Məktəbin müəllimi Gövhər Qazıyevanın (1) xatirələri Mən, Gövhər xanım Qazıyeva 1910-1915-ci illərdə Hacı Zeynalabdin Tağıyevin qız məktəbində işləmişəm. Məktəbdə ciddi nizam-intizam, səliqə, təmizlik var idi. Tağıyevin məktəbində heç bir vaxt zorakı cəza növləri, məsələn, cismani cəza, qamçı, diz üstə durmaq, qoz qabığı üzərində dayanmaq tətbiq olunmayıb (2). Məktəbdə mövcud olan cəza evə buraxmamaq idi. Şagirdlər müəllimləri adla çağırırdılar. Məsələn: Gövhər xanım, Nabat xanım, Mina xanım. H.Z.Tağıyevin məktəbi Azərbaycanda ilk müsəlman qız məktəbi idi. Burada yalnız qızlar təhsil alırdılar. Qızlar arasında əynini dəyişmiş oğlan olmayıb (3). Məktəbdə yemək və şagirdlərlə davranma yaxşı idi. Qızlarla oğlanların bir yerdə oxuması heç bir Azərbaycan məktəbində olmayıb.