Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu azərbaycan folkloru antologiyasi (Cəbrayıl, Ağdam, Laçın, Qubadlı, Zəngilan, Ağcabədi və Kəlbəcər rayonlarından toplanmış folklor nümunələri) baki – “Nurlan“ – 2012



Yüklə 8,77 Mb.
səhifə12/35
tarix30.07.2020
ölçüsü8,77 Mb.
#102750
1   ...   8   9   10   11   12   13   14   15   ...   35

122. TEMİR YÜZBAŞI
I mətn

Zabuğ döyüşünün əsas təşkilatçılarından biri Sultan bəyin sağ əli olan Temir yüzbaşı olufdu. İntası o çox əzazil adam olufdu. Hətta bir dəfə Paşa bəy ona bir şapalax vurufdu ki, sən camahatnan rəfdarı düzgün apar. Onu da nə üsdə vurufdu? Bir günnəri bu gedif bir kəndə. Burda buna gətirif qayğanax bişiriflər, qayğanağın üs­dünə də bal töküflər. Yeyir, qarnı ağrıyır. Çağırır ev sahibini, fər­raşa deyir:

– Vur kopoyoğlunu. Qayğanax bal üsdü kopoyoğlu, başı da necə Aynanın başına oxşuyur. Vur, vur kopoyoğlunu (Ayna da bunun arvadı olufdu, Aynadan da zəhləsi gedifdi. Elə düzgün də zəhləsi gedirmiş, gərək başın kəsəydi onun, onda sağ qalardı).

Paşa bəyə xəbər çatdırıllar ki, Temir yüzbaşı filan yerdə belə hak-hesab elədi. Çağırıf onun qulağının divinə bir şillə vurur. Deyir:

– Sən qudurmusan xalxın çörəyin yeyif həm də verirsən şallağın ağzına. Dədən Qulu sənə nə qoyuf gedifdi, ə, onu vurur­san? Dədən Quluya da hörmət qoymadın.

Nəysə, bunu bərk vurufdu. Deyif ki, Temir, ağlında saxla ki, kasıba əl qaldırmağ olmaz.
II mətn

Sovet hökuməti gələndə Temir yüzbaşı görüf ki, bolşevik gə­lir, əyri yolnan kommunist partiyasının biletini alır. Gətirir arvadı Aynaya verir, deyir:

– Bunu qoy bir yerə, lazım olar.

Rus gəlif qapıya dirənəndə deyir ki, o qırmızı bileti gətir bura. Deyir:

– A kişi, hansı qırmızı bileti?

Deyir:


– Saa qırmızı bilet verməmişdim, onu gətir.

Deyir:


– Rus qapıya dirənəndə hamısını yandırdım.

Nəysə, kişini tutullar, aparıf salıllar Şuşa türməsinə. O vaxdı atamı da tutullar. Nətər olufsa türmədə Temir yüzbaşıynan bir yer­də olullar. Atam deyir, baxdım gördüm ki, sakqal tökülüb bura, ba­şı­nın tükü də bax burdan (çiynini göstərir – top.), saş buraxıbdı. Dedim:

– Temir əmi, nolar adam ölümə gedəndə. Üzünün-başının günü nədi, gəti qırxım.

Dedi:

– Yox, yox, ay oğul. Bunu qırxmax lazım döyül. Bu baş ax­max başdı. Bu baş ixtiyarı verdi Aynanın əlinə, Ayna da bu başı saldı bu günə. Bu başı bit-sirkəyə yedizdirəjəm.



Onnan sora yazığı gülləliyif öldürmüşlər.
123. CAĞAZURLU AĞAMMƏD
Ağamməd nəhəng bir kişi imiş. Onun bir dənə boz atı oluf, onnan savayı heş nə onu gəzdi­rəmmiyif. Ağammədin üsdündə güllə keçməz dua oluf. Gedif ermə­niynən döyüşüf gəlirmiş, gəlif kürkün belə sirkəliyirmiş badron hamısı tökülürdü yerə. Onun qardaşın erməni öldürmüşmüş. Deyir, qardaşının qəbrinin üsdündə and içir ki, mən sənin başının tükü sayı gərək erməni öldürəm. Uşağ səs eliyəndə ermənilər onu qorxuzurdular ki, səsini çıxartma, Ağam­məd eşitsə, gələjək.

1918-ci ildə erməni-müsurman davası olanda cağazurlulara de­yif ki, siz evinizdən çıxmıyın. Elə ki, mənim gülləmin səsi kəsildi, onda öz başızın çarəsinə baxarsız.


124. HACI BƏDƏL
I mətn

Bizim kəntdəki məscid bəlkə də respublikada yeganə məscitdi ki, sütunu, dayağı yoxdu. Əvvəl istiyiflər məscidi dövlət vəsayiti hesabına tiksinnər, alınmıyıf. Sora babam deyif könüllü surətdə kimin qolunnan nə çıxır versin, məscidi tikək. Deyiflər, a kişi, sən körpü tikdirirsən, sənin ora nə qədər vəsayitin gedir. Hacı Bədəl çıxardıb iki qızıl atıb ora, deyib bu mənim payım. Camahatın vəsa­yiti hesabına o məscid tikilib.

Hacı Bədəl körpüsünü22 də mənim babam tikifdi. Onun tikil­mə­sində yumurta sarısından və əhəngdən istifadə olunufdu. Nökərə pul verif deyir ki, yumurta alarsan. O vaxdı bizdə bir Xannıxda, bir də Xocaxanda bazar olub. Nökərə deyif, nə qədər yumurta var ha­mısın alırsan, amma seçif irisin alırsan. Məscidi, körpünü də tikən erməni usdaları olufdu. Ermənilər bir-birinin üzünə baxır ki, bu yumurtanın yekəsinə pul verirsə, yəqin bizə haqq vermiyəcəh. Bu­lar öz aralarında belə fikirləşəndə babam deyir, gedək çayın üzə­rində göstərim körpünün gözdəri hardan olacax. Ermənilər deyib ki, ay hacı əmi, biz məscidi tikək qutaraq, körpüyə bəlkə başqa usda tapasan. Deyir, Meşoğ, gəl bəri. Usdanın birinin adı Meşoğ imiş. Gəlib çayın qırağına çatanda çıxardır cibinnən bir qızıl onnuğ atır. Deyir, körpünün bir gözü ordan olacax, bir qızıl onnuğ da atır, bir gözü də burdan olacax. Babam deyir, mən sizin fikrinizi oxu­dum, deyirsiniz ki, bu yumurtanın yekəsini alırsa, bizə haqq vermi­yəcək. Yumurta sarısıynan bu divar qoyulur, mən buna pul verirəm, müftə almıram ki.

Babam Məkkəyə Həcc ziyarətinə gedir. Həccə gedib gələnnən sora nəsə bir iş görməlisən da. Hacı Bədəlin fikri varmış ki, yaxın dağ kəndlərinə körpü tiksin. O vaxdı əhəng quyusu yandırırmışlar. Əhəng quyusu yandırmaq üçün zakaz verib. Biz tərəfə güclü yağış yağırdı. Bir dəfə elə bir yağış yağır ki, sel-su dağın nəyi var – ağacı, daşı gətirif töküf bunun yerinə. Kişi gəlib səhər-səhər baxıf deyir, hə, Allah mənim allahımdı. Daşı da burda, odunu da burda. Elə orda çağırıb kankan vurannarı. Daşı orda yandırıb. Yeddi gün yandırıb, onnan sora o körpünü başdıyıb tikməyə. Həmən körpünün bünöv­rəsini heylə qoyuf.



Deyif ki, bir dənə də arzum var, Bərgüşad çayının üzərində bir körpü tikdirəm. Sora sovet hökuməti gəlir, bunun malın-mülkün əlin­nən alırlar, kulak adı verillər. O arzusunu gerçəkləşdirə bilmiyif.
II mətn

Hacı Bədəl yeddi bacı bir qardaş olufdu. Öz zəhmətiynən varranıf. Darvazasının ağzına yazıf vuruf ki, mənim qapım bəylərin üzünə bağlı, kasıbların üzünə açıxdı. Sovet hökuməti gələnnən sora bunun mülklərini alıflar, özünə də kulak adı veriflər.

Sovet hökuməti qurulanda yerlərə adam göndərillər ki, gedin camahatdan örgənin görün vəzyət nətərdi, hökumətin nəyinnən razıdılar, nədən narazıdırlar. Bir nəfər də bizim kəndə gəlir. Məs­cidin yanında təsadüfən babamnan rastlaşır. Salam-kalamdan sora deyir ki, ay əmi, qabaxkı hökumət nətərdi? Deyir, ədə, çar hökumə­tini yıxdınız getdi da. Deyir, bəs bu hökumət nətərdi? Deyir, bu hökumətə nə deyim? İsdəkanı yekə, qəndi yox hökumətdi də. Bular qayıdıb gedir. Yığışıllar rayona, birinci katib müzakirə eliyir ki, kim nə xəbərnən gəlib. Bizim kəndə gələn də deyir ki, getdim ora, bir kişi maa dedi ki, isdəkanı yekə, qəndi yox hökumətdi də. Dedi, o Hacı Bədəl kişi olacax.

O vaxdı ona deyiflər, sovet hökumətinə bir şeir yaz. Deyif, dilim quruyar mən bu hökumətə şeir yazmaram.


III mətn

Babam ölən vaxdı bir dənə şeir yazıb, deyib bunu qoyarsız mənim qəbrimə. Axı o vaxdı deyillər insan öləndə Əzrayıl gəlir haynan-küynən, bir əlində məşəli, bir əlində çəngəli, meyidi qaldı­rıb onnan sorğu-sual eliyir. Bununla əlaqədar babam belə bir şeir yazır:

Xişmin geri al, əl saxla

Rəbbimdi o bir Allah.

Gəlib halımı sorub getsən,

Mətləbi murada yetsən,

Mənnən sual etsən

Kitabımdı Kəlamüllah.
Gəl yanıma gülə-gülə,

Rəhnə vurma sən bu dilə,

Yazıxdır, dəymə Bedilə

İslamıdı, vallahi, billah!

İndi bildim ki ölmüşəm

Haqqı Vətənim, gəlmişəm

Kömək ol, ya rəsul-allah.

Mirsədi babam da şeiri oxuyub deyib buna yasin-zad oxumaq lazım deyil. Bu kişi behiştdikdi.


IV mətn

Bir dəfə yaz nətəri gəlifsə qoyun-quzu hamısı qırılıf. Bizim evin üst tərəfi yamac idi. Babam çıxıf həyətə, baxıb görür ki, qo­yun-quzu hamısı qırılıf. Bir dənə qızdı, bir dənə buzovdu, beş-altı da quzudu. Belə baxıb deyir:

Erkəci danadan, çobanı qızdan

Xudam razı olmasın heç belə yazdan.


V mətn

Bir dəfə cöngəsi xəsdələnmişdi, qojam baxırmış ona. Qojam cöngənin ölməyini isdəmirmiş. Şorba bişirif cöngənin ağzına tökür. Babam baxıf gülməyi tutuf. Arvadına deyir:

Vurulmuşam sənin kimi zayıla,

Xəsdə deyil, şorba içə, ayıla.

Lazım budu cinazəyə qoyula,

Cinazəsində yeriyə cöngə.


125. QAÇAQ NƏBİ
I mətn

Qaçax Nəbi qanan uşağmış, quzuların otarırmış. Görür ki, bir dəsdə atdı gəlir. Saray kəndində bir bəy vardı, onun dəsdəsi olur. Deyir, ə, balaca çoban, quzu kimindi? Deyir ki, mənim dədəmindi. Ə, kimin oğlusan? Filankəsin. Toğluluq quzu varmış, deyir, onu tut ver atın qujağına. Deyir ki, sən kimsən ki mənə əmr eliyəsən? Onu toxumlux saxlıyır mənim atam. Bunun üsdündə Nəbini döyür. Nəbi də yadında saxlıyır, gəlib evdə deyir. Mollu da üş-dörd tirə olubdu. Qaçax Nəbinin tayfası Köçərili olub. Gəlib evdə deyir. Atası deyir, dinmə, sora hesabın çəkərəm. Yatdığı yerdə bir gün gedib evin də odduyajam, özün də öldürəjəm. Qaçax Nəbi də özünə dəsdə topluyur qaçaxlığ eliyir.

Onun dəsdəsində Şah Hüsöyün addı bir nəfər olur. Bir gün bular Akara stansiyasından çıxıf Zəngilana gedən yolda Ağoyuğun düzünnən keçəndə hökumət adamları Qaçax Nəbinin qardaşı Meh­dini vurur. Olar üç qardaş olublar. Nəbi, Mehdi (üçüncünü yadına sala bilmədi – top.). Qaçax Nəbi görür qardaşı öldü, bunun dəsdəsi bir az seyrəldi. Çıxır gedir İrana. Nəbinin öz atı altında, qardaşının atı da dalınca kişniyə-kişniyə gəlirmiş. Həcərə də deyir ki, mən gəlməsəm narahat olma. İranda bir müddət yaşıyır. Arada gəlib burda qırdığını qırırmış, öldürdüyünü öldürürmüş, çıxıf gedirmiş.

Molluda Əziz varıdı. Bir günnəri Həcər Əzizi çağırır, deyir ki, əmi, getginən İrana, Nəbini tap, deynən Həcər yolunu gözdüyür. Məni əvvəl-axır kimsə aparajax. Gəl məni apar. Əziz dəvriş libasın­da düşür yola, gedib çıxır İrana. Dəvriş libasında qəsidə deyirmiş. Nəbi də öz atın satıb ayrı at almışdı ki, onu tanıyan olmasın. Bircə bu sirri Şah Hüsöyünə verirmiş. Şah Hüsöyün də Dəstəkli kəndin­nən imiş. Arvadının adı Növrəsdə olub, iyid arvad olub. Nəbi atdı dəsdəsiynən gəlib böyrünnən keçəndə Əziz durur atın ayaxların qujaxlıyır: “Əmoğlu, saa qurban olum, başına dönüm, səni gördüm salamatsan”. Bu özün bilməməzdiyə vurur. Deyir, ə, vurun bu qoca köpəyi. Əzizi o ki var Nəbinin adamları döyür. Əziz deyir, ə, bu niyə belə elədi? Axı sirri bilmir.

Nəbi gedir öz yaşadığı yerdə oturur ağlıyır. Deyir, ə, mən öz canımın qorxusunnan öz ağsakqalımı döydürdüm. Mən nətər eliyim onu tapım, üzr isdiyim. Adamlarının birini göndərir ki, gedin filan yerdə dəvriş var, onu tutun gətirin mənim yanıma. Gedif gətirillər dəvrişi bunun yanına. Durur əlin-ayağın qujaxlıyır. Deyir, əmoğlu, elədiyim hərəkətə görə məni bağışda. Mənim Nəbi olduğumu burda heş kim bilmir. Paşa bəy məni həmişə izdiyir. De görüm niyə gəlmisən? Deyir, məni Həcər göndərif. Deyif ki, get Nəbini tap, denən ki məni incidirlər. Gəl məni apar ayrı yerdə saxla, mənim Həcər olduğumu orda kim biləjəh. Nəbi buna qəşəhcə pul verir, paltar alır, bir at da verir altına. Adamlarının birinə deyir ki, apar bunu Arazdan keçirt gəl. Götürür gəlir, keçirdir. Gəlib Həcərə deyir. Həcər deyir, yox, Nəbi mənnən əl çəkən deyil. Piyada da olsa gedif onu tapbalıyam. Əziz bir də gəlir. Gələndə deyir ki, əmi, sən məni tanıdın, bildin. Məni burda Nəbi kimi tanıyan yoxdu. Buranın bəyi Paşa bəydi. Bilsə ki, mən Nəbiyəm, məni ələ verər. Get Həcərə denən ki, mən daha ora gəlmiyəjəm. Qardaşım Mehdidən sora mən and içmişəm ki, arvadnan yaşamıyajam.
II mətn

Şah Hüsöyün bunu satır. Deyir, Paşa bəy, Nəbi qoltuğumuzun divində hərrənir, mən Nəbinin qorxusunnan dinmirəm. Nəbi də əvvəl-axır səni öldürəjeh. – “Ə hardadı?” Deyir, filan yerdə. Deyir, məni onu öldürərəm. Deyir, yox, öldürəmmiyəssən, o çox sayıxdı. Gəl belə bir iş elə. O vaxdı qara damlar olub. Deyir, qapının girəcə­yində quyu qaz, quyunu bir az gen götür, üsdünə gəvə atginən. Nəbi gəlif ayağını atanda düşəjək quyuya, o quyuda öldürərsən. Belə də eliyillər, Nəbi düşür quyuya. Axı bu əhvalatı Şah Hüsöyün qurur. Paşa bəy buna çoxlu qızıl verir, nə qədər mal-mülk verir. Bir əra­zini də deyir ki, sənin oldu, get orda yüzbaşı olginən, arxayın yaşa. Mənim yeganə düşmanım Nəbi idi, bu sirri ki mənə verdin, məni Nəbidən qutardın, sağ ol. Gətirif qızılı evə verəndə arvadı Növrəsdə deyir ki, bu nədi? Deyir, Nəbini satdım Paşa bəyə, o verif buları. Deyir, niyə satdın? Deyir, kasıb idik da, o qızıla görə satdım. Deyir, yaxşı elədin, otur. Oturur çörək-zad yeyir. Arvad durur yemək hazırrıyır. Deyir, tüfəngi as ordan, gəl ot. Qəfil durur bu arvad tü­fəngi götürür, deyir, ə beqeyrət, neçə il Nəbinin dəsdəsində qaçax­çılığ elədin, orda iki arvad idik, biri Həcər idi, biri mən. Nəbi məni öz bacısınnan çox isdiyirdi, namusumu, qeyrətimi çəkirdi. Saa ney­nəmişdi, onu satdın? Səni müdafiyə elədi, düşmanlarınnan canı qu­tardı. Üzuu çevir ayna, can verəndə üzu görmüyüm. Şah Hüsöynü vurur. Aşıxlar ona bir qoşma qoşmuş­dular. Deyir ki,

Paşa bəy İranda bir hiylə qurdu

Nəbinin dəsdəsi üzünə durdu.

Gəlif gedənnərdən yolunu sordu

Qoy sana desinnər, ay qaçax Nəbi

Həcəri özünnən ay qoçax Nəbi.
III mətn

Bir günnəri Həcər kəntdə imiş – Molluda. Nəbi də Geponun rəisinin evində qalırmış. Geponun rəisi Çopurrudan imiş. Nəbinin dədəsi dağ vaxdı Salbartıya gedirmiş, nəçənnik milisyanın dədəsini də ordan tanıyırdı, onnan sıx dosduymuş.



Həcər xəbər tutur ki, Nəbi Gepo rəisinin evindədi. Durur sadə paltar geyinir, gedir ora. İndi milis rəisi Sisyannan gəlirmiş Gorusa iş başına, Həcər də gedirmiş bulara. Həcər bilir ki, Nəbi bularda olur, amma özünü tanımamazdığa vurur. Üzün-gözün örtür. Həkəri çayı­nın üsdünnən keçəndə rəis gəlir bunun qabağına. Salamə­löykü, əley­kimət salam. Kimsən, nəçisən? Görür kadındı da. Həcər deyir, sən­nik deyil. Həcərin də tüfəngi yoxumuş, amma onatılan tapançası var­mış. Deyir, niyə heylə cavab verirsən? Deyir, nətər cavab veri­rəm? Gedirəm da, yol yolçusuyam. İndi bu rəis fikrini dəyişir, ka­dın­dı da, yolu tək gedir. Həcər görür kü, yox, bu fikrini dəyişdi. De­yir, mən məsləhət görürəm çıx get. Deyir, sən mənim əlimdəsən səni apara­jam türməyə. Deyir, sənin kimilərin yüzü gələr məni apa­ra bilməz. Aparsan da mən türməni deşif çıxajam, amma mən məs­ləhət görü­rəm çıx get. Qəfil tapancanı çıxardır başının üsdünnən birin atır, de­yir, əl atsan silaha səni öldürəjəm. Soyun. Bütün pal­tarın soyundurur alt tuman-köynəkdə saxlıyır. Silahın alır, deyir yer get. Deyir, atına dəymirəm, kişi kişinin atını almaz. Nətər getsin şəhərin içinə? Gəlir bir tanışın evinə. Deyir, məni qaçaxlar soydu­lar, get mənə bir paltar gətir. Da demir ey bir arvad soydu. Həcər çox peşman gəlir. Bilir ki, Nəbi buların evindədi. Sora peşman olur. Deyir ki, gərək deyərdim mən filankəsəm. Nəysə, atdan düşür, girir içəri. Nəbi deyir, niyə bekafsan? Deyir, hal-qəzyə belə-belə. Ev yiyəsini soymuşam, tuman-köynəkdə qoy­muşam Həkəri çayının üsdündə. – “Ə niyə?” Deyir, hal-qəzyə belə. Gördüm fikrini dəyi­şib, mən də belə elədim. Nəbi bərk gülür. Bir azdan sora rəis gəlir, girir evə. Görür ki, bay, Nəbiy­nən Həcər qujaxlaşıb yatıb. Deyir, hə, Həcər deyir­dilər inanmırdım. Elə mənim işdədiyim türməni da­ğıdan bu kadınmış. Amma iyitdik elədi nə atımı əlimdən aldı, nə alt tuman-köynəyimə dəydi. Onnan sora Həcər bərk gülür. Boynun qu­jax­lıyır deyir ki, məni bağışda. Nəbi gülür, deyir, arvada sataşmaq isdiyir­din? Deyir, cod cavab verdim, o cavaba görə məni heylə elədi.
IV mətn

Hətəm babam varrı oluf. Bir gün bunun camışını kəsif dərisini soyuf aparıllar. Hətəm babam da camahatı yığıf ki, görə bunu kim eliyif. Eliyəni tapmıyıf. O vaxdı camışın dərisi ətinnən qiymətli idi. Camahatı yığır, elə bu cəhli getdiyi yerdə Qaçax Nəbi gəlir. Deyir ki, bu nə məsələdi? Deyillər, Hətəm kişinin camışını öldürüflər, o da camahatı yığıf bura. Qaçax Nəbi atamı çağırır, deyir, olar ikimiz bir yerdə məsləhətdəşək bu işi yoluna qoyax? Ağsakqalar da çalı­şır­dılar ki, Quran gəlməsin ortalığa. Camahatı yığıllar sıraya. Qaçax Nəbi Hətəm babamnan camahatın sifətinə baxa-baxa başa qədər gedir. Deyir ki, Hətəm kişi, burda camışı oğurruyan yoxdu. Fikirrəş gör bu kəndin adamınnan kim yoxdu burda? Deyillər ki, filankəs yoxdu burda. Bu da o qədər sakit adam olur ki, heş kim bunnan şübhələnmir. Deyir, onu da çağırın gəlsin. Gələndə Qaçax Nəbi üzünə baxan kimi əlin salır civinnən bıçağı çıxardır qoyur ortaya. Camışın tükü-zadı da bıçağın üsdündə olur. O yerin də adı qalır Hətəmin camışı gönlənən yer.


V mətn

Qaçax Nəbi gəlir mənim nənəm Məşədi Zeynafgilə. Bunun qoşa alaçığı varmış. Çölçü adamlar da aralıdan baxanda bilirdi da hansı çadır babatdırsa ora düşürmüşdər. Gəlif belə keçəndə görüllər burda bir alaçıx var, qapısında çəpəri, qoyunu, dööləti. Salam­əlöykü, əleykimət salam. Bu məqamda qapıdan bir it keçif. İt o qədər zəif imiş ki. Bular fikirrəşif ki, qapısında bu cür iti olanın evində nə olar. İt keçəndə Nəbinin yanındakı yoldaşı deyif ki, gəl gedəh, bura düşmüyəh. Arvad da dünyagörmüş bir insandı. Sözü alıf deyif ki, o qonşunun itidi, düşün. Əri Məşədi Əsəd özü evdə olmuyuf, amma qadın uşaxları göndərif heyvan kəsdirif. Bular çay içif, çörək yeyiflər. Nəbi deyif, biz bu günnən oldux qardaş-bajı. Mənə Mollulu Qaçax Nəbi deyəllər. Duruf ordan atı miniflər, gəlif Famil dediyi yerə çatanda23 həmin adama deyif, səni gülləliyərdim, amma orda çörək kəsmişəm, bir qadına bajı demişəm. Səni ona bağışdıyıram. Mən Qaçax Nəbiyəm.


VI mətn

Məşədi İsmayılın Boz ürgəsi oluf, naxırçı aparıf otarırmış örüşdə. Atı hörüklüyüb uzanmışmış. Görür meşədən bir atdı çıxdı, ürgəni aşdı mindi. Bir tab sürdü getdi, qayıtdı gəldi. Atı bağladı öz yerinə. Dedi, gedəndə Məşədi İsmayıla deyərsən ki, Nəbi gəldi atı mindi getdi, amma aparmadı. Sora bir öküz, bir inək, bir maydan at yolluyuf ki, atı versin maa. Məşədi İsmayıl bircə maydan atı götü­rüf qalanın qaytarıf, boz atı da vermişdi Nəbiyə.


VII mətn

Qaralar kəndində Qəmbər oluf, hamı ona əmi deyirmiş, Nəbi də əmi deyirmiş. Yük daşımağa qatır davamlı olur da. Qəmbər Mazandaran ulağı alıf atla cütləşdirif qatır cinsi törədib. Yaz vaxdı dağların qarı əriyəndə çaylar daşır. Onda Qəmbər əmi gedərmiş daş­dıx yerlərə əlavə daş düzərmiş, çay daşdıxcan ora torpax olur­muş. Oranı əkin yeri salırmış. Belə-belə mülk sahibi oluf. Kəndin ən addı-sannı adamı oluf, Nəbinin də qonaxçısı oluf.

Qəmbər əminin Qapışıtdıdan Allahverdi, İrannan Niftılla addı nökərləri oluf. Olar sora 41-45-in müharibəsinə getdilər. Mühari­bə­də Niftılla Allahverdiyə deyir ki, Nəbinin qızılın əlimnən basdırmı­şam. Bırdan salamat qayıtsax, çıxardax verək Qəmbərin nəvəsinə, bizə də bir şey versin. Allahverdi kişi salamat qayıdıb gəlmişdi, bu söhbəti o eliyirdi, amma Niftılla orda ölmüşdü. Nə qədər deyir, yalvardım ki, de da harda basdırmısan? Dedi, dədəm qurban, yeddi arxa dönənin boynuna babalım bı sirr ağzınnan çıxsa. Qızılın yerin demiyif. Müharibədən qayıdıf gələnnən sora Qəmbərin evinin arxasında dərədən, maşın getmiyən yerdən o (Allahverdi – top.) daş topladı. Heş daşımadı da. Heş demə, onu axtarırmış.
VIII mətn

Nənəm deyirdi ki, təzə gəlin idim, qapını süpürürdüm. Onda gördüm ki, beş atdı gəldi. Biri dedi ki, bajı, ardımızca atdılar gələ­jək, soruşsa deyin aşdı o üzə. O üz də Bərşat tərəf deməkdi. Bu atdılar gedənnən bir az sora iyirmiyəcən atdı gəldi. Biri dedi bala, bala, burdan beş atdı keşdi, hara getdi? Əlimnən belə elədim ki, o üzə aşdı. Həmən atdılar o üzə gedənnən sora həmən beş atdı gəldi çay aşağı getdi. Demə, o beşı atdı gedif Qəmbərgilə. Qəmbərin Bə­dəl addı nökəri vardı. O deyirdi ki, Nəbi beş atdıynan gəldi. Dü­şən kimi dedi ki, Qəmbər əmi, biz bir çay içif addıyajıyıx o taya, vacib işimiz var. Deyəndə Qəmbər əmi gəlinnərə dedi ki, əlüsdü bir qay­ğa­nax eliyin. Bədəl kişi deyir, mən də atdarı bağladım, çay gətirif qoydum qabaxlarına. Dördü işmişdi, isdiyirdim istəkanları götü­rəm. Qəmbər əmi də qaçır o kəllə evə, qaçır bura. Nəbi çayı işmə­mişdi, qabağında idi. İstəkannarı götürmüşdüm ki, Qəmbər əmi girdi içəri. Nəbi dedi ki, Qəmbər əmi, nədi, heç oturmursan? Qaçır­san o evə, gəlirsən bura. Bir otur görək nə var, nə yox. Dedi, əmi qurban, böyük gəlin ağırayaxlıdı, siz qaçarax gəldiyinizə elə bilif ki, bura dava düşəjəh, qorxuram ona ziyan verə. Ona toxtaxlıx ve­rirəm. Dedi ki, onda bizə bir əlxəşdiyi lazımdı. Qəmbər əminin çu­xası vardı. Qoltux civinnən bir kisə çıxartdı. Nəbi aldı, dedi polnu bəs eliyər. Gedək gələk, Allah qoysa, amanatı aparajam, səni də ra­zı salajam. Niftılla dediyi düz çıxırmı?24

Üş günnən sora kəndə hay düşdü ki, o gün gedən beş atdı Nə­binin dəsdəsi imiş. Gedif İrana. Nəbinin dəsdəsində Şah Hüsöyn adında birin xan örgədif ki, Nəbi sənin arvada sataşır sənin xəbərin yoxdu. Heylə oluf qonaxlıxda Nəbini arxadan vuruf.
IX mətn

Babam deyir ki, biz uşağıx. Gördük ki, bir nəfər adam gəldi ağsakqallarnan görüşdü. Otdular, yedilər, işdilər. Bizim evdən yüz əlli metr aralıda armud ağacı var. Qaçax Nəbi də gələndə atın ora bağlıyıfdı. At da tərli idi. Yəhərin alıf qoyufdu armudun haçasına, gəlifdi kəndə. Gedəndə görüflər atın yəhəri yoxdu. Kəndin ağsak­qal­larına deyif ki, mən gözdəməzdim mənim sevdiyin bir kəntdə atımın yəhəri oğurransın. Ağsakqallardan biri dedi ki, heç ağlına hey­lə şey gəlməsin. Bu uşax işidi, gəlif ordan keçəndə yəhər xo­şuna gəlif götürüf. Narahat olma, tapılar. Yəhəri tapıf gətirdilər. Nəbinin də iki atı vardı. Birin minif, birin də alıf yedəyinə. Dedilər ki, Nəbi, bu dayça nədi, bunu hardan almısan? Dedi ki, Abbasdar kəndində İbrahim bəy var, onnan almışam. Boz at həmən atdı.


X mətn

Bu saat bizdə Qaçax Nəbinin nişanəsi var. O vaxdı Məmməd­rəhim babam bir az silah-sursat tapıb hardansa. Bunu dədəmnən Nəbiyə göndərib. Dədəmə deyib ki, min atın üsdünə, ata heş nə eləmə, at özü gedəjəh. Qaçax Nəbinin yeri haradı at gedib çıxajax ora. Orda silah-sursatı verərsən Qaçax Nəbiyə, sən qayıdarsan. Dədəm deyir, atın üsdündə oturdum, at getdi kümbəz deyilən yerdi, orda dayananda Nəbi çıxdı. Dedi, boy Həbib, sən gəlmisən? De­dim, hə. Dedi, əhsən, Məmmədrəhimin əsil oğlusan. Səni ki uşaqlı­ğınnan gejənin bu vaxdı gəlmisən, ala bunu saa nişanə verirəm. Onun da şallağının altına Nəbi sözü yazılmışdı, peçat kimi işdə­dirmiş. Gətirib həmin şallağı verib atama ki, mənnən saa yadigar qal­sın. Qaçqın düşəndə qardaşım rəhmətdik dedi ki, keş­mişdən nə nişanamız var birinci onu götürün. O şallağı götürmüşdü qardaşım. Qardaşım rəhmətə gedənnən sora nəvəsinə qaldı.


XI mətn

Bir dəfə keçmiş kişilərdən, igidlərdən söhbət düşdü. Bir qoca dedi, bala, Qaçax Nəbinin boz atı deyillər, o at bizim kəntdə oluf. Belə nağıl elədi ki, orda Nəbiyə deyillər ki, sənə yaraşan yaxşı bir at var. Bartazda kasıb bir cavan oğlandı, aylə qurub. O atı sən on­nan götürüp ala bilsən əsil Qaçax Nəbi olarsan. Qaçax Nəbi də ça­rığın geyinif gedif Bartazın güneyində oturur. Görür axşam düş­dü. O vaxtı həyət-bacanın ətrafı çal-çəpər idi. Bir də görür ki, həmin adam tövlədən atı çıxartdı. Küçəyə çıxardannan sora atın cilovun atdı çiyninə, əlin qoydu belinə, yendi kəhrizdən su işməyə. Bunu müşayət eliyif. Qarannıx düşəndə gəlir qapısına. Deyir ki, yol ada­mıyam, bir gecəliyə məni qonağ eliyə bilərsiniz? Deyir, Allaha da qurban olum, qonağına da. Kasıfçılığıymış. Ev yiyəsi bir beş-altı yu­murta soyutması hazır eliyir, şor, çörəh. Aftafanı basır buxarıya, kəkotunnan qatır içinə, qaynadır. Nə qədər eliyillər Nəbi çörəh yemir. Çox məcbur eliyəndə gətirir yumurtadan soyur, nə duza ba­tırmır, nə çörəyin arasına qoymur. O yumurtanı yeyir. Gecənin bir vaxtı durur, görür yatışıflar mınnar. Çarıxların geyinir. Durur atı çəkir, yəhəri qoyur belinə, tərpənir. Səhər tezdən kişi durur görür ki, nə yəhər var, nə at var. Aya hay. Arvat deyir, sən hər yetəni qonağ elədin. Deyir, ay arvad, dinmə. O, kişi adamdı. Deyir, nətəri kişidi? Deyir, ona görə mən deyirəm kişi adamdı ki, o axşam nə bizim çörəyimizi kəsmədi, nə duzumuzu dadmadı. Ona görə kişi adamdı. Belə bir rəvayətnən Nəbi gedir. Sonra xocaların İrannan gətirdiyi atdardan bir beşinin yükünü saxladır. Öz atın da minir, qoşunuynan düz gedir Bartaza – həmən kişinin qapısına. Deyir, bu­yur. Bax, bu mən, bu da sənin atın, bu da bu. Atdardan hansını bə­yənirsən götü. Bu da sənin beş atın, yükü də İrannan gələn mal.


126. ƏLYANLI QAÇAQLARI
I mətn

Qaçax Qəbil, Hat kəndinnən Qaçax Əziz başına böyük dəsdə topluyuf ermənilərə qarşı mübarizə aparıf. O vaxdı ermənilər arabir kəntdərə hücum eliyirmişdər, kəntdəri yandırırmışdar. Onnar pul, qı­zıl, xalça aparıf Şuşada silahnan dəyişif əli silah tutan adamlara pay­lıyırmışdar ki, ermənilər hücum eliyəndə müqavimət göstər­sinnər.

Babam deyirdi ki, bizim kəndə Qəbilin yurdu deyillər. Qəbil hə­mişə payızda gəlif ora düşürmüş, soyuxlar düşəndə özünün dam-da­şına gedirmiş. Qəşəh hündür bir yer idi, orda alaçıx qurmuşmuş. Biz tərəfdə qoyun-keçini otarardıx ki, qurd toxunmasın. Amma ga­mış, mal örüştə özü otduyuf gələrmiş. Babam deyir ki, danaları ötür­düm qayıtdım. Alaçığın böyrünnən keçirdim. Qəbilin də arva­dının adı Asya xanımdı. Asya xanım dedi ki, əmoğlu, burdan gəl. Dedim, Qəbil evdə? Dedi, evdə deyil, amma bir azdan gələjəh. Gəldim, qa­pı­da oturmuşdum. Bir azdan sora Qəbil gəldi. Dedim, Qəbil, harda idin? Kəndin başının üsdünnən yol gəlir, enir kəndə. Dedi ki, gördüm ordan polislər gəlir. Evdən kənara çıxdım ki, qəfil­dən hücum eli­yəl­lər. Dedim ki, əmoğlu, bu yoldan çəkil. Dedi ki, çəkilmək mümkün deyil. Hökumətnən mübarizə olsa, bəlkə də çəkilərəm, amma bu hö­kumət bizə dolanmağa imkan vermir, ermə­nilərə təkan verir.

Sovet hökuməti gələnnən sora tab gətirə bilmiyif İrana addıyıf.

Yüklə 8,77 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin