AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI
FOLKLOR İNSTİTUTU
______________________________________________
AXISQALI
XƏSTƏ HASAN
ŞEİRLƏRİ VƏ ŞEİRLƏRİNİN
YARANMASI HAQQINDA SÖHBƏTLƏR
BAKI – 2012
AMEA Folklor İnstitunun
Elmi Şurasının qərarı ilə çap olunur.
Redaktorları: f.ü.f.d. Fəxrəddin Salim,
f.ü.f.d. Nigar Eldar qızı
Rəyçilər: f.ü.f.d. Əfzələddin Əsgər,
f.ü.f.d. Elxan Məmmədli
Əli Hüseyn oğlu Şamil (Şamilov). Axısqalı Xəstə Hasan (şeirləri və şeirlərinin yaranması haqqında söhbətlər), Bakı, Elm və təhsil, 2012, -248 səh.
Kitaba Azərbaycanda az öyrənilmiş axısqalı aşıq Xasta Hasanın şeirləri, şeirlərinin yaranması haqqında söhbətlər daxil edilmişdir. Bu söbətlər çox vaxt dastan-rəvayətlər də adlandırılır. Azərbaycanla eyni mədəniyyət dairəsində yaşamış, eyni dinə inanmış, eyni dildə danışmış xalq 1944-cü ilin sürgünüdən sonra mesxeti türkləri, axıska türkləri, bəzən də cavaxetiya türkləri adlandırılmağa başlanmışdır. XVIII-XX yüzillərdə yaşamış Xasta Hasanın şeirləri isə yalnız süni yaradılmağa çalışılan əngəlləri aradan qaldırmağa yönəlməyib, həm də bir boşluğu aradan qaldırmağa xidmət edir.
Kitabda beynəlxalq təşkilatların vətənlərinə dönmələri haqqında dönə-dönə qərarlar verdiyi, lakin hələ də ata-baba yurdlarına dönə bilməmiş axısqalıların, həm də oğuz türklərinin böyük aşığı Xasta Hasanın ömür yolu, şeirləri fonunda bölgənin tarixinə, orada yaşamış soydaşlarımızın ağrı-aclıarına da nəzər salınıb.
Ş 4603000000 Qrifli nəşr
N-098-2012
© Əli Şamil, 2012
Bu kitabı Xasta Hasanın ömür yoluna məndə maraq oyatmış Aşıq İslam Ərdənərin, Xasta Hasanın tanıdılmasında böyük əməyi olmuş Aşıq İsgəndər Ağbabalının və 30 ilə yaxın Xasta Hasanı öyrənmiş, əsərlərində onu məhəbbətlə tərənnüm etmiş professor Valeh Hacıların ruhlarına bağışlayıram
İÇİNDƏKİLƏR
Xəstə Hasan və Axısqa aşıq mühiti................................8
Qısaltmalar.....................................................................58
Gəraylılır
Bəyim...............................................................................60
Dərməgi............................................................................61
Dırqınada..........................................................................62
Qadasın aldığım...............................................................63
Gələr.................................................................................64
Gəliyor.............................................................................65
Güldürməgə......................................................................66
Yalvara-yalvara................................................................67
Qoşmalar
Ağı gözdər........................................................................68
Azad olur..........................................................................69
Ay Hasan..........................................................................70
Bax birisinə......................................................................71
Bəgim mənim...................................................................72
Bəndini.............................................................................73
Bilmerəm..........................................................................74
Bir günəş..........................................................................75
Bu gecə.............................................................................76
Bu sarayları......................................................................77
Dadıma mənim.................................................................78
Dedi..................................................................................79
Əfəndim...........................................................................81
Getdi.................................................................................82
Gərək ...............................................................................83
Gəldi ................................................................................84
Gəliyer..............................................................................86
Gərək ...............................................................................87
Gətirər..............................................................................88
Gizlənər............................................................................89
Gözəl................................................................................90
Gözəllər............................................................................91
Gürcü qızı.........................................................................92
Qaldı.................................................................................93
Qədərim mənim ..............................................................94
Qızların............................................................................95
İçində...............................................................................96
İçindədi............................................................................97
Kamallıdı.........................................................................98
Kim idi?.........................................................................100
Maşallah .......................................................................101
Mənası nədi?..................................................................102
Mənim............................................................................103
Muyların.........................................................................104
Neyləsin?........................................................................105
Nədi?..............................................................................106
Olsun..............................................................................107
Oynamasın.....................................................................108
Pərişan............................................................................111
Yengə.............................................................................112
Yüz açar indi..................................................................113
Cığalı təsnis
Bir-bir çək……………………………………………114
Divanilər
Birdi bir..........................................................................116
Bir su ver........................................................................118
Bu gün............................................................................120
Gedər..............................................................................121
Gələr...............................................................................122
Həvəsinnən ....................................................................123
Kimdə var?!...................................................................125
Mən................................................................................127
Məndədi.........................................................................128
Üsdündədir.....................................................................130
Üsdündədir.....................................................................131
Yatasan...........................................................................132
Yüzdə bir........................................................................133
Müxəmməslər
Allahın astanına.............................................................136
Əyri................................................................................137
Deyişmələr
Qul Qaranıyla Xasta Hasanın deyişməsi
Bax.................................................................................138
Qara hey!........................................................................142
Ver xavar........................................................................147
Səkkiz.............................................................................151
Xasta Hasanın Usta Poladla deyişməsi
Oynasın..........................................................................153
Verər..............................................................................155
İstərəm............................................................................158
Xasta Hasanın İrfanı ilə deyişməsi
Dörtdü dörd………………………………....................160
Valeh Hacılar nəşrində “Müxtəlif şeirlərdən parçalar” başlığı altında verilənlər
Canım.............................................................................164
Lazımdı..........................................................................164
Seirlərin yaranması haqqında söhbətlər
Xəstə Hasannan Qaranının deyişməsi............................165
Xəstə Hasannan Asıq Poladın deyişməsi.......................179
Xəstə Hasanın qardaşı oğlu Dəli Bayramı
türmədən azad etməsi...............................................196
Xasta Hasanın uşax vaxtı Xavetdə
danaya gedən vaxtı başınnan ötən vaqiə..................206
Xasta Hasanın qardaşı Dəli Avdıllayı
Dədə bəyin qazamatınnan qurtarması......................219
İndi bu məsələ Xasta Hasanın öz toyudu.......................233
Gülüzar xanımın atası evinə gəlməsi.............................237
Xasta Hasanın naxoş vaxtı diyən sözləri budur.............241
Xasta Hasan...................................................................244
Sözlük...........................................................................246
XASTA HASAN VƏ AXISQA AŞIQ MÜHİTİ
Xəstə Hasanın şeirləri müxtəlif müəlliflərin yüzlərlə qoşqusundan çox asanlıqla seçilə biləcək şeirlərdir. Sənətkarın əldə olunmuş əsərlərinin böyük əksəriyyəti də zəmanəmizə tam dəqiqliyi ilə gəlib çatmamışdır. Onları doğru-dürüst müəyyənləşdirərək yazıya almaq, tədqiq və nəşr etmək gələcək araşdırıcıların işidir. Bu məsələdə ilk növbədə həmkarım, istedadlı alim qardaşım Əli Şamilə böyük ümidlər bəsləyirəm.
Valeh HACILAR,
Gürcüstan EA-nin akademiki
Qaynaqlarda adı Həsən, Hasan, ləqəbi Xəstə, Xəsdə, Xasta, Xasda, Hasda və Hasta kimi qeyd edilmiş el sənətkarının ad və ləqəbini biz yaşadığı bölgədə deyildiyi kimi, yəni Xasta Hasan kimi yazacağıq. Qaynaqlarda isə necədirsə o çür verəcəyik. Bu da kitaba bir neçə variantlılığa səbəb olacaqdır.
Folklorumuzun toplanması, araşdırılması və nəşrilə ardıcıl məşğul olan, Xasta Hasanın həyat və yaradıcılığının öyrənilməsinə, tanıdılmasına, həqiqətlərin üzə çıxarılmasına böyük əmək sərf etmiş Valeh Hacıların 2009-cu ildə çap etdirdiyi “Xəstə Hasan (həyatı, şeirlərindən seçmələr)” kitabına yazdığı ön sözlə üzərimə böyük bir yük qoymuş oldu. Onun istəyini reallaşdırmaq üçün əlimdəki başqa yazıları tamamlamadan Xasta Hasan kitabını hazırlamağa başladım. Valeh müəllim 40 il öncə başladığım işi tamamlamağıma təkan verdi.
Valeh müəllim məndən üç yaş kiçik idi. Tez-tez görüşməsək də səmimi bir münasibətimiz vardı. Yaradıcılığını diqqətlə izləyirdim. Bəzən eyni mövzuda yazan araşdırıcılar arasında qısqanclıqdan və ya hansısa səbəblərdən açıq və ya gizli bir qarşıdurma, ziddiyət olur. Valeh müllimlə mənim dostlaşmağımın səbəbi isə Xasta Hasan olmuşdur desəm yanlış olmaz. Hər ikimiz eyni mövzunu araşdırırdıq.
Axısqalıların Qazağıstana sürgün olunduğunu, Xasta Hasanın nəslindən olanların çoxunun Talqar şəhərində yaşadığını, oradan aşıq haqqında zəngin material toplayacağımı bilsəm də, maddi çətinliklər ucbatından istəklərimi reallaşdıra bilmirdim.
Türkiyənin Balıkəsir Universitetinin müəllimi, bir neçə dəfə Azərbaycanda olan, Folklor İnstitunun keçirdiyi sempozyumlarda iştirak edən, Azərbaycan siyası mühacirətinin araşdırıcısı Səbahəttin Şimşir xanımı Nahidə Şimşir ilə birlikdə Almatı şəhərindəki Abay adına Pedaqoji Universitetinə müəllim işləməyə getmişdilər. Gözəl təşkilatçılıq bacarığı olan Səbahəddin bəy qısa müddətdə universitetdə Türkiyə türkcəsində “Abay yıllığı” adlı məqalələr toplsunun çapına və elmi toplantılar kecirməyə nail oldu.
Qazaxıstan və Türkiyə elm ocaqlarını Almatıda 2007-ci ilin mayın 16-20-də düzənlədiyi Birinci Uluslararası Ortak Dəyərlər Sempozyumuna “Ahıskalı Hasta Hasanın seirləri Kazakıstanda” mövzusunda məruzəsilə mən də qatıldım. Bütün xərcləri ödənən bu səfər Xasta Hasanın sürgündə olan qohumları ilə görüşməyimə şərait yaratdı.
Bu işdə Naxçıvandan tanıdığım xalq hərəkatı fəallarından Elcin Abbasovun da rolu böyük oldu. O, Bakı Dölət Unversitetinin professoru Vaqif Soltanlı ilə mənə sürücüsü uyğur olan bir maşın ayırmışdı. Həmin maşın da bizi Almatıdan təxminən 70-80 kilometr aralıdakı Talqar şəhərinə, Xasta Hasanın nəslindən olanlarla görüşə apardı.
Səfərimiz uğurlu alındı. (Materialların əldə edilməsində məndən daha çox təkid edən Vaqif Soltanlıya minnətdaram). Səfərdən döndükdən xeyli sonra Valeh Hacılarla görüşüb fikir mübadiləsi edərkən Xasta Hasanın nəslindən olanlardan, Aşıq İsgəndərdən və Aşıq İslam Ərdənərdən topladığım materialları, eləcə də dövrü mətbuatdan, kitablardan əldə etdiyim bilgiləri də ona verməyi təklif etdim. Çünki Valeh Hacıların elm aləmində nüfuzu və çap olunma imkanları daha böyük idi. O, Gürcüstan EA-nın akademiki seçilmişdi.
Yaşda məndən kiçik olan bu böyük qəlbli alimin məndən çox yaşayacağını, Xasta Hasan haqqında sanballı bir monoqrafiya ortaya qoyaçağını düşünürdüm. Həmin vaxtlar Valeh Hacıların xəstə olduğunu bilmirdim. O, çox nəzakətlə topladığım materialları deyil, çap olunmuş məqalələrimin fotosurətini istədi. İki il sonra isə mənə “Xəstə Hasan (həyatı, şeirlərindən seçmələr)” kitabını göndərdi. Kitaba yazdığı geniş və olduqca sanballı ön sözdə mənim məqalələrimdəki faktlara da münasibətini bildirmiş, razılaşmadığı fikirlərimə yüksək mədəniyyətlə etirazını bildirmişdi.
Ölümündən bir neçə ay öncə çap etdirdiyi kitab haqqında tanıtma məqaləsi yazmağa hazırlaşdığım bir zamanda nekroloq, vida məqaləsi yazmalı oldum. Valeh Hacılar 2010-cu ildə dünyasını dəyişdi. Onun “Xəstə Hasan” kitabına yazdığı ön sözü oxuyanda bərk kövrəldim. Oradakı “Bu məsələdə (Xasta Hasanın öyrənilməsi və tanıdılmasında–Ə.Ş.) ilk növbədə həmkarım, istedadlı alim qardaşım Əli Şamilə böyük ümidlər bəsləyirəm” cümləsi mənə bir vəsiyyəti xatırlatdı.
Valeh müəllim dünyasını dəyişmək ərəfəsində boynuma deyin qoymuşdur. Onun vəsiyyətinə əməl etmək üçün 2006-cı ildə Folklor İnstitututunun iş planı kimi tamamladığım və nəşrə hazırladığım “Xasta Hasan” kitabının bilgisayar nüsxəsini yenidən ələ aldım. Əlimdəki başqa işlərimi kənara qoyub Xəstə Hasan kitabı üzərində yenidən və əsaslı işləyib tamamlamağa calışdıqca ötən illərin yazılarını bir daha gözdən keçirməli oldum.
Valeh müəllimin Xasta Hasan haqqında ilk yazısını çap olunandan az qala bir il sonra oxumuşdum. Azərbaycan Aşıqlarının VI Qurultayı ərəfəsində mədbuat aşıq yaradıcılığına diqqəti müvəqqəti olsa da bir az artırmışdı. Bu imkandan istifadə edib yazmış olduğum “Xəstə Hasan” məqaləmi işlədiyim “Sovet Naxçıvanı“ qəzetinin 1984-ci il 20 mart sayında çap etdirdim. Tirajının az olduğunu və geniş yayılmadığını nəzərə alıb qəzetın həmin sayını tanıdığım folklorçulara və dostlarıma göndərdim. Aradan çox keçmədi ki, Gürcüstan SSR Marneuli rayonunun Keşəli kəndində yaşayan tələbə yoldaşım Osman Əhmədoğludan bir məktub aldım. Məktubda “Sovet Gürcüstanı” qəzetinin 1983-cü il 12 aprel sayının bir vərəqi vardı. Qəzetin həmin sayında Valeh Hacıyevin “Xəstə Hasan kimdir?” məqaləsi vardı. Məqaləni böyük ruh yüksəkliyi ilə oxudum, qəzetin mənə gec catdığına təəssüfləndim və redaksiyaya da, Valeh müəllimə də təşəkkür məktubu göndərdim. Məktublara Hasta Hasan haqqımda “Şərq qapısı” qəzetindəki çap olunmuş məqaləmi də əlavə etdim.
Aradan xeyli keçəndən sonra Valeh müəllimdən də, redaksiyadan da cavab aldım. Qəzet Hasta Hasan haqqında yeni məqalə göndərməyimi istəyirdilər. O, dövrdə redaksiyanın mənə, yəni gənc müəllifə belə bir məktub yazması gözlənilməz hadisə idi. “Xəstə Hasan və müasirləri” məqaləsini hazırlayıb göndərdim. Məqalə “Sovet Gürcüstanı” qəzetinin 1986-ci il 1 iyul sayında çap olundu. Sonralar bildim ki, məktubun mənə göndərilməsinin və məqalənin çapının təşkilatçıları Osman Əhmədoğlu ilə Valeh müəllim olub.
Xasta Hasanın şeirlərini və haqqında yazdığım məqaləni 10 il yaxın idi Azərbaycan mətbuatında çap etdirə bilmirdim. Birdən Gürcüstan KP MK, Gürcüstan SSR Ali Soveti Rəyasət Heyəti və Nazirlər Sovetinin orqanının sürgün olunmuş xalqa – axısqalılara səhifələrində yer ayırması gözlənilməz idi.
Xasta Hasanın həyat və yaradıcılığına maraq məndə tələbəlik illərindən, yəni 1973-cü ildən oyanmışdı. Bu marağı oyadan isə Türkiyədən Gürcüstana qohumlarını görməyə gələn İslam Ərdənər olmuşdur.
...Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsində gündüz oxuyurdum. Yüksək təqaüd almağıma baxmayaraq, keçimimi təmin etmək üçün geçələr də Sumqayıt Kimya Kombinatında fəhlə işləyirdim. Fakültəmizin dekanı Şirməmməd Hüseynov da ciddiliyi və qəribəlikləri ilə ad çıxarmışdı. O, dərsdən qalmaq üçün icazə alarkən yalan deyən, müxtəlif bəhanələr gətirən tələbələri çox sərt və ibrətamiz cəzalandırardı.
Danışırdılar ki, bayram günlərində “nənəm ölüb” deyərək icazə istəyən tələbəyə Şirməmməd müəllim heç nə demədən icazə verib. Bir gün sonra isə həmin tələbənin evlərinə–Gəncəyə matəm çələngi göndərtdirib. Evdəkilər matəm çələngini və başsağlığına gələnləri görüb bərk narahat olublar və heç kimin ölmədiyini bildiriblər. Sonra məsələnin nə yerdə olduğu aydınlaşıb. Bu və buna bənzər bir çox hadisələrə görə Şirməmməd müəllimə yalan deməyə cəsarət edən çox az tapılardı.
1973-cü ilin aprelində filologiya fakültəsində oxuyan dostum Osman Əhməd oğlu dərs gününün sona çatmasına dözməyib fakültəmizə gəldi. Həyacanla kəndlərinə Türkiyədən bir aşıq gəldiyini söylədi və axşam qatarı ilə görməyə gedəcəyini bildirdi. Mənə də təklif edir ki, birlikdə gedək. Heç bir tərəddüd etmədən, ölçüb-biçmədən razılaşdım. Türkiyədən gələn bir aşığı görmək üçün Gürcüstana ketmək istədiyimi Şirməmməd müəllimə desəydim sözsüz ki, icazə verməyəcəkdi. Üstəlik məni də bəs qədər danlayacaqdı. Başqa bəhanə gətirib içazə alsam da, yalanımın üstünü açıb məni fakültədə biabır edəcəkdi.
Odur ki, dərsdən və işdən icazə almadan axşam qatarıyla yola düşdük. Səhər Keşəliyə catdıq. Çantamızı Osmangildə qoyub Qənbərgilə getdik. Qənbər çox əziyyətlə, rüşvət verməklə də olsa, Qars yaxınlığındakı Hümmətli (vladıqars) kəndində yaşayan dayısı Aşıq İslam Ərdənərə viza ala bilmişdi. Az təsadüf olunacaq bu hal bölgədə bir bayram havası yaratmışdı. Keşəlidə və qonşu kəndlərdə Türkiyədən gələni qonaq aparmaq istəyənlər növbə yaratmışdılar. Orada olduğum günlərdə Aşıq İslam hansı evə gedirdisə biz də oraya gedirdik. Aşıqla birlikdə gedən yalnız Osmanla mən deyildim, İslam Ərdənər qonaq çağrıldığı evdə azı 30-40 nəfər olurdu.
İslam Ərdənəri görməyə gələnlərin çoxu İkinci Dünya Savaşında itkin düşən qohumlarından və 1918-ci ildən sonra Türkiyəyə gedib geri dönməyən əzizlərindən xəbər tutmaq istəyənlərdi. Onlar söhbətin yönünü qohumlarının axtarışına yönəltməyə çalışsalar da, məclislərdə söz-söhbət əsasən aşıqlardan və aşıq yaradıcılığından gedirdi.
Biz də bu söhbətlərə həvəslə qatılırdıq. Söhbətlərin birində Türkiyədə çap olunan, Azərbaycanda M.F.Axundov adına Respublika Kitabxanasına və Elmlər Akademiyasının Kitabxanasına göndərilən “Folklor araştırmaları” dərgisində oxuduğum “Bir su ver” rədifli şeirin bildiyim misralarını söyləyib müəllifini tərifləyəndə İslam Ərdənər həmin şeirin Xasta Hasana nəzirə olduğunu söylədi. Məclisdəkilərin çoxu etiraz etdi. Çünki hamımız Xasta Hasanı istedadsız aşıq, ədəbi oğru kimi tanıyırdıq.
Aşıq İslam Ərdənər heyrət içində qalmışdı. Biz ona Xasta Hasanın Xəstə Qasımın qıfılbəndini öz adına Aşıq Əlısgərə göndərib onu sınağa çəkdiyini bildirdik. Onun etiraz etdiyini gördükdə isə Aşıq Ələsgər kitabını gətirb «daimül-övkat» qafiyəli müstəzad qıfılbəndinə yazılmış şərhi oxuduq. Orada yazılmışdı: “Rəvan aşıqlarından Xəstə Hasan adlı birisi Xəstə Qasımın «daimül-övkat» qafiyəli müstəzad qıfılbəndi öz əsəri kimi yazdırıb bir üzünü Ələsgər, bir üzünü də Aşıq Misgin Bürcüyə göndərir. Aşıq Ələsgər qıfılbəndi həmin müstəzad ilə açır, altıncı bənddə də qıfılbəndin Xəstə Qasımın əsəri olduğunu ona xatırladır”. (Aşıq Ələsgər, 1963:470-472)
İslam Ərdənər səbir və təmkinlə deyilənlərə qulaq asdıqdan, oxuduqlarımızı dinlədikdən sonra dedi ki, burada nə isə bir yanlışlıq var. Çünki Xəstə Hasan Rəvanlı deyil, Axısqalıdır. Rəvanla Axısqa arasında 300-400 kilometir məsafə var. Xəstə Hasan Axısqanın Lebis kəndində yaşayıb, qəbri də oradadı. O, məşhurlaşanda, aşıqlıq edəndə Ələsgər uşaq olub. Göycə ilə Axısqa arasında elə bir yaxınlıq, əlaqə olmayıb. Hətta bağlama göndərsə belə belə Aşıq Alıya və çağdaşlarına göndərərdi. Xasta Hasan bəlkə də Göycədə Aşıq Ələsgərin varlığından belə xəbər tutmadan dünyasını dəyişib. Pirlər əlindən badə içmiş, bağlamalar açan, bağlamalar qoşan Xəstə Hasan kimi istedadlı bir aşıq heç vaxt başqasının bağlamasını öz adında kimsəyə göndərməz .
Aşıq İslam Xəstə Hasanın “Yüzdə bir” divanisini avazla söylədi. Məclisdəkilər birinci dəfə eşitdikləri divanini heyranlıqla dinlədilər. O, möhürbənddəki “Sənə min iki yüz on səkkizdi, yox tarixim sayam” misrasındaki hicri təqvimini miladiyə çevirərək 1802-cü ilə uyğun gəldiyini söylədi. Biz yenə də geri çəkilmədik. Çünki kitabı nəşrə hazırlayan professor M.Təhmasibin, Aşıq Ələsgərin nəvəsi İslam Talıb oğlunun, eləcə də kitabda yazılanlarla razılaşan folklorçu alimlərimizin belə yanlışlığa yol verə biləcəklərinə inanmırdıq.
İslam Ərdənərin dedikləri ilə razılaşmasaq da, fürsəti də əldən buraxmadıq. Diktafonumuz, maqnitafonumuz olmasa belə onun söylədiyi şeirlərin bir çoxunu yazıya aldıq.
Mən bir həftə sonra Bakıya döndüm. İslam Ərdənər isə iki aya yaxın Borçalını, Qazax-Gəncəbasar bölgəsini (rəsmi sənədlər onun Azərbaycana keçməsinə icazə vermirdi. Amma insanların böyük sevgisi mənasız qadağalardan çox güclü idi–Ə.Ş.) gəzib, bir çox aşıqlarla, dogmalarını axtaranlarla görüşüb geri döndü. Çoxlarına qohumlarının sağ-salamatlığı haqqında sevinc xəbəri verdisə də bizim icimizdə də bir şübhə toxumu əkib getdi. Həmin vaxtdan Osmanla mən harda aşıq, saz-söz həvəskarı gördük Xasta Hasanı xəbər aldıq. Aşıq İslam Ərdənərdən topladığımız şeirləri mətbuatda çap etdirməyə çalışsaq da buna nail ola bilmirdik.
Aşıq İslam Türkiyəyə gedəndən sonra onunla məktublaşdıq. O, məktublarında da Xəstə Hasanın bəzi şeirlərini mənə göndərdi.
Bir gün Osman mənə, Naxçıvana zəng vuraraq Hüseyn Saraclının Xasta Hasanın şeirlərini bilən bir aşığın–Aşıq İsgəndər Gülməmmədovun Ermənistan SSR-in Amasiya rayonunda yaşadığını bildirdi. Mən aşığın ünvanını dəqiqləşdirib Ellər (Elləroyuğu) kəndinə soraqçı bir məktub yazdım. Beləcə Aşıq İsgəndərlə əlaqə yaratdım. Bir neçə il sonra onu Naxçıvana dəvət edib televiziya və radioda çıxışını təşkil etdim, aşıqlarımız və dastanlarımızla bağlı xeyli material topladım.
Onun repertuarı Azərbaycandan, Gürcüstandan, Ermənistandan tanıdığım aşıqların repertuarından xeyli fərqənirdi. Belə ki, o, mənim dinləmiş və oxumuş olduğum dastan və rəvayətlərin, aşıq şeirlərinin əksəriyyətini bilməklə yanaşı heç adını belə bilmədiyim aşıqların şeirlərini oxuyur, oxumadığım və dinləmədiyim dastanları danışır, heç eşitmədiyim saz havalarını çalırdı.
Aşıq İsgəndərdən Xasta Hasanın şeirlərini və haqqında bir neçə rəvayəti yazıya aldım. O, Xasta Hasanın ömür yolu, şeirləri, haqqındakı dastan-rəvayətləri söyləməklə kifayətlənmədi, onun Qazaxıstana sürgün olunmuş qohumlarının ünvanını verməklə Xasta Hasanın nəslindən olanlarla mənim aramda bir köprü qurmuş oldu. Beləcə mənin topladığım materiallar getdikcə artdı. Əldə etdiyim materiallar əsasında 10 ildən sonra da olsa məqalələr çap etdirib və radio verlişləri hazırlaya bildim.
Aşıq İsgəndər haqqında Naxçıvan radi və televizyasında verliş hazırlayarkən çalışdım ki, dinləyicilərin, tamaşaçıların indiyədək eşitmədiyi və ya çox az eşitdikləri havaları çalsın, sözləri oxusun. Onun çaldığı havaların və oxuduğu mahnıların adları qeyd dəfdərimdə bu şəkildə qalıb: dərbədəri, çalpapaq, köşəbaşı, dəli hicranı, at üstü, çuxuroba, xoşdamaq, otalı qız, sarı yaylıq, sarı gəlin, doşanqullaroğlu şikəstəsi, qəribi. Naxçıvan radiosunun fondu üçün yazdırdığımız yarım saatlıq lent sonralar da efirdə tez-tez səsləndirilirdi. İsgəndər Ağbabalının istər Naxçıvandakı, sitərsə də, Azərbaycan radiosunun “Bulaq” proqramındakı çıxışları böyük əks-səda doğurdu. Bu havaları eşidən mütəxəssislər də dəfələrlə mənə müraciət edərək onlara aşıqla görüşməkdə yardımçı olmamı xahiş edirdilər.
Tələbəlikdə etdiyim intizamsızlığım sürgün olunmuş soydaşlarımızın taleyinə biganə qalmamağıma, həmişə onları müdafiə etməyimə, Axısqa mühitini yaxından öyrənməyimə, Axıska aşıq mühiti ilə bağlı 6 Uluslar arası sempozyuma məruzə hazırlamağıma, 10 elmi publisistik məqalə, 5 elmi məqalə, 2 kitab yazdmağıma səbəb oldu.
Dostları ilə paylaş: |