Azərbaycan kinosunun 120 illiyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
01.02.2018
2018-ci ilin avqust ayında Azərbaycan kinosunun 120-ci ildönümü tamam olur. Neft Bakısına dair ilk xronikal süjetlərin nümayişi ilə başlayan Azərbaycan kino sənəti təşəkkül tapdığı vaxtdan etibarən böyük inkişaf yolu keçmiş və ötən müddət ərzində xalqın mədəni-mənəvi həyatında özünəməxsus mövqe qazanmışdır. Kino yaradıcılığı işinin uğurlu təşkili sayəsində ölkə kinematoqrafiyası sonralar öz imkanlarını getdikcə daha da artırmış, əldə etdiyi nailiyyətlərlə Azərbaycanın zəngin mədəniyyət salnaməsinə parlaq səhifələr yazmışdır. Peşəkar kadrlar tərəfindən yüksək sənətkarlıqla yaradılaraq Azərbaycan kinosu tarixində xüsusi yer tutan ekran əsərləri əsas etibarilə həmin dövrün məhsuludur.
1990-cı illərdə müəyyən çətinliklərlə qarşılaşmış Azərbaycan kinomatoqrafiyasının yeni şəraitdə kino ənənələrimizi qorumaqla yanaşı, öz potensialını gerçəkləşdirməsi, həmçinin modernləşdirilməsi və dünya kino sənayesinə daha sürətli inteqrasiya etməklə səmərəli fəaliyyət göstərə bilməsi istiqamətində bir sıra zəruri addımlar atıldı. Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan kinosunun 2008–2018-ci illər üzrə inkişafına dair Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında” 2008-ci il 4 avqust tarixli Sərəncamı Azərbaycanın kino sənətinin inkişafı baxımından müstəsna əhəmiyyətə malikdir. Azərbaycan filmlərinin son illər beynəlxalq festivallarda fəal iştirakı həmin Dövlət Proqramı çərçivəsində silsilə tədbirlərin müvəffəqiyyətlə icrasının nəticəsidir.
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq və tarixi-mədəni irsin, əxlaqi-mənəvi dəyərlərin təbliğində mühüm rolunu nəzərə alaraq Azərbaycan kinosunun 120 illiyinin ölkənin mədəni həyatında əlamətdar hadisə kimi qeyd edilməsi məqsədi ilə qərara alıram:
-3-
1. Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi Azərbaycan kinosunun 120 illiyinə həsr olunmuş tədbirlər planını hazırlayıb həyata keçirsin.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 31 yanvar 2018-ci il.
-
-4-
Giriş
Bu gün Azərbaycan kinosunun yaranmasının 120 illiyi tamam olur. Xalqımızın ümummilli lideri Heydər Əliyevin 2000-ci il 18 dekabr tarixli Sərəncamı ilə avqustun 2-si “Azərbaycan Kinosu Günü” elan edilmişdir.
Yarandığı gündən insanların dünyagörüşünü formalaşdıran, hər bir xalqın tarixini, milli adət-ənənəsini yaşadan, həyatın bütün sahələrinə nüfuz edən kino sənəti bəşəriyyətin ən böyük kəşfidir. Kino yeganə sənət növüdür ki, özündə mədəniyyətin bir neçə sahəsini birləşdirir. Kinonun bir üstünlüyü də əyaniliyindədir, inandırma gücünə və təsirə malik olmasındadır.
Azərbaycan kino sənəti, bütövlükdə, tamaşaçıların estetik zövqü və dünyagörüşünün formalaşdırılmasında mühüm rol oynamış, xalqımızın milli ruhunun qorunub saxlanması işinə xidmət etmişdir. Ölkəmizdə kinonun yaranma tarixi XIX əsrdən etibarən cərəyan edən maarifçilik hərəkatının, dünyavi teatrın və mətbuatın inkişafı ilə sıx bağlıdır. Neftin sənaye üsulu ilə hasilatına başlanması nəticəsində Bakının iqtisadi dirçəlişi milli mədəniyyətin bir çox sahələri ilə yanaşı, kino sənətinin də meydana çıxması üçün əlverişli zəmin yaratmış, mərhələli şəkildə müxtəlif janrlı filmlər yaradılmışdır. Azərbaycan kino sənətinə yüksək qiymət verən ümummilli lider Heydər Əliyev demişdir: “Azərbaycan xalqının bir çox nəsilləri kino sənəti ilə tərbiyələnib, kinonun təsiri altında formalaşıb, inkişaf edib və mədəniyyətə qovuşublar… Xalqımızın inkişafı
yolunda Azərbaycan kinosunun xidmətləri əvəzsizdir”.
-5-
KİNO SƏNƏTİNİN YARANMA TARİXİ.
SƏSSİZ DÖVR (1920-1935)
Azərbaycan kino sənətinin tarixi 1898-ci il avqustun 2-dən başlayır. İlk filmlər fotoqraf və nasir A.M.Mişon tərəfindən çəkilmiş xronika süjetləri (“Bibiheybətdə neft fontanı yanğını”, “Balaxanıda neft fontanı”, “Şəhər bağında xalq gəzintisi”, “Qafqaz rəqsi” və s.) və bir bədii kinosüjetdən (“İlişdin”) ibarət idi.
1915-ci ildə Qafqazda Pirone qardaşlarının açdığı səhmdar cəmiyyətləri (ticarət evləri) tərəfindən Bakı, Tiflis, İrəvan şəhərlərində prokat kontorları yaradılmışdır. 1915-ci ildə adı çəkilən cəmiyyət neft sənayeçilərinin pulu ilə M. Musabəyovun “Neft və milyonlar səltənətində” romanı əsasında eyni adlı ilk Azərbaycan bədii filminin çəkilişinə başladı. Filmi çəkmək ücün Peterburqdan rejissor B.N.Svetlov dəvət olunmuşdur. Təbiət mənzərələri Bakıda və ətraf kəndlərdə, pavilyonla bağlı səhnələr isə Tiflisdə çəkilirdi. Filmdə Lütfəli bəy rolunu H.Ərəblinski oynamışdır.1916-cı ildə Bakıda Ü.Hacıbəyovun “Arşın mal alan” operettası əsasında ilk Azərbaycan kinokomediyası çəkildi. 1919-cu ildə isə Azərbaycanın müstəqilliyinin ildönümü münasibətilə təntənə” adlı tammetrajlı film ekranlarda nümayiş etdirildi.
1923-cü ildə Azərbaycan Foto-Kino İdarəsi (AFKİ) təsis olundu. AFKİ ayrı-ayrı sahibkarların foto, kinoteatr və prokat kontorların milliləşdirilməsi və birləşdirilməsi tədbirlərini həyata keçirirdi. O zamanlar AFKİ-nin nəzdində Bakıda “Təyyarə”, “Edison”, “Milyon”, “Ladya”, “Mədənçi” və s.kinoteatrlar da var idi.
1924-cü ildə AFKİ ikiseriyalı “Qız Qalası əfsanəsi” (rejissor V.V. Vallyuzek) adlı bədii filmi ekranlara çıxardı. Etnoqrafik cəhətdən maraqlı olan bu filmdə müəlliflər Şərq ekzotikasından qaça bilməmişdilər.
-6-
Azərbaycanda milli rejissor və aktyor kadrları hazırlamaq üçün 1925 ildə Ş.Mahmudbəyovun təşəbbüsü ilə AFKİ-nin nəzdində studiya təşkil edildi. C.Cabbarlı, M.Mikayılov, Ə.Tahirov və başqaları burada oxumuşdular. Filmlərin bədii keyfiyyətini yüksəltmək, milli kadrların inkişafına kömək məqsədilə Bakıya V.İ.Pudovkin, İ.A.Sevçenko, N.M.Şenqelaya, M.E.Çiaureli kimi məşhur kinorejissorları, eləcə də Q.M.Lemdeq, V.R. Lemke, A.V.Qalperin, İ.S.Frolov, Ə.M.Feldman, L.L.Kosmatov, V.M.Şneyder və başqa kinooperatorlar dəvət olunmuş, C.Cabbarlı, A.M.Şərifzadə və başqaları kino yaradıcılığı işinə cəlb edilmişdilər.
AFKİ sonralar “Azdövlətkino” (1926-1930), “Azərkino” (1930-1933), “Azfilm” (1933), “Azdövlətsənayesi” (1934), “Azərfilm” (1935-1940), “Bakı kinostudiyası” (1941-1959) kimi adlar daşımışdır, 1961-ci ildən C.Cabbarlı adına “Azərdaycanfilm” kinostudiyası adlanır.
Xurafat və cəhalətə qarşı mübarizə, inqilab, qadın azadlığı ötən əsrin 20-ci illərində Azərbaycan kinosunun əsas mövzusu idi. “Bismillah” (1925, rejissorlar A.M.Şərifzadə, A.Valovo), “Vulkan üzərində ev” (1929, rejissor A.İ.Bek-Nazarov, “Ermənikino” ilə birqə), “Hacı Qara” (1929, rejissor A.M.Şərifzadə) kimi kino əsərləri, eləcə də öz azadlığı
uğrunda mübarizə aparan Azərbaycan qadını obrazını bədii və
real şəkildə ifadə edən “Sevil” (1929, rejissor A.İ.Bek-Nazarov) həmin dövrdə yaradılmış uğurlu filmlərdəndir.
XX əsrin 20-ci illərində Bakıda yerli operatorlar və xarici kino şirkətlərinin nümayəndələri tərəfindən şəhərin həyatından, neft mədənlərindən bəhs edən kinoxronikalar və sənədli filmlər çəkilirdi. 1920 ildə “Bakıda 9 qızıl Ordunun rəsmi keçidi” adlı ilk xronika kinojurnalı çəkilmişdir.
Həmin il “Şərq xalqlarının birinci qurultayı” xronika filmi də yaradıldı. Sonrakı illərdə müəyyən hadisələrlə bağlı kinoreportajlar hazırlandı: “Sovet Azərbaycanının 3-cü ildönümü” (1923), “Suraxanı neft mədənlərində yanğın” (1923) “Nəriman Nərimanovun dəfni” (1925),
-7-
“M.Frunzenin Bakıya gəlməsi” (1925) və s. sənədli filmlərlə yanaşı, elmi-kütləvi filmlərin də istehsalına başlanıldı.
1925-ci ildə rejissor A.M.Şərifzadə respublikanın mədəni və iqtisadi həyatından bəhs edən “Azərbaycana səyahət” filminin çəkilişini başa çatdırdı. 20-ci illərdə Azərbaycan kinosunda tarixi-sənədli filmlərlə yanaşı, tamaşaçıları gənc respublikanın təsərrüfat və mədəni həyatındakı nailiyyətləri ilə tanış edən “Azərbaycan ekranı” kinojurnalı (ildə 4-5 nömrə) buraxılmağa başlandı. Bu illər Azərbaycan sənədli kinosunda M.Mikayılov, A.A.Litvinov, A.A.Makovski kimi istedadlı rejissorlar, V.P.Lemke, A.Valovoy, A.Tolçan, İ.S.Tartakovski, İ.S.Monakov kimi operatorlar çalışırdılar. 30 illərdə bu sahədə B.V.Pumyanski, S.Bədəlov, V.Yeremeyev, Ə.Həsənov, Ə.Ələkbərov və b. fəaliyyətə başladılar. Bu sənətkarların filmlərində ilk beşilliklərdə resublikanın həyatı, kolxoz quruculuğu, mədəniyyət sahəsindəki uğurlar, neft sənayesinin yeni texnika ilə təchiz və s. əksini tapmışdı. Sənədli filmin
imkanları daxilində bitkin insan obrazı yaradılması sahəsindəki cəhdlər o dövrun bədii nailiyyətlərindəndir. 30-cu illərin əvvələrində mövzusu müasir həyatdan alınmış, məişəti bədii şəkildə təsvir edən, eləcə də tarixi-inqilabi mövzulu filmlər çəkilirdi: “Lətif”, “İsmət” (1930, 1934, rejissor M.Mikayılov), “Almaz” və “Yeni horizont” (1936, 1940, rejissorlar A.Quliyev,
Q.M.Braqinski), “Bakılılar” (1938, rejissor V.V.Turin), “Kəndlilər” (1940, rejissor S.Mərdanov) və s.
-8-
AZƏRBAYCAN KİNOSU
1935-1988-Cİ İLLƏRDƏ. SƏSLİ DÖVR
1935-ci ildə “Azərfilm”in Moskvanın “Mejraypromfilm” kinostudiyası ilə birqə yaratdığı “Mavi dənizin sahilində” (rejissor B.V.Barnet) bədii filmi ilə Azərbaycanda səsli kino əsərlərinin istehsalına başlanıldı. Filmdə baş rollarda görkəmli sovet kinoaktyorları L.N.Sverdlin, N.A.Kryuçkov, V.A.Kuzmina və başqaları çəkilmişlər. 1936-1941-ci illərdə ekranlara 10-dan çox səsli film buraxılmışdır.
İkinci dünya müharibəsi illərində qəhrəman döyüşçülər Kamal Qasımov və Bəxtiyar Kərimova həsr olunmuş “Vətən oğlu” və “Bəxtiyar” (1941,1942, rejissor A.Quliyev) kinonovellaları, M.F.Axundovun həyat və fəaliyyətinə dair “Səbuhi” (1942, rejissorlar A.İ.Bek-Nazarov, R.Təhmasib), vahid süjet xətti ilə bağlı üç kinonovelladan ibarət “Bir ailə” (1943, rejissorlar Q.V.Aleksandrov, R.Təhmasib, M.Mikayılov), müharibə dövründə dənizçilərin göstərdikləri igidliklərə həsr olunmuş “Sualtı qayıq T-9″ (1943, rejissor A.İvanov) bədii filmləri çəkilmişdir.
1945-ci ildə Ü.Hacıbəyovun “Arşın mal alan” musiqili komediyası yenidən ekranlaşdırıldı. Rejissorlar R.Təhmasib və N.Leşşenko milli koloriti və xalq yumorunu saxlamaqla parlaq
realist kinokomediya yarada bilmişdilər. Film keçmiş SSRİ-də,
eləcə də dünyanın bir çox ölkəsində uğurla nümayiş etdirilmişdir. “Arşın mal alan” filminə görə rejissorlar R.Təhmasib və N.Leşşenko, bəstəkar Ü.Hacıbəyov, aktyorlardan R.Behbudov, L.Bədirbəyli, Ə.Hüseynzadə, M.Kələntərli və L.Abdullayev 1946-cı ildə SSRİ Dövlət mükafatına layiq görüldülər.
40-cı illərin sonu 50-ci illərin əvvəllərində “Bakı kinostudiyası”nın əsas istiqaməti bədii-sənədli və publisistik filmlərin çəkilməsinə yönəldilmiş, bu dövrdə yalnız “Fətəli xan” (1947, rejissor V.İ.Dziqan,1959 ildə ekrana buraxılmışdır) və “Bakının işıqları”
-9-
(1950, rejissorlar İ.V.Xeyfits, A.Q.Zarxi və R.Təhmasib) bədii filmləri çəkilmişdir.
Azərbaycan kinosunun yeni inkişaf mərhələsi 50-ci illərin ortalarından başlanır. Bu dövrdə milli ssenarist, rejissor, operator, rəssam kadrları yetişir. Onların çoxu Ümümittifaq Dövlət Kinematoqrafiya İnstitutunda təhsil almışdılar (İ.Qasımov, Ə.Məmmədxanlı, İ.Tağızadə. L.Səfərov, H.Seyidbəyli, Ə.İbrahimov, N.İsmayılov, H.Seyidzadə, Ş.Mahmudbəyov, Ə.Atakişiyev, X.Babayev, A.Nərimanbəyov, T.Axundov, R.Ocaqov, K.Nəcəfzadə, C.Əzimov, E.Rzaquliyev, N.Zeynalov və b.).
Həmin illərdə bədii filmlərin çəkilişinin sayca çoxalması onların mövzu dairəsinin genişlənməsinə səbəb oldu. Ekranda fəhlə və kolxozçuların, müxtəlif peşə sahiblərinin əməyi və həyatı öz əksini tapdı (“Qızmar günəş altında” (1957, rejissor L.Səfərov), “Qara daşlar” (1958, rejissor A.Quliyev), “Kölgələr
sürünür” (1958, rejissorlar İ.Əfəndiyev və Ş.Şeyxov), “Onun böyük ürəyi” (1959, rejissor Ə.İbrahimov), “Həqiqi dost” (1959, T.Tağızadə), “Onu bağışlamaq olarmı?” (1960, rejissor R.Təhmasib), “Bizim küçə” (1961, rejissor.Ə.Atakişiyev),
“Böyük dayaq” (1962, rejissor H.İsmayılov), “Telefonçu qız”, “Belə ada da vardır” (1962,1963, rejissor H.Seyidbəyli), “Ögey ana” (1959, rejissor. H.İsmayılov).
“Bakı kinostudiyası”nda müxtəlif mövzularda filmlər yaradılmışdır. 1957-ci ildə çəkilmiş “Bir məhəlləli iki oğlan” (rejissorlar Ə.İbrahimov və İ.V.Qurin, operatorlar M.M.Pilixina və R.Ocaqov, bəstəkar Q.Qarayev) filmi Şərq ölkələrindən birində xalqın azadlıq və demokratiya uğrunda mübarizəsindən bəhs edir.
Cəsur partizan Mehdi Hüseynzadəyə həsr edilmiş “Uzaq sahillərdə” (1958, rejissorT.Tağızadə) filmi isə Azərbaycanın, eləcə də keçmiş sovet kinosunun nailiyyətlərindəndir. Dinamik, gərgin hadisələr, dəqiqliklə verilmiş xarakterlər, operator və rejissor işinin yüksək səviyyəsi filmə geniş şöhrət qazandırmışdır.
-10-
60-cı illərin əvvələrindən Azərbaycanda rəngli filmlərin çəkilişi genişləndirildi. “Koroğlu” (1960, rejissor H.Seyidzadə) bədii filmi Azərbaycan genişekranlı rəngli kinosunun ilk nümunəsidir. “Səhər” (1961, rejissor A.Quliyev) filmi Bakıda 1905-1907-ci illər inqilabı hadisələrindən söhbət açır. “Mahnı belə yaranır” (1959,rejissorlar R.Təhmasib və M.Mikayılov) filmi Dağıstanın xalq şairi Süleyman Stalskiyə həsr edilmişdir. “Məhəbbət dastanı” (1961,rejissor L.Səfərov) “Leyli və Məcnun” mövzuları əsasında çəkilmişdir.
“Arşın mal alan” filmindən etibarən Azərbaycan kinosunda musiqili komediya janrına meyl güclənmişdi. “Görüş” (1955, rejissor T.Tağızadə), “Sevimli mahnı” (“Bəxtiyar”, 1955, rejissor L.Səfərov, baş rolda R.Behbudov), “O olmasın, bu olsun” (1965, rejissor H.Seyidzadə), “Romeo mənim qonşumdur”(1963, rejissor Ş.Mahmudbəyov), “Əhməd haradadır?” (1964, rejissor A.İsgəndərov), “Ulduz” (1964, rejissor A.Quliyev), “Arşın mal alan” (1965, rejissor T.Tağızadə), “Qaynana” (1978, rejissor H.Seyidzadə) və s. filmlərdə bu ənənə davam etdirilmişdir.
XX əsrin 60-70-ci illəri kinematoqrafiyaya gənclərin böyük bir qrupunun gəlməsi ilə əlamətdar olmuşdur (ssenariçilər R. və M.İbrahimbəyov qardaşları, Anar, A.Axundova, İ.Hüseynov, V.Səmədoğlu, R.Fətəliyev, rejissorlardan A.Babayev, E.Quliyev Q.Mirqasımov, İ.Əfəndiyev, T.İsmayılov, Q.Əzimzadə, Q.Babayev, operatorlar Z.Məhərrəmov, R.İsmayılov, R.Qəmbərov, V.Kərimov, rəssamlar F.Bağırov, R.İsmayılov, aktyorlar H.Məmmədov, Ş.Ələkbərov, H.Turabov, R.Balayev, Ş.Məmmədova və b.). Onların orta və yaşlı nəslə mənsub xadimlərlə əməkdaşlığı Azərbaycan kinosunun peşəkar səviyyəsinin yüksəlməsinə, milli özünəməxsusluq, ideya dərinliyi ilə fərqlənən filmlərin meydana gəlməsinə səbəb olmuşdur. Məsələn, “Bir cənub şəhərində” (1969, rejissor E.Quliyev) filminin mərkəzində yeniliklə köhnəliyin mübarizəsi, insanın köhnəlmiş adətlərin əsarətindən xilas olması
-11-
prosesi durur. Bu dövrün filmlərində mənəvi-əxlaqi problemlər, müasir həyata müxtəlif baxışlar, insan xarakterlərinin təhlili, gənc nəslin formalaşması və s. mövzular başlıca yer tutur: (“Uşaqlığın son gecəsi”, “Gün keçdi” (1969,1971,rejissor A.Babayev), “Baş müsahibə”, “Var olun,
qızlar” (1971,1973, rejissor E.Quliyev), “Həyat bizi sınayır” (1971, rejissor Ş.Mahmudbəyov), “Xoşbəxtlik qayğıları” (1976, H.Seyidbəyli) və s. filmləri göstəmək olar. 70-ci illərin sonralarında və 80-cı illərdə Azərbaycan kinosunda mənəvi-əxlaqi problemlərə diqqət daha da artmışdır. Ssenariçi R.İbrahimbəyovla rejissor R.Ocaqovun filmlərində mürəkkəb psixoloji vəziyyətlər, əsl insan ləyaqəti ilə əlaqədar müşahidələr, xudbinlik, sərtlik, mərhəmətsizliyə qarşı etiraz kimi mövzulara meyl güclüdür ((“İstintaq”, 1979,14-cü Ümumittifaq kinofestivalının baş mükafatı, Düşənbə,1980; SSRİ Dövlət Mükafatı ,1981), “Bağlı qapı” (1981), “Park” (1983), “Özgə həyat”(1987), “Ölsəm, bağışla” (1988)). Həmin mövzular “De ki, məni sevirsən” (1977, rejissor M.İbrahimbəyov), “Bizi bağışlayın” (1979, rejissor A.Babayev), “Gümüşü furqon” (1982) , “Şeytan göz qabağında” (1987, rejissor Q.Mirqasımov, 21-ci Ümumittifaq kinofestivalının mükafatı, Bakı,1988) , “Anın strukturu”, “İşgüzar səfər” (1982, rejissor R.İsmayılov), “Babamın babasının babası”, “Bağ mövsümü” (1985, rejissor T.Tağızadə), “İlıq dənizdə buz parçası” (1983, rejissor Y.S.Qusman), “Gümüş göl əfsanəsi”, “Burulğan”, “Təxribat” (1984, 1986, 1989, rejissor E.Quliyev) filmlərində yeni cəhətlərdən söhbət açılmışdır. “Yaramaz” 1988, rejissor V.Mustafayev) filmində xarakter deformasiyası müasir bədii ifadə vasitələri, satirik boyalarla təsvir edilmişdir. Film ölkəmizdə və xaricdə böyük maraq doğurmuşdur.
60-80-ci illərdə tarixi-inqilabi janrda bir sıra maraqlı, orijinal filmlər çəkilmişdir. “Mosfilm” kinostudiyası ilə birgə yaradılmış N.Nərimanovun fəaliyyətindən bəhs edən “Ulduzlar sönmür” (1971,rejissor Ə.İbrahimov) filmi bu baxımdan diqqətəlayiqdir.
-12-
S.Vurğunun “Komsomol poeması”nın motivləri üzrə çəkilmiş “Yeddi oğul istərəm” (1970, rejissor T.Tağızadə; Azərbaycan Lenin komsomolu mükafatı , 1970) filmi 20-ci illərin komsomolçularına həsr olunmuşdur. Yüksək ideyalılıq, vətəndaşlıq motivləri ilə kinematoqrafiyanın ifadə vasitələrinin uyarlığı, gözəl aktyor oyunu bu filmin mühüm məziyyətlərindəndir. “Səmt küləyi” (1973, rejissor E.Quliyev) filmi Azərbaycan kinosunun tarixində xarici ölkə (Çexoslovakiya) studiyası ilə birgə yaradılmış ilk əsərdir, “Axırıncı aşırım” (1971, rejissor K.Rüstəmbəyov), “Qatır Məmməd” (1974, rejissor R.Ocaqov) filmlərində sovet hakimiyyətinin ilk illərində Azərbaycan kəndində gedən sinfi mübarizədən bəhs olunur. “Sevinc buxtası” (1977, rejissor A.Babayev; Azərbaycan SSR Dövlət Mükafatı, 1978), “O birigün gecə yarısı” (1981, rejissor A.Babayev; Azərbaycan SSR Dövlət Mükafatı, 1986), “Atları yəhərləyin” (1983, rejissor H.Turabov, Azərbaycan SSR Dövlət Mükafatı, 1986), “İşarəni dənizdən gözləyin” (1986, rejissor C.Mirzəyev) filmləri də tarixi mövzulardadır.
“Nəsimi” (1973, rejissor H.Seyidbəyli, 7-ci Ümumittifaq kinofestivalının ən yaxşı tarixi film üçün mükafatı, 1975) filmində feodal dünyasının haqsızlıqlarına qarşı çıxan şairin həyatı və o dövrün sosial və əxlaqi problemləri əksini tapmışdır. “Dədə Qorqud” (1975, rejissor T.Tağızadə) filmi poetikliyi ilə fərqlənir. “Babək” (1979, rejissor E.Quliyev) filmində IX əsr Azərbaycan sərkərdəsi Babəkin başçılığı ilə Xİlafətə qarşı xalqın mübarizəsi təsvir edilmişdir. “Nizami” (1982, rejissor E.Quliyev) filmində N.Gəncəvinin, “Qəm pəncərəsi” (1986, rejissor Anar) filmində isə
C.Məmmmədquluzadənin obrazı canlandırılmışdır.
Azərbaycan Bədii televiziya filmlərindən “Ad günü” (1977, rejissor R.Ocaqov,8-ci Ümumittifaq televiziya filmlər fevralının 1-ci mükafatı, Bakı,1979, Azərbaycan SSR Dövlət mükafatı,1980) xüsusilə fərqlənir. “Dantenin yubileyi”, “Təkcə adanı özünlə apara bilməzsən”, “Ötən ilin son gecəsi” (1978,1980,1983, rejissor G.Əzimzadə)
-13-
“Bilmək istəyirəm” (1980, rejissor Q.Mirqasımov) və s. bədii filmlər də Azərbaycan Televiziyasının istehsalıdır. “Üzeyir Hacıbəyov. Uzun ömrün akkordları” (1981, rejissorAnar) televiziya filmi geniş arxiv materialları əsasında yaradılmışdır.
Bəzi filmlərdə İkinci Dünya müharibəsi mövzusu əksini tapmışdır: “Bizim Cəbiş müəllim” (1970, rejissor H.Seyidbəyli), “Bakıda küləklər əsir” (1974, rejissor M.Dadaşov), “Tütək səsi” (1975, rejissor R.Ocaqov) və s. “Şərikli çörək” (1969, rejissor Ş.Mahmudbəyov; Azərbaycan SSR Dövlət mükafatı,1969) filmində müharibənin son aylarında Bakının həyatı xüsusi səmimiliklə təsvir olunur. Rejissor R.İsmayılovun “Mən sizi həyatımdan artıq sevirdim” (1985) filmi Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanova həsr edilmişdir.
Azərbaycan kinosunda uşaq filmlərinin istehsalına da mühüm əhəmiyyət verilir: (“Bir qalanın sirri”, “Sehrli xalat”, “Qərib cinlər ölkəsində” (1959, 1964, 1987, rejissor Ə.Atakişiyev), “Şirin evdən getməsi” (1978, rejissor R.İsmayılov), “Mən mahnı qoşuram”, “Əzablı yollarla”, “Musiqi müəllimi” (1979, 1982, 1983, rejissorT.İsmayılov), “Gəmi saatının sirri” (1982, rejissor R.Şabanov), “İsmayıl bəyin mücrüsü” (1983, rejissor G.Əzimzadə) və s. ) 1989-cu ildə ilk fantastik Azərbaycan bədii filmi (“Əlaqə”, rejissor Ç.Zeynalov) yaradılmışdır.Səsli kinonun yaranması ilə sənədli kinonun da yaradıcı imkanları genişləndi. “Adlı-sanlı Azərbaycan” (1935, rejissor və ssenari müəllifi B.V.Pumyanski, V.Yeremeyev) bir hissəli sənədli xronika kinoalmanaxında ilk dəfə olaraq diktor mətni oçerkin qəhrəmanlarının çıxışı ilə sinxron verilmişdir. 1939-cu ildən “Azərbaycan ekranı” kinojurnalı “Ordenli Azərbaycan” (ildə 36 nömrə) adı altında çıxmağa başladı, 30-cu illərin səssiz filmlərindən tammetrajlı “Şərqə yol” (1934, rejissor A.A.Makovski), “Azərbaycan incəsənəti” filmləri diqqətə layiqdir. 1940-cı ildə rejissorlar M.Mikayılov və V.Yeremeyev Azərbaycanda Sovet hakimiyyəti qurulmasının 20 illiyi münasibətilə “İyirminci bahar” sənədli filmini yaratdılar.
-14-
İkinci dünya müharibəsi illərində Azərbaycan sənədli kinosunun bir qrup rejissorları (Ə.Həsənov və b.) və operatorları (M.Mustafayev, M.Dadaşov, S.Bədəlov, V.Y.Yeremeyev, Ç.Məmmədov və b.) cəbhə xəttinə gedərək əsgələrin qəhrəmanlığını lentə çəkirdilər.
Həmin materiallar xüsusi buraxılışlar kimi əsgərlərə göstərilmək üçün müxtəlif cəbhələrə göndərildi. Bu dövrdə Azərbaycan xalqının arxa cəbhədəki əməyini əks etdirən kinojurnallar, kinooçerklər də yaradıldı. “Vətən uğrunda” (1943, rejissor Ə.Həsənov), “Qayğı” (1943, A.Quliyev), “Məktuba cavab” (1944, rejissor İ.Əfəndiyev), “Qardaş köməyi” (1944, rejissor A.Dadaşov) və s. 1944-cü ildə “Bakı kinostudiyası” Moskva Sənədli Filmlər Studiyası ilə birgə Xəzər dənizçilərinin qəhrəmanlığından bəhs edən “Xəzərilər” (rejissorlar Q.V.Aleksandrov və N.İ.Bolşakov) tammetrajlı sənədli filmini çəkdi. 1945-ci ildə Azərbaycanda Sovet hakimiyyəti qurulmasının 25 illiyi ilə əlaqədar rejissor H.Seyidzadə “Əbədi odlar diyarı” tammetrajlı sənədli filmini yaratdı.Müharibədən sonrakı illərdə “Sovet Azərbaycanı” (ildə 36 nömrə; “Ordenli Azərbaycan” kinojurnalının yeni adı) ilə yanaşı “Gənc nəsil” ( ildə 4 nömrə) kinojurnalının da buraxılışına başlandı. 1945-50-ci illərdə sənədli kino sahəsində ssenaristlərin İ.Qasımov, Ə.Qulubəyov, rejissorlar Z.Kazımova, L.Səfərov, operatorlar A.Nərimanbəyov, T.Axundov, X.Babayev, bəstəkarlar Q.Qarayev, T.Quliyev və b. fəaliyyətə başladılar. Cənubi Azərbaycan xalqının 1945-1946-cı illərdə azadlıq mübarizəsindən bəhs edən “Arazın o tayında” (1947, rejissorlar İƏfəndiyev, E.İ.Şub) tammetrajlı filmi diqqəti cəlb edirdi. Azərbaycanda Sovet hakimiyyətinin qələbəsinin 30 illiyi münasibətilə 1950-ci ildə “Sovet Azərbaycanı” (rejissorlar M.Dadaşov, F.Kiselyov) rəngli tammetrajlı sənədli filmi yaradıldı. Film 1951-ci ildə Kann (Fransa) beynəlxalq kinofestivalının xüsusi mükafatına layiq görüldü. Sonrakı illərdə müasirlik mövzusu xalqın məişəti, əmək nailiyyətləri sənədli kino ustalarının yaradıcılığında başlıca yer tutmuşdu:
-15-
“S.M.Kirov adına körfəzdə” (Venesiya beynəlxalq kinofestivalının mükafatına layiq görülmüşdür.1955) “Axtaran tapar” (1955, 1969, rejissor S.Məmmədov), “Xoşbəxtlik yolu ilə” “Bizim Azərbaycan” (1957,1959,rejissor M.Dadaşov). “Bakı və bakılılar” (1957,rejissor L.Səfərov), “Azərbaycan mədəniyyətinin baharı” ( 1960, rejissorlar Ç.Məmmədov, X.Babayev), ” M.F.Axundov” (1962, rejissor N.Bədəlov) və s. sovet kinosu sənətinin görkəmli nümayəndələrindən sayılan “Xəzər neftçiləri haqqında dastan” (1953) və “Dənizi fəth edənlər” (1959) filmlərini dünya şöhrətli rejissor R.L.Karmen “Bakı kinostudiyası”nda çəkmişdir. Həmin filmlərdə dəniz neftçilərinin fədakar əməyi və həyatı əks olunmuşdur. Bu filmlərə görə rejissor R.L.Karmen, operatorlar Ç.Məmmədov və S.Y.Medinski Lenin mükafatına layiq görülmüşlər (1960).
1960-1970-ci illər sənədli kinosunda Q.Mirqasımov, Y.Əfəndiyev, R.Şahmalıyev, T.Bəkirzadə, N.Bəkirzadə kimi gənclər fəaliyyətə başladılar. Q.Mirqasımovun ” Dəniz” (1965), “Qobustan” (1966), “Bu həqiqətin səsidir”, “Bəstəkar Qara Qarayev” (1967) filmlərində 60-cı illərin ikinci yarısında sənədli kinonun üslubundakı müəyyən dəyişikliklər (diktor mətninin olmaması, poetik əhval-ruhiyyə, dəqiq montaj) özünü göstərir.
Həmin filmlərə görə Q.Mirqasımov Azərbaycan Lenin Komsomolu mükafatına layiq görülmüşdür (1967). “Nə yaxşı ki, dünyada Səməd Vurğun varmış” (1967) filminin rejisssoru Y.Əfəndiyevə, ssenari müəllifi İ.Şıxlıya, operator Z.Məmmədova, C.Cabbarlının xatirəsinə həsr olunmuş “Solmaz bir bahar kimi” (1979) filminin rejissoru Ç.Zeynalova Azərbaycan Lenin Komsomolu mükafatı verilmişdir.70-80-cı illərdə maraqlı elmi-kütləvi kino nümunələri yaradılmışdır: “Naxışların yaddaşı” (1973, rejissor İ.Əfəndiyev), “Qızıl balıq” (1975, rejissor Ç.Fərəcov), “Hardasan, yaşıl sahilim” (1983, V.Mikayılov), “Eskulap piyaləsinin sirri” (1984, rejissorT.Bəkirzadə), ” Dirçəlmə” (1984, rejissor Ç.Fərəcov), “Torpaq borcu” (1986, rejissor T.Mütəllimov) və s. Azərbaycan sənədli kinosunda aktual mövzuların
-16-
seçilməsi və araşdırılması üçün yeni yollar axtarılır, çəkiliş metodunun, montajın, səsləndirilmənin əlavə imkanları təcrübədə sınanılır. Bu baxımdan rejissor T.Bəkirzadənin “Dissonans” (1977, “Abşeron qalaları” (1989), Z.Məhərrəmovun “Baharla birgə” (1978), “Köç” (1983), Ç.Zeynalovun “Səfillər” (1985), “İntizar”
(1986), “Əbədiyyətə qovuşan ömür” (1987), R.Nağıyevin “Ölü zona” (1988), V.Mikayılovun “Qışdan sonra gələn bahar” (1989) filmləri diqqətəlayiqdir.
1970-ci ildən “Azərbaycanfilm” kinostudiyasında “Mozalan” satirik kinojurnalının istehsalına başlanılmışdır. Kinojurnalda cəmiyyətin antipodları, gündəlik həyatda və təsərrüfatda rast gəlinən qüsur və nöqsanlar tənqid atəşinə tutulur. İkinci dünya müharibəsinədək Azərbaycanda cizgi filmləri çəkilməsinə yalnız təşəbbüs göstərilmişdir. 1966 ildə “Azərbaycanfilm”də rəssam və rejissor-multiplikator kursları açılmışdır. 1969 ildə “Azərbaycanfilm”də yaradılmış multiplikasiya sexində A.Axundovun Azərbaycan xalq nağılları əsasında yazdığı ssenari üzrə birhissəli rəngli “Cırtdan” (rejissor A.Axundov, İ.Əfndiyev) multiplikasiya (cizgi) filmi çəkilmişdir. 70-ci illərdə “Fitnə”, “Cücələrim” (1970,1974, rejissor A.Axundov), “Tülkü Həccə gedir”, “Cırtdanın yeni sərgüzəştləri” (1971,1973, rejissor N.Nərimanov), “Çaqqal çaqqalın oğludur” (1973, rejissor M.Rəfiyev) və s. cizgi filmlər yaradılmışdır. Rejissorlar M.Pənahi (“Bulud niyə ağlayır”,1974, 7-ci Ümumittifaq kinofestivalının mükafatı, “Siçan və Pıs-pısa xanım”, 1974, A.Axundovla birgə; “Günlərin bir günündə”, 1975; “Dınqıl, sazım, dınqıl”, 1976; “Xoruz”, 1977; “Qız qalası haqqında əfsanə”, 1978 və s.), A.Məmmədov (“Daş”, 1978; “Toral və Zəri”, 1979; “Taya”, 1980; “Dəcəl dovşan”, 1981; “Sehrli ləçək”, 1982; “Uçan süfrə”, 1983 və s), A.Məhərrəmov (“Yaratmaq vaxtı çatmışdır”,1984), V.Talıbov (“Təqib”, 1984), R.Şahmalıyev (“Sehrli naxışlar”, 1984), H.Əkbərov (“Talada ev”, 1986), F.Qurbanova (“Bir dəfə axşamçağı”, 1985;
-17-
“Ağacda oturmuş ana”, 1986; “Seans”, 1987 və s.) və b. maraqlı cizgi filmləri çəkmişlər.1981-ci ildən “Cırtdan-pəhləvan” cizgi filmləri seriyası çəkilir. 1972-ci ildən Azərbaycan televiziyasında da cizgi filmlərinin istehsalına başlanmışdır. Rejissor V.Behbudovun “İlham” (1972, ilk Azərbaycan kukla-cizgi filmi), “Göyçək Fatma” (1973) və “Möcüzələr adası” (1978) cizgi filmləri Ümumittifaq televiziya filmləri festivalında mükafata layiq görülmüşdür. Həmin dövrdə “Azərbaycanfilm” kinostudiyası səsli (ağ-qara, rəngli), genişekranlı, panoram və genişformatlı filmlərdə səsin stereofonik yazılışını təmin edən yeni kino avadanlığı ilə təchiz olunmuşdur.
“Azərbaycanfilm” kinostudiyasında ildə təqribən 7 bədii film, 20 sənədli və elmi-kütləvi film istehsal olunurdu. 7-ci və 21-ci Ümumittifaq kinofestivalları (1974,1988), kino həvəskarlarının 40-cı beynəlxalq festivalı (UNİKA-78) Bakıda keçirilmişdir.
Dostları ilə paylaş: |