4. Bu barədə Abdulla Şaiqin xatirələrində ətraflı bəhs olunur.
Məşhur pedaqoq, maarif xadimi Əlməmməd Mustafayevin (1) xatirələri
1906-cı ildə müəllimlik yeri almaq üçün Bakıya gəldim və Bakı quberniyası və Dağıstan vilayəti xalq məktəblərinin müdiri A.S.Txorjevskiyə (2) müraciət etdim. Boş yer olmadığından mənə Şamaxıya qayıdıb gözləməyi təklif etdilər. Bir neçə gün Bakıda gəzib özümə müəllimlik yeri axtardım və Tağıyev fabrikinin nəzdində olan məktəbdə (məktəbi Tağıyev özü açmışdı) boş müəllim yeri olduğunu bilib, ora getdim, ərizəmi fabrikin müdiri Ələsgər bəy Mahmudbəyova (3) təqdim etdim. Bu adam Hacının hesabına oxumuş və ali təhsil alandan sonra fabrikə müdir təyin olunmuşdu. O, məni məktəbin müdiri Əbdülkərim Vəlibəyovun (4) yanına göndərdi. Müdir mənim təyin olunmağıma razılıq verdi. Təyinatımı alan kimi bir neçə dəfə fabrikə getdim. Məktəbin binası iki sinif, bir müəllim otaqlarından və şagirdlər üçün yemək otağından ibarət idi. Bu otaqda hər gün ikinci dərsdən sonra uşaqlara pulsuz yemək verilirdi. Məktəbdə oxuyan şagirdlər fabrikdə işləyən fəhlələrin uşaqları idi. Bu uşaqlara kitab, dəftər, qələm və s. fabrikin hesabına verilirdi.
Bir müddət sonra mən təyinatımı aldım və onu bir neçə gün özümdə saxlayıb fabrikə getmədim, çünki şəhərdə müəllim yeri almaq üçün şəhər dumasının məktəb şöbəsinə də ərizə vermişdim. Məktəb şöbəsi məni şəhər məktəbləri üçün ehtiyat müəllimi təyin etdi. Bu səbəbdən artıq fabrikdən əl çəkdim və bu yerə başqa bir müəllim təyin olundu.
1910-cu ildə I rus-tatar (rus-Azərbaycan – F.C.) məktəbində müəllim işləyirdim. Məktəbin müdiri Əlicabbar Orucəliyev (5) idi. Məktəbdə səkkiz paralel qrup var idi. Biz uşaqları fabrikə ekskursiyaya aparmalı olduq. Bunun üçün məktəb adından Hacının kontoruna müraciət edib icazə istədik. Bizə icazə verildi və ertəsi gün səhər saat 9-da bizi barkasa mindirib fabrikə yola saldılar. Fabrikin müdiri Ələsgər bəy Mahmudbəyov bir mühəndis çağırtdırıb ekskursiyanın keçirilməsini ona tapşırdı. Bu adam bizə bütün sexləri göstərdi. Pambıq tayının seçilməsinə, bez və çit topların bağlanmasına tamaşa etdik. Mühəndis 6-7 saat bizi burada dolandırıb uşaqlara gözəl məlumat verdi. Fabrikdə işləyən fəhlələrin çoxu iranlılar (Cənubi Azərbaycandan gələnlər – F.C.), tatarlar (Volqaboyundan gələnlər – F.C.) və ruslar idi. Usta başçılarının hamısı isə azərbaycanlılar idi. Gəzib qurtarandan sonra fabrik nəzdində olan məktəbə toplaşdıq. Müdir bizə dedi:
- Sizin üçün xörək və çay hazırdır, uşaqlarla birlikdə yemək otağına keçin, nahar edəndən sonra barkas sizi şəhərə aparacaq.
Nahardan sonra fabrik müdiri, məktəb müdiri və müəllimlər bizi körpüyə kimi yola saldılar, biz paroxoda minib şəhərə qayıtdıq.
Bakı şəhərində açılan ilk qız məktəbi Hacı Zeynalabdinin məktəbi idi. Bu məktəb “Aleksandrinski müsəlman qız məktəbi” adlanırdı. Məktəbin Kommunist küçəsindəki (6) gözəl binasında hal-hazırda Ali Sovet (7) yerləşir.
Məktəbdə tədris müddəti 8 il idi. 7 il ümumtəhsil dərsləri, 8-ci ildə isə pedaqoji elmlər keçilirdi. Rus dili isə ayrıca fənlər arasında keçilirdi. Bu məktəbi bitirən qızların ibtidai məktəblərdə dərs demək hüququ var idi. Oxuyan qızların çoxu Azərbaycanın rayonlarından - Nuxa, Şamaxı, Lənkəran, Salyan, Qubadan idi. Məktəbin müdirəsi Məryəm xanım Sulkeviç (8) idi. Onun ali təhsili vardı.
Oxuyan qızlar müasir məktəbli formasını geyinirdilər. Bütün xərcləri Hacı ödəyirdi. Məktəbin yaxşı sinifləri, müəllimlər, yataq otaqları var idi. Bir sözlə, bu böyük binada yalnız məktəb yerləşirdi.
Buranı bitirən qızların bəziləri hal-hazırda Bakı şəhərində yaşayırlar. Məşhur müəllim Həbib bəy Mahmudbəyovun (9) qızı mənim xalamın nəvəsidir, o da bu məktəbdə oxuyurdu. Atasının yazılı zəmanəti ilə mən cümə axşamı günlərində qızın dalınca gələrək, onu evə aparırdım. Novruz bayramında məktəbdə təntənəli mərasimlər keçirilərdi. Həmin günlərdə rus-tatar məktəblərində işləyən bütün müəllimlər, ziyalılar buraya gələr, qızların gözəl çıxışlarına tamaşa edərdilər. Məktəbin müfəttişi Soltan Məcid Qəniyev bu mərasimlərin daimi iştirakçısı idi. Çıxışlardan sonra qonaqları şirniyyat masasına dəvət edirdilər. Tədbir məktəb müdirəsinin nitqi ilə başa çatırdı.
Mənim qısa təsvirimdən bu məktəbin necə böyük rol oynadığını görmək olar. Hacının oradakı çıxışlarından birini misal gətirmək istərdim: “Bizə savadlı analar lazımdır”. Bu məktəbə qarşı mollalar və qaragüruhçular tərəfindən çoxlu təpgilər olurdu. Lakin məktəb onlara fikir vermir və öz fəaliyyətini davam etdirirdi. O nümunəvi məktəb olmuş və çoxlu müəllimələr hazırlamışdı.
Hansı ildə açılması dəqiq yadımda deyil, gərək təxminən 1897-98-ci illərdə olsun. Şamaxıda Cümə məscidi nəzdində şəhər əhalisinin vəsaiti hesabına gözəl bir bina tikilirdi. Bu, məktəb binası idi. Onun tikintisinə kömək üçün Hacı Zeynalabdin Tağıyev 500 rubl göndərdi və bina tikilib başa çatdırıldı. O zaman məktəbin müdiri Şeyxzadə Hafiz Əfəndi idi (10), müəllimlərdən ancaq bunlar yadımdadır: Ömər Faiq Nemanzadə (11), Molla Məhərrəm. Məktəbdə bütün dərslər ana dilində idi. Rus dili müəllimi Xristofor (soyadı aydın deyil - F.C.). Məktəb 1902-ci ilə kimi davam etdi və zəlzələdə uçulub dağıldı.
Hacının bağı Mərdəkanda idi. Bir gün Hacı Mərdəkan ağsaqqallarını yığıb onlara dedi: “Camaat, bir yerə yığılın, priqovor (qərar – F.C.) yazın, kəndinizdə məktəb açılmasını dövlətdən xahiş edin. O ki qaldı məktəb üçün binaya, onu mən özüm tikdirəcəm, sizin heç bir xərciniz olmayacaq”. Müəyyən gündə kəndlilər priqovoru gətirib Hacıya verməyi vəd edirlər. Ancaq o gün priqovor gəlib çıxmır. Bir gün Hacı danışıq apardığı adamlardan birinə rast gəlir və priqovorun nə üçün gətirilmədiyini soruşur. O adam Hacıya belə cavab verir: “Sizdən sonra biz gedib vəkillə danışdıq. O bizə belə cavab verdi: “Hacı istəyir ki, sizin də qızlarınız onun arvadı və qızları kimi üzü açıq gəzsinlər”. Bu səbəbdən də camaat bu işdən soyudu və sizin yanınıza gəlmədi”.
Bunu biləndən sonra Hacı dübarə Mərdəkana gedir, camaatı toplayıb priqovor yazdırır və Bakı quberniyası və Dağıstan vilayəti müdirindən məktəbin açılmasına icazə alır, məktəb üçün gözəl bina tikdirir. Mənimlə bir məktəbi bitirən yoldaşım Hüseyn Səfərəliyev bir neçə il burada müdir olmuşdu.
Bakıda bir neçə xeyriyyə cəmiyyətləri var idi: “Nicat” (12), “Səfa” (13), Nəşri-maarif“, “Səadət” (14) və “Cəmiyyəti-xeyriyyə”. “Nəşri-maarif” cəmiyyətinin sədri Hacı, katibi Əlisgəndər Cəfərov (15) idi. Bu adam ali ibtidai məktəb müəllimlərindən idi. Həmin binada indi 18 №-li məktəb yerləşir.
“Nəşri-maarif” cəmiyyəti bir neçə il ərzində Bakının kəndlərində ana dilində məktəblər açmışdır. Bu məktəblərin birisi də şəhərdə “Hacı İmam Əli” məscidinin həyətində idi. Müdiri də Hacı Səlim Saleh idi. Bu məktəblərdə dərslər ana dilində aparılır, ancaq rus dili də öyrədilirdi. Məktəblərə təhsil və tərbiyə cəhətdən Soltan Məcid Qəniyev nəzarət edirdi. Bu məktəbin xeyrinə Novruz bayramı günləri böyük rautlar və ildə bir dəfə müsamirə (ənənəvi gecə) verilirdi. Bir il bu müsamirədə 24000 rubl təmiz mədaxil götürülmüşdür.
“Nəşri-maarif” cəmiyyəti maarif işlərində böyük rol oynamışdır.
Bakı milyonçularından Musa Nağıyevin təkcə bir oğlu olur, adı da İsmayıl. Bu uşaq vərəm xəstəliyindən ölür. Hacı oğlundan yadigar kimi “Cəmiyyəti-xeyriyyə” üçün bir bina tikdirməyi Musanın boynuna qoyur. Musa bu binanı tikir və adını da “İsmailiyyə” qoyurlar. Bina “Cəmiyyəti-xeyriyyə”nin binası olur. Bu evin yerində çox murdar bazar (“Şeytan bazar” adlı) var idi. Sonra Hacı uşaqlar üçün bir xəstəxana tikdirməyi də Musanın boynuna qoyur. Semaşko xəstəxanasının (16) baş korpusu uşaqlar üçün tikilən xəstəxananın binasıdır.
Bakıda bir neçə qəzet, jurnal Hacının hesabına çıxırdı. Məşhur şair Məhəmməd Hadinin (17) “Firdovsiyə hamat” kitabı Hacının hesabına çap olunmuşdur.
Bakı dumasına (18) bir neçə ziyalının “qlasnı” seçilməsinə Hacı səbəb olmuşdur, çünki Bakıda əmlakı olmayan adamlar “qlasnı” seçilə bilməzdilər.
19 avqust 1956-cı il.
MATM NF, №№ 19962, 20098, 20099, 21000, 21022
ARDƏİA: f. 675, s. 2, s. v. 105, vv. 42-43
Qeyd və şərhlər:
1. Əlməmməd Mustafayev (1883-1970) – maarif və ədəbiyyat xadimi, pedaqoq. 1906-cı ildən Bakının ibtidai, orta və ali məktəblərində müəllim işləmişdir. “Molla Nəsrəddin” jurnalının əməkdaşlarından biri idi. Dahi yazıçı Cəfər Cabbarlının və akademik Məmməd Arif Dadaşzadənin ilk müəllimi olub.
2. Aleksandr Semyonoviç Txorjevski (?-?) – 1894-1914-cü illərdə Bakı quberniyası və Dağıstan vilayətinin Xalq Məktəbləri Müdiriyyətinə başçılıq edib. Təhsilin inkişafında, məktəb şəbəkəsinin genişlənməsində böyük xidmətləri olub. 1914-cü ilin əvvəlində Bakı şəhər idarəsi şəhərin beş məktəbində onun adına təqaüdlər təsis etmişdir.
Dostları ilə paylaş: |