75. LOLABAĞIR KƏNDİ Həmin kəntdə Lolabağır addı çox qüvvəli pəhlivan oluf. Keşik dağı deyirik. Bəzi yerrərdə Keşiş dağı, Keş dağı kimi də göstəriflər, amma bizim camahat Keşik dağı deyirdi. Sağında, sol tərəfində kəntdər vardı. Bu dağ da həmin kəndlərin arasında idi. Elə bil onnara keşik çəkirdi. Orda Lolabağırın yaylağı oluf, Yal yurdu deyillərmiş. O vaxdı haranınsa general-qubernatoru eşidif ki, bu qüvvəli pəhlivandı. Gələndə özüynən bir pəhlivan gətirif. Qubernatorun gəlişinin şərəfinə Lolabağır hardasa bir kilometr yola böyük bir xalı döşətdirif ki, mənim qonağım gəlir. Qubernator deyir ki, mənim pəhlivanımnan güləşərsən, onu yıxsan nə isdəsən verəjəm, amma uduzsan bütün mülkünnən əl çəkəssən. Şərt kəsib buları güləşdirir. Hardasa bir saat güləşillər, amma heş biri bir-birinə üstün gələ bilmir. Lolabağır varlı adam oluf, malının içidə də kök bir çöngə vardı. Güləşdiyi adam da rus olufdu. Ayləsinə deyif ki, filan qaşqa çöngəni qurban de, bu gavur mana güj gəlir. Nəysə, pəhlivanı yıxır. Qubernator deyir ki, mənnən nə istəyirsən, de. Duruf belə baxır. Deyir ki, o ərazi Ağaların yeridi (Ağalar da Qorçuda hörmətli şəxs oluf), o ərazi filankəsindi. Onnan qalan burda nə ərazi var mən sənnən onu isdiyirəm. Elə orda da sənətləşdirif o torpaxları verib ona. Bizim kənt də həmin torpaxda yerləşir. Lola onun ləqəbi oluf. Özü də çox gursəsli adam oluf. Deyillər ki, Keşik dağınnan adamı haylıyanda Araxışda onun səsi eşidilirmiş. Hardasa on kilometr məsafə olardı. Heylə nəhəng bir adam olufdu.