Önsöz
Azərbaycan milli azadlıq hərəkatının lideri, görkəmli siyasi xadim, böyük demokrat Əbülfəz Elçibəy eyni zamanda ensiklopedik biliyə malik olan elm adamı, böyük mütəfəkkir və ciddi tədqiqatçı olub.
Elçibəy Azərbaycanın və ümumiyyətlə, türk dünyasının tarixi, fəlsəfəsi və digər ictimai-siyasi həyatı ilə bağlı xeyli elmi əsərlər və məqalələr yazmışdır. Bu kitabda onun indiyədək çap olunmamış bir sıra böyük və kiçik həcmli məqalələri oxuculara təqdim edilir. 50-dən artıq sanballı elmi əsəri nəşr edilib. Bunların içərisində Azərbaycan Dövlət Universitetinin “Elmi əsərlər” toplusunda, Elmlər Akademiyasının “Xəbərlər” və “Əlyazmalar xəzinəsində” məcmuələrində və başqa nəşrlərdə çıxan “Əhməd İbn Tulun vəTulunilər dövlətinin yaranması”, “Abbasilər xilafətinin tənəzzülü və parçalanmasına dair”, “IX-X əsrlər ərəb-Misir ədəbiyyatı haqqında”, “Tulunilər dövləti və qərmətilər”, “Abbasilər xilafətinin parçalanması və feodal dövlətlərinin yaranmasına dair”, “IX yüzilliyin ikinci yarısında Misirdə sənətkarlıq və ticarət”, ““Vafəyət əl-əyan”nın əlyazması”, “Suhrəverdiyyə sufi təriqəti haqqında”, “Əhməd Tantarani Marağai və onun “Tantaraniyyə” qəsidəsi”, “Azərbaycan tarixindən səhifələr”, “Azərbaycandan başlayan tarix”, “Bəzi sufi cərəyanları haqqında”, ““İslam və siyasət” yox, “uydurma təriqət””, “Hənəfəlik və onun əsas yönləri”, “Azərbaycan kitab mədəniyyəti tarixindən”, “Farabi və ibn Sina” (Şərq elminin sütunları silsiləsindən), “Elmlərin təsnifi tarixi”, “Azərbaycan elminin tarixindən” və başqa bir çox monumental tədqiqatlarını göstərmək olar.
Elçibəyin şah əsəri olan Bütöv Azərbaycan Birliyinə həsr olunmuş “Bütöv Azərbaycan yolunda” əsəri tamamilə başqa çəkiyə və başqa ölçüyə məxsusdur. Mən bir tarixçi kimi qeyd edərdim ki, bu əsər Azərbaycanın tarix elmində bir çevrilişdir. İnanıram ki, bu əsərin təsiri və köməyi ilə gələcəkdə Azərbaycanın tarixinə aid yüzlərlə elmi işlər yazılacaqdır. Başdan-başa nəzəri fikirlərlə dolu olan bu akademik əsər Azərbaycan tarixinə işıq saçan bir mayakdır. Son 15 il ərzində Azərbaycanın ictimai-siyasi və iqtisadi vəziyyətinə dair Elçibəyin saysız-hesabsız publisist məqalələri, müsahibələri və çıxışları davamlı surətdə Azərbaycanın, Türkiyənin və Avropa ölkələrinin bir sıra qəzet və jurnallarında dərc olunmuşdur. Onun mənəviyyat, saflıq və əxlaqla bağlı fikir və düşüncələri, eyni zamanda demokratiya, azadlıq və insan haqlarına dair yazıları bütün mətbuat səhifələrinin leytmotivinə çevrilmişdir. Vəfatından 3 il keçməsinə baxmayaraq Elçibəy mövzusu indi də cəmiyyətdə və mətbuatda daim gündəmdədir.
Azərbaycanın tanınmış milli ziyalılarının fikrinə görə Elçibəy əxlaq, mənəviyyat və bütövlük təcəssümü idi. Təmənnasızlıq, mətanət, saflıq nümunəsi idi.
Azərbaycan xalqı və bütün Türk dünyası Elçibəy dühasının əbədi yaşamasına inanır və buna əmindir.
“Yüksək amallarla yaşayan görkəmli şəxslər kimi Elçibəy də nəyi vardısa hamısını, hətta öz cansağlığını da xalqının azadlığı uğrunda mübarizəyə qurban verdi. O, hamının qayğısına qalırdı, özündən başqa”. (Hüseyn Abbaszadə, xalq yazıçısı).
“Vətənini, Millətini Elçibəy qədər sevə bilən ikinci bir adam tanımıram. Mənə görə Vətəni və Milləti fanatikcəsinə sevmədən o Millətə lazımi səviyyədə xidmət etmək mümkün deyil!” (Bəxtiyar Vahabzadə, xalq şairi).
Hörmətli ağsaqqal ziyalılarımızın Elçibəy haqqında söylədikləri bu fikirlər Elçibəy şəxsiyyətinin dahiliyini və ülviliyini tərənnüm edən danılmaz həqiqətdir.
Elçibəy hələ tələbəlik illərindən sovet rejiminin müstəmləkə siyasətinə qarşı mübarizə aparıb, gizli tələbə dərnəkləri yaradıb və azadlıq ideyalarını yayıb. Eyni zamanda o, Bütöv Azərbaycan ideyasını da dönmədən təbliğ edib. 1975-ci ildə Universitetdə müəllim işləyərkən tələbələr arasında antisovet təbliğatı apardığı üçün həbs edilməsi də onu yolundan döndərə bilmədi. 1988-ci ildə Azərbaycan Xalq Hərəkatı başlayanda məhz Elçibəy onun rəhbərlərindən biri oldu. O, hərəkatın təşkilatlanma forması olan Azərbaycan Xalq Cəbhəsini yaradanlardan (iyul 1989-cu il) biri və ömrünün sonunadək onun dəyişməz sədri olub. Məhz AXC-nin gərgin mübarizəsi sayəsində 18 oktyabr 1991-ci ildə Azərbaycanın müstəqilliyi haqqında tarixi AKT qəbul edildi.
Elçibəy Azərbaycan Milli Azadlıq Hərəkatının və Bütün Türk dünyasının lideri səviyyəsinə yüksələn bir şəxs kimi, həm də XX əsr dünya demokratik hərəkatının ən öncüllərindən biri olub. Şərqi Avropanın Demokratiya İnstitutunun prezidenti İrina xanım Lasotanın təbiri ilə desək Avropanın bir sıra görkəmli demokratları Elçibəydən çox şey öyrənməlidir. Demokratiya və azadlıq carçısı olan Elçibəyin təkcəTürk dünyasında deyil, bütün dünyada “Böyük Demokrat” imicinə layiq görülməsi və onun Avropanın ən qabaqcıl demokratları ilə müqayisə edilməsi təbiidir ki, Azərbaycan xalqının nəaliyyəti sayılmalıdır.
Fikrimizcə çağdaş Azərbaycan ictimaiyyətinin ən ümdə vəzifələrindən biri də dünya demokratiya tarixində “Böyük Demokrat Elçibəy” ifadəsini əbədiləşdirmək yolunda var qüvvə ilə çalışmaqdan ibarətdir.
XX əsrin sonu Azərbaycanın müstəqilliyinin gercəkləşməsində milli azadlıq hərəkatının lideri Elçibəyin danılmaz xidmətləri olmuşdur. Böyük demokrat Elçibəyin xidmətləri sayəsində Azərbaycanda demokratiyanın və vətandaş cəmiyyətinin inkişafının və demokratik institutların formalaşmasının əsasları qoyulub. Azərbaycanda ilk dəfə siyasi partiyaların və ictimai birliklərin yaranmasında Elçibəy böyük səylər göstərmişdir. O, istər xalq hərəkatına qədərki fəaliyyətində, istərsə də demokratik milli-azadlıq hərəkatında, eləcə də prezident olduğu müddətdə bütün əməli, siyasi və nəzəri fəaliyyətində demokratiya və insan haqları uğrunda mübarizə aparmış və bu mübarizə yolunda bu gün də müxtəlif sahələrdə fəaliyyət göstərən böyük bir siyasi məktəb yaratmışdır. Həmin məktəbin əsası, özülü demokratiya və insan haqlarının müdafiəsi prinsipləridir.
Mübaliğəsiz demək olar ki, Şərq dillərində yazılan qaynaqlarla dərindən tanış olan Elçibəy Yaxın və Orta Şərqin tarix, coğrafiya, ədəbiyyat, mədəniyyət, məntiq, din və fəlsəfi irsini hərtərəfli, yüksək səviyyədə bilirdi. O, Farabi, İbn Sina, Biruni və Tusi kimi klassik türk mütəfəkkirlərinin fəlsəfə, məntiq, dövlətçilik və dövləti idarəetmə qanun və qaydaları haqqında yazdıqları əsərləri dərindən mənimsəməklə yanaşı orada irəli sürülən şərtlərə əməl etmək iradəsinə qabil olan bir şəxsiyyət idi. Məhz Elçibəyi başqalarından fərqləndirən
xüsusiyyətlərdən biri də bu sayılır. Bu məsələ ilə bağlı Elçibəyin özü belə deyir: “Mən Azərbaycan türklərinə dünyanın bir neçə böyük şəxsiyyətlərini öyrənməyi məsləhət bilirəm. Onlardan birincisi bütün zəmanələrin ən böyük dahisi olan Məhəmməd peyğəmbərdir. Onun həyatını, peyğəmbərlik tarixini, ideyalarını, hədislərini, ümumiyyətlə dövrünü yaxşı bilmək lazımdır. İkincisi Farabidir; onun dini və fəlsəfi baxışları ilə tanışlıq elmimiz üçün olduqca faydalı olar. Üçüncüsü və dördüncüsü Məmmədəmin Rəsulzadə ilə Mustafa Kamal Atatürkdir ki, onları bütövlükdə incəliklə mənimsəməyi hər bir Azərbaycan ziyalısına gərəkli, siyasətçilərimiz üçün isə həyati zərurət sayıram. Yeni çağdaş dünyanın qapılarını necə açmaqla onların irsi ən dəyərli yardımçımız olacaq. Şəxsən mənim dünyabaxışım onların nəzəri irsinə dayanıb və indi də fəaliyyətimdə onların göstərişlərini əsas götürürəm”. Elçibəy keçirilən tədbirlərdə dəfələrlə bildirmişdir: “Mən Məmmədəmin Rəsulzadəni peyğəmbər sayıram - türkün peyğəmbərlərindən biri də Məmmədəmin Rəsulzadədir. Bunu Məhəmməd peyğəmbərin özü deyib ki, məndən sonra elə adamlar gələcəklər ki, onlar keçmiş peyğəmbərlərin çoxundan üstün olacaq. Mən Məmmədəmin Rəsulzadəni, İsmayıl bəy Qaspıralını, Mustafa Kamal Atatürkü, Əli bəy Hüseynzadəni o cür şəxslərdən sayıram. Çünki bu adamların dediyi sözləri 50, 100 il sonra həyata keçib və keçməkdədir. Nə fikir ortaya qoyublarsa hamısı gerçəkləşməkdədir. Ona görə onları peyğəmbər qismində sayıram”.
Həmin meyarla yanaşıldıqda Elçibəyin özü də qutsal elçilərdən, peyğəmbərlərdəndir, çünki onun keçdiyi həyat yolu və fəaliyyəti onlarınkına çox yaxındır. Bəllidir ki, Elçibəydə insanlara qarşı olan sevginin hüdudu yox idi. O, həmişə deyirdi ki, Tanrıya olan sevgi millətdən keçir. Millətini sevdikcə Allaha daha yaxınlaşırsan. Elçibəyin insanlara olan münasibəti - onlara şəriəti, təriqəti, mərifəti və həqiqəti aşılamaq prinsipindən irəli gəlirdi.
Bunu da qeyd etmək vacibdir ki, ömrünü Azərbaycanın azadlıq mübarizəsinə həsr edən Elçibəyin fəaliyyəti, zəhmət və xidmətləri xoşbəxtlikdən hədər getmədi. Bu mübarizə öz bəhrəsini verdi; 200 il rus imperiyasının basqısı, zülmü və təzyiqi altında çabalayan Azərbaycanın Şimalı öz azadlığına qovuşdu. Təməlini qoyduğu ideologiya sayəsində isə Azərbaycanın Güneyinin də yaxın zamanlarda öz azadlığına qovuşmasına artıq heç kimdə şübhə yoxdur. Yazını hörmətli ziyalımız Vaqif bəy Sultanlının sözləri ilə bitirirəm:
“Bir zaman gələcək ki, ikiyə bölünmüş Azərbaycan birləşəcək, bütövləşəcək və Elçibəy birləşmiş, bütövləşmiş Azərbaycanın ən böyük qəhrəmanı olacaq”.
Mircəlal Yusifli,
Elçibəy İrsini Araşdırma Mərkəzinin direktoru
Dostları ilə paylaş: |