UŞAĞIN İLAN BOĞAN VAXTI
Ər-arvad olur, bınnarın ikisi də kəfşənə işdəməyə gedirlər. Kişi zəmini bişmağa gedif, arvad uzanıb ağajın dibində yatıf, özü də ağzı açıx. Kişi gəlif ki, su işsin. Görüf ki, gəlinin ağzına bir ilan girdi. Ta heş nə demiyif evlərinə qayıdırlar. Kişinin arvadı da boyluymuş da. Kişi bu hadisəni bir adama demir. Özü qorxudan günü-günnən əriyif yorğan-döşəyə düşür. Qorxur ki, arvadına, uşağına ilan nəysə eliyəjəh. Vaxt gəlir, uşax anadan olur. Görüllər, bay, uşağın biləyinə bir ilan sarılıb, başı da uşağın barmaxları arasında sıxılıb, boğulub avcında ölüb. Deyillər ki, qurban olduğlarımız ananı da, uşağı da qoruyuf. Bala, həmişə deyillər ki, uşağın ilan boğan vaxtı. Allah-taala uşağa elə güj verir ki, anasının qarnında da uşağ ilanı boğur. Nahax demiyiflər ki, uşağın ilan boğan vaxtı.
AXSIL
Körpə uşaxların, elə bil ki, bir aylıx, ay yarımlıx uşaxların ağzına ağ yara düşürdü. Belə qabıx kimiydi. Yaşdı adamlar deyirdilər ki, bəs uşağın ağzındakı yara axsıldı. Yaranın adıdır dana. Nənəm mənə deyərdi ki, uşağın ağzı elə olanda, axşamüstü, dar vaxtı, toran düşəndə heş kəsə demədən uşağı apar, bir axar suyun, arxın üstünə. Bir dəfə addıyırsan suyun o tərəfinə, deyirsən:
Salaməlöyküm sucığaz,
Bir dəfə də addıyırsan suyun bı tərəfinə, deyirsən:
Əlöyküm salam sucığaz.
Üçüncü dəfə deyirsən ki:
Qırx kilsiyə od düşüf,
Dərmanıdı bıcığaz.
Həylə deyif o sudan üç damcı atırsan uşağın ağzına, götürüf gəlirsən. Onnan da yara sağalır.
İNAMLAR
1. Bala, yarasa gejə quşudu. O, ancax gejələr uçur. Uşaxlıxdan eşitmişdih ki, yarasanı tutasan, buraxasan, əlini nehriyə salasan, nehrə guya yağlı olur.
2. Bizdərdə gözdü adamlara, xayın adamlara kəlniyyət deyillər.
3. Deyirdilər ki, göz yarasını ancax gözü olan şeylər apara bilər. Heyvan kəsəndə, məsələn, inəyin, qoyunun gözünün qara bəbəyi olur ha, həmin onu aparırdılar. Bizdə daşdar olurdu, ona xına daşdarı deyərdih. Həmin o gözü aparıp o xına daşına sürtürdüh. Sora onu gətirif sürtürdüh həmin o göz yaralarına. Elə bil bədəndə heş göz yarası yoxuymuş. İki-üç gün ərzində yaradan əsər-əlamət qalmırdı.
4. Göydə Allahdı, yerdə də biz. Bizdən altda da yaşıyan var. Anamız bizə öyüd verirdi ki, bala, biz ortadayıx. Bizim altımızda yaşıyan var. Başımızı yuyanda, onun tükünü möhkəm doluyun, açıx qalmasın. Süpürün atın bir yerə. Deyirdih, nənə, niyə? Deyirdi ki, bala, ilişir hürünün, pərinin ayağına. O saat axsıyır, gedif adamın balasını vurur. Deyir, siz məni incitmiyin, mən də sizi. Həm də tükə üç dəfə tüpürməh lazımdı.
5. Nənəm deyirdi ki, isti suyu yerə töhmüyün. Yeraltı dünyanın sakinlərinin balası yanır. Onnar da qayıdıf adamı vurur, özü də balasını. Bismillah deyirsən sənin dilini yamsılıyır. Ona görə də Bismillahi-rəhmani-rəhim demək lazımdı. Onnarın rəhmani-rəhimə dili dönmür. Bismillah deyəndə o bizə zədə yetirir. Ona görə də tam demək lazımdı.
6. Qaynanam deyir ki, uşax ki, anadan oldu, qırxlı olmur, onda uşağın üstünə tüfənk gətirməyin. Tüfəngi gətirəndə, onun nə qədər ağırrığı var tökülür uşağın üstünə. O uşax ağır olar, həmişə də dərtdə-bəlada olar.
7. Deyillər, uşağın yanına, özü də uşax anadan olanda, yumurta qoyarlar. Deyirdi ki, yumurta uşağa dəyən gözü qaytarır, ağırrıq qaytarır, uşağı yüngülləşdirir.
8. Uşaxlar qırxlı olanda, qaynanam hamıya tapşırırdı ki, evə ət alanda fikirrəşin, bilin ki, evdə qırxlı uşax var. Çiy əti uşağın üsdünə gətirməzlər, özü də qırxı çıxmamış uşağın üsdünə. Onda uşaxda çoxlu səpgilər əmələ gəlir. Özü də nə deyirdi, hamısı çin çıxırdı.
9. Bizim bir qonşumuz varıydı, adı Sayat nənəydi. O, mənə deyərdi ki, a bala, ola bilər qonşuya gedərsən, ya qohum evinə gedərsən. Elə olar ki, evin sahibi evdə olmasın, ya qonax kimi, ya da bir diləh üçün gedərsən. Sahibsiz evə girəndə, o evin dirəhləri əsir. Əsir ki, bəs mənə yad adam girifdi. Ona görə, evin kandarınnan evə keçəndə deməlisən ki, ay ev, sahibin kimi girirəm, sahibin kimi çıxıram.
10. Qoja nənələr bizə həmişə deyirdilər ki, gözəl qızdar alarsınız. Biz də deyirdih ki, ay nənə, niyə? Onda nənəm deyirdi ki, qadasını yaddar alar, özü saa müftə qalar.
11. Mənim xalam, qaynanam bırda – Sumqayıtda qaşqınnıxda 105 yaşında rəhmətə getdi. Xalam rayonda olanda çıxırdı çölə, giridi içəri deyirdi ki, sabah günəş çıxacax. Deyirdih, xala, nədən bilirsən? Deyirdi, ayın qulaxları dihdi. Ayın parası olmur, onda deyirdi ki, ayın qulaxları dihdi, isti olacax. Özü də isti çox uzun sürəcəh. Onu sınıyırdıx, görürdüh həqiqətən düz çıxır. Ayın parasına fikir verin, birdən görürsən paranın ucları yastı olur. Birdən elə olur ki, iynə kimi olur.
Xalam ilin nə cür keçəcəyini də bilirdi. Bir günnəri çölə çıxdı gejə. Gəlif dedi ki, bu il bala, çox-çox quraxlıx olacax, çox istilər olacax, hər yer alışıf yanacax. Dedi ki, ayın qulaxları o qədər dikəlif ki. Ona görə də, ehtiyatlı olmax lazımdı. Həqiqətən də, dediyi kimi oldu. Nə biri o tərəfə, nə də biri bu tərəfə oldu.
Ayın qulaxları yastı olanda hava mülayim olur, orta hava olur, yağışlı, dumanlı.
12. Bir il yağış yağmadı. Taxıl vaxdı idi, yağış da yağmır ki, sünbül dən tuta. Allah rəhmət eləsin Gülpərnən Murada. Gəldilər Mir Əsəd kişiyə ağız aşdılar ki, bir daş at, amma elə yerə at bilinsin da, sora çıxarda bilək. Bu kişi də daşı dərinə atmışdı. Bir həftə elə yağış yağdı ki, Allah, yağışdan tut göyə çıx. Nə qədər axtardılar, daşı tapa bilmədilər. Anda verdilər ki, hankı tərəfə atmısan de, daşı tapıb çıxardax. Mir Əsəd kişi də yaşdaşmışdı. Dedi, vallah, yadımdan çıxıfdı, hansı tərəfə atdığımı xatırlamıram. Amma gedin qırx keçəlin adını sayın bir sapa düyün vurun, onda yağış kəsəcək. Heylə elədilər, səhəri bir gün çıxdı ki nətəri.
Dostları ilə paylaş: |