Azərbaycan Milli Elmlər Akademiyası Milli Azərbaycan Tarixi Muzeyi



Yüklə 0,68 Mb.
səhifə3/96
tarix10.01.2022
ölçüsü0,68 Mb.
#107676
1   2   3   4   5   6   7   8   9   ...   96
Nəriman Nərimanov
Hacı Zeynalabdin Tağıyevin əlliillik məişəti və

cəmaatə xidmətləri
Ey gənc, ixtiyari zair!

Ey aqilü biqərari zair!

Manəndi-kab söylə-söylə:

Bilməm haraya gedirsən öylə.

Yüz dəxi eyləsən siyahət

Bir kərə düşün ki, ən nəhayət:

Aramkəhin bu yer deyilmi?!

Bu qəbri bəqa əsər deyilmi?!
Doğrudur! Yüz səyahət etmək, yüz dolanmaq, yüz çalışmaq: axırımız qara torpaqdır... İnsanın başında yüz min qara yazılar, yüz min fikirlər! Həyatda yüz min dərələr, yüz min quyular, hesabsız açılmayan düyünlər, ruzigarın yüz min oxları, gündə min dəfə nəfsini satmaq, pərvanə kimi özünü odlara yapmaq, səadətdə dəfələrlə ölüb diril-mək, tək nəfsin üçün min nəfsi puç etmək - bunlar hamısı nədən ötrüdür? Həyatdan ötrü deyilmi? Həyat nədən ötrü-dür? İnsanın dəyirmanı boş qalmamaqdan ötrümü? Heyif! Təəssüflər olsun! Hərgah belədirsə.

Yırtıcı heyvan şikarını edib, qarnı tox olanda qeyri-şikar dalınca getmir. Yoxsa insan yırtıcı heyvan insafında da olmadı? Çox heyif!

Gər qara daşı qızıl qanilə əlvan edəsən!

Rəngi təğyir tapar, ləli-Bədəxşan olmaz!”

Elə də biz: ha çalışaq özümüzü tərif etməyə, ha çalışaq murdar sifətlərimizi pünhanda tutmağa - insaf məqamında yırtıcı heyvandan alçaq, biinsaf, bimürvət görünürük. Hə-min məsələ bizim üçün nəhayətdə ağırsa da, nə xeyri, be-lədir, əzizim.

Hərgah insanın həyatı həqiqət bir yemdən ötrü olsay­dı, onda nə lazım olmuşdu bizim üçün aləmi xəlq eləyənin gözəl və birinci bəxşişi ki, şüur olsun? Bəli, insan ancaq şü­ur­la heyvandan ayrılıbdır. Belə olan surətdə demək olarmı ki, insan həyat edir dəyirmanı buğdasız qalmamaqdan ötrü? Hərgah belə olsaydı, nə lazım düşmüşdü milyonlarla adamlar şan-şövkətindən əl çəkib xalqı düz yola gətirirdilər və meydani-hərbdə həqiqəti tapmaq üçün canlarını fəda edir­dilər. Həqiqət meydanında can fəda edənlər gözləri gör­üb ağılları qəbul etmirdi ki, bunlarla bir cinsdə olan in­san zülmətdə qalıb əqli paslansın və ürəyi daş olsun! Bu insanlar öz həmvətənlərini nadan görüb, onları nadanlığın zindan­ından xilas etməyə çalışırdılar! Bu fədakarlar Böyük Allahın gözəl olan nemətini öz vətəndaşlarında uyğun gəl­mədiyini görüb, həmin nemətin cilalanmasına çalışır­dılar. Bu şəxslər öz məqsədlərinə çatmaq üçün şan-şövkətdən, mal və döv­lətdən, həyat yoldaşlarından və övladlarından keçir­dilər. Həqiqət! Hərgah yaşamaq hər şəxsin yalnız öz nəf­sinin xoş keçməyindən ötrü olsaydı, bu adamlar dünyanın ləzzətindən üz çevirməzdilər.

İndi məlum olur ki, Xudavəndi-aləm insanı heyvan­dan şüurla ayırıb, onun boynuna bir təklif qoyubdur. Bö­yük təklifdirmi? Bəli, çox böyük, çox ağır təklifdir... Bu təklif həmin o təklifdir ki, cəmi peyğəmbərlər onun yolunda can fəda ediblər, həmin bu təklif dinləri və məzhəbləri birləşdirir və insanı zülmətdən xilas edir. Bu təklif aləmlərin Rəb­binə yaxın olmaq deyilmi? Bəli... Hərgah insan ancaq həyatından ötrü yaranmış olsaydı, aləmlərin Rəbbi ona ağıl bəxş etməzdi və ağıl olmasaydı, həmin təklif insana borc olmazdı, necə ki, heyvanata borc deyil!...

Bu məsələdə cəmi üləmaların təsəvvürləri birdir: insan gərək cəhd edib böyük Allaha yaxınlaşsın, yəni onu tapsın, bilsin, tanısın... Görək, yaxın olmağa səbəb vardırmı? Əvvəlinci səbəb və düz yol ancaq “yaxşılıqdır”, yəni insanın yaxşı və gözəl əməlləri. İnsan ancaq yaxşı əməlləri və gözəl sifətlərilə aləmlərin Rəbbinə yaxınlaşa bilər: onu tapar, bilər, tanıyar.

“Yaxşılıq” insanın sifətlərindən biridir. Ancaq bu sifətə cürbəcür mənalar verib anlayıblar. Məsələn: bir nəfər zəngin şəxs çox çörəklidir, yəni evinə qonaq gələndə canü-dildən qulluq etməyə hazırdır, qonaqsız nahar etmir - bu şəxsə “yaxşı” deyirlər. Və ya külfəti çox olan şəxs gecə və gündüz çalışıb dövlət qazanır ki, külfəti nəinki ac qalmasın və hətta öləndən sonra övladı üçün çoxlu dövlət qoysun - buna deyirlər “yaxşı” adam idi, çünki vəfatından sonra külfətini ac qoymadı. Və ya dövlətli şəxs dövlətliyə yaxşılıq edir - onlar da bir-birinə “yaxşı” deyirlər. Və ya bir şəxs dövlət içində bir kəsə nə yamanlıq və nə yaxşılıq edib, ibadətlə məşğuldur - buna da adətən “yaxşı” deyirlər. Və ya abid yüz il ömrünü ibadətdə çürüdüb xurma ilə dolanır, öləndən sonra ona “yaxşı” deyib rəhmət oxuyurlar...

Görək, yuxarıda zikr olunan şəxslərin “yaxşılıqları” onlar üçün Xudavəndi-aləminin zat-pakını tanımağa, yəni ona yaxın olmağa yol açırmı? Xeyr! Bu “yaxşılıqlar” məxsus nəfs üçündür, bir şəxs üçündür, nəinki Allah üçün. Həmin adamların adları ancaq ölən günü dillərdə zikr olunur, ancaq ölən günü deyirlər: “Allah rəhmət eləsin, yax­şı kişi idi, qonaq sevən idi, övladına böyük məbləğ qoydu, abid idi, saleh idi...” Çox az vaxtdan sonra bunların adları nəinki qeyrilərin, hətta öz övladlarının dillərində zikr olun­mur, çünki həmin şəxslər ancaq öz nəfsləri tox olmaqdan ötrü yaxşılıq etmişdilər.

Hərgah bu biçarələr həyatlarında öz yaxşılıqlarını cəmaətə, millətə, dinə sərf etsəydilər, əlbəttə, öləndən sonra on­ların adları cəmaətin, millətin və dindarların qəlblərində kök salıb əbədi qalardı. Gündə yüz dövlətli basdırıb öz-özümüzə deyirik: “Ey biçarə, bu qədər çalışdın, vuruşdun, axırda özünlə nə apardın? İki arşın bez, iki arşın qara torpaq.” Qoyduğun dövlət öz tərbiyəsində olan uşaqlarına keçib axırda fani olar. Təəccüblüdür! Bəs nədən ötrü bu bədbəxt çalışırdı? Bununla belə, min ildən bəri ölənlərin adları bu vaxtadək dillərdə zikr olunur və olacaqdır? Bəs bunların adlarının dillərdə zikr olunmağının səbəbi nədir? Bunlar nə ediblər ki, yaddan unudulmayırlar? Bunlar öz cinslərinin yolunda can fəda ediblər: yoxsullara əl uzadıb, onları aclıqdan xilas ediblər - çünki hər millətin əzab-əziyyətdə yaşamasına ümdə səbəb kasıblıqdır, susuz yerdə su çıxardıblar, yetim uşaqlara xidmətçi olub, onlara lazımi tərbiyəni veriblər, elmləri insana asan edib, həmin vaxt millətin dərdlərinə dərman axtarmaqda ömürlərini sərf ediblər. Bizim təsəvvürümüzə görə, bu cins şəxslər aləmlərin Rəbbinin zat-pakını biliblər. Ancaq bu şəxslər millətin bəzəyi olub dinə rövnəq veriblər. Bu şəxslərin millətə olan xidmətlərini millət hiss etmirmi? Millətin bu şəxslər barəsində olan dua və təriflərini böyük Allah eşitmirmi? Vay o şəxsin halına ki, həyatı öz nəfsi üçün keçibdir! Afərin o şəxslərə ki, insanın yaxşılığından ötrü çalışıblar! Həmin şəxslər hansı millətdə olsa, o millətin gülü hesab olunurlar. Bun­ların ətri sonradan dünyaya gələn cavanları ətirləndirir, yəni onların qeyrəti gələcəkdə millətin balalarını qeyrət­lən­dirir, onlara bir növ tərbiyə verir ki, onlar da bu dünyada cəmiyyət xeyrindən ötrü can qoysunlar, özlərini heyvana oxşatmayıb Allah-təalanın verdiyi neməti puç etməsinlər...

Mədəniyyətli millətlər bu şəxslərin vəfatından sonra nişangahlar tikirlər, onların həyatı ilə bağlı hadisələri yazıb, tərcümeyi-hallarını uşaqlara oxudurlar. Bu cins şəxslərin isim­ləri hörmətlə dillərdə zikr olunub, nəsilbənəsil millət ba­lalarının arasında intişar tapır. Yeni nəsil bunların barə­sində oxuyub və eşidib, özünü onlara oxşadır və vaxtında millətin bəzəyi olur. Bu minvalla qeyrət, şərəf və comərdlik artır...

Bunların bədənləri bir zamandan sonra torpaq olursa, ruhları onların gözəl əməllərindən ləzzət çəkir... Həqiqət! Yüz ildən sonra bu şəxslərin məzarlarını açsaq, ancaq tor­paq görərik. Bununla belə, adları dillərdə söylənəndə fikir­ləşirsən ki, bu şəxslər ölməyiblər, əbədidirlər. Nə mal, nə şan, nə şövkət insanın öz nəfsi üçün olsa, onu xoşbəxt etməz. İnsanın xoşbəxtliyi onun həyatından sonra isminin hörmətlə dillərdə zikr olunmağındadır. Bu mərtəbəyə çat­maq­dan ötrü fədakarlıq lazımdır, yəni tək nəfsinə görə yaşa­mayıb, bədəndən və ruhdan zəif həmmillətə gərək kömək edəsən...

Müsəlmanlardan bu qeyrətdə olanları görməmişiksə də, ancaq adlarını tarixlərdə oxuyuruq və düşünürük ki, millət yolunda can qoyanlar bizlərdə də varmış. Bu möhtə-rəm şəxslər hər əsrdə olublar, vardırlar və olacaqlar. Ümu-mi xeyirdən ötrü indiki əsərimizdə insafımız rəva görmür ki, cənab Hacı Zeynalabdin Tağıyevi nəzərimizdən keçirmə-yək, ta gələcəkdə millətin balaları bu cənabın millətə qeyrə-tini, vətənə məhəbbətini, insana xas comərdliyini tarixdə oxuyub gözləri rövşən və qəlbləri şad olsun.

Həqiqət hal! Bu möhtərəm şəxs bir başqa insandır ki, ruzigar bizlərə bəxş edibdir! Millətin bəzəyi, ruzigarın qiy­mətli əsəri olan bu şəxsin adını tarixə salmaya bilərikmi?

Bəli, 62 yaşında hörmətli Hacı ruzigarın bəlalarına sinə gərib, milyonlar qazanıb, özü ilə qəbir evinə nə apara-caqdır? İki arşın bez! Həyatından sonra qoyduğu milyon-larmı adını tarixdə əbədi qoyacaqdır? Xeyr! 50 ildə qaza-nılmış milyonlar bir ayın ərzində fani ola bilər. Bu milyon-ların dinə və millətə rövnəq, insanın ruhuna qida verməklə sərf olunmağı onun adını qeyrətli din qardaşlarının ürək-lərində həkk edəcəkdir.

Bu möhtərəm şəxsi tərif etməkdən qabaq lazım görü-rük oxucularımıza onun müxtəsər tərcümeyi-halını yazaq, ta görək, hörmətli Hacı milyonları necə qazanıb və millətə, in-sana nə xidmətlər göstəribdir. Görək, bu cins şəxsin hörməti bizlərə vacibdir, ya yox? Hərgah vacibdirsə, qeyrətli din qardaşlarımız, mədəniyyətli millətlər cənab Hacı Zeynal­abdin Tağıyevə öz hörmətlərini, məhəbbətlərini 1901-ci il sentyabrın 20-də göstərə bilərlər. Həmin bu ayda cənab Hacının məişətinin, millətə və insanlara xidmətlər göstər-məyə başlamasının 50 illiyi tamam olur (1). Həmin gün hörmətli Hacının ömründə gözəl və böyük bayramlardan biridir, hansı ki, mindən bir adama görməyə müyəssər olur. Həmin bu gün bu möhtərəm şəxsin ruhu fikrə gəlməyən ləzzəti hiss edəcəkdir! Həmin bu gün onun nəsli pərvər-digari-aləmə əl götürüb razılıq edəcək ki, bu şəxsin nəslin-dən dünyaya gəlib! Həmin bu gün məşhur, mərifətli, qeyrətli din qardaşlarımız və vətəndaşlarımız bu cür şəxsin varlığı-nın daimi olmasını Xudavəndi-aləmdən yalvaracaqlar. Hə-min bu gün ədəbiyyat əhlinin qələmləri tarixlər səhifəsində işləyəcəkdir! Həmin bu gün ürəkləri daş, ağılları pas, dilləri pis kəslər həsədlə bayram sahibinə baxacaqlar. Həmin bu gündə yaxşılığın əbədi olmağı və yamanlığın faniliyi gün kimi aşkar olacaqdır! Bəli, bu bir başqa gündür! Başqa bayramdır! Başqa səadətdir insanın ömründə! Bu bir başqa aləmdir! Başqa haldır! Başqa hissiyyatdır insanın həya­tında! Xudavəndi-aləm əmr əta etsə, biz – çox kiçik millət qulu bugünkü günü görüb axırıncı sözümüzü deyərik və vaxtında cənab Hacının ətraflı tərcümeyi-halını yazmaqla məşğul olarıq.

Hacı Zeynalabdin Tağıyev 1256-cı ildə (yanvar, 1838) Bakıda anadan olub (2). Atası Tağı başmaqçılıq edib öz külfətini dolandırardı. On yaşından H.Z.Tağıyev atasının tərbiyəsində olubdur (3). Atası külfət qeyrəti çəkən, zəh-mətdən qorxmayan bir şəxs idi və həmişə oğlu Zeynal­ab­dinə bu nəsihəti edərdi: “Oğlum, zəhmətdən qorxma, çalış ta axırda özgəyə möhtac olmayasan”. Bu sözlər balaca, həssas uşağın qəlbində günbəgün yer edirdi. On yaşında uşaq atasının zəhmətini görüb, hissli ürəyi qəbul etmirdi ki, atası yalqız zəhmət çəksin. Ona görə təvəqqe edir ki, onu bir işə qoysun, tainki öz çörəyini qazana. Atası razı olub, on yaşında oğlunu bənna yanına palçıq daşımağa qoyur. Bu işdə uşağa gündə 6 qəpik verirlər, o isə birinci qazancını evə, atasına gətirir. Atası pulu götürüb, bir qədər çörək və pendir alır, sonra oğluna xeyir-dua verib deyir: “Pərvərdigara! Çox şükür ki, oğlumun qazancını yeyirəm”. Bu söz uşağın qəlbinə çox təsir edir. Bu gündən uşaq zəhmətini artırıb, öz gücündən artıq işlərə əl atır. Palçıq daşımağa kifayət etmə­yib, daşçıların işlərinə diqqət edir. On iki yaşında daş yon­mağa başlayır, on beş yaşında bənnalıq sənətini yaxşı öy­rənir, inşaatçı mühəndislərin işlərinə diqqət edirdi. Bən­na­lıqla kifayətlənməyib, bir müddətdən sonra podrat işlərinə yapışır. Mənfəətli podratlar hesabına bir qədər pul düzəldir (4). 1873-cü ildə podrat işlərini buraxıb, neft işlərilə məşğul olmağa başlayır. Neft işlərində dörd dəfə ruzigarın böyük zərbələrinə düçar olubdur ki, qazandığı pul əlindən bir­də­fə­lik gedib. Amma bununla belə, məyus olmayıb özünə istira­həti haram edib və gününü zəhmətdə keçiribdir. Həmin bu vaxtlar atalıq borcunu fikrindən unutmayıb, uşaqlarına la­zım olan tərbiyəni veribdir. Bu vaxtlar böyük oğlu İsmayıl (5) realnı məktəbi qurtarıb, atasına kömək edirdi, kiçik oğlu Sadıx (6) isə oxuyurdu. Vaxt olur ki, Hacı Bibi­heybətdə şərikli yer icarə edir və buruq salmağa məşğul olur. Xərc gündə artırdı, amma neft heç görünmürdü. Şərik yoldaşı buna davam gətirməyib, öz hissəsini Hacıya satır. Hacı isə borcdan qorxmayıb, başladığı işi qabağa aparır. Bu vaxtlar Hacı üçün çox ağır keçirdi. Xərc günbəgün artırdı, amma qazılan quyudan neft nişanəsi görünmürdü. Bunuнla belə, zəhmətkeş Hacı ümidini kəsməyib zəhmətinin meyvəsini gözləyirdi. Həmin bu məşəqqətdə olarkən qazıdığı quyudan neft fəvvarə vurdu və Hacı məqsədinə çatdı. Bu gündən Hacı günbəgün qabağa gedir.

Zavodda qulluq edənlər söylərlər: “Biz bu şəxsin səbrinə və zəhmətinə təəccüb edirdik: bilmirdik ki. Hacı 24 saatda nə vaxt rahat olur”. Hörmətli Hacı atasının sözlərini qulluqçularına deyirmiş: “Zəhmətdən qorxmayın, uşaqlar!” Həmin qulluq edənlər söylərlər: “Hərçənd bizə rahatlıq yoxsa da, Hacının mülayimliyi və insaniyyəti bizim ona can-dildən xidmət etməyimizə səbəb olmuşdu. Bizə yaman söz deməyib təqsirimizdən keçirdi”.

Bu minvalla dövlət günbəgün artırdı. Amma bununla belə, hörmətli Hacı yetimləri və yoxsulları yaddan çıxar-mazdı. Canları saf adamlar yolçuluq edəndə, pul verməyib işə göndərərdi, ta özləri zəhmət çəkib pul qazansınlar, əlsiz-ayaqsızlara pul verib imkanı qədər kömək edirdi. Bunu öz dövlətinin müqabilində az görüb, hörmətli Hacı yavaş-yavaş millət işlərinə diqqət edir. Müsəlmanların mədəniyyətdə və məişətdə geridə qalmaqlarının ümdə səbəbini elm olma­maq­da bilib başlayır yetim uşaqları öz xərcinə oxutmağa. Onun xərcinə elm təhsil edib qurtaranların tərbiyəsinə hörmətli Hacı 38848 rubl xərc edibdir. Bu cavanlar aldıqları elmlərin hesabına indi xoş həyat sürürlər. Elmlərini təhsil edib qurta­ran cavanların yerinə təzə uşaqlar götürüb, lazım olan məxa­rici edir. Bu halda onun xərcinə oxuyan uşaqların ha­mı­sına ildə 3000 rubl sərf olunur.

Başqa məktəblərdə yetim uşaqlara kömək məqsədilə dörd məktəbə fəxri hamilik edir, onlara ildə 2000 rubl xərclə­yir (7).

Hörmətli Hacı millətin xoşbəxtliyini məktəbdə görüb və kənd əhli üçün elm oxumağın çətinliyini nəzərə alıb, Mər­dəkan əhlinə bir böyük xidmət göstəribdir. 1895-ci ildə Mərdəkan kəndində öz xərcinə 50 şagirdlik sənət məktəbi inşa edib. Bu məktəbdə Azərbaycanca və rusca oxumaqdan savayı uşaqlara elmi əsaslarla çöl və bağ işlərini öyrədirlər. Bu məktəb Mərdəkan və ətrafda olan başqa kəndlər üçün bir qiymətsiz bəxşişdir. Qədrini gərək bilsinlər! Həmin məktəbin binasının tikintisinə 31240 rubl sərf olunub və ildə 5000 rubl xərclənir (8).

Millətə ikinci qiymətli bəxşişi təzə açılan qız məktəbi-dir ki, orada müsəlman qızları tərbiyə alacaqlar (9). Bu məktəb barəsində bir az söhbət edərik. Filosoflar tifil uşağı yumşaq çubuğa oxşadıblar, yəni necə çubuğu hər tərəfə əymək olar, elə də tifilə nə cür tərbiyə verilsə, böyüyəndə o tərbiyədə olacaqdır. Tifilin hafizəsi çox iti olur: nə görsə götürür, nə eşitsə hafizəsində saxlayır. Bunu hər şəxs özündə mülahizə edə bilər. O şeirlər ki, şəxs uşaq vaxtında əzbər edir, qocalanadək həmin şeirlər hafizəsində qalır. Amma 20-30 yaşında və daha gec öyrəndiyi şeirlər gündə təkrar etməsə, unudulur. Beləliklə, uşağın ibtidai tərbiyəsi ilə üsullu rəftar etmək gərəkdir, çünki əvvəldən uşağa nə yol göstərsən, o yol ilə gedər. 8 yaşınadək uşağa tərbiyə verən anadır... İndi insaf nəzəri ilə baxaq, bizim analarımızın tərbiyəsinə: mədəniyyətli tayfalarda uşaqların dili açılanda əvvəlinci sözləri dualardır, bizimkilərinki - söyüş! Onların uşaqları şəkilli kitablar ilə oynayırlar, bizimkilər palçıqda, toz­da, torpaqda dələnirlər! Onların uşaqları nahardan qabaq əllərini yuyub dua oxuyurlar və bir yerdə nahar edir-lər, bizimkilər əlləri çirkli, əllərində bir parça çörək və pen­dir küçələrdə göyşüyürlər. Onların ata və anaları uşaqların yanında gözəl söhbətlər edirlər, bizimkilər uşaqların yanın­da bir-birinə pis sözlər deyib qarğış edirlər və çox vaxt ağac alıb bir-birini döyürlər. Onlarda evə qonaq gələndə, övrət övrət ilə qeybət edəndə, uşaqları başqa otaqda saxla­yırlar, bizimkilər qeybət edəndə uşaqları dizlərinin üstündə otuz­dururlar. Belə analardan bizim biçarə tifillər nə tərbiyə al­sınlar? Belə tərbiyədən sonra bu uşaqlardan nə gözləmək? Əlbəttə, analarımız tərbiyəli olsalar, uşaqlarımız da tərbiyəli olarlar. Heç bir ata və ana uşağının bədbəxtliyini onun ağlı­nın naqisliyində görməsin: öz tərbiyəsində gərəkdir görsün... Övlad yaman dərdə mübtəla olanda, onun əvvəlinci düşmə­nini öz tərbiyəsində görsün. Doğrudur, heç bir ata və ana övladının bədbəxtliyini istəməz, amma nə fayda, işin mahiy­yətinə diqqət edəndə görürük ki, övladın bədbəxt olmağına birinci səbəb özümüzük...

Alim üçün bu məsələni kəşf etməyi lazım bilmirik. Bun­­­dan əlavə axır zamanda oğlanlarımız mədəniyyət da­lınca gedib mərifətdə tərəqqi edirlər. Bunların həyata və məi­şətə baxışları dəyişir. Bəs bu mədəniyyətli, mərifətli ca­van­larımıza mərifətli, mədəniyyətli övrətlər lazım gəlmirmi? Günbəgün tərbiyəli cavanların hesabı artır, amma nə fayda, həmin cavanlar evlənməkdən əsla fikir etmirlər, çünki tər­biyəli qızlarımız yoxdur və tərbiyəsiz qızları özlərinə ömür­lük yoldaş etmək oğlanlar üçün böyük məsələdir. Bunlar gələcəkdə uşaqlarının fikrinə qalırlar. Həmin bu məsələ Bakı­da ataların və anaların ürəklərində gərəkdir yer etsin. Bir nəzər et, gör, ərə gedən qızlarımızdan nə qədər bədbəxt olan var. İnsafsız, namərd cavanlar biçarə pakizə qızları alıb, sonra yaman yollara düşürlər. Məgər övrətin xoş­bəxt­liyi yemək-içməkdə, zər-ziba içində olmaqdadır? Doğrudur, bu cavanların əksəri lazım olan tərbiyə dadmayıbsa və ço­xunun ağlını dövlət paslandırıbsa da, amma yəqin ki, qızlarımız tərbiyəli və mərifətli olsaydılar, hər halda oğlan­larımız ağla gəlməyən işləri etməzdilər. Çünki ağıllı övrət pis kişini həmişə yaman yoldan saxlar. İndiki zamanda evli cavanlarımız pis yollarda, biçarə qızlarımız qanlı yaşlar tö­kür­lər, atalarımız onlara “səbr edin”, - deyib ah-vay edirlər. Haçanadək dilsiz qızlarımız səbr edəcəklər? Haçanadək bunlar ağılsız, insafsız cavanlarımızın zülmlərinə davam etsinlər? Hörmətli Hacının bu məsələlərdə bizimlə həmfikir olmağına şübhəmiz yoxdur. Hərçənd bir neçə nadan, dünyadan bixəbər şəxslər həmin məktəbin düşməni hesab olunurlarsa da, ancaq onları biz millətə quyu qazanlardan hesab edirik. Onlar üçün də tarixin səhifələri açıqdır. Doğ­rudur, hərgah bu məktəbdə dinə və ya məzhəbə zərər vuran bir şey olsaydı və ya həmin məktəb bir özgə dona girsə, onun birinci düşməni biz olarıq. Halbuki bu məktəbdə qız­la­rımız dörd il dərs oxuyacaqlar: üç il müsəlmanca və dördüncü il rusca. Əl işi öyrənəcəklər. Oxuyan qızlardan 20 nəfər yetim cənab Hacının xərcinə tərbiyə alacaqlar və bun­lara ildə 8000 rubl sərf olunacaqdır. Məktəbin tikintisinə hörmətli Hacı 300000 rubla qədər xərc edibdir.

1896-cı ildə Hacı əlindəki 20 milyonluq zavodu 5 mil­yon yarıma satıb bez fabrikini inşa etmək fikrinə düşdü. Cənab Hacının hərəkəti puldan gözləri doymayanları, an­caq dövlətdə xoşbəxtlik görənləri təəccübə gətirdi. Bununla belə, Hacının fikrindən xəbərdar olanlar onun bu işdə fədakarlığına təəccüb edirdilər. Zavodu satmağa birinci səbəb bu olub ki, ömrünün axırını rahatlıqla keçirsin. Za­vod sahibləri bu işin zəhmətini və məşəqqətini bilirlər. Ondan başqa fabrikin işinin zavodun işindən təmiz və rahat olmağına şübhə yoxdur. Hərgah desək ki, qeyrətli Hacı za­vod əvəzinə fabrik açmağında da insaniyyətliyini göstə­rib­dir, asan dövlət qazananlar, dövləti ilə kor olanlar Hacı­nın əməlinə gülərlər. Həqiqətən, bir fikir yetirək: zavodda yüz adamın çörək tapmağı fabrikdə min adamın çörək tapma­ğına bərabərdirmi? Qafqazda bezin qiymətinin birə on ucuz­­laşmağı vətənə azmı xidmətdir? (10).

1896-cı ildə Peterburqda qeyrətli müsəlmanlar Xey­riyyə Cəmiyyətini yaradıblar. Belə cəmiyyətlərdən mədə­niyyətli millətlərdə çoxdur və indi onların insana faydası və millətə köməkliyi həddindən artıqdır. Peterburq din qardaş­larımızın Müsəlman Xeyriyyə Cəmiyyətini açmaqdan məq­sədləri təhsil alan müsəlmanlara və başqa şəhərlərdə mək­təblər, qiraətxanalar və xəstəxanalar açmağa kömək etmək­dir. Bu işdə qeyrət və pul gərəkdir ola ki, camaat gözəl məqsəd­lərə çatsın. Burada da qeyrətli, səxavətli Hacı cama­ata böyük xidmət göstərib: 11000 rubl Peterburq Müsəlman Xeyriyyə Cəmiyyətinə bəxşiş edibdir! Bunun əvəzində cə­miyyəti yaradanlar hörmətli Hacını ömürlük üzv seçib, böyük təşəkkürlər ediblər (11).

Qeyrətli Hacı bunlarla kifayətlənməyib, Azərbaycan və fars ədəbiyyatına xidmətlər göstəribdir. Axır zamanda ədə­biyyat yolunda işləyən cavanlarımızın hesabı günbəgün artır. Amma heyif ki, yazanlarımızda pul, dövlətlilərimizdə qeyrət yoxdur, ona görə millətə yazdıqları kitablar çap olunmur. Qeyrətli Hacı buna diqqət edib, millətə xeyir gəti­rən kitabları öz xərcinə çap etdirib. Hacının xərcinə çap olu­nan kitablar bunlardır:

1) Molla Əbdüssəlam Axundzadənin (12) “Tarixi- müqəddəs” əsəri - 500 rubl xərc olunubdur.

2) “Şərabçı” (13).

3) Soltan Məcid Qənizadənin (14) “Allah divanı” əsəri - 300 rubla qədər xərc olunubdur.

4) “Əşari-Seyid Əzim Şirvani” - 500 rubl xərc olu­nub­dur.

5) Nəriman Nərimanovun “Nadir şah” əsəri - 350 rubl xərc olunubdur. Bu əsər cənab Hacının xahişinə görə fars dilinə tərcümə olunur və çap ediləcəkdir.

Hacı 1895-ci ildə Bakıda rus dilində çıxan “Kaspi” qəzetini 57000 rubla alıbdır. Bu qəzeti almaqda da hörmətli Hacının fikrində vətəndaşlarına kömək və xidmətlər etmək var imiş (15).

Bundan savayı Hacı İranda, İstanbulda, Hindistanda və Misirdə çap olunan qəzetlərə müştəri tapmaqla və özü bir neçəsinə pul bağışlamaqla xidmətlər göstəribdir. Qəzetin insana mənfəətini nəzərə alıb və bəzi ruhanilərin mətbuata qarşı hörmətsiz baxışlarını görüb, onların gözlərinin qəzetlər vasitəsilə açılmağını özünə yəqin edib (16).

Bu möhtərəmin qeyrəti insanı həqiqətən heyran edir! Təəccüb doğuran budur ki, 18 il bundan əvvəl Bakıda Hacıdan dövlətli və mədəniyyətli şəxslər olubsa da və hal-hazırda varsa da, ancaq Bakıda ilk teatr binasını tikən hörmətli Hacı olub (17).

Teatrın insana mənfəəti, ruha ləzzəti barədə dəfələrlə yazmışıq. Teatr böyüklər üçün məktəbdir. Həmin məktəbdə görmədiyimiz şeyləri və görüb diqqət etmədiyimiz əhvalatları görüb və eşidib, pis əməllərdən ibrət və yaxşı sifətlər əxz edirik: ağlımız üçün qida və ruhumuz üçün ləzzət alırıq. Həmin bu teatrda Bakının mərifətli cavanları xeyriy­yə cəmiyyətləri üçün ildə bir neçə dəfə Azərbaycan dilində komediya oynayırlar. Teatrın bir gecəlik kirayəsi 100 rubl-dursa, hörmətli Hacı kirayədən keçib hər dəfə xeyriyyə cə-miyyətlərinə pul da bağışlayır. 1900-cü ildə 100000-ə qədər xərc qoyub teatrı təzələndirdi: yeri balacadırsa da, özü gözəl bir teatr olub. Hörmətli Hacının teatra olan qulluqlarını erməni teatrının artistləri nəzərə alıb, 1900-cü ildə ona razı­lıq etdilər və bir gözəl kağızın üstündə yazılmış nitqlərini gözəl cilddə Hacıya bəxş etdilər. Həmin kağızın üzərində bu sözlər yazılmışdı: “Hörmətli Hacı Zeynalabdin! Qədim zamandan, yəni qədim yunanlardan, ərəblərdən və başqa mədəniyyət yolunda can qoyan xalqların vaxtından bəri teatrın ağıla və ruha tərbiyə verməyi gün kimi aşkardır. Bakı başqa şəhərlər kimi qaranlıqdan işıqlığa düşməyə çalışır, amma bu vaxtadək bu şəhərdə kimin fikrinə düşüb ki, teatr üçün bina tikdirsin? Bizə yaxşı məlumdur ki, Bakıda bu fikrə düşən əvvəl Siz olubsunuz, hörmətli və qeyrətli Hacı! Ancaq Siz bu fikirdə olub teatrı icad edibsiniz, həmin teatrı ki, neçə illər ərzində gün tək şəfəqlərini yayır. Biz - erməni teatrının qulluqçuları Sizin bu barədə olan zəhmətinizi və mərhə­mət­inizi hiss edib, bu gün təzə bəzənmiş teatrı görüb şadlanırıq, bu günü bayram edirik və can-dildən yekdil Sizə öz hissi­yatımızı zikr edirik: sağ olsun bu teatrı bina edən! Sağ olsun hörmətli və qeyrətli Hacı Zeynalabdin!”.

Bu sözlərdən gözləri yaşarmış hörmətli Hacı dedi: “Sizdən nəhayətdə razıyam, Sizin sözləriniz gələcəkdə teatra daha da böyük xidmətlər göstərməyimə səbəb olar”.

Həqiqətən, millət bu cür şəxslərin xidmətlərinə nə qə­dər dürüst qiymət qoysa, onlar o qədər də qeyrətlərini və səxavətlərini artırarlar.

Cənab Hacının xidmətləri təkcə müsəlman millətinə ol­mayıb. O, başqa millətlərə, dövlət, camaat tərəfindən görülən işlərə böyük xidmətlər göstərib və göstərir. Nəinki Bakıda, hətta başqa şəhərlərdə də təzə açılan xəstəxanalara, məktəblərə, xeyriyyə cəmiyyətlərinə cənab Hacının böyük ianələri olub və olur. Başqa millətlər Hacının qulluqlarının əvəzində ona lazım olan hörməti göstərib, həmişə qəzetlərin səhifələrində Hacını tərif edirlər. Dövlət də ictimai ianə­lərinin əvəzində ona lazım olan təltifləri (Stanislav 3-cü dərəcəyədək) verib. Bu təltiflər şəhadətlik verir ki, padşa­hımız İmperator-əzəm hörmətli Hacının insana, millətə və vətənə olan xidmətlərini diqqətsiz qoymayıb. Bundan sava­yı başqa dövlətlərdən də Hacının təltifləri vardır (18). 1872-ci ildən cənab Hacı Bakı dumasında qlasnı hesab olunur, bu qulluqda hörmətli Hacının həm şəhərə, həm də cəmiyyətə böyük köməkliyi çatıb və çatır (19).



Bu vaxtadək qeyrətli Hacının ümumi ictimai və millət işlərinə 100000 rubla qədər xərci olubdur! Bu fani dünyada dövlətdən ötəri insaflarını satanlar bunu oxuyanda, yəni pulun qədərini görəndə ağızları açıq qalacaqdır! Başqala­rından utanmasalar da, öz aləmlərində özləri özlərindən utanacaqlar!..

Cənab Hacı hal-hazırda 63 yaşında olsa da, çox diri­baş görünür. Özü ortaboy, tökməşəxsdir. Hər bir əzası dü­rüst, üzündən ağlı, kamalı məlum olunur. Səhər saat 10-dan ta 2-dək qeyrətli Hacı kontorunda olub gündə 30-40 nəfər ilə söhbət edir və arada məişət işlərinə diqqət edir. Hər gün rus mirzəsi rus dilində məşhur qəzetləri oxuyur və arada sual-cavab olur. Sonra müsəlman mirzəsi İranda, Osman­lıda, Hindistanda və Misirdə çıxan türk, fars və ərəb qəzet­lərini oxuyur. Hacı çox diqqət ilə qulaq asıb öz təsəvvürünü söyləyir. Hacı siyasi məsələlərə artıq diqqət edir. Hörmətli Ha­cının bu yaşında yaddaşının itiliyinə məəttəl qalmaq olar. Gündə on qəzetə qədər oxunur, sabahı hamısından xəbər verməyə hazırdır: hansı əhvalatın hansı qəzetdə olma­ğını səhvsiz söylər. Bu səbəbə görə cənab Hacı hazırda siya­sətdən, mədəniyyətdən, mərifətdən xəbərdar olan şəxsdir. Həinki azərbaycanca, hətta rusca mərifətdən və mədəniy­yətdən söhbət etməyə qadirdir. Mədəniyyətli şəxslər Hacı­nın elmlər­dən və tarixdən xəbərdar olmağına təəccüb edir­lər.

Xasiyyəti çox mülayim, özündən kiçiklərə həmişə hör­mət edən, dediyi bir sözü iki olmayan, verdiyi vədəyə əməl edən, haqq sözdən qaçmayan, günahkarın təqsirindən ke­çən, öz səhvini gizlətməyən, qeybətdən çəkinən, ürəyi saf hissli bir şəxsdir. Hörmətli Hacı teatrı çox sevir. Hər axşam öz lojasında əyləşib artistlərin oyunlarına çox diqqətlə ba­xır.

Bəli, hörmətli Hacı 50 il zəhmət çəkib milyonlar cəm edibdir. Onun cəm etdiyi milyonlardan insana və millətə mənafe yetişibdirmi? Hərgah yetişibsə, bu möhtərəm şəxsin xidmətlərinin əvəzində millət nə etməlidir? Təklifi nədir? Bu məsələni həll etmək bir adamın işi olmayıb, mərifətli müsəlmanlar bu barədə gərəkdir məşvərət edələr və məşvə­rət məqamında cənab Hacının millətə xidmətlərini qeyri-müsəlman milyonçularının işləri ilə (Bakıda xüsusən) bir tərəziyə qoyarlar. Həmin məqamda hörmətli Hacının mil­lətə olan qeyrətinin qiyməti ariflər yanında birə beş artar. Böyük hünərdir, əzizim, insan öz sağlığında xeyriyyə cəmiy­yətlərinə bu qədər xərc etsin! Bu qeyrətdə şəxslərin həyatı xarici millətlərin bizim barəmizdə olan hörmətsiz fikrini puç etməyə səbəbdir. Mədəniyyətli millətlər bizə mədəniyyətdən üz döndərən, vəhşi, vətənin və millətin imdadına çatmayan deyirlər. Səbəb? Səbəb budur ki, Hacı kimi dövlətli müsəl­manlardan mini qara torpağa gedibdir və gedəcəkdir, am­ma vətənə və millətə Hacı edən xidmətlərin mindən birini etməyiblər.



Hal-hazırda Bakıda azmı hacılar var? Nə fayda! Bu biçarələr pulları sandıqlara yığır, faizə pul verib yoxsulların evlərini yıxırlar... Bunlar gündə beş vaxt namaz qılıb Xudavəndi-aləmdən nə yalvarırlar? Ancaq dövlətin art­mağını! Əlsiz-ayaqsız yetimlər bunlara əllərini açanda “bo­yunları albuxara torbasına” oxşayan dövlətlilərimiz bu yetimlərə məğrurluq ilə baxıb onları pis sözlə özlərindən rədd edirlər. Şəriət qoyan zəkat və xüms bunların fikir­lərindən tamamilə çıxıb. Hələ utanmayırlar, gözlərini o dünyaya tikiblər ki, Xudavəndi-aləm bunları bağışlayacaq­dır. Ey biçarələr! Hərgah ümidinizi o dünyaya bağlayıb­sı­nız, axirət gününün sahibinə nə cavab verəcəksiniz? Bəli, baş­qa adamın malı ilə milyonlar qazanıbsınız. Biçarə fəhlələri gecə-gündüz işlədib haqlarını kəsibsiniz. Bu fikirlə ki, min nəfər fəhlənin hərəsindən 2 qəpik kəssən, bir gündə 20000 qəpik olar deyib dövlət qazanıbsınız. Gündə min dəfə yalan danışıb, Allah və peyğəmbərə and içib, müşkül olan işlərinizi keçirdibsiniz, gündüzlər öz cinsinə yüz min quyu qazıb, gecələr toyuq plov yeyibən üstündən qəlyan xorulda­dıb, özgələrin qeybətini edibsiniz. İldə iki dəfə məscidlərdə, başqaları bilsin, eşitsin deyə, pullar bağışlayıbsınız və adı­nızı uca səslə dedizdirib dua etdiribsiniz, ancaq adınız “Hacı” olsun deyə, Məkkəyi-müəzziməyə gedibsiniz və gə­lən­də töhfələr gətirib işiniz keçən adamlara bəxşiş edibsiniz, ya da birə-beş qiymətə satıbsınız...

Böyük Allahın suallarına cavablarınız bunlarmı ola­caqdır? Yoxsa özünüzə təsəlli verib deyirsiniz: “Bu dövləti övladım üçün qazanmışam ki, məndən sonra özgəyə möhtac olmasın”. Yoxsa bunu özünüz üçün savab bilirsiniz? Hərgah belədirsə, ey bədbəxt, qəflət yuxusunda imişsən! Səndən sonra min yamanlıq ilə qazandığın dövlət sənin tərbiyəndə olan övladının əlinə düşüb az müddətdə puç olacaqdır, çünki sən pulun qədrini bilirdin: can qoymuşdun, yüz min pis əməlləri özünə qəbul etmişdin, amma övladın zəhmətin qədrini bilməyib sənin illərlə topladığın pulu saatlarla səpəcəkdir. Səndən sonra nə etsə, yenə yaxşıdır! Bir göz aç, gör, saatda neçə dəfə səni söydürür, məzhəbə, dinə necə rişğənd edir! Bu hələ sənin həyatında, səndən sonra nə ola­ca­ğını hiss etmirsənmi? Heç olmasa vətənə, millətə xidmət göstərmirdin, öz övladına diqqət edəydin, ona lazım olan tər­bi­yəni verəydin, ta səni hər iki dünyada üzü qara etməyəydi. Sən həmin o şəxslərin cərgəsindəsən ki, ancaq ölən günü əbədilik adətinə görə sənə rəhmət deyəcəklər, yəni dildə rəhmət oxuyub, ürəkdə lənət deyəcəklər. Öz həyatında yamanlıqla cəm etdiyin dövlətin bir cüzi hissəsini dinin röv­nəqinə və millətin xeyrinə vəsiyyət etsən, ümid var ki, pis əməllərin bir vaxtdan sonra yaddan unudular. Amma indiki halətini bir dürüst fikrə gətir! Bir saat dünyanın işlərindən - zövq və səfasından, zəhmət və məşəqqətdən əl götürüb dü­şün, gör ki, çəkdiyin zəhmətlər, top etdiyin milyonlar nə özün üçün, nə övladın üçün, nə bu dünya və nə axirət üçün imiş.

Bəli, bu şəxslər arasından cənab Hacı Zeynalabdin Tağıyevin seçilməyi bizim başqa millətlər yanında başımız uca olmağa səbəbdir. Həqiqətən, hərgah hörmətli Hacı elm təhsil etmiş olsaydı, millətə və vətənə olan xidmətləri onun şənini o payədə ucaltmazdı, necə ki, indi. Çünki həqiqi elm vətənə və millətə qulluq etməyi tərbiyə verir. Doğrudur, oxuyanlarım irad tuta bilərlər ki, elmlər təhsil edib dövlət sahibi olanların əksəri niyə bu fikirdə deyil? Onlara cavab bu olur ki, elm sahibləri əxlaqı düzəltməkdən ötrü elmləri öyrənməyiblər, bir sənət öyrənmək məqsədilə elmin dalınca gediblər. Yoxsa həqiqi elm ki, insanın ruhunu təmizləyir, bu şəxslərdə olsaydı, bunlar da vətənin və millətin fikrində olardılar. Çünki həmin elmin tərbiyəsi onadır, necə ki, atəşin təbiətində yandırmaq var. Belə elm hörmətli Hacıda olmaya-olmaya bunun xidmətləri hansı aqili təəccübə gətir­məz? Qeyrətli Hacının vətənə, millətə və insana olan səxa­vətindən sonra xarici millət deyə bilərmi: “müsəlmanlar nadan, vəhşi, ictimai və dövlət işinə yaramayan tayfadır”?



Doğrudur, çox azdır, ancaq tək-tək tapılar. Ancaq bu cür fədakarların xidmətlərinə dürüst diqqət edib qiymət qoy­maq millətin və vətəndaşların borcudur. Biz nə qədər bu möh­tərəm şəxslərin xidmətlərinə insafən qiymət qoysaq, on­ların comərdlik, şərəf və qeyrətləri o qədər günbəgün artar. Və­tən və millətpərəstlərə ancaq bu lazımdır, nəinki özgə bir şey!

Ümid edirik ki, hörmətli Hacının varisləri o möhtərəm şəxsin yolu ilə gedib dinə və millətə xeyirxah olarlar. Bunda şübhəmiz yoxdur, çünki cənab Hacının varisləri lazım olan tərbiyəni alıb rəva görməzlər ki, qeyrətli Hacının gözəl işləri puç ola!



Əhli-qələm qardaşlarımız bunların millətə olan xid­mət­­lərini nəzərdən keçirib millət tarixinin səhifələrinə ya­zar­lar, tainki gələcəkdə balalarımız oxuyub qəlbləri şad ol­sun və gözləri açılsın. Bilsinlər ki, bizdə də millət qeyrətini çəkənlər varmış! Düşünsünlər ki, hərçənd bu şəxslər dün­ya­dan köçüblər, onunla belə isimləri millətin dilində hörmətlə zikr olunur...

Yüklə 0,68 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   96




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin