Kəbirə Şeydulinanın xatirələri (1) Biz – fabrikin fəhlələri Buzovnada istirahət evində dincəlirdik. Bir dəfə Hacı Zeynalabdin Tağıyevə baş çəkməyə getdik. O, Mərdəkandakı bağında yaşayırdı. Gələndə gördük ki, o, eyvanda oturub çay içir. Bizə dedilər ki, Hacını narahat etmək lazım deyil. Aşağıda dayanıb ona baxdıq. Bizimlə gələn uşaqlar yuxarı qalxıb onunla görüşdülər. Biləndə ki, gələn fəhlələridir, Hacı bağdan üzüm dərməyi və bizə paylamağı tapşırdı. Bizə iki vedrə üzüm verdilər. Biz Hacını görməyimizə çox sevindik və getdik (2).
MATM NF, № 20082 Qeyd və şərhlər:
1. Xatirələr Lenin kombinatının işçisi Sona Əli qızı Məmmədova tərəfindən yazıya alınıb.
2. Bəhs olunan əhvalat H.Z.Tağıyevin bütün mülkiyyətinin müsadirəsindən sonra baş verib. Qədirbilən fəhlələr keçmiş sahibkarı bu məqamda da unutmurdular...