QUBADLININ TOY ADƏTLƏRİ33
Milli dəyərlərimizdən olan toy adətlərimiz oxşar cəhətləri ilə yanaşı, fərqli xüsusiyyətləri ilə də seçilir. Aşağıda təsvir edilən toy adətləri doğulduğum, boya-başa çatdığım, ahıl adamlardan eşitdiyim, görüb şahidi olduğum Qubadlının toy adətləridir.
Qaçqınlıq həyatı ilə bağlı olaraq, ayrı-ayrı zonalarda məskunlaşdıqlarına görə bu adətlər tam halda keçirilmir. Ona görə də təsvir edəcəyimiz adətlər qaçqınlıqdan əvvəl, 70-80 ci illərdən başlayaraq 1993-cü il 30 avqust – işğal gününə qədər olan dövrü əhatə edir. Onu da qeyd edək ki, ərazidə toylar daha çox payız aylarında keçirilirdi. Yayda, qışda az hallarda toy olurdu. Yaşlıların dediyinə görə, may ayı boş, uğursuz, xoşbəxtlik gətirməyən bir ay kimi dəfələrlə elin sınağından keçirilib. Ona görə də indiyə kimi, bu ayda heç bir xeyir iş, toy keçirilmir.
Toy mərasimi bir neçə mərhələdən keçir. Qızseçimi məsələsində məcburiyyətə yol verilmir. Bu mərhələdə oğlanın seçimi əsas tutulur, yaxud ata-ananın arzusuna uyğun hərəkət edilir. Qızın bəyənilməsi əsasən toylarda olurdu. Qız daha çox dövranda (gecə toyu) bəyənilərdi. Məsələn, oğlunu evləndirmək istəyən ata hansı qızdan xoşu gəlibsə, ağır bir oyun havası çaldırıb həmin qızı rəqsə dəvət edir, həm əlinə pul verir, həm də başına pul tökür. Bununla da bildirmək istəyir ki, qızı oğlu ücün alacaq. Doğrudan da el-oba arasında işlənən “Toy toyu gətirər” deyimi düz çıxırdı. Yəni kənddə hər bir toy yeni bir xeyir işin başlanmasına səbəb olurdu.
Göbəkkəsdi yolu ilə evlənmə az hallarda olur. Bu yolla deyiklənən qız bir qədər nüfuza malik olur. Bütün kənd həmin qıza hörmət edir. Oğlan evi uşaqlıqdan qızı qorumağa çalışır. Həmişə qızı görməyə gedirlər. Bütün bayramlarda onun adına xonçalar aparılır. Ona görə də heç kəs həmin qıza elçi getmir. Sonralar bu yolla evlənməyə üstünlük verilmədi. Sərbəst seçimə əsas yer verildi. Bütün bunlar toyun başlanmasına qədər olan mərhələdir.
Qızı yəqinləşdirdikdən sonra elçilik başlanır. Elçilik iki hissədən ibarət olurdu; böyük elçilik və kiçik elçilik. Kiçik elçilik qadınların elçiliyidir. Bir neçə qadın – oğlanın anası, xalası, bibisi, bacısı və s. məqsədlərini bildirmək üçün qızgilə gedirlər. Qızın ağzını aradıqdan sonra elçiliyin yeni mərhələsi başlanır.
Böyük elçilik kişilərin elçiliyidir. Ağsaqqallardan ibarət elçilər dəstəsi (oğlanın atası, əmisi, dayısı və s.) qız evinə gedirlər. Birinci və ikinci elçilik baş tutmur. Əgər razılıq tez verilsə, qız evinin el-obada nüfuzu aşağı düşər. Nəhayət, dördüncü və ya beşinci elçilikdə qızın atasının razılığı alınır. “Hə” cavabını eşidənə qədər elçilər süfrədə heç nəyə əl vurmurlar. Sonra onların şərəfinə yemək-içmək verilir.
Nişanqoyma dəbdəbə ilə keçirilmir. Çünki ərazidə bunun düşər-düşməzi olmasına inam var. Çox vaxt üzük aparılmır. Nişan adeləmə ilə əvəz edilir. Bu da bir neçə qadının iştirakı ilə başa çatır. Oğlanın bacısı qızın başına qırmızı yaylıq örtür. Qız ad edildikdən sonra heç vaxt toyu gecikdirmirlər. Bundan sonra toyun başlanmasına hazırlıq görülür.
Ağsaqqallıq Qubadlı toylarının əsas sütununu təşkil edir. Bu, çətin və məsuliyyətli bir vəzifədir. Həmin vəzifəyə təyin edilən həm nəslin tanınan, sözü keçən, həm də el-oba tərəfindən hörmətlə qarşılanan nüfuzlu bir şəxs olmalıdır. Həmin ağsaqqal toyun bütün məsuliyyətini əvvəldən-axıra qədər öz üzərinə götürür. Bir növ oğlan atası da ağsaqqala tabedir. Onun qoyduğu qayda-qanunları belə pozmağa ixtiyarı yoxdur. Ona görə də kənddə toyun necə keçəcəyini bilmək üçün birinci olaraq onun ağsaqqalını soruşurlar. Toyun başlanmasından bir həftə əvvəl münasib bir gündə hər iki tərəfin iştirakı ilə qızgildə toyun vaxtı təyin edilir. Sonra yol danışılır. Yol oğlan evinin qız evinə verəcəyi toy xərci deməkdir. Toydan bir neçə gün qabaq oğlan evinin ağsaqqalı qız evində yolun (xərcin) miqdarını müəyyənləşdirmək üçün danışıqlar aparır. Bəzən bu danışıqlar baş tutmur. Bu da qız evinin yol xərcini çox istəməsindən irəli gəlir. Ona görə də bu məsələni həll etmək üçün xüsusi bacarığı olan adamları cəlb edirlər. Onu da qeyd edək ki, hansı qız evi bu cür yol tutursa, el-oba tərəfindən yaxşı qarşılanmır, hörmətsiz olur. Yol üçün qoyulan xərc təxminən belə olur, iki-üç qoyun, bir tay düyü, bir tay qənd, yağ, məmər (nəmər), şirniyyat, pendir, müəyyən miqdarda müxtəlif tərəvəz və s. Yolu aparanda qızın ata-anası üçün də xələt aparılır.
Toy bir həftə müddətində, birinci günündən başlayaraq bazar günü axşama qədər davam edir. Ona görə də bir kənddə iki toy olmur. Çünki həftənin hər gününün öz xüsusiyyəti var. Hətta xeyri-şəri bir olan kəndlərdə də həmin gün toy olmur.
Birinci gün – duz günü ağır gün hesab edilir. Ona görə də bu gün heç bir adət keçirilmir. Sadəcə, görüləcək işlər barəsində hər kəsin vəzifəsi müəyyən edilir.
Həftənin ikinci günü toyun ən maraqlı hissəsi Çörəkbişdi mərhələsi başlanır. Bu adət çox təmtəraqla keçirilir. Kəndin toy məclislərinin çorəyini bişirən çörəkçillər dəstəsi olur. Çörəkçilər dəstəsi səhər-səhər, gün cıxmamış toy evinə gəlir. Gün batana qədər çörək bişirirlər. İki-üç tay (kisə) un yoğrulur. Təxminən iki yüz bükümə yaxın yuxa salınır. Hər büküm də dörd yuxadan ibarətdir. Həyətdə dörd-beş sac qalanır. Hər sacın başçısı olur. Yuxanın yaxşı bişməsi daha cox sacın küllənməsindən asılıdır. Ona görə də ev yiyəsi bu işi əli yüngül, ruzili olan bir adama tapşırır. Həmin qadın ürəyincə olan şirinliyi almamış sacı külləmir. Hər sacın öz dəstərxanı (süfrəsi) olur. Hər süfrənin üç-dörd nəfərdən ibarət işçisi olur. Böyük və kiçik yuxa yayan, yuxanı çevirən, sac altı qalayan. Kündənin (hər bir yuxanın xəmir şəklində olan yumru forması) vərdənasını (yuxanın kicik forması) açana kiçik yuxa yayan deyilir. Böyük yuxa yayan yuxanı hazır vəziyyətə gətirir. Bunlar da ayrı-ayrılıqda ev yiyəsindən şirinlik aldıqdan sonra çörəyi salırlar. Onlar şirinlik almaq istədiklərini hərəkətləri ilə bildirirlər. Məsələn, kündəni yaymamaqla, ocağı tüstülətməklə, ilk yuxanı yandırmaqla şirinliklərini istəyirlər. Həmin gün zarafat olaraq toy evinin “müflis günü” kimi qeyd olunur. Toy evinin ən yaxın adamları gəlib hər sacın başçısına çörəkbişdinin şirinliyini verir. Məclisin axırında verilən şirinliklər çörəkçilər arasında bərabər sayda bölüşdürülür. Sonda onların şərəfinə yemək-içmək verilir.
Onu da qeyd edək ki, qız evində (oğlanla qız eyni kənddən olanda) çörəkbişdi həftənin üçüncü günü olur. Mütləq oğlan evindən bir nəfər gəlib qız evində un xaralının ağzını şirinlik verdikdən sonra açdırır. Bundan sonra xəmiri yoğururlar. Həftənin dördüncü günü toyun paltarbiçdi hissəsi başlanır. Paltarbiçdi qadınların yığıncağıdır. Bu yığıncaqda kişilər iştirak etmir. Xüsusilə xeyri-şəri bir olan qonşu kəndlərin arvadları da bu məclisdə iştirak edir. Qadınları toya təlif (çağırmaq) etmək üçün iki təlifçi (dəvət edən, carçı) olur. Təlifçilər də paltarbiçdidən bir gün əvvəl, yaxud həmin gün hər evin bir qadınını paltarbiçdiyə təlif edir. Təlifçilər dəvəti sakitcə yox, ucadan car çəkir ki, bütün kənd eşitsin. Məsələn, filankəs sizi oğlunun paltarbiçdisinə dəvət edir, subaylarınızdan görəsiniz və s.
Paltarbiçdi iki hissədən ibarətdir. Birinci hissədə gəlin üçün alınmış paltar və qızıl əşyaları göstərilir. Bu işi iki qadın həyata keçirir. Onlar həm səs, həm də boy-buxun baxımından fərqlənirlər. Xüsusi bir aktyorluq qabiliyyətinə malik olurlar. Həmin qadınlar qırmızı lentlərlə bəzədilmiş gəlin çamadanlarını başları üstünə alıb məclisə gəlirlər. Xeyir-dualarla, alqışlarla “balalarınızdan görəsiniz” deyib onlar üçün bəzədilmiş yerə keçirlər. Gəlin üçün alınmış paltarları bir-bir göstərirlər. Zarafatla “hələ bu kənd belə paltar görməyib” deyə məclisi daha da şənləndirirlər. Bu hissədə musiqi çalınmır. Paltar göstərmədən sonra məmər paylamaq hissəsi başlayır. Bizdən fərqli olaraq başqa zonalarda məmər nəmər formasında toya salınan pula deyilir. Bu hissəni də iki qadın həyata keçirir. Məmər üçün kiçik torbalar tikilir. Hər torbaya bərabər sayda, məsələn, iki konfet, üç peçenye, bir neçə noğul qoyulur. Torbanın ağzı qırmızı lentlə bağlanır. Şirniyyatın azlığına baxmayaraq bu torba toyun simvolik mənasının daşıyıcısıdır. Təsadüfən bir kəndə gedəndə kiminsə əlində bu torbadan varsa, bu da həmin kənddə toyun olduğunu bildirir (əvvəllər məməri balaca qabda verirdilər).
Qadınlardan biri məmər torbaları ilə dolu süfrəni belinə bağlayır. O biri qadın isə toya salınan pulların siyahasını yazmaq üçün dəftər-qələm götürüb birlikdə məclisə gəlirlər. Onlar vəzifələrini oturaq vəziyyətdə deyil, toyxananı gəzə-gəzə həyata keçirirlər. Belə olanda məclis daha da maraqlı olur. Məsələn, onlar hər bir qadının qarşısında dayanaraq toya yazdırdıqları pulun miqdarını ucadan elan edirlər. Məsələn, filankəs 100 manat, oğluna, qızına borc olsun. Sonra onların hər birinə bir məmər torbası verilir.
Paltarbiçdinin birinci və ikinci məclisi qonşu kəndlərdən gələn qadınlar üçün təşkil edilir. Axırıncı məclis isə kəndin qadınlarına aid olur. Bu məclisdə daha çox ailəli qadınlar iştirak edir.
Beşinci gün günortadan başlayaraq bazar günü axşama qədər toy çalınır. Bir müddət toyu şənbə günündən çaldırdılar. Lakin bu qayda toyu şənliksiz etdiyinə görə ləğv edildi. Kişi də, qadın da eyni toyxanada rəqs edirlər. Onu da qeyd edək ki, musiqiçilərin hamısına aşıqlar deyilir. Aşıqlar iki dəstədən ibarət olur. Birinci dəstəni xanəndələr, ikinci dəstəni isə zurnaçılıar təşkil edir. Zurnaçılar əsasən gündüz toyunu, xanəndələr isə həm gecə, həm də gündüz toyunu idarə edir. Gecə toyunun başlanmasından bir-iki saat əvvəl, təxminən axşam saat 5-7 arası fasilə olur. Bu da əsasən kənd camahatının mal-heyvanlarının yerbəyer etməsi üçün edilir. Axşam saat yeddidən sonra dövran – gecə toyu başlayır. Gecə saat 12-yə, 1-ə qədər davam edir. Toya baxmağa heç kəsi xüsusilə dəvət etmirlər. Yəni hamı baxmağa gəlir. Nəinki həmin kəndin adamları, hətta qonşu, uzaq kəndlərdən də dövrana tamaşa etməyə gəlirlər. Aşıqların stolunun üstünə qırmızı məxmərdən olan süfrə salınır. Üç gün müddətində rəqs meydanını idarə edən, səliqə-sahman yaradan bir şəxs olur. Həmin şəxsə toybaşı deyilir. Toybaşı kişi olur. Hər kəndin bir-iki toybaşısı olur. Onlar illərlə toylardan sınaqdan çıxmış, təcrübəsi olan adamlardır. Yaş baxımından nə çox cavan, nə də çox qoca olurlar. Onun qoluna qırmızı yaylıq bağlayırlar. Toybaşının nar ağacından düzəldilimiş bir çubuğu olur. Buna bəyin toy çubuğu deyilir. Çubuq qırmızı lentlərlə bəzədilir. Bəzən buna əhd, niyyət çubuğu kimi də baxılır. Məsələn, kimsə əhd edir ki, bir iş var, düzəlsin, filankəsin oğlunun toy çubuğunu özüm hazırlayacam və s.
Toybaşı nizam-intizamın çoxunu çubuğun köməyi ilə yaradır. Çubuğu müxtəlif formalarda hərəkət etdirir. Məsələn, rəqs zamanı çubuğu üç dəfə yerə vurmaqla rəqsi dayandırmaqlarına hazırlıq işarəsidir. Əgər onun dediklərinə əməl etmirlərsə, çubuğu göyə qaldırmaqla musiqiçilərə çalmamaq əmrini verir. Toybaşı musiqi fasiləsi zamanı adamların darıxmaması üçün özünü lallığa və karlığa qoymaqla, balaca uşaqları oğurlamaqla gülməli hərəkətlər edir. Toybaşı toya gələn kişilərin qarşısında oynaya-oynaya gedərək bu sözləri üç dəfə ucadan deyir: məsələn, ay şabaş, ay şabaş, ay şabaş. Allah evinizə toy qismət eləsin – deyib onlardan aşıqlar üçün xələt alır və onları rəqsə dəvət edir. Rəqs zamanı hörmət əlaməti olaraq oynayanların başına istər qadın, istərsə də kişi olsun pul tökurlər. Həmin pul aşıqlara verilir. Onu da qeyd edək ki, pul ancaq qadın, qızların əlinə verilir. Rəqsin sonunda ələ verilən pul toybaşıya verilir. Toybaşı da pulun miqdarı azdırsa aşıqlara, çoxdursa az bir hissəsini çıxıb çoxunu yiyəsinə qaytarır. Həmin pul da aşıqlara çatır. Hər rəqs üçün edilən sifariş pullu olur. Bu pulun miqdarı hamı üçün eyni qaydada təyin edilir. Oyun zamanı qayda-qanunlara xüsusi fikir verilir. Hər musiqi çalınanda hamı oynamır. Çünki buna çox pis baxılır. Ona görə də heç kim bir-birinin rəqsinə müdaxilə edib dəvətsiz rəqs etmirlər. Hər kəs öz növbəsini gözləyir. Hər dəfə çalınan musiqinin öz sifarişçisi olur. O da ürəyi istədiyi adamları rəqs edə-edə ya özü, ya da toybaşı vastəsilə rəqsə dəvət edir. Toybaşının zəhmət haqqını ev yiyəsi deyil, aşıqlar verir.
Beşinci gün yemək-içmək verilmir. Altıncı gün qızğın oyun olur. Ancaq uzaq yerdən gələnlərə yemək-içmək verilir.
Oğlanla qız eyni kənddən olanda xınayaxdı altıncı gün olur. Adətən, xınayaxdıda yaşlı arvadlar iştirak etmir. Bir neçə qız-gəlin xına xonçasını götürüb qız evinə gedirlər. Xına xonçası şirinlik verildikdən sonra açılır. Hörmət əlaməti olaraq xınanı oğlanın kiçik bacısı yaxır. Qızın bir əlinə özünün, o birisinə isə oğlanın adı yazılır. Xınanın yarısı isə oğlan evinə aparılır. Oğlanla qız eyni kənddən olanda qız evində toy altıncı günü başlanır.
Paltarbiçdi altıncı gün olur. Toyu oğlan evindən bir nəfər gəlib açır. Musiqi bazar günü çalınır. Oğlan evindən bir nəfər aşıqların xələtini verəndən sonra toy çalınır. Qız evinə aşıqları oğlan evi gətirir.
Toyun ən maraqlı hissəsi Yallı oyunudur. Kəndin on-on beş nəfərdən ibarət cavan oğlanları yallı çəkirlər. Oyunun maraqlı keçməsi yallıbaşçısından (dəstə başı) asılıdır. Onun əlində söyüd ağacından düzəldilmiş şiv (nazik, uzun, qatlanan çubuq) olur. Dəstəbaşı tək rəqs deyil, həm də rəqs altında müxtəlif hərəkətlər edir. Əsas məqsəd cavanların gücünü, hazırcavablığını, diqqətini yoxlamaqdır. Ona görə də yallının başçısı gözlənilmədən elə hərəkətlər edir ki, onların gücünü yoxlasın. Məsələn, dəstəbaşı qəflətən əks istiqamətə dönür. Dəstənin üzvləri də həmin anda o istiqamətə dönməlidirlər. Əgər göstərişi dəqiqliyi ilə yerinə yetirə bilmirlərsə, çubuq vasitəsilə cəzalandırılır və oyundan çıxarılır. Onun yerinə başqası gəlir. Yaxud cibindən elə bir əşya çıxarır ki, hamısında olmur. Oyunçular tamaşaçılardan kömək istəyir. Ancaq dəstəbaşı icazə vermir. Yallıbaşçısı qucağına bir oğlan uşağı alır. Həmin vaxt hamısı oğlan uşağı almalıdır. Başqa bir nümunə, məsələn, daraq, yaylıq göstərir. Yaxud toyxananın ortasında çala qazılır. Çalaya su töküb qarışdırılır. Rəqs altında oyunçular bir-bir başını çalaya yaxınlaşdırıb tez də çəkməlidirlər. Gecikən adamın başı palçıqlı suya salınır. Həmin adam utandığından kənddə olan toylarda yallı oynunda iştirak etmir.
Dəstəbaşı hamıya eyni zamanda cəza vermək üçün ağıla gəlməyən elə bir şey çıxarır ki, heç kimdə olmur. Məsələn, sərçə. Yallının sonunda dəstənin üzvləri əvvəlki düzümlərini alırlar. Dəstəbaşı rəqs edə-edə cibindən pul çıxarıb oyunçuların hər birindən eyni miqdarda pul alıb aşıqlara xələt verir. Yallı iki saat davam edir. Hansı toyda yallı olursa, o toy maraqlı olur.
Kişilərin məclisi bazar günü olur. Qonşu kəndlərin kişiləri də bu məclisə təlif olunur. Bu məclis çox ağır məclis olur. Aşıqların bir dətəsi həmin məclisdə çalıb oxuyur. Kişilərə yemək-içmək verilir. Xanəndə oxuya-oxuya adı çəkilən kişiləri pul cəriməsi edir. Cavan bir oğlan da rəqs edə-edə həmin adamlardan şirinlik üçün pul yığıb aşıqlara verir. Onu da qeyd edək ki, kişilər toya pul salmırlar. Pulu paltarbiçdidə arvadlar salır.
Gəlini axşama yaxın gətirirlər. Bəylə gəlin bir kənddən olanda gəlini çox vaxt piyada aparırdılar. Əvvəllər gəlini atla gətirirmişlər. Bəy gəlin gətirməyə son zamanlarda gedirdi. Qabaqlar gəlini gətirən zaman bəyi hündür yerə çıxarırdılar ki, hər bir işdə oğlanın sözü keçsin. Yaxud gəlin bəyin corabının bir tayını geydirərdi. Əvvəllər gəlinin paltarı, ayaqqabısı qırmızı olardı. 60-cı illərdə gəlinin başına qırmızı şamaxı və yaxud zəkiyyə deyilən ağ saçaqlı yaylıq atarlarmış. Yeddi-səkkiz xonça bəzədilir. Xonça iki cür olur; böyük və kiçik xonça. Bu adlar xonçanın böyüklüyünə, kiçikliyinə görə deyil, kimin götürəcəyinə görə verilir. Bəyin böyük bacısı böyük xonçanı götürür. Bacısı yoxdursa, qardaşı arvadı götürür. Əvvəllər gəlinə xonçanı çamadanlarda, tabaqlarda aparırdılar. Çamadanı başları üstünə alıb, üstünə də qırmızı ipək, və yaxud şamaxı (qırmızı kələğayı) atırdılar. Qız evinin adamları hər bir xonçanı şirinlik verdikdən sonra alırdılar. Böyük xonçanın xələti daha çox olur. Qızın özü də gəlinlik güzgüsü gətirir. Gəlinin yengəsi güzgünü götürür. Gəlinlik güzgüsü pis nəfsləri, pis gözləri qaytarır. Gəlinin belini öz qardaşı bağlayır. Qırmızı lenti üç dəfə gəlinin ayağı altından keçirəndən sonra bağlayır (Əvvəllər qırmızı yaylıqla bağlayardılar). Oğlanın atası-anası gəlini gətirməyə getmir. Onları ağsaqqal əvəz edir. Toylarımızda süd pulu deyilən bir adət var. Süd pulu oğlan evi tərəfindən qız anasına verilən halallıq şirinliyidir. Gəlini atası evində qapının astanasında saxlayırlar. Qızın anası gəlib “Südümü sənə halal edirəm” deyib xeyir-duasını verir. Sonra oğlan evi anaya 100-200 manat məbləğində süd pulu verir. Bunu ona görə belə edirlər ki, gəlin qayınata evinə gəldiyi gündən qudumu yüngül olsun, yəni uğursuz, ayağı ağır bir gəlin kimi tanınmasın, xeyir-dualı olsun.
Adətlərdən biri də budur ki, gəlini qayınata evinə gətirən zaman, hələ həyətə gəlməmiş, bəyi evdən uzaqlaşdırırlar ki, evə ilk dəfə qədəm basan gəlinin ağırlığı bəyin üstünə düşməsin. Yaxud gəlin həyətə gələn zaman tüfəng atırlar ki, həm ağırlıq düşməsin, həm də bədnəzərlər dağılsın. Gəlini oğlan evinə gətirən zaman evə girməmiş qapınını astanasında saxlayırlar və ayağının altına boşqab qoyurlar ki, sındırsın. Gəlin də dabanı ilə boşqaba üç dəfə zərbə vurur. Əgər birinci zərbədə sındırsa, hökümlü bir gəlin kimi tanınacaq. Ona görə də gəlin abır-həya edib boşqabı üçüncü zərbədə sındırır. Boşqabın sındırılması evə gələn qada-bəlanın, pis nəfslərin qarşısının alınması üçün edilir.
Oğlanın atası gəlin gələn zaman gəlinlə bəyin ayağı altında qoyun kəsir. Qoyunun qanından onların xoşbəxt olmaqları üçün hər ikisinin alnına sürtür. Gəlinin qədəmləri uğurlu olsun deyə onun başına şirniyyat (konfet, noğul və s.), qəpik pul tökürlər. Maraqlı adətlərdən biri də qız evindən əşyaların götürülməsidir. Gəlini gəlib aparanda oğlan evi qız evindən fürsət tapıb ürəklərincə olan əşya götürürlər. Bununla da onların gücünü yoxlamaq, yaxud zarafat olaraq onlara “yandıq” vermək, həm də gələcəkdə gəlini acıtmaq istəyirlər. Qız evi də əvvəlcədən buna yol verməmək üçün bütün evi nəzarətdə saxlayır.
Gəlin gətirən zaman maraqlı adətlərdən biri yolkəsmədir. Şirinlik almaq üçün müxtəlif bəhanələrlə yolu kəsirlər. Məsələn, yoğun çatı ilə (kəndirdən saç formasında hörülən yoğun ip) yolu bağlayırlar. Böyük bir maşını yolun ortasında saxlayır, yaxud böyük daşları topalayıb istədikləri xələti aldıqdan sonra yolu açırlar. Gəlin maşını əvvəllər qırmızı şamaxı ilə bəzədilərdi. Böyük bir şamaxını və ya qırmızı ipəyi maşının qabağına bağlayırdılar. Sonralar şamaxının üstünə gəlincik qoydular. Əvvəllər toydan bir xatirə olaraq gəlincik gəlin gətirən maşının sürücüsünə qalardı. Sonralar həmin adət yığışıldı. Onun əvəzinə sürücüyə şirinlik olaraq pul xələt verildi. Gəlin qayınata və qayınananın xeyir-duasından sonra oturur. Qayınata hörmət əlaməti olaraq gəlinə böyük bir şey hədiyyə edir. Bu da əsasən ya balalı inək, ya da quzulu qoyundan ibarət olurdu. Gəlinin qucağına oğlan uşagı qoyurlar ki, ilk uşağı oğlan olsun. Onu da qeyd edək ki, əvvəllər təzə gəlin yaşlıların (daha çox kişilərin) yanında hörmət olaraq danışmırdı. Onları gördükdə ağızlarına yaşmaq vurardı, nə qədər danışdırmaq istəsələr də, cavab vermirdi. Həmin ağsaqqal da gəlini danışdırmaq üçün ona xələt alır, ailəsinin yanında yaşmağı açdırırdı. 80-cı illərdə buna az hallarda rast gəlinirdi. Əvvələr təzə gəlin heç vaxt ərinin adını çəkmirdi. Başqa bir ad altında, məsələn, “özü”, “o”, “uşaqların atası” deyə müraciət edirdi. Təzə gəlin heç vaxt böyük qayınının, böyük baldızının adını öz adı ilə deyil “qağa”, “bacı” deyə çağırırdı. Cehiz gəlinlə birlikdə gətirilir. Ancaq gəlin evə keçdikdən sonra cehiz boşaldılır. Gəlinin qardaşı cehiz maşınında oturur. Gəlin gələndən sonra ev bəzədilir. Cehiz məsələsində məcburiyyətə yol verilmir. Yorğan-döşək 3 dəst olur. Qayınanaya hörmət əlaməti olaraq qayınana döşəkçəsi tikilir, ancaq qayınanaya verilmir. Adətə görə, qayınana gəlinigilə gələndə bu döşəkçədə oturmalı idi. Altı ədəd stulüstü döşəkçə, mütləq bir sandıq, bir samovar verilir. Əvvəllər təxminən 60-cı illərdə gəlinin cehizinin çoxluğu onun tikmələrindən asılı idi. Ağ parçalar üzərində rəngli saplardan müxtəlif güllər tikirdilər. Bunlardan divar, çarpayı, samovar, tikiş maşını, pəncərə və s. üçün örtüklər hazırlayırdılar. Əl işlərini çox aparan qız hörmətli olarmış. Qız evi gəlinin bütün cehizlərinin siyahısını bir necə adamın şahidliyi ilə tutub oğlan evinə verirdilər.
Dostları ilə paylaş: |