4. CİN HAQQINDA
I mətn
Camahat Çay kəndində olan vaxdı bir cin gəlir düşür evə. Kişi tez iynəni sancır onun üsdünə. İynə onun üsdündə olanda gedə bilmir. Bir neçə il qalır burda. Özü də ona ad qoymuşdular, Qızxanımmış. Axşamatan işdiyirmiş, bir aylə kimi bularnan yaşıyırmış. Bir gün ev yiyəsi hara isə gedir, evdə bir oğlan uşağı qalır. Arvad deyir, bala, gəl bu iynəni çək yaxamdan. Arvad onnan da qeyb olur. Gəlillər ki, yoxdu. Deyillər, ay bala, nətər oldu? Deyir hal-qəzyə belə. İynəni çəkdim, getdi.
Cin gejəyarı gəlir çıxır bəjənin üsdünə. Çağırır ki, filankəs, neçə illər mən sizə qulluğ eləmişəm, mənim haqqıma nə verəjəhsən? Kişi isdiyir deyə ki, bir inək verəjəm, qoyun verəjəm. Arvad deyir, əşi, dayan. Deynən ki, ojağın külün, evin zibilin verirəm (çox yerdə arvatdar kişilərdən ağıllı olur). Heylə olur bu çıxır gedir. Bunnar hər səhər dururmuş ki, ev gül kimi, ojaxda kül yox. Bir neçə il belə keçir. Bir səhər durullar ki, zibil də yerindədi, kül də. Deyillər ki, vallah, Qızxanım öldü.
II mətn
Haral kəndində Müsdü adında bir kişi yoxa çıxıf. Deyillər guya çörəyi kəsəndə pismillah demiyif, cinnər onu aparıf. Bir müddətdən sora hay gəlif ki, Müsdü Qubatdı rayonunun Xəndək kəndindədi. Bu belə oluf ki, Müsdü qojalıf əldən düşüf. Bunu görən cinnərin böyüyü deyir ki, bunu aparın qoyun evinə, gəlin. Müsdüyə də tapşırıf ki, cinnər sənə desələr, bura haradı, denən bilmirəm, bura haradı, denən tanımıram. Tanıdım deyən kimi səni ora qoyajaxlar. Ora gələndə deyif bura Xəndəkdi. Bir vaxt görüf heş kim yoxdu. Əgər deməsəydi, onu Fərəcana – öz kəntdərinə kimi gətirəjeydilər.
Dostları ilə paylaş: |