4.Səlimə Yaqubova(1890-1982) – maarif xadimi, alim. İlk təhsilini Tiflisdə almışdır. H.Z.Tağıyevin təqaüdü ilə Peterburqdakı Bestujev adına Ali Pedaqoji kursları bitirmişdir. Peterburq Müsəlman Xeyriyyə Cəmiyyətinin məktəbində və axşam qadın kurslаrında dərs demişdir. H.Z.Tağıyev tərəfindən Bakıya dəvət olunmuş, Aleksandrinski qız məktəbinin və ikiillik pedaqoji kursların müdiri təyin edilmişdir. Məktəb bağlandıqdan sonra Tiflisdə və Bakıda pedaqoji fəaliyyətini davam etdirmişdir. Biologiya elmlərinə dair bir sıra əsərlərin müəllifi və bu sahədə tədqiqat aparan ilk azərbaycanlı qadın alimlərdəndir.
5. Gülbahar Axrıyeva (?-?) – pedaqoq. Bakıdakı Müqəddəs Nina qadın təhsil müəssisəsinin məzunu. H.Z.Tağıyevin məktəbində müəllim, bir müddət isə müdir işləmişdir. Bakıda və Gəncədə pedaqoji fəaliyyətlə məşğul olmuşdur.
6. Sona Tağıyeva (1881-1938) – H.Z.Tağıyevin həyat yoldaşı, Hacının bütün xeyirxah əməllərində onun yaxın silahdaşı. Rus ordusunun generalı Balakişi bəy Ərəblinskinin kiçik qızı. Bakıdakı Müqəddəs Nina qız məktəbinin məzunu olan Sona xanım Tağıyevin qız məktəbində tədris prosesinin təşkilində, şagirdlərin geyimlə təmin olunmasında fəal iştirak etmişdir. Məktəbin Hamilər Şurasının sədr müavini, fəxri hamisi, 1915-ci ildən isə Bakı Aleksandrinski rus-müsəlman qız məktəbinin imkansız şagirdlərinə yardım Cəmiyyətinin sədri idi.