67. ÇIRAQLI KƏNDİ Çıraq adında kor bir kişi gəlib bizim kəndə çıxır. Gözündə qırovluq olur, uzağı görmürmüş, ona görə ona kor deyiblər. Ərdəbildən gəlib bizim kəndin ərazisində yerləşir. Bunun dörd dənə oğlu olub. Birinin adı Əsgəndər olur, birinin adı Şabəndə, birinin adı Həsən, birinin adı da İman olub. Mənim eşitdiyim məlumata görə, Kamalla Çıraq qardaş olublar. Kəndlər bir-birinə o qədər birrəşmişdi ki, qonax gələndə kəntdərin arasını bilə bilmirdi. Gəlib orda yurd salıblar, orda qalıb yaşıyıblar. Xeyri-şəri də, təşərrüfatı da bir olub. Başqa kəntdərnən ünsiyyəti o qədər tutmurdu, amma ikisinin bir-biriynən ünsiyyəti tuturdu. Qız verib qız alırdılar.
Çıraq qardaşı evinnən ayləsiynən öz yurduna gedərkən sahənin müəyyən hissəsində onun üzərinə canavarrar düşür. Rəvayətə görə, iyirmi dört canavar olub. O, iyirmi dört canavarın iyirmi ikisini öldürərək öz yurduna gəlib çatır.
Kor Çırağın oğlu Həsən örüşdən gələndə bir dənə bəbir düşür bunun üsdünə. Yapşır bunun dizinin gözünnən, alır ağzına. Bu nə qədər çalışır dizini bunun ağzınnan çıxara bilmir. Həsənin belində xənçəl vardı. Xənçəli çıxardır bəbirin qarnın cırır, candan olannan sora dişdəri boşalır. Hana vardı, o hananı mən gördüm. İrəhmətdiklər and içirdilər ki, həmin bəbirin dərisin onun üsdünnən asdıx, quyruğu yerə dəyirdi. Yaralı halıynan onu öldürüb dərisini soyub gətirmişdi. Həmin kişi dörd ildən, beş ildən sora həmin yaradan da rəhmətə getdi.