SON SÖZ ƏVƏZİ
Bu kitabda toplanan oçerk və xatirələr hələ sağlığında layiqli qiymətini alan, bu gün də fəxrlə adını andığımız “millət atası” Hacı Zeynalabdin Tağıyevin böyük və şərəfli ömrünə onun müasirlərinin bir baxışıdır. Kitabı yekunlaşdırarkən gözəl şairimiz Cabir Novruzun məşhur “Sağlığında qiymət verin insanlara” şeirindən bu misralar yadıma düşdü:
Bir arzum var, ay adamlar, qoyun deyim,
Sağlığında qiymət verin insanlara,
Yaxşılara sağlığında yaxşı deyin,
Sağlığında yaman deyin yamanlara.
Hacı Zeynalabdin Tağıyev xoşbəxt insandır ki, ona sağlığında “yaxşı” deyiblər. Adı və əməlləri sərt qadağalar altında olan vaxtlarda da ona “yaxşı” deməyi bacaran adamlar olub. Çünki etdiyi əməllər o qədər xeyirxah, nəcib olub ki, zaman onları nə tarixin, nə də insanların hafizəsindən silə bilməyib.
1900-cü ildə H.Z.Tağıyevin ilk tərcümeyi-halını yazan Nəriman Nərimanov öz kitabında ibrətamiz sözlər demişdir: “...hörmətli Hacı ruzigarın bəlalarına sinə gərib, milyonlar qazanıb, özü ilə qəbir evinə nə aparacaqdır? İki arşın bez! Həyatından sonra qoyduğu milyonlarmı adını tarixdə əbədi qoyacaqdır? Xeyr! 50 ildə qazanılmış milyonlar bir ayın ərzində fani ola bilər. Bu milyonların dinə və millətə rövnəq, insanın ruhuna qida verməklə sərf olunmağı onun adını qeyrətli din qardaşlarının ürəklərində həkk edəcəkdir”.
N.Nərimanov haqlı idi. Hacı bir anın içində illərlə, halal zəhmətlə qazandığı var-dövlətindən məhrum edildi. Qazandığından yalnız birini itirmədi – millətinin sonsuz ehtiramını...
Dostları ilə paylaş: |