126. ƏLYANLI QAÇAQLARI
I mətn
Qaçax Qəbil, Hat kəndinnən Qaçax Əziz başına böyük dəsdə topluyuf ermənilərə qarşı mübarizə aparıf. O vaxdı ermənilər arabir kəntdərə hücum eliyirmişdər, kəntdəri yandırırmışdar. Onnar pul, qızıl, xalça aparıf Şuşada silahnan dəyişif əli silah tutan adamlara paylıyırmışdar ki, ermənilər hücum eliyəndə müqavimət göstərsinnər.
Babam deyirdi ki, bizim kəndə Qəbilin yurdu deyillər. Qəbil həmişə payızda gəlif ora düşürmüş, soyuxlar düşəndə özünün dam-daşına gedirmiş. Qəşəh hündür bir yer idi, orda alaçıx qurmuşmuş. Biz tərəfdə qoyun-keçini otarardıx ki, qurd toxunmasın. Amma gamış, mal örüştə özü otduyuf gələrmiş. Babam deyir ki, danaları ötürdüm qayıtdım. Alaçığın böyrünnən keçirdim. Qəbilin də arvadının adı Asya xanımdı. Asya xanım dedi ki, əmoğlu, burdan gəl. Dedim, Qəbil evdə? Dedi, evdə deyil, amma bir azdan gələjəh. Gəldim, qapıda oturmuşdum. Bir azdan sora Qəbil gəldi. Dedim, Qəbil, harda idin? Kəndin başının üsdünnən yol gəlir, enir kəndə. Dedi ki, gördüm ordan polislər gəlir. Evdən kənara çıxdım ki, qəfildən hücum eliyəllər. Dedim ki, əmoğlu, bu yoldan çəkil. Dedi ki, çəkilmək mümkün deyil. Hökumətnən mübarizə olsa, bəlkə də çəkilərəm, amma bu hökumət bizə dolanmağa imkan vermir, ermənilərə təkan verir.
Sovet hökuməti gələnnən sora tab gətirə bilmiyif İrana addıyıf.
II mətn
Babam deyir, evdə oturmuşux. Mənim də Fərman addı əmim vardı. O da deyir, cavan bir oğlandı. Qəbilin yurduynan bizim aramızda da zəmimiz vardı. Nikalay vaxdıdı, xüsusiyyətçilik idi, şəxsi zəmimiz vardı. Bir də gördük ki, beş-altı dənə dana zəmini əzə-əzə gəldi çıxdı tavlanın üsdünə. Fərman tüfəngi götürdü dananın birinə bir güllə atdı, dana yıxıldı yerə. Deyir, çox adam fikirrəşdi ki, Qəbilin danasın atmışıx, Qəbil də elə-belə adam deyil, addı-sannı adamdı, ola bilər güllə atar. Fərman tüfəngi götürdü girdi divarın dalına ki, onnar silaha əl atsa, özünü müdafiyə etsin. Dedim, tüfəngi qoy yerə. Tüfəngi aldım, dedim, ona mən cavabdehəm. Xeylax aradan keçənnən sora gördüh Qəbil gəlir. Gülə-gülə gəldi. Dedi ki, Həmid, sən mənim canım, de görüm dananı kim vurufdu? Dedim ki, Fərman. Çəkdi alnın arasınnan üş dəfə öpdü. Dedi ki, oğul, məni çox adam tanıyır, sən də məni yaxşı tanıyırsan. Sən ki ürək eliyif mənim danama güllə atmısan, sən mənim sağ qolumsan. Bax, Qəbil heylə ağıllı, tədbirli adam idi.
Dostları ilə paylaş: |