Mərdəkan qəsəbəsindəki 123 №-li orta məktəbin müəllimi Hacı Zair oğlu Əliyevin xatirələri
Kəndimizin ağsaqqalları belə nəql edirdilər: “Bir gün Hacı Zeynalabdin Tağıyev Bakıdan Mərdəkana – bağa gələrkən küçənin yanında xeyli ağ daşın töküldüyünü görüb soruşur: – Bu daşları bura kim və nə üçün tökdürüb? Cavab verirlər ki, Heydər Almasov burada məscid tikdirəcək. Hacı camaata deyir ki, gündüz tökülən daşları gecələr aparın, sizin üçün tikilməkdə olan məktəbin daşlarına qarışdırın. Axşam Hacı, Almasov Heydəri yanına çağırıb deyir ki, kənddə bir məscid var, ikinci məscid tikdirməklə camaat arasında ikitirəlik salırsan. Əgər camaatına xidmət etmək istəyirsənsə, onda bir məktəb tikdir. Heydər buna etiraz etmiş, öz müsəlmanlıq borcu xətrinə məscidin tikilməsinin vacib olduğunu bildirmişdir (bu məscidlə məktəbin tikilməsi eyni vaxtda olmuşdur).
Doğrudan da, sonralar Mərdəkan əhalisi arasında istər Şəbih günləri, istərsə də məscidə yığışanların dəstə gəzdirmələri vaxtı müxtəlif davalara təsadüf olunurdu”.
2 may 1957-ci il.
MATM NF, № 20080
Dostları ilə paylaş: |