Ey güruhi-milləti-islamiyan,
Noldu bizdə himməti-əhli-Quran.
Nə səbəbdən pozulubdur ittifaq,
Üz veribdir bizlərə bunca nifaq.
Qalmayıbdır ittifaqi-həmrəhi,
Tutmuşuq cümlə təriqi-gümrəhi.
Nə bu imani-vətəndən var xəbər,
Pişəmiz cümlə qərəzdir sərbəsər.
Hər gün digər fəhlə və işçilərlə mehribanlıqla və məhəbbətlə rəftar edər, özünün rəislik vəzifəsini qabartmazdı. Səhər gün çıxmamış öz işinin üstündə hazır olurdu, fəhlələrin çoxu isə hələ heç hazır deyildilər. Məlumdur ki, neft quyusunu qazmaq asan iş deyil və az müddətdə onun nəticəsi görünməz. Hər quyu ən azı 250 sajenədək (1 sajen = 2,1336 m – F.C.) qazılmalı, qazma işini icra edən şəxs bütün fəhlələri ilə iki ilədək qazımaqla məşğul olmalı, qışın soyuğuna və yayın istisinə davam gətirməlidir. Hacının müasirləri ona təəccüb edirdilər, bəziləri səfeh, bəziləri isə acgöz və tamahkar sayırdılar. Paxıllar deyirdilər: “Görəsən, bunun bədəni dəmir və poladdandır ki, bu cür zəhmətli və məşəqqətli işlərə hədsiz səy göstərir?” O, dəfələrlə elə fəlakətlərə düçar və müsibətlərə giriftar oldu ki, heç kəsin bu vəziyyətdən çıxmasına ümidi yox idi. Hətta fəhlələr onun halına təəccüblənərək, çəkdiyi zəhməti faydasız və əbəs hesab edirdilər. Lakin o cənab öz mərdliyi və əzmkarlığı ilə işində sabit və möhkəm durmuşdu. Ümidini itirməyib, məqsədinə çatmaq və nəticə əldə etmək üçün çalışırdı. Bir saat nə özünü, nə özgələri asudə və rahat qoymurdu. Cürətsiz və səbirsiz şərikləri o quyunun mənfəətindən ümidlərini kəsib tənə və məzəmmət dillərini açdılar, axırda məyus olandan sonra öz paylarını satmaq üçün müştərilər axtarmağa başladılar. Hacı şəriklərinin paylarını satın aldı və daha da artıq çalışıb, tək-tənha zəhmətə dözürdü.
Gərm olmuş idi zəhmətlə böylə ol cənab,
Hədsiz edirdi dərdi-məşəqqətlər içrə tab.
İş uzanır, qazdırdığı quyudan isə neft hasil olmurdu. Fəhlələr Hacıya deyirdilər: “Bu qədər zəhmət çəkdiyimiz bəsdir. Bacardığını elədin, indi bir başqa işə başla.” Bu sözlərin cavabında Hacı onlara mülayimliklə cavab verir və muzdlarının artırırdı.
“Nəhayətdə qurtuluş hasil olar” deyirlər. Bir gün xoşbəxtlik qasidi qapını döydü və ağır zəhmət öz bəhrəsini verdi. Həqiqətən də, “Allah səbr edənləri sevir”.
Yetişdi müjdə ki, gəldi zəmani-firuzi,
Yudu bu əbri-səadət ğübari-diruzi.
Bu ruzigar kim keçirir zəhrdən betər,
Gahi olur məzaqə, gah cun şəkər gələr.
Yari-köhəndi səbrü zəfər çox qədimdən,
Çünki cəzayi-səbrdə axır zəfər gələr.
Uzunmüddətli zəhmətin nəticəsi bir saatda hasil oldu, xərclənən külli miqdarda vəsait özünü doğrultdu. Hacı səxavət və kərəm qapısını açıb, fəhlələrin və kargüzarların hər birinə layiqli hədiyyələr bağışladı. Onlar da minnətdarlıq edib, o cənabın dövlətinin çoxalmasını Xudavəndi-aləmdən dilədilər və ömürlərinin qalan hissəsini istirahətdə keçirtdilər.
Cənab Hacının qüvvəsi və sərvəti günü-gündən artdıqca, o, həmvətənlərinin tərbiyə və tərəqqisinə, əziz Vətəninin vacib işlərinə diqqət yetirməyə, ehtiyaclarını aradan qaldırmağa başladı. O böyük xidmətlər həmişəlik tarix səhifələrinə yazılacaq və millət oğullarının dillərində xatırlanacaq.
Qərilər lazımdı ta dərya dili peyda ola,
İlləri keçmək gərək ta pəşmi-poşti-mişədən
Bu – Sədi Tusidən, ya çun Üveysi əz Qərən
Abidə xirqə ola, ya ki, himar üçün rəsən.
O, başa düşürdü ki, heç bir millət cəhalət binasını söküb elmin barını gətirən ağacları əkmədən, onların kökünü millət övladlarının qəlblərində sabit etmədən qüdrətin, insaniyyətin və mədəniyyətin son məqamına, ali mərtəbələrinə çata bilməyib. Heç bir böyük dövlət elmin qapılarını təbəələrinin üzünə açmadan öz məqsədinə çata bilməyib. Cənab Hacı öz millətinin tərəqqisi yolunda səxavət nümayiş etdirib, hər il 20 nəfərədək tələbəni dünyəvi və texniki elmlərə yiyələnmək üçün müxtəlif universitetlərdə oxutdurur və hər il onlara 7500 rubl xərc çəkir. Təhsillərini başa vuranların yerinə yeni tələbələr göndərir. Hacının tələbələrə çəkdiyi ümumi xərc 65000 rubla çatıb. Sonradan onlar müxtəlif müəssisələrin və idarələrin rəhbərləri olub, xalqa xidmət edirlər.
Bununla belə, cənab Hacı dörd məktəbin hamisi vəzifəsini qəbul edib. Hər cür ianə və himayə ilə məktəb şagirdlərinin qeydinə qalır. Şəhərdə təhsil işlərinə qayğısından başqa Hacı kənd əhalisinin də tərəqqi və tərbiyəsinə diqqət yetirdi və Bakı kəndlərinə öz səxavətini yönəldib, yetim uşaqların təlim və tərbiyəsi ilə məşğul oldu. Məlumdur ki, kənd uşaqları təmiz havada daha çox vaxt keçirdiklərinə görə salamat olurlar və hər cür istedad onlarda qərar tutur. Ona görə Hacı belə istedadlı uşaqlardan neçəsini ali məktəblərə və uca dərəcələrə yetirdi, onlar isə həmvətənlərinə nümunə oldular.
İlk olaraq cənab Hacı Bakıdan 3 mil aralıda yerləşən Mərdəkan kəndində 50 nəfər yetim uşaq üçün şəhər məktəbi nümunəsində bir məktəb tikdirdi, onun binasının inşasına 30000 rubladək xərclədi və hər il orada oxuyan uşaqların ehtiyaclarına 7000 rubl sərf etdi. Həmin məktəbdə uşaqlara şəriət, Azərbaycan və rus dilləri tədris edilir, əkinçilik, bağçılıq vərdişləri öyrədilirdi.
Dostları ilə paylaş: |