III mətn
Dəvədərədə Qaçax Adil vardı, qoçax adammış. Qaçax Qəbilin sağ əli imiş. Qaçax Qəbil deyirmiş ki, Adil, kaş sənin qoçaxlığın məndə oleydi, ya mənim tədbirim səndə oleydi. Qəbil çox tədbirri adammış.
Laçının Cəfərabad kəndi var. Qaçax Adil o tərəfdən hardansa gəlirmiş öz kəntdərinə gedirmiş. Orda Düldül hopbulan yer var. Hər iki tərəfi sıldırım qayadı, ortadan su gedir. Guya düşmənlərnən müharibə vaxdı Düldül o qayadan bu qayaya hopbuluf. Düldülün nalının izi də daşın üsdündə qalmışdı. Qasid xəbər vermişdi ki, gejə Adil gəlif burdan keçəjəhdi. Milis göndərmişdər ki, yolu kəsin, gəlif ordan keçəndə atarsız. Milis də bizim yerli adamlarmış da. Tüfənklərin lüləsi çıxıfdı yola, parıldıyır. Qaçax Adil gəlif ordan keçəndə at adamları hiss eliyifdi, tüfəyin parıltısın görəndə isdiyif dayana. Ata bir şallax çəkif ki, kopoğlun atı, adamyeyən var burda? At sıçrıyıf lülələrin qabağınnan keçif. Bunnar isdiyiflər güllə atalar, onnara rəhbərlik eliyən adam əlin qaldırıf ki, belə adama güllə atmazlar.
IV mətn
Sovet hökuməti gələndə Milannı kəndində Qəhrəman kişi varmış. Bağırov gəlif düşüf bunnarın evinə. Bağırovun İsmayılov familyalı müavini varmış, seyid idi. Bağırov Qəhrəman kişinin evində olan vaxdı bu adamları göndərillər Geşdata. Geşdat camahatı da sovet ordusuna qarşı kəskin mübarizə aparırmış. Gəlillər bunnarın kəndinin üsdünə. Camahat hamısı silahlı-zaddı gizdənmişdi ki, lazım gəlsə döyüşsünnər. Əsgərlər gəliflər tayaları açıflar, otları dağıdıf töküllər atdarın qabağına. Bular da deyiflər ki, ay bala, atınızı bağlıyax bir qırağa, nə qədər ot yeyir yesin da. Bu qədər otu niyə dağıdırsınız? Bu söz-söhbət üzünnən bunnarın arasında səs-küy yaranır. Sora baxıllar ki, həmən dediyim dağın başına bir neçə adam çıxdı. Burdan bir nəfər tüfəyin döndərir, gedir dəyir İsmayılova. İsmayılova dəyənnən sora xəbər gedir çatır Bağırova. Bağırov Əlyannıdan çox adam tutur həbs eliyir, həm də gülləliyir. Mənim rəhmətdik babam özü də həmin vaxd həbs olunufdu. Qaryagində üç ay, dörd ay həbsdə olufdu. Laçın-Akara yolunun üsdündə Muradxannı kəndi var. Deyir, orda bizi yığdılar mal tövləsi kimi yerə. Sora hamımızı qol-qola bağladılar apardılar Qaryaginə. Belimdə gümüş tokqa vardı. Açdım, bəlimə bükdüm qoydum divarın başına. Üç ay, dörd aydan sora içimizdən seçdilər apardılar, aqibətləri necə oldu xəbərimiz olmadı. Sora bizi buraxdılar, gəldik. Mən gələnnən sora yolum Murdxannıya düşəndə getdim gördüm gümüş kəmər orda durur.
Laçın-Akara yolunda Dəvə dərə deyilən yer var, o adamları (Əlyanlı qaçaqlarını – top.) orda gülləliyiflər. Onnarın içində bizim kəntdə Uğurru addı cavan oğlan da olufdu. O, Bağırovnan görüşmüşdü. Savatdı oğlan idi. Onun papağını afiserlərdən biri güləlliyənnən sora alıf bağlamışmış atın tərkinə. Bağırov papağı görəndə deyif ki, o cavan oğlanı öldürdünüz? Hayıf deyildi onu öldürdünüz? Orda mənim babamın dayısı Həsənxan bəyi də gülləliyiflər. Varrı adam oluf, həm də ermənilərə qarşı mübarizə aparanlardan biri olufdu.
V mətn
Qaçax Əziznən Qaçax Abbas iki qardaş oluf. Sovet hökuməti gələndə qaçıflar İrana orada məskunnaşıflar. Əlyanın Hat kəndinnən idilər. İndinin özündə də İranda döl-döşləri var. Hətta İranda olanda belə gejə atnan Arazdan addıyıf Ermənistannan talan eliyirmişdər, ayın-oyun götürüf gedirmişdər. Bizim qonşu kəntdə bir erməni deyir ki, Abbas gələndə eşşəyin palanını qoyuf onun belinə minəjəm. Burda da Abbasın adamı var, bunu çatdırır. Abbas qardaşına deyir ki, gedif onnarı öldürəjeyih, amma mən nə deyirəm onu elə. Biri iyid imiş, biri sərkərdə imiş. Sərkərdə o deməkdi ki, hər işi bilir. İyid də odur ki, cəllad kimi dediyinnən dönmür. Əziz deyir ki, qardaş, sən nə deyirsən, mən hazıram.
Duruf burdan gedillər, gejə gedif çıxıllar bu erməninin qapısına. O vaxdı otax yox idi, dam idi. Bu erməni damda oturuf, buxarıda ojax yanır. Bunnarın da bir afçarka iti var, insana çatdı buraxmır. Bunnar içəridə öz işlərinnən məşğuldu. Nə bilillər ki, bunnarı izləyən var. Abbas deyir ki, mən çıxajam bajanı örtəm, tüstü dolajax içəri. Dolan kimi it çıxajax çölə. İti qavaxca öldürək, onnan sora bunnarı öldürmək asantdı. Çıxır bajanı örtəndə tüsdü dolur, it çıxır. İt qapıya çıxanda xançalı soxur qarnına burur, it yıxılır yerə. Girir içəri deyir, mən Abbasam. Dur palanı götür gəl. İndi səni mən doğruyum burda sən də gör. Baxır görür ki, bir balaja da uşax var. Ermənini vuranda uşax qaçır girir qıravatın altına. Bu biri ermənini də öldürür. Qardaşı deyir ki, o uşaxdı, ona dəymə. Uşağı öldürmüyüflər, çıxıf gəliflər.
VI mətn
Burda vəzyət gərginnəşəndə Qaçax Qəbil, Qaçax Əziz addıyırmışdar Arazdan İrana. İrana addıyanda atdarın aparıf Xannarda Abgül kişigildə saxlıyırmışdar. Bir dəfə Bağırov gələndə deyillər ki, Abgüldə yaxşı atdar var. Bu da gəlifmiş ki, Əlyannı qaçaxlarını tutmağa. Abgülnən görüşəndə görür tövlədə Koroğlunun Qıratı kimi atdar var. Deyir:
– Abgül, baxıram sənin on bir dənə uşağın var, bu atdar nədi belə?
Bu da deyir ki, ağa, sənin cəddinə qurban olum. Buları saxlıyıram ki, sənin kimi dosdarım gələndə ağa qulluğuna sürəm. Bağırov gedir Əlyannıya, bizim camahatnan görüşür, sözün-söhbətin eliyir qayıdır. Qayıdanda deyir ki, Abgül, mən gedirəm, sənin bir sürü uşağın var, canına yazığın gəlsin. O atdarı Mircəfər Bağırovu görəndə ağa qulluğuna sürürsən, yoxsa Mircəfər olmuyanda da ağa qulluğuna sürürsən?
Dostları ilə paylaş: |