ONDA YADA ŞEİR DÜŞÜR
Yaltaq ucuz satır sözü,
Ürəyimi bənd-bənd edir.
Bilmir əyri ilə düzü,
Xeyri üçün ikiləşir,
Onda yada şeir düşür.
Günahları özü boyda,
Elinə verməyir fayda.
Birdən dəyişəndə qayda,
Sözü ağzında ilişir,
Onda yada şeir düşür.
Qəlbdən əyri, dildənsə düz,
Vijdan ləkə, paltar təmiz.
Günahın yumaz bir dəniz,
Guya xalqa bağrı bişir,
Onda yada şeir düşür.
Beləsi qorxur aynadan,
Gözü doymayır dünyadan.
Bir də görürsən ki, nadan
Yuxarı başda əyləşir,
Onda yada şeir düşür.
Kefi duru, damağı çağ,
Özünü düşünür ancaq.
Umbay beləsinnən uzaq,
El malını yeyib şişir,
Onda yada şeir düşür.
QALDI
Ziyarətgahımdı ata ocağı,
Mənimçün müqəddəs pir idi, qaldı.
Səsin eşitmədik ulu dağların,
Ağladı-ağladı, kiridi qaldı.
Xınalı kəkliyin xəzin nəğməsi,
Mavi səmalarda qartalın səsi,
Bulağ zümzüməsi, çay şəlaləsi
Qiymətli sərvət idi, dür idi, qaldı.
Kəkotu, qantəpər, zirəçiçəyi,
Yasəmən, gülxətmi, moruğ ləçəyi,
Çiyələk, baldırğan, ayı döşəyi,
Ləli-gövhər idi, nur idi, qaldı.
İçimi yandıran alov ahımdı,
Zülmətə çevrilən nur sabahımdı,
Siznən ünsiyyətdə olan ruhumdu,
Umbay o dağlarda əridi qaldı.
Dostları ilə paylaş: |