87. FƏRCAN KƏNDİ
Dedilər, guya üç qardaş gəlib, məskunnaşanda ayrı-ayrı məskunnaşıflar. Biri Atqıza düşüb, kalafasının yeri də qalmışdı. Həmin qardaşlardan törəyənnərə hətəmli, ağcaöyül nəsli, çuxur məhlə deyillər. Biri bizim kəntdə yurd salıb, biri də bizdən Mehriliyə tərəf Yetər yurduna düşüb. Sora deyiblər, niyə üç qardaş ayrı-ayrı olurux, bir-birimizdən xəbərsizik. Gəlin yığışax bir yerə. Heylə oluf, o iki qardaş da gəlib bizim kəndə, burda kök salıflar.
88. XƏLƏCLİLƏR HAQQINDA
I mətn
Bizim kəntdən iyirmi yeddi nəfər Sovet hökuməti qurulanda qaçıb İrana. Mənim babamın dediyinə görə, onlar musavata üzv oluflar. Sovet hökuməti isdiyif ki, buları öldürsün, bular gecəynən qaçırlar. Bulardan biri Mir Mehdi ağa Türkiyəyə gedir. Vanda məhkəmədə iş icraçısı işdiyir.
Xələcdən Yevlağın Malbinəsinə, Ağdama, Qazaxıstana sürgün olunanlar olub. Seyid Həmid, Seyid Asya, Seyid Şəfiqə, Seyid Şüşə sürgün olunuf. Bunnarın ərləri müsavata üzv olduğuna görə, sovet hökuməti gələndə qaçdılar, yoldaşları qaldı. Buları da sürgün elədilər. Maraqlı bir əhvalat danışım. Deyirdilər ki, Seyid Şəfiqə sürgün olunuf Qazaxıstana. Ancaq öyrəndim ki, Qazaxıstana getmiyib. Buları faytona mindirib aparıllar Gəncə şəhərinə. Gəncə şəhərində bir neçə gün qalırlar. Bizim kəntdə də Məşədi Qara ağa oluf. Məşədi Qara ağa da çəliynən gəzirdi, yaşdı adamdı, bunu da sürgün eliyirlər. Şəfiqə də bunların içinin ən balacasıdı. Bu da nəvəsidi bunun. Camahatı mindirəndə vaqonlara bunu alıb qucağına saxlamışdı. Hamının adını oxuyurlar, Məşədi Qara ağaynan Şəfiqənin adını oxumurlar. Vaqon çıxır gedir, Məşədi Qara ağa qalır. Orda şükür eliyir ki, bu uşağı saxlıyaram, böyüdərəm, olar gedər-gəlməzə gedir. Beləliknən, onu götürür gəlir kəndə.
II mətn
Bizim kəntdə güjdü atıcılar olub. Elə adamlar oluf ki, sapdan asılmış spişkanı vururdular. Ona görə ermənilər bizim kəndə girmiyiflər. Bir hissəsi Qarıqışlaq istiqamətindən, bir hissəsi də Taroğlu istiqamətindən gəlib, bizim kənd qalıb ortada. Cibikliyə də girmiyiflər. Amma Çardaxlı, Taroğlu, Qarıqışlax istiqamətindəki kənddərin hamısını yandırıflar. Bizim kəndin adamları məcbur oluf çıxıflar. Arvad-uşağı çıxardıf gətirillər Cəbrayılın Qumlaq kəndinə, kişilər qalıf döyüşüflər. Əyin kəndində səngər dağı var, orda Xələc, Taroğlu, Əyin səngəri var, camahat qalıb orda döyüşüflər. Bir neçə gün vuruşuflar, ətraf kəndlər alınıf, bizimkilər də məcbur oluf çıxıflar. Onda bizim kəntdən iki nəfər cavan oğlan ölüb. Camahat çıxan vaxdı Sonanın suatı deyilən bir yerdə qız uşağı qalmışmış. Gəlif görüllər ki, bu qızın qarnını yarıflar, atıflar suyun içərisinə. Hardasa beş-altı yaşı olardı. Onu da aparıb dəfn eliyiflər.
Dostları ilə paylaş: |