Azərbaycan Milli Elmlər Akademiyası Milli Azərbaycan Tarixi Muzeyi



Yüklə 0,68 Mb.
səhifə61/96
tarix10.01.2022
ölçüsü0,68 Mb.
#107676
1   ...   57   58   59   60   61   62   63   64   ...   96
Qeyd:

1. Rza Məmmədovun savadı olmadığından xatirələri müəllimə Şərqiyyə Məmmədova yazmışdır.

H.Z.TAĞIYEV TOXUCULUQ FABRİKİ FƏHLƏLƏRİNİN GÖZÜ İLƏ
1897-ci ildə özünün neft biznesini ingilislərə satandan sonra H.Z.Tağıyev bütün bacarıq və varını yeni, böyük bir layihənin həyata keçirilməsinə - Cənubi Qafqazda yeni sə­na­ye sahəsinin yaradılmasına yönəldir. Rusiya toxuculuq müəssisələrinin xam ipliyə olan tələbatı H.Z.Tağıyevi pam­bıq parça məhsulları istehsal edən fabrik tikməyə sövq etdi. 1897-ci ilin oktyabrında Bakıda “Lifli maddələrin emalı üzrə Qafqaz səhmdar cəmiyyəti” təsis edildi. Bu cəmiyyət xaric­dən gətirilən müasir texnika ilə təchiz olunmuş toxu­culuq fabriki tikməyə başladı. Müəssisə 1900-cü ildə Bakı­nın Əhmədli kəndində işə salındı.

İstehsal artdıqca sonradan genişlənən zavod tikili­lə­rindən fərqli olaraq, H.Z.Tağıyevin toxuculuq fabriki me­mar İosif Qoslavski tərəfindən əvvəlcədən vahid istehsal-ya­şayış kompleksi kimi planlaşdırılmışdı. Bura mərkəzi kor­pusdan, su şirinləşdirici və elektrik stansiyası binalarından ibarət idi. Artıq ilk 2-3 ildə fabrikin nəzdində darayıcı, qə­bul­edici, toxucu, rəngləyici və başqa şöbələr yara­dılmışdı. Bundan əlavə, qulluqçular üçün ev tikilmiş, fəhlələr üçün qə­səbə salınmış, mətbəx və yeməkxana, yaşayış üçün ka­zar­ma, məktəb binası tikilmişdi. Bu nəhəng kompleks Hacıya 3,3 mln. rubla başa gəlmişdi.

1912-ci ilin məlumatına əsasən, H.Z. Tağıyevin toxu­­culuq fabrikində 1430 işçi çalışırdı. Onların 70 %-ni azərbaycanlılar, 20 %-ni ruslar və 10 %-ni başqa millətlərin nü­mayəndələri təşkil edirdi. Bütün fəhlələrə su, istilik və işıqla təchiz edilmiş otaqlar ayrılmışdı. Fəhlələr üçün 9 əsas bina tikilmişdi. Subay fəhlələr yaşayan kazarmadan əlavə, ailəlilər üçün 160 ayrıca mənzil nəzərdə tutulmuşdu. Fab­rikdə çalışan fəhlə və qulluqçular mənzillərlə pulsuz təmin edilirdi. Fəhlənin illik orta əmək haqqı 154 rubl 84 qəpik idi. Birinci növ ağ çörək 4 qəpik, mal əti 12 qəpik, qoyun əti 13 qəpik, sabun 15 qəpik, yeməkxanada isti xörəyin qiyməti 4 qəpikdən 15 qəpiyə qədər idi.

Tibbi yardım fabrikdə qəbul şöbəsində və ambu­la­to­riyada göstərilirdi. Fabrikdə həmişə feldşer olur və həftədə üç dəfə şəhərdən həkim gəlirdi.

1920-ci ildə Azərbaycan Sovet Rusiyası tərəfindən işğal olunandan sonra H.Z.Tağıyevin fabriki milliləşdirildi və ona Rusiya bolşeviklərinin lideri Vladimir Leninin adı verildi. Hazırda müəssisə H.Z.Tağıyev adına toxuculuq kombinatı adlanır.

Toxuculuq fabrikində fəhlələrlə müəssisə adminis­tra­siyası arasında münasibətlər heç də həmişə hamar olmurdu. Fəhlələrin hüquqlarının pozulması bəzi hallarda nara­zılıqlara və hətta tətillərə də səbəb olurdu. XX əsrin əvvəl­lərində Bakıda çıxan bəzi mətbuat orqanları bu məsələni və ən başlıcası, fabrikin sahibi H.Z.Tağıyevin fəhlələrə qarşı mənfi münasibətini xüsusi qabardırdılar. Eyni xətt sovet döv­ründə çıxan ədəbiyyatda da müşahidə olunurdu. Bu baxımdan tarixçi-alim Lilya Əliyevanın 1969-cu ildə Bakıda rus dilində çıxan “Bakının toxucu fəhlələri XX əsrin əv­vəllərində” (“Рабочие-текстильщики Баку в начале ХХ в.”) mo­noqrafiyası maraq doğurur. Kiçik həcminə baxmayaraq, fundamental elmi əsər olan, zəngin mənbə bazasına söy­kə­nən bu kitab Azərbaycan tarixşünaslığında, sosial-iqtisadi tarix tədqiqatlarında böyük nailiyyətdir (haşiyə çıxaraq təəs­süflə deməliyəm ki, müstəqilliyin bərpasından sonra Azər­baycanda sosial-iqtisadi tarix yönümlü sanballı araş­dırmalar nəzərə çarpacaq dərəcədə azdır). Şübhəsiz, əsərin yazılma vaxtı nəzərə alınaraq, L.Əliyeva burada fəhlə tətil­lərinə, fəhlə-sahibkar antaqonizminə, H.Z.Tağıyevin və fab­rik müdiriyyətinin “amansızlığına” daha geniş yer verirdi. Müəllifin gətirdiyi faktlardan heç birinin doğruluğu şübhə altına alına bilməz: heç kim inkar edə bilməz ki, fabrikdə bədbəxt hadisələr zamanı yaralanan fəhlələrin sonrakı du­ru­­mu diqqətdən kənar qalırdı, fəhlələrdən alınan cərimələr çox idi, ustalar fəhlələrlə rəftarda onları təhqir edir və ko­bud davranırdı və s. Lakin digər tərəfdən, həmin faktların təhlili zamanı məlum olur ki, bütün bunların arxasında sahibkar H.Z.Tağıyev faktoru deyil, fabrik adminis­tra­siyasının fəhlələrə xoşagəlməz münasibəti durur və L.Əli­yeva da dolayısı yolla bunu təsdiq etməyə məcbur olurdu. Bundan başqa, həmin illərdə bir çox sosial, iqtisadi, siyasi aspektləri özündə ehtiva edən və “fəhlə məsələsi” adlan­dırılan problem bütün Rusiya imperiyası üçün səciyyəvi idi. Fəhlə-dövlət, fəhlə-sahibkar, fəhlə-müdiriyyət, fəhlə-usta münasibətlərini dəqiq tənzimləyən mexanizmlərin olmaması ölkədə narazılıqlara, əmək münaqişələrinə, tətillərə səbəb olurdu. Ona görə bu baxımdan H.Z.Tağıyevin toxuculuq fabrikində baş verənlər Rusiya miqyasında istisna təşkil et­mirdi, hətta burada bəzi digər müəssisələrə nisbətən fəhlə­lə­rin vəziyyəti xeyli yaxşı idi.

Sara Tağıyeva-Sarayevanın fəhlələrlə görüşü zamanı onlardan topladığı xatirələr fabrik sahibi H.Z.Tağıyevin rəsmi konsepsiyadan tamamilə fərqli obrazını canlandırır. İnsaniyyətliyi, xeyirxahlığı ilə özünə şöhrət qazandıran Ha­cını fəhlələr gördükləri kimi xarakterizə edirlər. Doğrudur, burada bəzən tədqiqatçını çaşdıran məqamlara da rast gəli­nir. Məsələn, 1906-cı ildə toxuculuq fabrikində baş vermiş iri tətilin iştirakçısı, hətta bu hadisənin 50 illiyi münasibətilə 1956-cı ildə təltif olunan Əliabbas Bağıyevin xatirələri H.Z.Ta­ğıyevi müsbət səciyyələndirsə də, o, rəsmi mətbuatda fabrikdə fəhlələrin “dözülməz” vəziyyəti haqqında müsa­hibə vermişdir. Bütün bunlar deməyə əsas verir ki, H.Z.Ta­ğıyevin toxuculuq fabrikində “fəhlə məsələsi”nin yenidən araş­dırılmasına ehtiyac var və fikrimcə, arxiv materialları ilə aşağıda gətirilən xatirələrin müqayisəli və tənqidi təhlili nəticəsində qəti mülahizələr irəli sürmək mümkün olacaq.


Yüklə 0,68 Mb.

Dostları ilə paylaş:
1   ...   57   58   59   60   61   62   63   64   ...   96




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin