VII mətn
Atam Sultan bəyin özünü görmüşdü. O vaxdı ata-anası qırılır, yetim kimi əmisi oğlunun yanında qalırmış. Atam deyir ki, balacaydım, Almuradın yanında qalırdım. Almuradın da yoldaşının adı Rasta idi. Bir günnəri səs düşdü ki, bəy gəlir, gedəcəkdi. Rus gəlifdi deyə bular çıxıf gedillər. Atmışa yaxın farmaş yüklü yük idi, qırxa qədər də at idi. Gəldilər töküldülər. Bunnara heyvan kəsirlər. Məni görəndə Sultan bəy dedi ki, ay Almurad, bu kimin uşağıdı belə. Dedi ki, rəhəmtlik əmoğlu Həbibin oğludu. Dizinə vurdu dedi:
– Vay, vay, bulara da yaman oldu, qardaş qırıldı, ata öldü, ana öldü.
Dedi ki, Rasta, mənim tərxurcunumda kəfənnik ağım var. O ağı çıxart, bu gecə uşağa alt-tuman köynək tik. O vaxtlar alt tuman-köynəyi ancax bəylər geyirdi. Atam deyirdi ki, şal yunnan toxunma şalvar geyirdik, adamı dalıyıb öldürürdü.
Arvad gəldi, ölçdü mənim kürəyimi, ölçülərimi götürdü. Mən yatdım. Səhər arvad məni durğuzdu ki, bala, qurban olum, dur, bəy əmingil gedillər. Ayağa durdum, həmin alt paltarı geyindirdi gətdi bəyin hüzuruna. Sultan bəy dedi ki, əlimdən nə gəlir? Mən çıxıf gedirəm. Bu uşax burda yetim qaldı, siz də başsız qaldınız. Gözünnən yaş axdı. Dağlara baxdı dedi:
– Can, ay vətən, can. Bir də səni görmərəm mən, – deyif getdi.
Dostları ilə paylaş: |