Sara Tağıyeva-Sarayevanın
Tağıyevin fabriki haqqında xatirələri
Mən, fabrikin keçmiş sahibi, atam Hacı Zeynalabdin Tağıyevin xəsisliyi, qəddarlığı haqqında çox oxumuşam. Mən öz atamı zəngin daxili mədəniyyətə malik, hamıya xeyirxahlıq göstərən bir insan kimi tanıyırdım. Atamın şərəfini bərpa etmək və həqiqi obrazını tarixdə saxlamaq məqsədilə onun keçmiş fəhlələrinə müraciət edərək, onlardan H.Z.Tağıyevin fəhlələrə münasibətini səciyyələndirməyi xahiş etdim. İşçilərdən bunları öyrəndim.
Tağıyev onlara deyirdi: “Əgər uşaqlarınızı oxutdurmasanız, onlar da sizin kimi kor qalacaqlar”. Tağıyevin qəddarlığı, gözləri qarşısında kazakların fəhlələri döyməsi haqqında deyilənlərin hamısı cəfəngiyyatdır. Onun gözləri qarşısında heç vaxt fəhlələri döymürdülər. H.Z.Tağıyevin özü fəhlələrlə mülayim rəftar edirdi. Tətildən əvvəl və sonra fabrikdə işləməyə başlayan fəhlələr H.Z.Tağıyevin qəddar rəftarı ilə rastlaşmırdılar. Bolşeviklər, müsavatçılar və başqaları fəhlələr arasında təbliğat aparanda, H.Z.Tağıyev fəhlələrin siyasi həyatına qarışmırdı. Fabrik binasını mühafizə edən qarovulçu fəhlələrin silahından başqa H.Z.Tağıyev fabrikdə silah-sursat saxlamırdı. H.Z.Tağıyev fəhlələr arasında hörmət və nüfuza malik idi, lakin bunlardan milli ədavətin qızışdırılması üçün istifadə etmir, millətlər arasında fərq qoymurdu. Fəhlələri həmişə maarifə çağırırdı. 1904-cü ildə fabrikin nəzdində sahibkarın hesabına saxlanılan məktəb, klub və orkestr təşkil olunmuşdur.
Fəhlələr 1 rubl mənzil haqqı ödəyirdilər. Ağ neft, odun, mənzilin təmiri və ağardılması pulsuz idi. Fabrik ambulatoriyasında həmişə feldşer var idi. Həkim şəhərdən gəlirdi. Tağıyevin vaxtında fabrikdə çox nadir hallarda – cəmi üç dəfə bədbəxt hadisələr olmuşdur. H.Z.Tağıyev Süleyman Ağalarova, Natan Fərəcova birdəfəlik yardım göstərmiş və yüngül işdə saxlamışdır.
Tarixi həqiqəti müəyyənləşdirmək üçün Elmlər Akademiyasınından aşağıda adları göstərilən keçmiş fəhlələrlə danışmağı xahiş edirəm (fəhlələrin siyahısı verilib – F.C.).
MATM NF, №№ 21021, 21009
Dostları ilə paylaş: |