CƏNUB ZONASININ BƏZİ MÜALİCƏVİ ƏHƏMİYYƏTLİ BİTKİLƏRİ VƏ ONLARDAN İSTİFADƏ İMKANLARI
Səfərov H.M., Məmmədova G.T.
AMEA Mərkəzi Nəbatat Bağı
Azərbaycan Respublikasının cənub bölgəsi özünün zəngin florası ilə həmişə diqqəti cəlb etmişdir. Burada müalicəvi xüsusiyyətləri ilə fərqlənən çoxsaylı növlər arasında nadir endemik və həmçinin üçüncü dövr relikt növlərinin də yer alması xüsusi əhəmiyyət kəsb edir. Əsrlərlə yerli əhali tərəfindən müalicə məqsədi ilə istifadə olunan bitkilərin bir qismi müasir dövrdə də effektiv təbabət vasitəsi kimi dəyərlidir.
GİRİŞ
Dərman bitkilərinin tərkibi haqqında komputer bankının məlumatlarına əsasən Azərbaycan ərazisində yayılmış dərman bitkiləri arasında ot növləri üstünlük təşkil edir-1232 növ. Bu sırada ağac və kolların sayı xeyli azdır (müvafiq surətdə, 119 və 124). Yarımkol, kolcuqlar və yarımkolcuqlar çox zəif təmsil edilmişdir, onların sayı 13 növ ilə 22 növ arasında dəyişir. Lianların payına isə yalnız 1 növ düşür [7]. Yerli əhali tərəfindən hələ qədimdən bəzi bitki növlərindən alınan cövhərlər, dəmləmələr müxtəlif xəstəliklərin müalicəsində istifadə olunmuş və müasir dövrdə də elmi-praktiki təbabətdə tibbi xammal kimi istifadə edilir [9].