Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu azərbaycan folkloru antologiyasi (Cəbrayıl, Ağdam, Laçın, Qubadlı, Zəngilan, Ağcabədi və Kəlbəcər rayonlarından toplanmış folklor nümunələri) baki – “Nurlan“ – 2012


NATƏVANIN SEYİD HÜSEYNƏ ƏRƏ GETMƏSİ



Yüklə 5,93 Mb.
səhifə122/300
tarix01.01.2022
ölçüsü5,93 Mb.
#102883
1   ...   118   119   120   121   122   123   124   125   ...   300
121. NATƏVANIN SEYİD HÜSEYNƏ ƏRƏ GETMƏSİ
Mehdiqulu xan ölnənnən sora Natavanı anası götürür gedir varisəliyi Tiflisdə təsdiq elətdirə. O vaxdı rus knyazının biri Xasay olur, əslən də dağıstannı ləzgi olur. Gedəndə Natavana vurulur. Xasay Natavanın anasın təkcə qəbul eliyir ki, siz qızı mana vermə­sə­niz, bu varisəlik əlinizdən çıxajax. Çox götür-qoy eliyillər, çox düşünüllər, məjburiyyət qarşısında razılaşıllar. Görünür Natavanın özünü də şöhrət məjbur eliyir, evlənillər. Bir müddət Tiflisdə qalannan sora Natavan gəlir Şuşaya, Xasay da onnan gəlir.

Bunnar Şuşada yaşıyan vaxdı Şuşada bir papaxçı olur Seyid Hüseyin. Bu özünə bir köməkçi götürür gəlir Ağdama. Sezondu da, tərəkəmənin gedif gələn vaxdı olur. Papax tikif satır, puldan-zad­dan qazanıf qayıdıf piyada gedillər Şuşaya. Gedillər Şuşaynan Ağ­damın arasında bir günəşli gündə ağacın kölgəsində yolun üsdündə çıxıf oturullar. Bu vaxdı Xasaynan Natavan faytonda Ağdama gəlillər. Xannığın hər bir üzvünün Ağdamda aran evi oluf. Burda Seyid Hüseyin qalxıf faytona belə boylanır, Natavanı burda görür. Bu da doğurdan da, xan qızıdı. Eləmir tənbəllik, deyir, ya Allah, ya rəbbi, keşgə Natavan mənim arvadım ola. Yanındakı yoldaşı deyir ki, Natavan sənin arvadın olsa, maa nə verərsən? O vaxdı görünür yüz maat çox güjdü pul oluf. Deyir, canım üçün, saa yüz maat pul verərəm. Deyif, yaxşı, sözümüz sözdü.

İş elə gətirir ki, bu Xasay namərtdik eliyir, Natavanı burda atır çıxır gedir. Natavan da ərsiz qadın qalır. Bir gün balqonda oturur, özü çəkdirdiyi suya baxır. Görür bulağın üsdə bir nəfər yuyunur. Çox səxsiyyətdi bir adamdı. Tez nökər-naibi göndərir ki, o kimdi gətirin bura. Gətirir, danışdırır kimsən? Deyir, vallah, papax tikirəm, Seyid Hüseyinəm. Bunu bir az süzür. Deyir, evlisən, subaysan? Deyir, subayam. Deyir, neçə yaşın var? Deyir, otuz beş yaşım var. Deyir, yaxşı, get, səni çağıtdırajam. Bu da düşür gedir. Deyir, ay Allah, Xan qızı məni neynir?

Bu yəqin ki, bu müddətdə bunun kim olduğunu öyrənənnən sora çağıtdırır. Deyir ki, məni başa sal görüm niyə evlənməmisən, dərdin nədi sənin? Deyir, xan, qismətdi, belə oldu. Bunu danışdırır ki, heş bir qüsuru yoxdu. Taleh belə gətirif ki, evlənmiyif. Birdən qayıdır sual eliyir ki, məni alarsan? Başın dikir aşağı. Deyir, dur get, səni çağıtdıranda gəl yanıma. Gəlir otağı hazırratdırır. Burdan iki isdol qoyur. Bir qapı burda aşdırır, bir qapı ordan. Axund ordan gəlir, Seyid Hüseyin burdan. Seyid Hüseyinə deyir, gəl otur yanımda. Axunda deyir, əyləş orda bizim kəbini kəs. Seyid Hüse­yin Natavanın əri olur. Onnan üç uşağı olur.

Bir günnəri Seyid Hüseyinnən Ağdamdakı evinə gedir. Bunu maa söhbət eliyən maa demiyif, amma mən ehtimal edirəm ki, bu yəqin dosduna deyif ki, Ağdama gedəjəm, gəl ora, sənin yüz maatı verəjəm. Bunnar Ağdamda balqonda oturmuşlar. Xanım diqqət ye­tirir, görür aşağıdan bir adam keçir, çox bunnara baxır. Baxır, özü də gülür. Qayıdır bu Hüseyinə baxır ki, bu da gülümsünür. Deyir ki, o kimdi? Deyir, heç, köhnə tanışdardandı. – Bəs niyə gülür? Deyir, xanım, vallah sənnən gizdəmiyəjəm, düzün danışa­jam. Xa­say­nan sən faytonda keçəndə biz o yolun üsdə ağacın kölgəsində oturmuşdux. Mən o adama dedim ki, kaş Natavan mənim arvadım ola. O da maa dedi ki, arvadın olsa, maa nə verəs­sən? Mən də dedim yüz maat. İndi ona gülür. Natavan dinməzcə durur keçir içəri. Mücrünün ağzın açır, bir kisə qızılı gətirir. Deyir ki, sənin ən böyük arzun oluf ki, mənim ərim olasan. Allah onu saa kam eliyif, arzuna yetişdirif. Onun da arzusu yüz maatın yiyəsi olmaxdı. Get onun arzusun yerinə yetir.


Yüklə 5,93 Mb.

Dostları ilə paylaş:
1   ...   118   119   120   121   122   123   124   125   ...   300




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin