Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu azərbaycan folkloru antologiyasi (Cəbrayıl, Ağdam, Laçın, Qubadlı, Zəngilan, Ağcabədi və Kəlbəcər rayonlarından toplanmış folklor nümunələri) baki – “Nurlan“ – 2012



Yüklə 2.51 Mb.
səhifə6/29
tarix21.06.2018
ölçüsü2.51 Mb.
1   2   3   4   5   6   7   8   9   ...   29

II mətn

Deyilənə görə, İsgəndər Bərdə şəhərinə gələsi olur. Bərdə də o vaxdı mərkəz imiş. Buna (Nüşabəyə – top.) xəbər göndərir ki, döyüşə hazır ol. Bu da xəbər göndərir ki, mən eşitmişəm sən igid adamsan, cəsur adamsan, sən qadınnarnan döyüşmürsən, kişilər-nən döyüşürsən. İndi gəlginən sənin isdəyin nədisə, arzun nədisə onu mana de, güjüm çatansa mən elijəm. Daa müharibəynən niyə alırsan? Buna da İsgəndər razılaşır. Deyir ki, hə, gəlirik.

Qonax sıfatıynan buları çağırır gətirir. Məclis qurulur. Stol­ların üsdünə yeməh əvəzinə ləl-cəvahirat, qızıl düzülür. İsgən­dər nə qədər gözdüyürsə, görür ki, heş nə gəlmədi yeməyə. Çağırır qulluğ eliyəni. Deyir ki, Nüşabə gələsi olmadı? Deyir:

– Gəlir, gələjəh.

Deyir:

– Onu çağır, gəlsin görəh, nədi bu.



Nüşabə gəlir. Deyir ki, niyə yemirsiniz? Deyir:

– Nə yeyək?

Deyir:

– Dünyanı bunnan ötrü qana çalxamırsan? Yığmışam qaba­ğına da, surfandadı, hazır müftə gəlif, ye dəə.



Orda İsgəndər başa düşür ki, bu nə demək isdiyir. Yanı bu var­dan, puldan ötrü insannarı niyə məhv eliyirsən. Onnan sora de­yir ki, sənin ölkənə əl vurulmuyajax, sənə qarşı heş bir hadisə olası döyül.

Nüşabə həddinnən artıx mülayim təbiyətli, gözəl əxlaqlı bir qadın olur. İndi o Nüşabənin qalası deyillər e... Qavaxda söypət zad eliyirdilər ki, Nüşabə bu qalanı tikdirifmiş ki, hər gələn şəxs onun mərhəmətinnən bir şey əldə eləsin. Dolanışığı azdısa, pul aparsın və yaxud köməyə ehtiyacı var, köməh olunsun. Belə-belə Nüşabənin adı min illərdi çəkilir.


III mətn

İsgəndərin baxıcıları baxır, deyir ki, sən elə bir vaxt öləssən ki, altın daş olajax, üsdün dəmir. İsgəndər fikirrəşir ki, bu nə cür ola bilər, altın daş ola, üsdün dəmir.

Bu, səfərə gedir, qumlu bir səhrada bunu bərk titrətmə tutur. Bərk titrətmə tutanda qoşun böyüyünə deyir ki, vəziyət bu üzdü-dü. Mana bir yer qayırın, bir az dincəlim. Uzun oxlar varmış də-mirdən, tez onu belə baş-başa qoyullar, üsdünə gölgəlih – o vaxdı biz çadır deyirdik, – atıllar, Zülqarnəyə yer düzəldillər ki, gir bir az uzan. Orda girif uzanan vaxdı baxır ki, altı daşdı, üsdü dəmirdi. Çağırır öz vəsiyətini eləməh üçün. Deyir:

– Ayrı vəsiyət eləmirəm, gedəndə qabaxcan nə qədər yaşdı, nə qədər ağsakqal, mənim bu qoşunumda şəriyəti bilən adamlar varsa, olar kom getsin anamın qarşısınnan keşsin. Onun dalıncan nə qədər ki, qızıl-gümüş gətirənnər var, olar gətirdihləri əlində onun qarşısınnan keşsin. Onnan sora da mənim döyüşən qoşunum qarşı­sınnan keşsin.

Deyillər:

– Bunun mənası?

Deyir ki, anam bərk ağlıyajax. Onnan ona demək isdiyirəm ki, ana, ölümü əgər köməhnən qaytarmax mümkün olseydi, o ağ­sak­qalların, bu qoşunun köməyinnən qaytarardım. Pulnan qaytarmax olseydi, bu qədər qızılı, gümüşü verif ölümü qaytarardım. Ölüm hamı üçündü, bir adam üçün döyül, onu qaytarmax mümkün döyül.
IV mətn

İsgəndər şahlığa çıxmamışdan qavax heyvana gedirmiş. Na­xır­çı imiş, naxıra gedirmiş. Bu da çobannarın guya padşahıdı. Girir­miş qara batdağa dizə kimi, guya uzun çəkmədi. Çobannarın da hərəsinin yekə dəyənəhləri olur da. İki çoban hərəsi bir tərəfdən ağacı tuturmuş, bu da otururmuş orda, guya şahdı. Gələn adam­lardan töycü yığırmış.

Bir gün bir nəfər haja gedirmiş. Bir az qızılı olur. Bunu gətirif qazıya verir. Bunun hajdan qayıtmağı iki il çəkir. Bu da qazıya pul verir ki, bu bir küpə qızıldan az-az ver, mənim yoldaşım xəşdəsin. Qazı hara pul verir? Başdıyır özü yeməyə.

Kişi hajdan qayıdır gəlir, arvad bunu yaxşı qəbul eləmir.

– Ay arvad, niyə belə eliyirsən?

Deyir:


– İki ildi getmisən, biz dilənçi halına düşmüşüh, ajınan batıf uşaxlar, xəsdələnmişih. Bəs sən də bizə pul-zad qoyuf getməmisən.

Deyir:


– Qazı saa vermədi?

Deyir:


– Əşi, pul nədi, heş nə vermiyif.

Deyir:


– Yaxşı.

Gəlir qazının yanına. Deyir:

– Ay qazı, ayıb olsun, mən saa pul vermişəm ki, uşaxlarımın ehtiyacı olduxca onnara pul verəsən, qoymuyasan korrux çəkə. Onnar yavan çörəh də tapmıyıflar.

Qazı deyir:

– Pulu onnarın özünə vermişəm, özü də şahidim var, filankəs şahitdi.

Arvadnan kişi gənə dava salannan sora bu gəlir qazının yanına ki, gedəjeyih baş qazının yanına. Deyir:

– Yaxşı.

Bunnar gedillər baş qazının yanına. Qazı yanında pulnan tut­ma iki dənə şahid aparır. Şahitdər deyir ki, qızılı bizim yanımızda verdi.

Bunnar kor-peşman qayıdanda, isdi də hava imiş, İsgəndər görür adam gəlir. Tez gedir qıçıın yarıya qədər qara batdağa sürtür, uşaxlar da biri ağacı o tərəfdən tutur, biri bu tərəfdən, İsgəndər də ortada oturur. Yasoullardan birin göndərir ki, get o gedənnəri çağır bura. Əgər sözüzə baxmasa, salın dəyənəyinizin altına.

Gəlillər bunnarın qabağını kəsillər ki, şah çağırır. Deyir:

– Ə, burda şah nə gəzir!

Deyir:


– Bizim şahımız o dey, odu.

Bu dərtdi, qızılın ala bilmiyən deyir:

– Şah nədi ə, şah kimdi!

Hərəsinə bir-iki dəyənəh vurannan sora gəlillər İsgəndərin yanına. Görüllər bu, adi çobandı, qılçasını yarıya qədər qara batdağa batırıf, guya xrom çəkmədi, oturuf ağacın üsdündə, guya bu şahın taxdıdı. Deyir:

– Hardan gəlirsiz?

Bu dərtdi adam deyir:

– Baş qazı mənim dərdimə əlac eləmədi, ay bala, qoy gedim.

Deyir:


–Dərdin nədi?

Deyir:


– Mən haja gedəndə bu kişiyə bir küpə qızıl verdim ki, ehti­yac olduxca uşaxlarıma ver. O da vermiyifdi. Getdih baş qazının yanına, o da bir şey eliyə bilmədi.

Kişiyə deyir:

– Saa qızıl verdi?

Deyir:


– Hə.

– O qızılı neynədin?

Deyir ki, bu şahitdərin əliynən verdim ona. Dedi:

– Yaxşı.


Şahidin birini çağırır, deyir ki, get qızıl nə boydadı o bat­dax­dan o boyda şey yumurra gətir. O birinə də xəlvət deyir ki, get sən də o tərəfdən yumurra gətir. Bir-birinnən xəbərsiz. Bunnar küpün adını eşidif elə bilillər yekə şeydi da. Biri gedif bir kündə boyda batdağı yumurruyuf gətirif qoyur. Biri də onnan bir az yekə.

Deyir:


– Nə boyda idi o qızıl?

Deyir:


– Bax, bu boyda.

İsgəndər kişidən soruşur ki, verdiyin qızıl nə boydadı. Deyir ki, bir belə. Deyir ki, o gətdiyi palçıx nə boydadı? Hərəsinə bir-ikisini vurannan sora deyillər ki, bizi öldürmə, bizim günahımız yoxdu. Bizə pul verdi, biz də şahitdih elədik.

Salır o qazını çomağının altına, deyir:

– Buraxmıyajam səni, burda öldürüf bataxlığa basdırajam. Adam göndər, kişinin qızılını versin.

Nəysə, adam göndərir bunun qızılın alıf verir.
V mətn

İsgəndər qoşunu yığır, deyir ki, gedəjəm dirilih suyu işməyə. Xızır peyğəmbər də yanında olur. Bir cavan oğlan olur, bunun da bir dədəsi olur. Dədəsi o qədər qojalmışmış ki, onu ata yüklüyür, heş bunun xəbəri olmur. Nə qədər gedənnən sora düşüllər bir yerə. Bu, hərənin əlinə bir quru balıx verir. Sudan işməh Xıdır Nəbiyə qismət olur. Qayıdanda görüllər şakqaşakdı. Kimi bir ovuc götürüf cibinə qoyur, kimi torbasına. Gətirif çöldə baxıllar ki, bunun hamısı qızıldı. Onunçün deyillər ki, zülmətdə bir daş var, götürən də peş­man­dı, götürmüyən də. Götürən deyir ki, niyə çox götürmədim, götürmüyən deyir ki, kaş mən də götürərdim.

Orda münəccimlərə deyir ki, deyin görüm mən nə vaxt öləjəm.

Deyir:


– O vaxt ölessən ki, üsdün polad olajax, su qana dönəjəh.

Bir dəryanın qırağına düşüllər. Qılışdan bunun altına düzüllər, üsdünə düzüllər. Baxıllar ki, suyun üzü qızarıf. Axı savah ertə gün doğanda suyun üzü qızarır. İsgəndər orda rəhmətə gedir. Vəsi eliyir ki, mənim anama deyin ki, mənim ehsanımı o adam yesin ki, dünyada dərdi olmasın. Bir də qabaxca bir dəsdə əli silahlı qoşun gedəjəh, dalınca bir dəsdə əzan çəkən molla gedəjəh, dalınca bir dəs­də at yüklü qızıl gedəjəh. Anam bilsin ki, əgər ölümü silahnan qaytarmax olsaydı, silahnan qaytarardım. Alimnən qaytarmax olsaydı, alimnən qaytarardım. Qızılnan qaytarmax olsaydı, qızılnan qaytarardım. Mümkün döylü ölümə.

Anası bir ağ dəvəni minif, İsgəndərin ehsanınnan götürür dü­şür düzdərə. Bu kənd mənim, o kənd sənin. Deyillər o kəndin qıra­ğında bir yaşdı kişi var, Əhmədi-Biqəm. Onun qəmi yoxdu, uşax­larnan oynuyur. Əlli-altmış yaşı var. Gedir dəvəni saxlıyır.

– Əhmədi-Biqəm sənsən?

Deyir:

– Hə.


Bir az söypət eliyir, deyir:

– Oğlum vəsiyət eliyif, eşitmişəm sənin dərdin yoxdu. Bu ehsannan ye.

Deyir:

– Ana, mən elə dərd əlinnən dəli oluf düşmüşəm düzdərə. Get ehsanı ver, camaat yesin.


VI mətn

Qoşun gedir bir dəryanın qırağında düşür. İsgəndər deyir:

– Bunu qurudax, görəh burda nə var.

Suyu dartıf töküllər, dartıf töküllər. Balıxlar qalır çabalıya-çabalıya. Bir balıx qızıl tulluyur. Onu götürənnən sora dəymir. Ona görə deyillər ki, İsgəndər balıxdan da xərac aldı.


55. TOPAL TEYMUR
I mətn

Onun dizinin aynasını əmisi çıxardıf. Onçün axsıyır o. O, bir dooşanı hərriyif qatıf qoyuna, gətirif qapıya. O qədər sürətlə qaçır­mış ki, dooşanı tuturmuş. Onun dizinin qapaxlığını əmisi çıxardıfdı. De­yifdi ki, bunun gələcəyi xatalı olajax. Ona görə bir tərəfi axsıyırdı.


II mətn

Topal Teymur çox cəld və qoçax uşağ olur. Qoyuna gedirmiş. Padşah öz vəziriynən çıxıf ərazini gəzirmiş. Görür bir uşax qoyun otarır. Çatıllar buna.

– Salam məlöykü, bala.

Deyir:


– Əlöykümət salam.

Deyir:


– Sizdə böyüh kimdi?

Deyir:


– Bizdə böyüh dəvədi.

Deyir:


– Sizdə qonağı birinci kim qarşılıyar?

Deyir:


– Bizdə qonağı birinci itdər qarşılıyar.

Deyir:


– Səni nə çapardım?

Deyir:


– Çapginən, qoşun getdi, sən qaldın.

Baxır ki, bu çox hazırcavab uşağdı. Bu vaxt qoyunun içinə bir dooşan girir. Bu dooşanı tutur. Padşah qorxur ki, bu uşax böyü-yəndə onun üçün nəsə təhlükə yaradar. Onçün onu şikəst elətdirir.


56. ŞAH ABBAS
I mətn

Bir gün Şah Abbas Vəzir Allahverdi xannan gedir bir kəndə dərviş libasında. Gejə bir evdə qalıllar. Yatıllar, səhər duruf gedən­də ev yiyəsi bunnarın qabağına qaymağ gətirif qoyur. Şah Abbas o vaxta kimi gamış qaymağı yeməmişdi. Şah Abbas yeyir. Vəzir Allahverdi xana him-cim eliyir ki, bu nədi, nə qaymağıdı belə. Deyir ki, şahım, mən eşitmişəm, gamış qaymağıdı. Deyir:

– Bunu yaz vergi dəfdərinə, bunnan vergi alınsın.

Yazır. Səhər bunnar yeyif gedəndə görüllər, üzdən irax, yolun qırağında böyüh təpə kimi bir nəcis var. Şah soruşur ki, bu nədi belə. Deyir ki, bə bu, gamışın nəcisidi. Deyir:

– Vəzir, poz onu.

Deyir:


– Niyə?

Deyir:


– Ə, onu saxlıyan bunu nə qədər yedizdirir ki, nəcisi də bu boyda olur. Yazıx elə qazancını bunu saxlamağa xaşdıyır ki. Bunun vergisini nətər ödəsin.

Şah Abbas ona görə adil şah olufdu, camaatı sevən olufdu, camaat da onu çox isdiyif.


II mətn

Şah oğlu Şah Abbas təğyirlibas oluf Vəzir Allahverdi xannan gə­zirmiş. Bir bağın böyrünnən keçirmişdər, özü də bərk susamışdar. Bağ­banı çağırıllar ki, bərk susamışıx, bizə su verginən.

Bağban deyir:

– Suyum yoxdu, amma mən sizin susuzluğunuzu yatırdaram.

Deyir:

– Nətəri?



Gedir bir nar üzüf gətirir. Narı piyaləyə sıxanda Şah oğlu Şah Abbas dedi ki, o nar o piyaləni doldurmaz. Bağban sıxır, piyalə dolur. İçənnən sora deyir ki, olarmı bunun birini də gətirəsən. Bağ­ban ikinci narı qoparmağa gedəndə bu, vəzirə deyir ki, vəzir, görəsən bu, bağın vergisini verir?

Bağban narı gətirir, nə qədər sıxırsa, piyalə dolmur. Dolmu­yanda Şah Abbas deyir:

– Gördün, mən dedim ki, o nar piyaləni doldurmaz.

Bu təğyirlibasdı, elə bilir heş kim bunu tanımır. Bağban deyir:

– Qibleyi-aləm, deyəsən, qəlbini dolandırdı.
III mətn

Şah Abbas səyahətə çıxmışmış. Bir bağın böyrünnən addı­yanda Vəzir Allahverdi xana deyir burda nahar eliyəh. Gözəl bağ imiş. Vəzir Allahverdi xan deyir:

– Şah sağ olsun, eliyəh.

Oturullar üzüm ağajının divində. Surfanı salıllar. Görür ki, bir nar ağacı çıxıf, butax belə əyilif, bir cüt nar sallanıf. Bağbana deyir ki, icazə verərsənmi bunun birini qırım. Deyir:

– Buyur.

Gətirir fincana sıxır. Balaca qızıl fincan varmış, bunnan bir suyu çıxır. İçir, deyir:

– Bəh, bəh, bəh. Mən Şah Abbas olam, bütün dünyadan xarc alam, amma nardan almıyam?

Sovet devrində bütün ağaşdan xarc alırdılar, nardan almırdılar. Ürəyinnən keçirir ki, bunnan da xarc alaram. Aradan bir xeylax keçənnən sora deyir:

– Bağban, icazə ver o birsini də qırım.

Deyir:


– Buyur.

Gətirir bunu da kəsir, nə qədər sıxır, bir damcı su çıxmır. Deyir:

– Bağban.

Deyir:


– Hə.

Deyir:


– Məni tanıyırsan?

Deyir:


– Başaa dönüm, nə tanıyıram səni.

Deyir:


– Mən Şah Abbasam. Saa yarım saat möhlət verirəm. Narın kökü bir, butax bir, saplax bir. Nətər olur ki, bunun birinnən bir fincan su çıxdı, birinnən bir damcı su çıxmadı. Bu sirri maa demə-sən, birdi birriyim hakqı boynu vurdurajam. Boynun fərmandadı.

Deyir:


– Şah sağ olsun, vallah, mən o barədə səə bir söz deyə bil­mərəm. Köhnə kişilər deyərdi ki, hardasa nəsə zülm keşsə, haxsız iş olsa, ağaşda meyvənin suyu da quruyar.

Axı bu ürəyinnən keçirir ki, nardan xarc alajam. Əlini vurur kürəyinə, deyir:

– Bağbanımsan ki, bağbanım, bağışda.
IV mətn

Bir dəfə Şah Abbas Bərdə zonasınnan keçirmiş qoşunuynan. O, alimiynən, vəziriynən, vəkiliynən, ayləsiynən bir gəzirmiş. Gejə yatmax vaxdı gələndə görür ki, qurbağanın səsi qoymur yatmağa. Yaz günü imiş. Çağırır vəziri. Deyir ki, qurbağaların səsini kəsin, yatmağa qoymur məni. Ay nağarax? Qoşunu çağırır, buna daş atın. Görüllər mümkün döylü. Bunun anası görür kü, vəzir, vəkil, qoşun başçısı hamısı əlüsdə oluf. Deyif:

– Nolufdu, niyə belə eliyirsiz?

Deyir:


– Şah əmr eliyif qurbağanın səsini kəsin.

– Ə, Allah səni saxlasın. Onu nə var kəsməyə. Beş-on dənə qoyun kəsin, onun bağırsağını səpələtmə atın suyun içinə.

Qoyunnarı kəsillər, atıllar gölün içinə. Qurbağaların səsi xırp kəsilir. Şah qalxır: “Kopoğlunun adamı, bular bunu hardan bildi ə? Bunun səsini nətər kəsdi?” Çağırır vəziri, deyir:

– Vəzir, nətər oldu qurbağalar səsini kəsdi?

Deyif:

– Şah sağ olsun, kəsdih də səsini.



– Nətər kəsdiz?

Deyir:


– Beş-on qoyun kəsdih, atdığ bağırsağını suya.

Deyif:


Düzgün deyin, bunu özüz tapdız, yoxsa kimsə örgətdi.

Deyif:


– Vallah, ananız örgətdi.

Deyir:


– Anamın ujunnan yüz qırmac vurun maa. O cərmədi, gərəh onu anam demiyəydi.

Özünə yüz qırmac vurduruf bax Bərdədə.


57. MOLLA PƏNAH VAQİF
Molla Pənah Vaqif gəlif burda məktəb açır, məktəbdarlıxla məş­ğul olur. İbrahim xanın da bir sərkarı olur. Mal-qaranın, döylə­tin başçısına sərkar deyillər.

Günnərin bir günündə sərkar eşidir ki, Qazaxdan bir sünnü mollası gəlif, çox bilikli, savatdı bir adamdı. Bunun da, üzdən irax, bir yaxşı iti varmış. Deyir ki, gedim buna ayınnan-oyunnan verim, bu itə dua yazdırım. Oturur, yeyillər, içillər. Molla deyir:

– Qardaş, sən kimsən, nəçisən?

Deyir:


– Vallah, mən çobannarın böyüyəm. Dağda döylətimiz var. Bir dənə də yaxşı itimiz var ki, o itin qorxusunnan heş bir canavar, qurd-murd sürüyə yaxınnaşa bilməz. Gəlmişəm ki, ona bir dua yazasan.

Vaqif də ağıllı adamdı. Deyir:

– Oldu.

Ərəb əlifbasıynan götürür yazır:

Gözüm düşdü ətinə, – quzu gətirif axı.

Dua yazdım itinə.

Hər kim bunu oxusa,

……………………..

Bükür dua kimi, deyir:

– Apar bağla itin boynuna.

Aradan bir müddət keçənnən sora görüllər ki, sərkarın itinin boynunda dua var. Bu xəbər gedir çıxır İbrahim xana. İbrahim xan da çox dindar adam olur. Sərkarı çağırtdırır, deyir:

– Ə, eşitdiyimə görə sənin itinin boğazında dua var.

Deyir:

– Hə, xan sağ olsun, var.



Deyir:

– O nə qələtdi eləmisən?

Deyir:

– Xan sağ olsun, sizin o döyləti saxlıyan bu itdi.



Deyir:

– Onu hansı molla yazıf?

Deyir:

– Qazaxdan bir molla gəlifdi, sünnü mollası, o yazıf.



Adam göndərif ki, get o mollanı gətir. Vaqifi aparıflar xanın hüzuruna. Deyir:

– Sən nə cəsarətlə itə dua yazmısan?

Deyir:

– Qibleyi aləm sağ olsun, dua döyül. Qoy əhvalatı deyim. Bir axşam idi. Gördüm bir kişi gəldi, yaxşı da toğlu gətirdi. Maa dedi ki, dua yaz da itimə. Mən də götürdüm ora bir parça şeir yazmışam.



Deyir:

– Nə yazmısan?

Göndərir kağızı gətirtdirir. Deyir:

– Onda zəhmət çəksin mollarının biri oxusun.

Molla götürür o bir bənd şeiri oxuyur. İbrahim xan Vaqifin bu ağlına, fərasətinə xeyran qalır. Onnan sora onu gətirir saraya.
QARABAĞIN TANINMIŞ ADAMLARI HAQQINDA
58. HACI MƏMMƏDHÜSEYN
I mətn

Hajı Məmmədhüsöyün təbii alim oluf, oxumamış alim. Onun yetişdirdiyi sort Azərbaycanda adnan deyilirdi. Sayılan adam oluf. Hər yannan gəlif onnan sortdar alıf aparıflar. Gəlirdilər onnan toxum­lux qoşdar alıf aparırdılar. Boz kərə sortunu o yetişdirif. Qar­nı­nın altı açıx olurdu, cod yunu olurdu. Bu sort həm də Qaradolax sortu kimi tanınır. Əziz qonax olanda ona boz kərə sortunnan bir-iki toğlu hədiyyə verərdik.

Pastayannı yapıncı əynində, at üsdündə döylətinə nəzarət edirdi. O iki sort götürürdü. Biri boz kərə olurdu, biri də qırmızı olur­du, ona deyirdilər “astarı açıx”. Quyrux hissəsi açıx olurdu, dairə­vi gəlirdi. İkisini də o yaradıf. Harda yaxşı qoyun görür, qızıl pulnan alırdı. Məsəlçün, gedirmiş bir yerə. Görürmüş ki, orda bunun sürüsünə bənzər yaxşı qoyun var. Deyirmiş bunu sat maa. Alıf gətirirmiş.
II mətn

Bir dəfə Hajı Məmmədhüseyn gəlif dağda çobannarı yığıf bir heyvan kəsdirifmiş. Tatarrı Ojaxqulu oluf, bu da sinədən deyən çobanmış. Deyir ki, ayə, Tatarrı Ojaxqulu, bu dağları görürsən? Bu­lara hərəsinin öz xüsusiyyətinə görə bir şeir de. Onda Ojaxqulu çoban bir şeir deyir:

Dihcədən baxanda havayı dağlar,

Sarımsaxlıdan keçər dolayı yollar,

Qızılboğazdan qalxır Kilsəlidə girvə dağlar,

Nə yaman oldu bu dəli dağlar.


III mətn

Bir dəfə Hajının köçü dağa gedirmiş. Bir erməni də qatırnan duruf Qala dərəsində yolun qırağında. Sürülər gəlif keşdihcə soruşur:

– Ara, bu kimindi?

Deyillər:

– Hajı Məmmədhüsöynün.

– Ara, bu kimindi?

– Hajı Məmmədhüsöynün.

Axırda qatırın g…nə bir çubux vurur, deyir:

– Ara, bax bu da olsun Hajı Məmmədhüsöynün.
IV mətn

Hajı Şirvan tərəfdə bir qış yatağı alarmış. Orda bir ləzgiynən bunun mübahisəsi düşür torpax üsdündə. Bir sürü bunundu, bir sürü ləzginin. O vaxdı da torpax sahibinnən otlax üçün müvəqqəti sahə alır­dı­lar. Bir ləzginin də qış xamına ehtiyacı varmış, Hajı Məm­məd­hüseynin də. Padar düzü deyillər, orda cəhri düşür. Ağsak­qal­lar, qarasakqallar yığışıllar ki, bu yatax kimə qalmalıdı. Deyillər ki, bunu həracca qoyajeyih. Yerə bir xalça tulluyajeyih. Kimin pulu qutarsa, otursun qıraxda, daha çox pulu olan yerin sahibi olsun. Ləz­gi də pullu imiş. Hajının da əlində bir xurcun varmış. Xurcunun ağ­zını açıllar, Hajı da tulluyur, ləzgi də tulluyur, Hajı da tulluyur, ləzgi də tulluyur. Ləzginin pulu qutarır. Ləzginin pulu qutaranda deyir:

– Hajı, mənimki qutardı.

Hajı xurcunu tulluyur, deyir:

– Əyə, mənimkinnən tulla, mənimkinnən tulla.

Özünün böyüklüyün burda da gösdərir. Axırda ləzgi deyir:

– Hajı, Allah xeyrini versin, yer sənindi.

Hajı deyir ki, yox. Bir belə də böldüm verdim saa pulsuz- zadsız, apar otar.


V mətn

Onu tutuf türməyə salıllar. Görüf ki, iki yüz metr aralıda qoyun otarıllar. Orda nazora deyif ki, o qoyunun birinin böyrəyi quru­yuf. Mərcdəşiflər orda. Deyif ki, mən udsam o quzunu kəsəssən verəssən bu dusdaxlara. Mən səyf desəm, saa yüz maat verəjəm. Kəsiflər. Kəsənnən sora baxıf görüflər bunun böyrəyinin biri quruyuf qarnına yapışıf. Onnan sora onu buraxmışdar ki, belə bir adamı həbsdə saxlamağ olmaz.

O vaxdı da 28 Aprel savxozunda qoyunnar qırılırmış. Onu türmədən çıxarıf həmin savxoza baytar həkimi qoyullar. Mühari-bənin qızğın vaxdında rəhmətə getdi.
VI mətn

Köyühdə Salman addı bir kişi olurmuş, yaxşı sanballı kişi imiş. Bunun, üzdən irağ, bir ulağı varmış. Ulağı minirmiş, malın-qoyunun aparırmış otarırmış, qarağannan, qaramuxdan yığıf gətirir­miş təndirə tökməyə. Bir gün bu, Muxor qovusu deyillər, kanalın üsdünnən gedir çıxır Kəhrizdiyə kimi, Köyüyün böyrünnən keçən­də görür ki, erkək sürüsü, qoyun sürüsü, quzu sürüsü, qoş sürsü – hamısı ayrı-ayrı. O qədər var-döylət gedir ki. Görür bu sürü qədər də bir sürü it gəlir daldan çobannarnan. Deyir:

– Ə, bu gedən sürü kimindi?

Deyillər:

– Qaradolax Məmmədhüseynin.

Eşşəhdən aşırılır deyir:

– Ə, bunun dünyadan gözü doymur? Aparın bu eşşəyi də verin ona, bəlkə gözü doya.

Bu çobanın da biri diribaş olur da. Nəysə, bunun ağlına verir, eş­şəyi qatır atın qabağına, aparır köçün arasına salır. Deyir ki, belə-belə. Hacı Məmmədhüseyn köçü dayandırır. Deyir, get o kişini tap gətir bura. O gəlincə bir yaxşı heyvan kəsdirir. Aşbazı-zadı gətirir. Hey­va­nın birini bişirtdirir, birini də kəsir soruğa-zada. O vaxdı atı olan adam çox yük aparırdı. Onda da maydan at modudu, sakit olurdu. Belində də qom olurdu yükü götürmək üçün. Atın birini qomladır, bağladır onu, cəmdəyi də bağlıyır bunun belinə. Yeyillər, içillər. Deyir:

– Belə bir söz demisən?

Deyir:


– Ə qardaş, demişəm. Gözün bir belə var-döylətdən doymur? Ə, bunu neynirsən, sabah öləssən. O ulağı da verdim saa, bəlkə gözün doya.

Deyir:


– Kişi, həqiqi gözüm doymur dünya döylətinnən. Sağ ol, sənin sözün mənə böyük dərs oldu. Bax, o qomulu atı saa bağışdı-yıram, üsdündə bir cəmdək var. O atı min, ulağını qat qabağına get.

Deyir:


– Başına dönüm, heylədi, ulağı ver, atı isdəmirəm.

Deyir:


– Əşi, verirəm da, onu da saa verirəm.

Deyir:


– Yox ey, başına dönüm. O ulağ məni tanıyır, mən də onu tanıyıram. Yaşdı adamam, gedirəm, yolda bir yerdə təxrətə düşəndə ulağ qulağıın irəli-geri, irəli-geri eliyə-eliyə durur orda. Atdı, təpiyi vurdu öldüm getdim. Allah verən ömürü qoy rahat yaşıyım.
VII mətn

Qaradolaxlı Hajı Məmmədhüsöyün var ha, hədinnən artıx varrı olur. Bağırov* iclas eliyirmiş Ağcabədidə. Durur deyir:

– Başına dönüm, maa bir söz ver, saa iki kəlmə sözüm var.

Deyir:


– Buyur, ağsakqal.

Deyir:


– Mənim neçə min qoyunum var, çobanım var, itinə qədər hamısını sayır. Bunun hamısını verirəm sizə. Məni bu yaşımda tutuf biiman elətdirməyin.

Deyir:


– A kişi, get qoyunun içinnən iki yüz qoyun götür, qalanını ver, amma Ağcabədi torpağında qalsan mən Bağırov gedənnən sora sənin başıı əkəjəhlər.

Axırı keçir Şirvan tərəfə, o kişi gedir Xırdalanda öz əjəliynən ölür.


VIII mətn

Sovet hökuməti gələnnən sora Hajının döylətini tutuf əlinnən alır. Yazıx kişi qalır çox pis vəziyətdə. Bunun döylətini yığıf yarısını verillər Qarabucağa, yarısını da Samux savxozuna. Direktor deyir ki, Hajı, gəl səni savxoza zootexnik qoyum. Hajının da hardasa həştad-doxsan yaşı var. Döyləti əlinnən alınıf, əlajı yoxdu, razılaşır.

Qoyunu qırxıllar. Direktor gəlif deyir:

– Hajı, qoyun qırxıldı?

Deyir:

– Hə.


Deyir ki, ətdiyə qoyun seçəjeyih. Sən çobannara de, qoyunu seşsin. Direktor da duruf qoyunu seşdirir. Ay bala, onu gətir, ay ba­la, bunu gətir. Sürünün içində iki seşmə qoyun varmış. Biri boz qum­ral, biri boz kərə. Hajı deyir ki, o boz kərə qoyunu da gətir. Direktor deyir:

– Hajı dayı, sən Allah, sürüdə bunnan gözəl qoyun yoxdu, sən deyirsən onu gətir.

Deyir:

– Onun qara ciyəri ağ suluxdu.



Qoyunu gətirtdirir. Direktor deyir ki, kəs qoyunu. Qoyunu kəsillər. Mən də köhnə kişilərdən eşitmişəm də. And içir ki, direktor görüf, nejə Hajı demişdi, qoyunun qara ciyəri heylə ağ suluxdu.



Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   29


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2017
rəhbərliyinə müraciət

    Ana səhifə