Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu azərbaycan folkloru antologiyasi (Cəbrayıl, Ağdam, Laçın, Qubadlı, Zəngilan, Ağcabədi və Kəlbəcər rayonlarından toplanmış folklor nümunələri) baki – “Nurlan“ – 2012



Yüklə 2.51 Mb.
səhifə2/29
tarix21.06.2018
ölçüsü2.51 Mb.
1   2   3   4   5   6   7   8   9   ...   29

III mətn

Sabırqam* batmışdı mənim. Getdim həkim yanına, ora-bura. Na­ğardılar, çıxardammadılar. Günorta yatmışdım. Gördüm bir ye­kə­­tuman arvad pencərədən girdi, dizin qoydu belimə, dartan kimi “şak” çıxdı. Bayaxdan dura bilmirdim ayağa. Gəldim otdum, çörəh yeyirəm. Gördüm evdəkilər mənə məzəli baxıllar. Elə bilirəm ki, hamı bilir. Rəhmətdih anam maa dedi:

– Bala, ağrımır belin?

Dedim:


– Ay ana, niyə ağrısın? Bayax o arvad gəlif çıxartmadı?

Dedilər:

– Hansı arvad?

Dedim:


– Pəncərədən keçən arvad, – deyəndə ağlıma gəldi ki, arvad niyə pencərədən keşsin. Onda başa düşdüm ki, bu ayrı şeydi.

Getdim Seyid Cəfər ağanın yanına. Dedim:

– Ağa, belə-belə, başıma belə bir iş gəlif.

Dedi:


– Heç harda demə, o sənin məleykəndi.

Ofşar arvatdarı kimi, qara yekə tuman geymişdi, rezin boğaz­dı. Yufkası qara idi, koftası qırmızı. Arvadın sifəti də yadımdadı. Saçını daramamış bir arvad idi.


IV mətn

Kalxoz sədri işdiyirdim o vaxdı. Qonaxlar gəlmişdi, yeyif işmiş­dix. Gəldim evdə oturanda işıxlar da keşmişdi. Həmən kadın (üçüncü mətndə haqqında bəhs etdiyi qadını nəzərdə tutur – top.) maa dedi ki, kuxnada ilan var, get onu tut, tulla çölə. Gəldim əlimi atdım ilanın boğazınnan tutdum, apardım çöldə asfaltda başını əz­dim. Səhər durdum gənə nənəmə dedim:

– Ay nənə, o ilanı yaxşı ki öldürdüm ey.

Dedi:


– Nə ilan?

Dedim:


– Axşam arvad gəldi, maa dedi ki, ilan var.

Birdən dedim ə, yağın yuxudu ey. Getdim ki, həqiqətən öldür­müşəm ilanı. Bax, həmən qadın demişdi onu maa.


V mətn

Evin ağsakqalı, böyüyü kimdisə, qaraçuxa ona deyillər. Məsə­lən, bu evin qaraçuxası mənəm. Bu evdə din də varsa, bərəkət də varsa, nə varsa, mənim ayağımadı. Bunu ata-babalarımız belə de­yirdi. Qaraçuxa mən oluram, evin böyüyü.


VI mətn

Birinin atı doğur yalın təpəsində. Çoban da belədə qoyun otarır. Arası yoxdu da bir-biriynən buların. At yiyəsinin atı doğur. Çoban gedir bunun qulununu götürür çırpır yerə. Deyir tay öldü qulun, qoy bunun atı tək qalsın. Bu bəri gəlməmiş qulun durur oynaxlıyır. Deyir:

– Bu nədi belə?!

Gedir genə bunun qarnını təpihliyir, başını təpihliyir. Görür ki, daa gözü çıxdı ağzınnan, öldü. Gəlif bu özünü vurur yuxuluğa. Çoban görür ki, at yiyəsi gedir ki, atım görüm harda doğuf. Deyir:

– Ə, buna bax ey, ay qardaş, yeddi dəfə mən gedif onu nə günə qoymuşam, o ölmədi.

Gedir axundun yanına, deyir:

– Ay axund, bu at yiyəsinnən mənim aram yoxdu. Atın balasını yeddi dəfədi gedif vurmuşam, dili çıxıf, gözü çöyrülüf, bəri gəlməmiş duruf dikgildiyif.

Deyif:


– Ay bala, onu qaraçuxa göydə tutur. Sən düşman olmaxnan deyil a. Sən atırsan, o tutur qoyur yerə. Qoymaz axı, o ölə. Onun qaraçuxası yanındadı.

Qaraçuxa heylə şeydi. Əgər ev sahibi yatağan oldusa, tifağı da­ğıldı o adamın. O adamı hərriyən şeytandı. Düşüf qavağına hərriyir.


9. HAL HAQQINDA
I mətn*

Bunu (söyləyici əlindəki iri zoğal dənəsi boyda yaşıl mun­cuğu göstərir – top.) qaynənəm verif maa. Qaynənəm Laçının İrsan kən­dində anadan olufdu. Deyir, bir kadının təzə uşağı olmuşmuş. Dam evi varmış. Görüf ki, bajadan bir nəfər baxır. Arvadın adı Xanı imiş. Deyif:

– Xanı bajı, gəlim, gəlmiyim.

O da deyif ki, qapını qoyuf niyə bajadan gəlirsən? Qapıdan gəl. Qapıdan gəlif, içəri girəndə – arvad da evin ortasında ojax qalı­yıf orda qızınırmış da, – görüfdü kü, bu gəldi oturdu ojağın qıra­ğın­da, oldu bir əcayib şey. Arvad özün itirmiyif. Ojaxdan bir dənə kö­söy götürüf, yana-yana vuruf bunun sinəsinə. Sinəsinə vuranda onun si­nəsinnən muncuxlar qırılır, hamısı tökülüf, dağılıf dam evi­nin içinə. Bunu da mənim qaynənəmin anası götürüfdü üş dənə. Qay­­nənəm də verif maa. İkisin uşax itirdi, birini atmışdım sandığa, qa­lıf orda. Hal “yeddi arxa-dönənizdən toba” deyif qaçıf. Həmin uşa­ğın adını Sal­man qoydular. Onnan sora o uşağın adı qalır Hallı Salman.


II mətn

Mənim əmimin qaynanası vardı. O deyirdi ki, yoldaşım hal tut­muşdu, gətirdi evə, saxladıx. Bunnan irəlidə kişilərin belində xan­­çal olur da. Bunu örüşdə tutar. Bir komalağ arvad-uşağın üs­dünə düşər. Hamısı qaçar, xançalı tez bunun üsdünə taxar. Bunu evə gətirər, saxlıyar. Ağbirçək arvad deyir, biz də uşağ idik, bunu atam çox saxladı, buraxmadı. Hərdən oturuf ağlıyırdı ki, mənim döşümdə uşax qalıf, mənim uşağım var, məni balalarının başına fırla. Qoçağ idi. Desəydin ki, “tez gəl”, savax gedərdi, axşam gə­lərdi. Amma desəydin “gej gəl” getməyinnən qayıtmağı bir olurdu. Bax, biz nətər iş görürdühsə, heylə iş görürdü.

Bir gün çox yalvardı kişiyə ki, məni balalarının başına hərrə, burax gedim. Dedi:

– Mana nə verəssən ki, səni buraxım, gedəsən?

Dedi ki, nə isdəsən onu verəjəm, yeddi arxa dönəninnən tova, tova, tova deyəjəm. Yeddi arxa dönənin üsdündəki sancağı hansı azarrının üsdünə aparıf taxsa, onnan da tova. İsdiyirsən un çualına əl basım, isdiyirsən ojağına əl basım. O vaxdın adamları da bir az türkəsayax imiş də. Unu diməz. Deyər, əşi, onsuz da çualnan unu üyüdürüh da. Qoy ojağa əl bassın. Guya bizim ojağa odun gətirif qoyajağ. Demə, kül çox olarmış. Yeddi arxa dönəninə tovalatma verənnən sora – buxarı olurmuş da bunnan irəli, – getdi həmin oja­ğa əlini basdı. İndi, deyir, ojağ qalamasax da, baxırdın ki, ojağı qa­lıyıflar, külü dolduruflar buxarıya. Kül qutarmırdı.

Allah haqqı, rəhmətdiyin özü, Allah hamımızın ölənnərinə rəh­mət eləsin, qojam idi dana, bir sanjax vermişdi bu yekəlihdə. Deyirdi bunu itirmə. Bu mənim dədəmnən qalmadı. Kim azarrasa, kimdə bir şey olsa, gəlif onnardan bir baş çalması alırdı, bir iynə alırdı, sancax alırdı. Onu da mən həmişə başım altdakı döşəyin üsdünə sancırdım. Bu uşağlar evi tökəndə onu hara tulladılarsa, daha tapılmadı.


III mətn

Bir dəsdə uşax, mən də olmax şərtiylə getmişih böyürtkən yığmağa. Əlimizdə vedrə, getmişih böyürtkən yığmağa. Təzəcə yığmağa başdamışdıx ki, bir vaxt gördüh uşağın biri çığırdı. Belə baxdıx ki, ağ xələtdi qadın xeylağı, saş tökülüf, açıx, ayıb olmasın, döşün atıf çiyninə, dik duruf bizə baxır. Gözümnən gördüyümnən danışıram. O vaxtdarı avamıstannıx idi. “Ay dədə”, “ay nənə” de­yən, bağıran. Vedrə də qaldı, kolluxnan qaşdıx gəldih evə. Nənə­mə dedim, nənə, belə-belə. Dedi: “Bala, haldı”.


IV mətn

Burda bizim su arxımız var. Bir nəfər namaz qılan kişi gedif ki, sübh namazı qılmax üçün dəsdəmaz ala. Görür ki, bağışdıyın ey, başına dönüm, halın da yekə döşdəri olar. Birin bu çiyninə atar, birin bu çiyninə. Kişi gələr ora. Görür burda bir dənə ağ paltar adam duruf. Döşün birin bu tərəfə atıf, birin bu tərəfə. Kişi oruş tutuf namaz qılan idi. Bilif o saat. Boynunda kilodan artıx muncux varmış. Kişi gəlif “pismillah” eliyif əl atıf ki bunun boğazınnan tuta, muncux keçif əlinə. Bu qaçır. Sora muncuğu payladı bizə. Dedi beyjə hal gəlmişdi ora, halasına nəhlət. Dedih:

– Ay İvrahim, qorxmursan?

Dedi:


– Aaz, navar, tutsam onu boğuf gözünü kəlləsinə çıxardajey-dim. Elə bilmişəm boğazıdı, sən demə muncuxdan tutmuşam. Gəlin.

Qəşəh bəzəhli muncuxları payladı bizə.



10. CİN HAQQINDA
I mətn

Valyanın atası danışır. Deyir, balaca uşağam, yetiməm, bəyin qoyununu otarıram. And içir ki, qoyun otardığım yerdə iki-üş nəfər gəl­di. Dedilər ki, qoy qoyun dursun burda, gedəh yığıncağımız var, sən ye, iç. Qoyunu yatışdırdıx, həmin adamlar məni də götdülər, get­dih. Getdih gördüh çalğı, çalan-oynuyan. Surfa salınanda maa dedilər:

– Bax, çörəyi kəsəndə heş-zad deməginən.

Mən də dedim ki, əşi, yalannan danışmaginən.

Dedi:

– Bu ölsün, yalan demirəm. Maa dedilər ki, “pismillah” sözün demə. Mən də adətimizdi da, “pismillah” eliyəndə gördüm qava­ğım­da heş-zad yoxdu. Malın təzəyinnən başqa heş-zad yoxdu. Dur­dum ağacı götdüm, nətər qaşdım qoyunun yanına, başımın tükü qalxdı, yendi. Qorxdum, bu nə idi başıma gəldi?!



Dedim:

– Sən möcüzə danışırsan.

Dedi:

– Yox, vallah, gözümnən gördüyümü deyirəm. Qoyunu da yığdım, çıxdım gəldim.


II mətn

Cin ən çox hərisdi ata. Bizim bir göy maydanımız vardı. Əşrəf dayı bilər. Səhər vaxdı dururdux ki, atın belinnən tər su kimi tökülür. Hər gün gedirdih, baxırdıx, atın yalı yoxdu, atın yalı zəncilər ki saç hörür ey, bütöy, nazik-nazik hörülüf. Açırdıx, səhəri gedirdih ki, gənə hörülüfdü. Sora atam gətdi sancax qoydu ora. Sancax qoyannan sora da atın yalı hörülmədi. O, sancaxdan, bir də iynədən qorxur.


III mətn

Nənəmin bir xalası oğlu varıydı, su suluyurdu. Görüf ki, bur­da bir toy gedir, gəl görəsən. Kişi lapatkanı sancıf bulağın ağzına, deyif: “Gedim görüm bu nədi?” Görüf vallah, qazannar asılıf, oy­nahaoynadı, vurçatdasındı. Sarı meşşannar, sarıbaş gedələr. Amma bunun arvadının libası bunun əynindədi. Deyif:

– Buy evi yıxılsın, dədə vay, bizim arvad hardan gəlif çıxıf bura?

Adı Nazpəri idi. Deyir:

– Nazpəri, Nazpəri.

Görür hay verən yoxdu. Kişiyə əl eliyillər gəl. Kişi də addam­cıl kişi idi. Bilif ki, belədi. Əgər gedif oların bir tamın dadsaydı, o da qoşulajaxdı. Əl atıf tumana, tuman qalıf əlində, cinnər qaçıf, dağılıf hamısı.

Gəlif evə. Deyif ki, Nazpəri, sənə aldığım filan rəhdə paltar hanı? Deyif:

– Udey, sandıxda. Sandığa qoymuşam.

Deyif:

– Dur gətir bura.



Arvad gedif, sandığı açıf ki, tuman nə gəzir. Kişi deyir:

– Dey, burdadı. Cinnərin əlinnən alıf gətmişəm.


IV mətn

Mənim babam da cin tutuf. At ilxıları varmış. Aparıf otarır­mış. Görürmüş ilxının içində bir dənə atı minmiyiflər, eləmiyiflər, amma elə suyun içində gəlir. Deyif:

– Ay arvad, mənə qır ərit.

Deyif:


– Neynirsən?

Deyif:


– Lazımdı, ərit.

Qırı sıvıyıf atın belinə. Deyif:

– Əşi, dəli olmusan, atı niyə sıvıyırsan?

Deyif:


– Arvad, cinnər atı o qədər çapıf ki, atın leşi qalıf.

Sıvıyıf atın belinə, buraxıf. Bunu mən gözümnən görmə­mi­şəm, qaynanam nağıl eliyirdi ki, babanız cin tutuf. Deyir axşam at ilxısı gəlif, görür bir oğlandı atın üsdündə gülə-gülə gəlir. Kişi de­yif mə­nim anamı ağladan sənsən? Yeddi il onu işdədif. Yaxasına iy­nə san­cıf işdədif. Su gətirtdirif, qapı süpürtdürüf, toola kürütdürüf.

Nəysə, yeddi il işdədif. Sora gəlif arvad deyif:

– Bala, səhəngi götür, tut bulağın altına, dolsun, götür gəl.

Gedəndə görür ki, bir topa qızdar gəlir sudan. Yalannan oturur yolun ortasında, ayağın qurtcalıyır. Deyir ki, ayağıma tikan batıfdı, ay qızdar, onu çıxardın. Deyiflər:

– Nəynən çıxardax?

Deyif:

– Budey, yaxamda iynə var, alın çıxardın.



Qızdar iynəni bundan çəkən kimi cin götürülür. Deyir ki, yetmiş arxa dönəninin əlinnən süpürgə düşməsin.

Bala, o bizi yaradan Allahın adı haqqı, beş gəlinimiz var, əgər oların əlinnən süpürgə düşürsə.


V mətn

Rəhmətdih atam deyir cavan vaxdım idi. Qardaşım Müştaba da dağa-arana gedən adamdı da. Deyir, Müştabanın atı itif. Mən də cavanam dana, o da məəllim adamdı. Gəldi məni dannadı ki, mən üş gündü at gəzirəm, sən heş mənən maraxlanmırsan. Nəysə, get­dim Bəylərin dədəsinin atını aldım, mən də mindim, getdim at axtarmağa. Getdim çox yerrəri hərrəndim gəldim. Kəndin üsdü nar­rıx idi. Narrığın içiynən bəri gələndə gördüm burda bir çal-çağır, bir qaynaşma var ki. Fikirrəşdim ki, ay qardaş, mən bu kəntdən ba­yax çıxmışam, bu kəntdə toy yox idi, bu nə səs-küydü. At da deyir qulağını şəhliyif, nə qədər eliyirəm irəli getmir. Atı qamçıladım, başın boşdadım, birtəri bu yığnaxdan aralaşdım.

Gəldim uzandım yerimə. Elə yuxuya getmişdim ki, iki nəfər çöhdü sinəmə, əlini atdı boğazıma.

– Ə, o atı arvad-uşağın üsdünə niyə mindirdin?

Elə bu halda nənəm pismillah, pismillah deyif yorğanı çəhdi. Onnan da olar çəkildi. Nənəm dedi:

– Ə, noluf sa?

Baxdım ki, evdə yatağın içindəyəm. Dedim, ay nənə, belə şey başıma gəlif.

VI mətn

Rəhmətdih Seyid Məhəmməd ağa deyirdi ki, o musiqinin ibti-dayisi cinnərdə oluf. Deyir, dağ varmış, dağın o üzü oların məskəni imiş, bəri üzü bizimkilərin. Birinin heyvanı itir, gedir onu axtar-mağa. Görür burda qəşəh çalan-çağıran. Bu, məhətdəl qalır ki, bunnan niyə bizdə yoxdu. O, ordan baxıf gəlif burda icad eliyif.


11. ƏZRAYIL HAQQINDA
I mətn

Adəm Allah-tala tərəfinnən yaradılanda əmr olundu bütün mə­ləklərə ki, hamınız ona səjdə eliyin, ona baş əyin. Bu da nəyə görə idi? O mələklərə Allah-tala elm verməmişdi. Ona görə də Allah-talanın olara verdiyi hökmü sözsüz, avtomatik yerinə yetiril­lər. Amma insana söz deyəndə deyir ki, ağıl vermişəm sana, düşün, sora hərəkət elə. Ağlına görə, dünyanın gedişin-gəlişin düşündü­yünə görə Allah-tala əmr elədi, bütün mələklər insana səjdə elədi, amma şeytan eləmədi. Şeytan da hak dərgahınnan qavıldı. Amma Əzrayıl sözsüz qəbul elədi. Amma bir dəfə bir söhbətdəri oldu. Dedi ki, ya Əzrayıl.

Dedi:

– Bəli, ağa.



Dedi:

– Bir belə can alıfsan, bir pərsindiyin, ürpəndiyin, qorxduğun və yaxud da yazığın gəldiyi oluf?

Dedi:

– Sənnən nə gizdətməh olar ki? Oluf.



Dedi:

– Hansıdı?

Dedi:

Bir dəfə gəmi gedirdi dənizdə, əmr elədin ki, gəmini fırtı­na­ya sal, dağıt. Gəmi düşdü fırtınaya, bir qadın iki körpəsi qucağında qaldı bir taxtanın üsdündə. Mana əmr elədin ki, qadının canını al. Qadının canını aldım. Bir az aralanmışdım, çöndüm geri baxanda gördüm o uşağın hərəsi bir tərəfdən taxta parçasının üsdündə ana­nın döşün əmir. O uşaxlara yazığım gəldi ki, oların aqibəti nejə olajaxdı?



Dedi:

– Bəri bax, aşağı əyil bax.

Gördü bir nəhəng, dağ boyda bir adamdı, bütün millət yığışıf ətra­fına. Bulara çır-çır çığırır ki, ə, ağzı yuxarı nəyə baxırsınız, Allah mənəm. Mana Allah deyin. Bir Musadan, onun tərəfdarlarınnan baş­qa hamı qorxusunnan deyirdi: “Allah sənsən”. Gördü Əzra­yıl baxır. Oxu belə tutuf çəkir, atır yuxarı. Bir qatda mələklər də balı­ğı belə tutur, bunun oxu gələndə dəyir balığa, oxun uju qannı qayıdır yerə. Oxu götürür belə, deyir ki, buna bax, sizin Allahınızı vurdum. Deyir:

– İndi maa de görüm, heş pərsinirsənmi, görüm onun canını necə alajam?

Deyir:

– O qədər nəhəng yaratmısan ki, mən onun canını nətər alajam?



Deyir:

– Rahat alassan.

Deyilənə görə, Firon okqədər nəhəng adammış ki, ceyranı qavırmış, ceyran qaçırmış, qaçanda düşürmüş onun dalıncan. Qaça-qaça ceyranı tuturmuş. Bir dəfə deyir belə qaçanda ağaş tilişkəsi girir bunun ayağının altına. Nil çayı yer üzündə olan çayların ən ennisidi. Bayısı çayın o tərəfində olurmuş. Qılçını çaydan o tərəfə uzadır ki, bajı, ayağıma tilişkə batıf, onu çək. Bajısı bunun qılçın belə tutur. Allah-tala Cənabi Əzrayıla əmr eliyir ki, girəvədi, qılçası əldədi. En, canını al. O çatdırıf indi bunu xirtdəhliyəndə bu çabala-malıdı da. Çabalamağ isdiyəndə bajısı elə bilir ki, tilişkəni çəkdi-yinə görə ağrıyır, çabalıyır. Qılçın buraxmır. Bir də görür ki, qılça boşaldı. Deyilənə görə, genə rəvayətdi, mən görməmişəm, amma deyilənə görə həmən Fironun omba sümüyü Nil çayının üsdündə körpüdü. Onun üsdüynən insan gedif gəlir.

II mətn

Azrayıl, Cəbrayıl və İsrafil Allahın ən seçilmiş mələkləridi. Adam artır, yer tutmur. Bir gün Allah-tala fikirrəşir ki, insanı öldür­məh lazımdı. Cəbrayılı çağırır, deyir ki, insan artıfdı, onnarı öldürməh la­zımdı. Cəbrayıl deyir ki, yox, yox, yox, mən onu bacar­maram. Deyir:

– Niyə?

Deyir:


– Ona görə ki, birinin dədəsi öldü, oğlu öldü, qızı öldü, onda mənə düşman kəsiləjəhlər. Mən öldürə bilmərəm onu.

Mikayılı çağırır, bu da boynuna almır. Azrayılı çağırır, deyir:

– Ya Azrayıl, bircə iş qalıf sənə. Camaat artıf, yer tutmur, ərzax da bir o qədər yoxdu. Bu insanı bir az azaltmax lazımdı.

Deyir:


– Yox, mənim Allahım. Mən heş vaxt insannarın sayın azalt­maram.

Deyir:


– Niyə?

Deyir:


– Ona görə ki, birinin oğlun öldürəjəm, atası maa qarğış eliyəjəh, birinin ərin öldürəjəm, yoldaşı qarğış eliyəjəh.

Deyir:


– Bax.

Deyir:


– Nəyə baxım?

Deyir:


– Görürsənmi, orda bir kişi öküzü tumarrıyır, öküz də yumu­şalıfdı. Bu saat o kişi öləjəhdi.

Deyir:


– Nətəri?

Bir milçəh yaradır. Milçəh gedir girir öküzün qulağına, içəri­dən qıcıxlandırır. Öküz başın buluyur ki, bunnan aralansın da. Buladığı yerdə kişini vurur, kişi ölür. Deyir ki, qorxma. Biri atdan yıxılajax, biri suda boğulajax, heş kim səni günahkar bilmiyəjəhdi.


III mətn

Allah-tala Azreyildən soruşur ki, bu qədər can almısan, bun­narın içində heç yazığın gələn olufmu? Deyir ki, mənim bircə dəfə ürəyim yumuşalıf.

Deyir:

– Nə vaxdı?



Deyir:

– Ey mənim Allahım, bir dəfə bir gözəl oğlan var idi. Elə gözəl idi ki, mənim də onnan xoşum gəlirdi. Sən hökm elədin ki, get onun canını al. Getdim onun qoja anasını gördüm. Ta iş işdən keçif, bunun yaşamaxdan yaşamamağı yaxşıdı. Mənim ürəyim yumu-şaldı kı, ya mənim Allahım, mən bu cavan oğlanın nətər canın alım kı, bu qoja yaşasın, cavan getsin dünyadan. O qoja arvatdı, özünü idarə eliyə bilmiyəjəh. Bu oğlan onu dolandırır, çayın-çörəyin verir.

Allah deyir:

– Yerə bax.

Baxır. Deyir:

– Nə görürsən?

Deyir:

– Qara dənizi.



Deyir:

– Əməlli bax, nə görürsən?

Deyir:

– Qara dənizin içində bir qara daş görürəm.



Deyir:

– Bir də bax, nə görürsən?

Deyir:

– Qara daşın içində bir dənə qara qoç var, ağzında təzəcə, elə bil indi qırılmış yarpax var.



Deyir ki, get o oğlanın canını al. Qara dənizdəki qara daşın içindəki qara qoçun ağzına təzə yem verən Allah o arvadın da ruzusun verəjəh. Deyir:

– Sən niyə belə çox məjbur eliyirsən?

Deyir:

– Ona görə ki, o oğlana qıymıram. O oğlan o qədər saf, o qə­dər təmizdi ki, indiyə kimi bir dənə pisdih, naxələf iş görmüyüfdü. İsdə­mirəm cinayətkar gedə o dünyaya. İsdiyirəm saf, təmiz halda gedə. Amma o qadın çox işdər görüfdü. Deyirəm o bir az da yaşa­sın, bəlkə müəyyən işdər tutdu, mən onun hökmünnən bir az yumu­şaldım.


12. ZINQIROVLU ƏZRAYIL
Bir arvad nəvəsin çox isdiyirmiş, nəvəsi də ağır xəsdə imiş, can verirmiş. Arvad deyir ki, ya Azreyil, mənim bu nəvəmə qıyma, mənim canımı al, bunun canını alma. Bir bəzzad da eşidir bunu. Gedir keçi dərisi tapır, üsdünnən zınqrovdan-zaddan asır, zınqıl­dada-zınqıldada gəlir girir içəri. Arvada deyir ki, gəlmişəm canını almağa. Arvad əli əsə-əsə deyir ki, xəsdə mən deyiləm a, xəsdə bax odu. Demək, can hər şeydən əzizdi.
13. ŞEYTAN HAQQINDA
Allah deyir ki, ey insan, səni və cinnəri mən özümə xidmət üçün yaratdım. Amma sənə paylı-muxtarlıx, yəni ağıl-dərəcə ver­dim ki, özün yolunu seçəsən. Çünki mənim o vaxdı hesab çəkəcə­yim gün nağdıdı. Sən de görüm, səni yaradan Allaha nə cür xidmət elədin? Ona cavab verə bilmədin, vay sənin halına. İstər insannar, istərsə də cinnər arasında Allahın yoluynan gedənnər də var, şeyta­nın yoluynan gedənnər də.

Bir gün şeytan Allaha dedi ki, yaratdıxlarının hökmünü mana ver, mən o axır günə qədər olardan nə qədər desən sənin yanına topluyuf gətirəjəm.

O devrdə biri dedi ki, gedəjəm şeytanın yanına, görüm nə iş görür. Gəldi, bir dağın arasında gördü yaşdı qoja bir kişi oturuf. Dedi ki, kimsən, burda niyə oturmusan?

Dedi:


– Mən şeytanam, burda oturmuşam, işim var.

Belə baxdı ki, dərə doludu xaltaynan. Dedi:

– Bə bular nədi?

Dedi:


– Yaranmış bəndələr var, oların içində o qədər yolunu azan­nar var, oların xaltasıdı.

Dedi:


– Ə, bə mənim xaltam hansıdı?

Dedi:


– Rəhmətdiyin oğlu, sana xalta nə lazımdı, sən xaltasız gəlif çıxmısan mənim yanıma.

İndi istər cinnərdə, istərsə də bəşərdə, insannarda yolunu azıb şeytan yoluynan gedənnər o qədərdi ki.


14. QAYIŞBALDIR
Bizim bu Kürqırağında bir meşəlih var. Burdan gəlif biri keçəndə görüf ki, çəpiş var. Elə burda məkgildiyir, mıkqıldıyır. Dü­şüf bu çəpişi tutur. Atı minir, çəpişi də alır qujağına. Keçinin qa­vağı qavağdan yerə dəyifdi, dalı da daldan. Uzanıfdı. Kişi əlini x…..na vuruf deyir:

– X….. da nejə yekədi ey.

Deyif:

– Ə, dədənin x…sınnan yekədi?



Elə ordaca tulluyuf qaçıfdı. Atı çapıf, çıxıf gedifdi.
15. QURD HAQQINDA
I mətn

Qurd öz gücünü bilmir. Deyilənə görə, qiyamət günü bir kəl, bir də qurt ayaxlarını diriyəjəhlər yerə, gələn tufan oların dərisini sivirif çıxarajax, amma oların ayaxları yerdən üzülmüyəjəh.


II mətn

Canavar Allah tərəfinnən rüsxət verilmiyincə heş yerə girmir. Al­lah-tala tərəfinnən rüsxət verilir ki, sənin yemin Kürdə bir at var, odu. Yalnız onnan sora ora girir. Canavar isdədiyi yerə girsə, dağı­dar oranı.



16. GÜLNƏN BÜLBÜL
Bülbül gülə hərisdi, gülnən sevgilidi. O gülün eşqiynən oxu­yur, oxuyur, oxuyur, özün yorur. Elə ki, gül açılır, onda bülbülün gözü tutulur. Xar olur ey, sarı cüjüdü. O qonur gülün içinə. Onun­çün deyillər ki, bülbül cəfasın çəkir, xar səfasın görür.
17. QIZI UDAN ƏJDAHA*
Şirvan tayında bir oğlan olur, əmisi qızıynan sevişir. Əmisi qızını buna vermillər. Bu, qızı da götürür, Lənbəranın tuşunda “Bı­çaxçı” deyillər, böyüh qoaxlığ oluf, gəlir ora. Ələkbərov Məhəm­məd qaçaxçılıx eliyirmiş. Lənbəran qaçax-quldur yeri imiş. O danışırdı ki, gördüh bir oğlan vəşi kimi, saç-sakqal, tük basıf, böyür­dən çıxdı.

– A bala, nədi bu, nə gəzirsən, kimsən, nəçisən?

Dedi:

– Vallah, əmim qızınnan nişannı idik. Vermədilər, gəldik çina­­rın divində məskən salmışdıx. Dedim əmiqızı, sən uzan, mən gedim su gətirim. Gəldim su gətirməyə. Qayıtdım ki, bura qədər əjdaha soruf. Belimdə xançalım var. Əjdaha da sorduğu ovu zəhərrəməz, diri udar. Əmim qızı dedi ki, əmioğlu, mana heş-zad eləmiyifdi, sa­la­matam. İntaası, məni sıxır, incidir. Xançalı belə dolayı ver bunun ağzına, məni sorduxca bunun ağzını cırsın, ölsün.



Deyir, mən dondum, tərpənə bilmədim. Əmimqızı dedi ki, yaxşı, sən eləmirsən, xançalı ver mən özüm tutum. Deyir, gənə cürətim çatmadı, dondum. Axırı əmimqızı dedi:

– Sənin təki namərdnən olmaxdansa, qoy aparsın əjdaha məni.

Qolunu belə elədi (söyləyici qollarını qabağa uzadır – top.) guppultuynan getdi ilanın qarnına. Yeyənnən sora dolandı ağaca, şak­kaşak sümüyün qırdı. Ona görə gedə bilmirəm öz kəndimə. Gə­lif çıxmışam bura.
18. CANAVAR QIZ
Bir oğlan öküz arabasınnan gəlir. Qalatəpədə su dəyirmanı vardı. Mən orda bir həftə, on gün dən üyütmüşəm. Gələndə dəyir­mançı deyir ki, bala, üzdən irağ, burda başında noxda bir canavar peyda olur. Deyəndə deyir:

– Ə kişi, nə danışırsan sən? Camaatın dənin yığmısan bura, canavar nədi?

Deyir:

– Saa deyirəm bala, dəyirmanın suyun buraxmışam, axşam düşəndə mən dəyirmanı bağlıyajam.



Deyir:

– Sən yeri get.

Öküzün boyunduruğun açır, taxılı yığır içəri. Başdıyır suyu buraxır, dəyirman işdiyir. Bu dəyirmanın içində ojağ qalıyır, çörəh yeyir. Qavaxda çual idi. Bunnan üş-dörd meşoğun yığır qapının da­lı­na. Dəyirman işdiyir. Bu çörəh yediyi yerdə görür qapı basılır. Deyir:

– Ə, bu nətər şeydi? Mən bura dörd meşoğ qoymuşam, qapı basılır.

Görür, yox, qapını bərk basıllar, üsdəki çual dığırranır. Su dəyirmanının donuzduğu olur aşağıda, pərinə baxmax üçün. Bu girir donuzduğa. Canavar başında noxda gəlir çörəyi yeməyə. Qavaxlarda çox adamlarda olurdu. Bu oğlanın da bu uzutdaxda xançalı vardı. Oğlan xançalı çıxardır, yavaşcadan çıxır, qəfildən tutuf noxdanı kəsir. Kəsəndə bu, qadın səsi çıxardır. Oğlan özünnən gedir. Hannan-hana bunun üzünə şapalax-zad vurullar. Gözünü açanda görür yetişmiş qız uşağıdı. Oğlan bir də gedir özünnən. Ayılanda qız deyir ki, otur. Deyir ki, dəyirmançı düz buyuruf. Neçə illərdi Allah-tala tərəfinnən maa belə ejir verilif. Axşam yatanda noxda salınır başıma, mən oluram canavar, dadanıram bura. Düz deyir onu dəyirmançı. Oturullar, bular əhd-peyman eliyillər. Dəni üyüdür qutarır. Qız yaxın kəntdə olurdu, onu götürür aparır.

Səhər açılır, dəyirmançı görür oğlan da salamatdı, dəni də üyüdüf. Deyir:

– Ə bala, bəs canavar gəlmiyif?

Deyir:


– Ay dayı, əgər canavar vardısa, çöldə mənim öküzümü tutuf yeyərdi, məni neynirdi? Yeməlidi, öküzü yeyərdi da. Mən canavar-zad görməmişəm.

Deyir:


– A bala, mən gözümnən gördüyümə inanım, sən dediyə inanım?

Deyir:


– Mən də saa deyirəm da. Gəlmişdi öküzü yeyərdi, məni niyə yeyirdi, dəyirmana niyə girirdi?

Nə qədər eliyir, dəyirmançı inanmır. Ununu götürür gedir. Qıza elçi gəlir, qızı aparıf yaşıyıllar.



Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   29


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2017
rəhbərliyinə müraciət

    Ana səhifə