Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu azərbaycan folkloru antologiyasi (Cəbrayıl, Ağdam, Laçın, Qubadlı, Zəngilan, Ağcabədi və Kəlbəcər rayonlarından toplanmış folklor nümunələri) baki – “Nurlan“ – 2012



Yüklə 5,93 Mb.
səhifə193/300
tarix01.01.2022
ölçüsü5,93 Mb.
#102883
1   ...   189   190   191   192   193   194   195   196   ...   300
11. ARVAD ŞƏRİ
Bir gün kişi namaz qılırmış. Keçmişdə deyillərmiş ki, şeytan şərinnən, şah qəzəbinnən, arvad şərinnən Allah, sən saxla. Kişinin arvadı fikir verir, görür ki, kişi bu sözdəri dedi, amma arvad şərinnən demədi. Namazı qutaran kimi deyir:

– A kişi, sən niyə demədin arvad şərinnən?

Deyir ki, pah, arvadın özü nədi, şəri də nə ola. Deyir ki, a kişi, nətər yanı arvadın özü nədi, şəri nə ola. Sən arvad şərinnən qorx­mursan? Deyir:

– Yox, arvad maa nə şər eliyə bilər ki?

Deyir:

– Onda yaxşı, eybi yoxdu, baxarıx.

Kişi çıxır gedir işə-gücə. Bu heyni həyətə balıx satan gəlir. Bu balıxlardan alır. Kişiyə çörək-zad aparır da işə. Tez buları bükür, rahatdıyır. Kişi elə bil ki, oturub çörək yeyəndə arvad durur balıx­ları bir-bir düzür şumun içinə. Elə eliyir ki, kişi hiss eləmir. Bu çəkilir oturur qıraxda. Kişi yeyir-içir, durur başdıyır işə. Arvad de­yir bir az baxım görüm nətər şumluyursan. Deyir:

– Hə, neynəh, otur bax da, nolacax.

Bu kişi başdıyır şumlamağa. Xışı vurur yerə, görür ki, vallah balıx çıxdı. Biri, ikisi, beşi, onu. Deyir:

– Ay arvad, ay arvad, tez bir qab gətir bura, burda balıxlar var, yığım apar.

Arvad deyir:

– A kişi, bəsdi, saa güləllər. Nətər şumun içində balıx var?

Deyir:

– Ay arvad, gəl bax da, bu dey balıx var şumun içində.



Gəlir arvad, doğurdan da, görür balıx var axı. Bu balıxları yığır, çəkilir qırağa. Kişi deyir ki, ay arvad, apar buları yu, yaxşı aş bişir, balığı da döşə altına. Deyir:

– Mənim gözüm üstə.

Gəlir arvad balığı yuyur, rahatdıyır, pulovu bişirir, vurur də­mə. Axşam olur, kişi gəlir. Kişi gəlir görür ki, arvad sakitcə otu­rub, heş nə də yoxdu. Deyir:

– Ay arvad, yeməyə nə var?

Deyir:

– Heş nə.



Deyir:

– Nətər yanı heş nə? Mən saa bəs balıx yığdım ki, apar bişir.

Deyir:

– Hardan yığdın balığı?



Deyir:

– Balığı şumdan yığdım.

Deyir:

– A kişi, mənim yanımda dedin, başqa adamın yanında demə, saa güləllər. Heç şumda da balığ olar?



Deyir:

– Ay arvad, Allahın olsun, Tanrın olsun, mən səni çağırdım, şumdan balıxları yığdım qaba ki, apar bunu yu, təmizdə, aş bişir, qoy altına gələk yeyək.

Deyir:

– Kişi, etmə, eləmə, sən dəli olmusan.



Kişi bunu başdıyır möhkəm döyür. Qonum-qonşu, dost-tanış yığılır gəlir, yəni belə aylə deyil də bu. Deyir:

– A kişi, nolub saa, sən niyə bu arvadı döyürsən? Nədi sizin dərdız?

Arvad deyir:

– Ay sizə qurban olum, ay camahat, bəlkə mən səyf eliyirəm. Bu kişi mənə deyir ki, mən şumdan saa balıx yığıb vermişəm, sən aş bişir qoy altına, mən gəlib yeyim. Heç şumda da balığ olar?

Deyillər ki, yox, şumda niyə balığ olur ki? Balıx suda olar. Deyir ki, bu kişi dəli olub, ay camahat. Camahat deyir ki, hə, do­ğur­dan da, qardaş, sən dəli olmusan. Yaxşısı budu ki, sən get mol­luya. Kişi baxır ki, camahat bunu inandırdı da, bu dəli olubdu, bu getməlidi mollaya. Gətirir bir inəyi var, onu götürür aparır mollaya. Bir dənə də bunun kastyumu varmış da, onu da götürür, çörəh-zad bağlıyır, düşür yola. Gedir özünə qonşu kəntdə baxdır­mağa. Arvad tez durur qarabaqara kişinin dalınca gəlir. Kişi gəlir, yorulur bir ağacın dibində, bulağ başında yeyir-içir, inəyi də bağlıyır ağaca, kastyumu da qoyur qırağa. Başın atır, kişini yuxu aparır. Arvad özünü çatdırır, görür kişi yatıb. Kişinin kostuyumunu geyinir, inəyi açır qatır qabağına, yavaş-yavaş gedir. Kişi birdən ayılır görür nə inək var, nə paltar var. Baxır görür ki, vallah, inək gedir, dalınca da bu kişinin özü gedir. Özünə baxır, inəyə baxır, inəyi aparana baxır. Kişinin adı Məmməd olur. Kişi qaçır qabağa, deyir ki, o Məm­mət­di, bəs mən kiməm. Mən Məmmədəm, – qayıdır dala, – bəs o kim­di? Bir də irəliyir mən Məmmədəm, o kimdi? O Məmmətdi, mən kiməm? Kişi o qədər “mən Məmmədəm o kimidi, o Məmmətdi mən kiməm” deyir, əldən düşür, oturur. Arvad tez inəyi bağlıyır tavlıya, paltarın dəyişir oturur. Kişi gəlir. Tay kişi nə abırda gəlir. Oturur oyan-buyan. Kişi bir az dincəlir eliyir. Əvvəl camahat onu dirəyə bağlıyır ki, kişi dəlidi da. Sora açıllar. Kişi gəlir əlin-ayağın yuyur, oturur. Arvad gedir qazanı gətirir, başdıyır pulovu çəkməyə. Çəkəndə balığın quyruğu görsənir. Deyir:

– Arvad, dur mənim gözümü də bağla, özümü də dirəyə bağla.

Deyir:


– A kişi, niyə?

Deyir:


– Balığın quyruğu görsənir.

Deyir:


– Ay kişi, bəs mən sənə dedim namaz qılanda deynən şeytan şərinnən, bəy qəzəbinnən, arvad şərinnən Allah, sən saxla. Sən dedin ki, arvadın özü nədi şəri də nə ola. Arvad maa nə şər eliyə bilər? Gördün səən başa nə oyun açdım.

Nağıl burda bitdi.



Yüklə 5,93 Mb.

Dostları ilə paylaş:
1   ...   189   190   191   192   193   194   195   196   ...   300




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin