Azərbaycan Milli Elmlər Akademiyası Milli Azərbaycan Tarixi Muzeyi


H.Z.TAĞIYEV XEYRİYYƏÇİLİYİNİN VƏ MAARİFÇİLİYİNİN ZİRVƏSİ – QIZ MƏKTƏBİ



Yüklə 0,68 Mb.
səhifə35/96
tarix10.01.2022
ölçüsü0,68 Mb.
#107676
1   ...   31   32   33   34   35   36   37   38   ...   96
H.Z.TAĞIYEV XEYRİYYƏÇİLİYİNİN VƏ MAARİFÇİLİYİNİN ZİRVƏSİ – QIZ MƏKTƏBİ
XIX əsrin sonunda Azərbaycanın ictimai həyatının ən vacib və aktual problemlərindən biri qadınların maarifə cəlb olunması və savadlı milli kadrların hazırlanması idi. Azərbaycan qızlarını ana dilində təhsilə cəlb etmək, onları hərtərəfli biliklərə, ailə və məişətdə bacarıqlara yiyələn­dir­mək, eləcə də qabaqcıl Avropa mədəniyyəti ilə tanış etmək məqsədilə dünyəvi müsəlman qız məktəbinin yaradılması ideyası meydana gəldi. Bu ideyanın əsas hərəkətvericisi Hacı Zeynalabdin Tağıyev oldu. Nəinki Azərbaycanda, eləcə də bütün islam aləmində ilk dünyəvi qız məktəbinin açılması böyük əks-səda doğurdu. Çoxları bu hadisəni müsəlman qadınının intibah dövrünün başlanğıcı, bütün islam dünyası üçün böyük hadisə kimi qiymətləndirirdi. “Kaspi” qəzetinin redaktoru Əlimərdan bəy Topçubaşovun sözlərinə görə, “...müsəlmanların əqli–mənəvi və iqtisadi yüksəlişinin və inkişafının təməl daşlarından biri sayılan qadın təhsilinin möhkəm başlanğıcı qoyulub. Öz din­daşlarının köməyinə vaxtında gələn Hacı Zeynalabdin Tağıyev ailədə qadının rolunu yüksək dəyərləndirən və “Cən­nət anaların ayaqları altındadır” deyən Məhəmməd peyğəmbərin sözlərinə tam əməl edir”.1

H.Z.Tağıyev qız məktəbini açmaq haqqında fikrini ilk dəfə rəsmən 1896-cı ildə bildirmişdi. O, məktəbin tikin­ti­sinə 25 min, onun saxlanılmasına isə 125 min rubl ianə et­miş və təhsil müəssisəsinə İmperatriçə Aleksandra Fyodo­rov­nanın adının verilməsinə nail olmuşdu. Dünyəvi qız mək­təbinin açılması cəmiyyətdə birmənalı qarşılanmadı. İslam dininin qızların təhsilinə qadağa qoyduğunu, mək­tə­bin şəriət ehkamlarına zidd olduğu kimi fikir söyləyənlər təhsil ocağının açılmasına müxtəlif maneələr törətdilər, qız­la­rının məktəbə getməməsi üçün onların ailələrinə, habelə mütərəqqi din xadimlərinə təzyiqlər göstərdilər. Lakin Hacı­nın, habelə Azərbaycan ziyalılarının, tərəqqipərvər din xa­dim­lərinin iradəsi, bununla yanaşı onların diplomatikliyi, yer­­li şəraiti nəzərə almaq bacarığı bütün maneələrə bax­ma­ya­raq, nəzərdə tutulan böyük işin baş tutmasında həlledici rol oynadı.

Nəhayət, 1901-ci il oktyabrın 7-də İmperatriçə Alek­san­dra Fyodorovna adına Bakı rus-müsəlman qız mək­təbinin təntənəli açılışı oldu. Birinci il məktəbə 58 qız qəbul olunmuşdu, onlardan 35 nəfəri pulsuz təhsil alırdı. Məktəb, onun yaradıcısı və fəxri hamisi H.Z.Tağıyevin sədrlik etdiyi Hamilər Şurası tərəfindən idarə olunurdu. Şagirdlərə Azər­baycan və rus dilləri, ilahiyyat, riyaziyyat, coğrafiya, rəsm­xətt, musiqi, evdarlıq dərsləri keçilirdi. Məktəb lazımi ava­danlıqla, tədris materialları ilə təchiz olunmuşdu. Pansion tipli bu təhsil ocağında qızlar üçün hər cür şərait yara­dılmışdı: onlar gündə dörd dəfə yeməklə, sanitar-gigiyenik xidmətlərlə tam təmin olunurdular. H.Z.Tağıyevin 1918-ci ilə qədər fəaliyyət göstərən qız məktəbinin məzunları son­ralar müxtəlif ixtisaslara yiyələnərək, Azərbaycanın ictimai həyatında mühüm rol oynadılar.

1920-ci ildə Azərbaycanda sovet hakimiyyəti quru­landan sonra tarix elmində müəyyən ehkamlar qərarlaşdı ki, tarixçilər də sözsüz onlara riayət etməli idilər. Hadisə və faktların çoxu qərəzli və subyektiv qiymətləndirilir, konkret olaraq, xeyriyyəçilərin məktəblər açdırması, sosial himayə­darlıq kimi faktlar kölgədə qoyulurdu. Lakin müsəlman Şərqində ilk dünyəvi qız məktəbi olan Tağıyevin məktəbini danmaq mümkün deyildi. Bununla belə sovet dövrü müəllif­lərinin əksəriyyəti qız məktəbinin tarixindən bir çox faktları ya təhrif edir, ya da onların üzərindən sükutla keçirdilər. Hər yazılan əsər bir tezisin əsaslandırılmasına xidmət etməli idi: H.Z.Tağıyev məktəbin təsisçisi olmamış, o, yalnız şöhrətpərəstlikdən təhsil ocağına maddi köməklik göstər­mişdir. Bunu etmək olduqca çətin idi, çünki arxiv sənədləri, dövri mətbuat materialları bunun tam əksini sübut edirdi: qız məktəbinin təsisçisi, təşəbbüskarı və sponsoru məhz H.Z.Tağıyev idi. Bundan başqa həmin təhsil müəssisəsində dərs demiş və ya oxumuş insanlar, onların qohumları hələ sağ idilər. Sözsüz ki, bu insanlar Hacının məktəbin açılması və mövcud olması üçün nə qədər qüvvə sərf etdiyini yaxşı bilir və xatırlayırdılar. Məhz bu insanların xatirələri H.Z.Tağıyevin şəxsiyyəti, cəmiyyətin qadın təhsili ideyasına münasibəti, Aleksandrinski qız məktəbinin fəaliyyəti ilə bağlı maraqlı detalları canlandırır. Məktəb müəllimlərinin və müdavimlərinin xatirələri ilk dəfə toplanaraq 2011-ci ildə bu sətirlərin müəllifi tərəfindən “H.Z.A.Tağıyevin qız mək­təbinin tarixindən” kitabında (Azərbaycan və rus dillərində) nəşr olunmuşdur. Aşağıda həmin xatirələrin mət­ni əsas məz­mununa xələl gətirmədən, cüzi redaktə ilə təq­dim olunur.


Yüklə 0,68 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   96




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin