119. İBRAHİM XANIN OĞLU PAŞA BƏY
Cavad ağanın qardaşı Paşa bəy erməni-müsəlman davasında gedif Türkiyədən xeyli qoşun gətirmişdi. Sora baxıf ki, ermənilər bunu öldürəjəh qaçıf gedif Əfqanıstana. Orda da buna deyillər ki, burda mutasız adam ola bilməz. Yaşıyırsansa get, məscitdə bir qadınnan muta elə, qal burda. Deyillər, get otur üç yolayrıcında. Üç dəsdə zənən gələjəh: biri qız, biri gəlin, biri ahıl arvatdar. Dəsmalı kimə atsan, onunnan məscidə gedif muta elətdirərsən. Bu da gəlif oturur üç yolayrıcında. Birinci qız dəsdəsi keşdi, gəlin dəsdəsi gələndə dəsmalı atdı bir gəlinə. Deyir, gəlin cərgədən çıxdı gəldi girdi qoluma, məni götdü gətdi məscidə. Məscitdə kəbinimizi kəsdik, götdü gətdi məni evinə. Evinə gətirəndə bir qızı vardı, əri ölmüşdü. Altı il, deyir, bunnan yaşadım. Bir oğlumuz da oldu. Axırda, deyir, bir il quraxlıx oldu, heş bir bitki bitmədi, heyvannar ajınnan qırılırdı. Camahat dedi, gedək məscidə ziyarət eliyax, bəlkə yağış yağdı. Getdik heyvan-zad kəsdik, bir yağış tutdu, evimizə gəlmək mümkün olmadı. Dedim:
– Xudavəndi-aləm, sən bizə möhlət ver, gedək çıxax evimizə.
Heylə deyəndə arvad boynumun dalınnan yumrux vurdu, başım dəydi yerə, qalxdı. Dedi ki, sən müsəlman millətinnən deyilsən, kafır-kifir millətisən. Allah rəhm elədi yağış yağdırdı, sən niyə onun işinə qarışırsan? Ordan məni götürdü gəldi evə. Talağı oxutdu geri. Deyir, bircə çuxamı saldım çiynimə, evdən çıxdım. Bir oğlum vardı, ağlıya-ağlıya qaldı. Gəlif çıxmışdı Şuşaya. Şuşada da ermənilər onu öldürmüşdü. Cavad ağa hələ sağ ikən iki dənə ağ daşdan qəbr kəsdirmişdi, Göhər ağanın məscidində saxladırdı. Onun içində dəfn etmişdilər.
120. CAVAD XAN
Atam deyirdi Cavad xan şəkər xəsdəliyinə tutulmuşdu. O vaxdı Ağdərədə olurdux. Dedilər ki, Cavad xan ölür. Məni çağırdı dedi ki, Alışan, səni bilirsən nəyə çağırmışam? Çağırmışam ki, gəl qızıl apar. Dedim ki, ağa, mən neynirəm qızılı, sənin zəhmətini niyə aparım?
Dedi:
– Yox, bu qızılı siz qazanmısız.
Deyir, dura bilmədi, özüm durdum getdim sandığın üzün qalxızdım, hamısı onnux qızıldı. Onnuğun on dənəsini götürdüm. Dedi:
– Əyə, ayıbdı ey, on dənəsini niyə götürürsən. Onu adam nəzir verir, yetimə-fağıra verir. Bu əmlak sənnən əmələ gəlmə şeydi, niyə götürmürsən?
Nəxarta elədi, on dənəsin götürdüm, artıq götürmədim.
Dostları ilə paylaş: |