BAKI SAKİNLƏRİNİN XATİRƏLƏRİ
Müslüm Maqomayev küçəsi, 10 ünvanında
yaşamış Ağaəmi Şıxəliyevin xatirələri (1)
1910-cu ildə mənim dəlləkxanam var idi. Stalin prospekti (2), 83 (keçmiş Tağıyevin evi) ünvanında bir ev boşalanda, istədim oranı kirayə götürüb dəlləkxana açım. Getdim Tağıyevin kontoruna. Dedilər, ayda 30 rubla. Mən gördüm ki, ayda 30 rubl verə bilməyəcəm, gücüm çatmır. Fikirləşdim ki, gedim Hacının özünün yanına. Bir gün getdim Hacının yanına, məsələni ona danışdım. Hacı əvvəlcə məni tənbeh elədi ki, nə üçün oxumamışam. Dedim: “Hacı, mən oxuya bilmədiyim üçün bu sənəti öyrənmişəm”. Hacı soruşdu: “Mənim başımı qırxarsan?” Dedim: “Bəli”.
Başladım Hacının başını qırxmağa, məsələni Hacı üçün danışdım. Hacı məndən soruşdu: “Sənin o dükanı açmaq üçün pulun varmı?”. Ərz eylədim ki, bir az var, yenə də düzəldərəm. Hacı soruşdu: “Neçə vaxta düzəldərsən?”. Ərz eylədim ki, bir ilə. Hacının başını qırxıb qurtardım. Yanında zəng vardı, onu basdı. Aşağıdan – kontordan mühasib Mir Məmmədəli (Miriyev – F.C.) gəldi. Hacı ona dedi:
- Apar bunu, müqaviləni yaz bunun üçün. Üç il pul verməyəcək, üç ildən sonra gəlib yazdırar, nə qədər gücü çatsa, o qədər yazarsan.
Sonra mənə tapşırdı ki, yaxşı dükan düzəldim, özü gəlib baxacaq. 3 manat mənə zəhmət haqqı verdi, əlavə bir abbası da verdi ki, faytona minib gedim, piyada getməyim. Mənə tapşırdı ki, hər həftə gəl evə, mənim başımı qırx.
Üç il həmin dükanda yaşadım, pul vermədim. Üç ildən sonra özüm getdim kontora, təzədən müqavilə yazdırdım, ayda 15 rubla. On dörd il o dükanda yaşadım: 3 il pulsuz, 11 il isə pulla. Hacıdan mən bu yaxşılığı gördüm...
22 avqust 1956-cı il.
MATM NF, №№ 20046-20047
Dostları ilə paylaş: |