15. QƏBR ƏZABI Bir dənə kişi varıymış. Adi bir adam imiş. Bı çox maraxlanır ki, görəsən cənnətə necə olur gedif düşüllər, cəhənnəmə nətər gedif düşüllər? Yəni elədihlərinin əvəzini o dünyada necə verirsən? Maraxlanır bınnan. Allahın yanına gedən elçinin yanına gedir. Deyir ki, bəs Allahın yanına gedəndə sən onnan soruş ki, bu dünyada elədihlərinin əvəzini o dünyada necə verirsən? Bu kişi də deyir, yaxşı. Elçi gedir. Allah-taalaya deyir ki, sənin bir bəndən maa belə bir sual verir. Allah-taala deyir ki, o bəndəni göndər filan yolayrıcında bir dənə qapı var. Üş dənə qəbir var orda. Qəbirrərin birinin bir qapısı var. Ordan girsin içəri. Özü biləcəh, özü görəcəh hər şeyi. Bı da gəlir deyir bu kişiyə.
Kişi gedir. Görür ki, həqiqətən də orda üş dənə qəbir var. Qəbirrərdən birinin qapısı var da. Bını açıf girir qəbrin içinə. Girir qəbrin içinə, görür bir dənə arvad yatıf qəbirdə. Arvadın ətrafındakılar hamısı su içir, suynan əl-üzlərin yuyuf kef eliyillər. Bu arvadın dili ağzında yanır susuzdan. Bu arvada bir damcı su verən yoxdu da. Arvad zarıya-zarıya qalır, dodaxları partdıyır susuzluxdan. Kişi bunu görür. Gedir indi də o biri qəbrə. Görür ki, o biri qəbirdə bir dənə cavan qız yatıf. İnkir-minkirlər gəlillər qızın dilini çıxarıllar çölə, dilini qoparıllar, doğruyullar, dırnaxlarını, ətini qopardıllar. Qıza çox əzaf verillər. Kişi bırdan çıxıf girir o biri qəbrə. Girir o biri qəbrə, görür ki, orda bir oğlannan bir qız yatıf, əl-ələ tutuflar. O xəttər xoşbaxt simaları var ki buların. Heç ölüyə oxşamıllar da bular. Həə, buların üsdünə ətir töküllər, gözəl gül ləçəhləri səpillər üsdərinə. Bu kişi qəbirrərdən çıxır, gəlir həmən adamın yanına. Deyir ki, getdim, gəzdim, ama heş nə annıya bilmədim ki, bilmədim. Deyir ki, birinci qəbirə girif nə gördün? Onu sən maa de, mən də saa izah eliyim. Deyir, birinci qəbrə girəndə bir qadın gördüm, ona su vermirdilər. Deyir ki, o qadın öz əməlinin cəzasını çəkir. O qadının həyətində vaxtıynan su oluf. Heç bir qonşuya bir içim su vermiyif. Qonşular sudan əzaf çəkiflər. Bı da sudan kef eliyif. Bı qadın indi elədiyi günahların əzabını çəkir. Deyir, ikinci qəbrdə nə gördün bəs? Deyir, ikinci qəbrdə də gördüm bir qızın dilini çıxardıllar. Əzaf verillər, qızın dilini qopardıllar. Belə eliyillər, elə eliyillər. Deyir, həə. İndi bını yadında saxla. Üçüncü qəbrdə nə gördün? Deyir, üçüncü qəbrdə gördüm ki, qıznan oğlan əl-ələ tutuf yatıflar. Xoşbaxtdılar, üsdlərinə gül töküllər. Həmən kişiyə, yanı qəbrə gedənə izah eliyir ki, o üçüncü qəbirdə yatannar biri-birrərini sevən, özü də həddən artıx sevən gənc olullar. Bunnar bir-birrərini seviflər. O ikinci qəbrdə yatan qız bu sevgililəri bir-birinnən ayırıf, oğlanın yazdığı məktufları aparıf vermiyif. Onun əvəzinə ayrı, əks məktuflar yazıf verirmiş. Qızın yazdıxlarını da elə eliyif ki, bunnarı bir-birinnən ayırıf. İndi o dünyada bı iki gənc qovuşuflar bir-birrərinə, xoşbaxt yaşıyıllar. O qız da dilinin bəlasını, cəzasını çəkir. Onun dilini ona göra dartıllar, qopardıllar. Ona göra da hər kəs bu dünyada elədiyi əməllərin əcirin o dünyada çəkəcək.