Əliabbas Bağı oğlu Bağıyevin xatirələri
Mən, Bağıyev Əliabbas Bağı oğlu 1906-cı ildə Tağıyev fabrikində (indiki V.İ.Lenin adına kombinatda) baş vermiş tətildə iştirak etmişəm. Bu yaxınlarda Bakı toxucu fəhlələrinin tətilinin 50 illiyi qeyd olundu. Həmin tətildə iştirak etdiyimə görə Azərbaycan SSR Ali Soveti məni Fəxri fərmanla mükafatlandırdı. Mən hal-hazırda hökumət tərəfindən təqaüd alıram.
Mən Hacı Zeynalabdin Tağıyev haqqında öz fikirlərimi yazıram. 1901-ci ildən Tağıyev fabrikində yapışqan bişirən vəzifəsində işləyirəm. 1904-cü ildə Tağıyevin açdığı axşam məktəbində oxumuşam. Bu məktəbdə rus və Azərbaycan şöbələri var idi. Mən bir il rus şöbəsində oxumuşam. Tağıyev tez-tez fəhlələr arasında olur, onlara nəsihət verir və deyirdi ki, öz uşaqlarınızı gətirin, mən onları öz hesabıma oxutduraram.
O, bir gün axşam fəhlələri evlərindən çağırıb məktəbə topladı. Tağıyev fəhlələrə dedi ki, məktəb açmışam, gəlin, oxuyun. Tağıyev fəhlələri heç vaxt döyüb incitməmişdir. O, fəhlələrə deyirdi ki, məni “xozeyin” (ağa – F.C.) yox, Zeynalabdin çağırın. Onun hörməti fəhlələr arasında çox idi. Tağıyev fəhlələr arasında təbliğat aparırdı. O, həmişə bizə deyirdi: “Oxuyun, savadlanın!” Həmin məktəbdə bir çox fəhlə savad aldı. Məsələn, Abutalıb Məmmədov, Qurban Qurbanov, Səfər Qurbanov, Vahab Atakişiyev və b.
Tağıyev həmişə dilənçilərə deyirdi: “Gəlin, işləyin və oxuyun, dilənçilik etməyin!” Fəhlələr tez-tez Tağıyevin yanına gedib, onların fabrikdə incidilməsi barədə şikayət edirdilər. Tağıyev də fəhlələrin ərizə və şikayətlərinə qulaq asır və onlara kömək edirdi. Tağıyev tikdirdiyi fabrikdə fəhlələrdən mənzil pulu almırdı. İranlılar (Cənubi Azərbaycandan gələn fəhlələr – F.C.) onun yanına gedib dedilər: “Biz namaz qılır və oruc tuturuq. Pulsuz yaşasaq, bizim üçün bağışlanmaz olar. Bizdən pul alın”. H.Z.Tağıyev fəhlələrdən ayda 1 rubl alırdı. H.Z.Tağıyev fəhlələrə neft və odun verirdi. Hacı deyirdi: “Mollalara çox inanmayın, onlar sizi aldadırlar”.
H.Z.Tağıyev Azərbaycan xalqının ən layiqli övladlarından biri idi və Azərbaycan fəhlələrini maarifləndirməyə çalışırdı.
12 avqust 1956-cı il.
MATM NF, №№ 20094, 21010
Dostları ilə paylaş: |