Qocaman müəllim, tibb elmləri namizədi
Səməd Acalovun (1) xatirələri
Mən 1898-ci ildən 1903-cü ilədək Dərbənd şəhər məktəbində müəllim işləyərkən, Bakı varlısı Hacı Zeynalabdin Tağıyev haqqında müsəlmanların, xüsusən də, onların uşaqlarının maarifi üçün xeyli iş görmüş insan kimi çox eşitmişdim. Belə ki, o, uşaqlar üçün məktəblərin açılmasına həm mənəvi, həm də maddi köməklik göstərmiş, Rusiyanın və hətta xarici ölkələrin ali məktəblərində təhsillərini davam etdirməyə imkanı olmayan müsəlman gənclərinə təqaüdlər təsis etmiş, kənd və özəl cəmiyyətlər tərəfindən Azərbaycanın şəhər və kəndlərində açılan məktəblərə mənəvi yardım göstərmişdir.
Onun ilk müsəlman qız məktəbini (internatla birgə) açdırması mənə bir pedaqoq kimi xüsusən xoş idi. O, məktəbin bütün xərclərini üzərinə götürərək, bu məqsədlə Bakının mərkəzi küçəsində yaraşıqlı bina tikdirmiş və məktəbin saxlanılması üçün xəzinəyə böyük məbləğdə toxunulmaz kapital qoymuşdur. Sadə, təhsil görməmiş insan tərəfindən bu cür səxavət daxilimdə ona qarşı dərin ehtiram hissini oyatdı. Lakin sonra, daha dəqiq desəm, 1908-ci ildə mən altısinifli məktəbdə müəllim işləmək məqsədi ilə Bakıya köçəndə, onun öz xalqının maarifi üçün nə qədər çalışdığının, nə qədər böyük işlər gördüyünün, müsəlmanların maariflənməsini, məktəbi, uşaqları necə çox istədiyinin əyani şahidi oldum. Sonrakı illərdə Xalq Məktəblərinin Müdiriyyəti onun məktəbində buraxılış imtahanlarını aparmağı bizim məktəbə həvalə etmişdi. Bu milyonçunun səbrlə bizi gözlədiyini, imtahanlarda həmişə iştirak etdiyini və qızların cavablarından necə sevindiyini görmək xoş idi. Mən iki il dalbadal imtahan komissiyasının üzvü idim və ona görə də bütün bunların şahidi olmuşam...
Ümumiyyətlə, H.Z.Tağıyev mənim təsəvvürümdə sadə, öz xalqına, onun maariflənməsinə, səadətinə təmənnasız və səmimi xidməti etməyi qarşısına məqsəd qoymuş bir insandır (2).
12 iyul 1957-ci il.
ARDƏİA: f. 675, s. 2, s. v. 98, vv. 7-8
Qeyd və şərhlər:
1. Səməd Acalov (1876-1969) – maarif xadimi. 1890-1895-ci illərdə Qori Müəllimlər Seminariyasında təhsil alıb. Azərbaycanda ilk riyaziyyat dərsliyinin müəllifidir. 93 illik həyatının 70 ilini xalq maarifinin, mədəniyyətin və səhiyyənin inkişafına həsr etmişdir. Azərbaycan müəllimlərinin I qurultayında sədrin köməkçisi seçilmişdir.
2. Azərbaycan Respublikası S.Mümtaz adına Dövlət Ədəbiyyat və İncəsənət Arxivində 1956-cı il iyunun 30-da Sara Tağıyeva-Sarayevanın Səməd Acalova ünvanladığı üç sualdan ibarət müraciəti saxlanılır. Sovet dövrü ədəbiyyatında 1906-cı ildə çağırılmış müəllimlər qurultayında H.Z.Tağıyevin mürtəce rolunun qabardılması, onun N.Nərimanovla münaqişəsinin həddindən artıq şişirdilməsi faktlarına cavab olaraq, S.Tağıyeva-Sarayeva S.Acalova iştirakçısı olduğu qurultay barədə aşağıdakı sualları vermişdir: “1. Mənim atam H.Z.Tağıyev 1906-cı ildə Bakıda keçirilmiş müəllimlər qurultayında millətimizin özünütəyinetmə məsələsi haqqında çıxış edibmi? 2. O, H.Z.Tağıyev və erməni-Azərbaycan qırğını haqqında nə bilir? “Azərbaycan tarixi”nin maketində yazılır ki, H.Z.Tağıyev qaragüruhçu qoçu dəstələrini yaradaraq ermənilərlə azərbaycanlılar arasında qırğınlar törədirdi. 3. Qurultayda Nərimanovla Tağıyev arasındakı münaqişənin səbəbi?” S.Acalov S.Tağıyeva-Sarayevaya həmin gün aşağıdakı yazılı cavabları vermişdir: “1. Bizim millətin özünütəyinetmə məsələsi qurultayın proqramına daxil olmayan məsələ kimi müzakirə edilməmişdir. 2. Fikrimcə, Tağıyevin erməni-müsəlman qırğınlarını təşkil etməsi və bu məqsədlə qoçu dəstələrini yaratması haqqında deyilənlər ağ yalandır. 3. Nərimanovla Tağıyev arasında münaqişə qurultayda meydana gəlmiş bir məsələ ilə bağlı Qafqaz canişininə müraciətin forması üstündə yaranmışdı: bir qrup teleqramda “qurultay tələb edir”, digəri isə “qurultay xahiş edir” yazılmasının tərəfdarı idi. “Qurultay tələb edir” yazılmasına Nərimanovun başçılıq etdiyi qrup tərəfdar idi. Tağıyev səsvermədə iştirak etmirdi”. (ARDƏİA: f. 675, s. 2, s.v. 98, v. 19).
Dostları ilə paylaş: |