəldilər. Çörəkdən-xorəkdən yiyif Fatmajığın kəbinini şah Məhəmmədə kəsdilər və oları əl-ələ tafşırıf:
– ”Yeddi oğul anası olun, Allah yıldızınızı barışdırsın. Uruzunuz göydən yağsın, yerdən bitsin diyif dağıldılar.
Bu tərəfdən şah Məhəmməd gözünün ilk oyu olan sirdaşı Fatma xanımnan kefə, damağa, ləzətə, dəmə məşğul oldu.
Günlərin bir günündə adətləri üzərə daz qız bajısının körəlgəsinə gəldi. Bir neçə gün bajısının öyündə qalandan sonra öylərinə getmək istədi.
Bu zaman Fatma xanım qaynar asmaq istədiyinnən bir iki gündə qalmasını söylədi. Odu ki, savah açılanda Fatma xanım paltar yumaq uçun daz qıznan dəryanın qırağına gedif qaynar asdı.
Fatma xanım paltarı yuduqda sonra soyunuf çimməyə başladı. Daz qız buna su tökürdü. Odur ki, paxıllığınnan bi qafıldan onu itəliyif dəryaya saldı və bunu dəryaya salannan sonra paltarını giyinif və başını-gözünü sarıyıf öyə gəldi. Axşam olanda baş-gözü sarıxlı Fatma xanım adınnan şah Məhəmmədin qoyununa girdi. Şah Məhəmməd onu Fatma xanım sanıf dedi:
– Ay gözümün ilk oyu, o on dört örük saçını həmişəki kimi altımıza sal, onda yaxşı yatıram.
Daz qız qaynarı mahna eyliyif cavaf verdi ki, saşdarım yaşdı. Qərəz bir təər savaha kimi bir yerdə yatdılar. Savah şah Məhəmməd eşiyə çıxıf əl-üzünü yüyəndə xoruz çırpına-çırpına:
“Fatma bajım dəryada
Laxa balıx udufdu
İşi qalıf fəryada
Saş geydəsin tutufdu
Şah oğlu şah Məhəmməd
Qucağında yatıfdı”
diyə banlayanda şah Məhəmməd qorxulu bir halda içəri girdi və diqqətnən baxanda nə gördi?... Fatma nə gəzir, bir qara həbəşinin biridi. Şah Məhəmməd daz qızı damda qoyuf şəhərə çıxdı. Nə qədər şəhərdə torçu varsa hamısın dərya kənarına apardı və əhvalatı olara söylədi. Torçular hamısı dəryaya tor atdılar. Axırda udan laxa balıx torçuların birinin toruna düşdü. Torçu laxayı qırağa çıxardan kimi şahi və yanındakı yoldaşlarını yanına çağırıf laxanı yardılar. Laxanın qarnınnan Fatma xanım yarımcan çıxdı. Fatma xanım bir müddətdən sonra özünə gəlif əhvalatı şah Məhəmmədə söylədi. Şah Məhəmməd da qızın yanına gəlif buyurdu:
– “A daz qız muşduluğuna qızıl piçakmı istərsən, yeddi illik qısrax atmı?”
Daz qız cavaf verdi ki: – Piçax ürəyinə batsın, yeddi illik qısrax gətirin, minif öyümüzə gedim.
Şah Məhəmməd gülüf “mən deyirəm Fədəm dəmə bu deyir damnan-dama”; o saat bir yeddi illik qısrax hazır elədif xurcunun bir gözünə küçük və qazan o biri gözünə də daz qızı salıf qısrağın belinə qoyuf onu buraxdılar. Küçük zingildədikcə, qazan cınqıldadıqca qısraf dal atıf və soncuxluyuf daz qızın hər tikəsini bir dərəyə atdı. Şah ölkəsinin camahatı şah və Fatma xanım daz qıza nifrət və lənət elədilər.
Şah Məhəmməd ədalətnən padşahlıx eliyirdi. Və mal-dölət ağ günnərnən gözünün ilk oyu, könlünün söygüsü Fatma xanımnan eyş-işrətnən ömr sürməgə başladılar.
Dostları ilə paylaş: |