122. TEMİR YÜZBAŞI
I mətn
Zabuğ döyüşünün əsas təşkilatçılarından biri Sultan bəyin sağ əli olan Temir yüzbaşı olufdu. İntası o çox əzazil adam olufdu. Hətta bir dəfə Paşa bəy ona bir şapalax vurufdu ki, sən camahatnan rəfdarı düzgün apar. Onu da nə üsdə vurufdu? Bir günnəri bu gedif bir kəndə. Burda buna gətirif qayğanax bişiriflər, qayğanağın üsdünə də bal töküflər. Yeyir, qarnı ağrıyır. Çağırır ev sahibini, fərraşa deyir:
– Vur kopoyoğlunu. Qayğanax bal üsdü kopoyoğlu, başı da necə Aynanın başına oxşuyur. Vur, vur kopoyoğlunu (Ayna da bunun arvadı olufdu, Aynadan da zəhləsi gedifdi. Elə düzgün də zəhləsi gedirmiş, gərək başın kəsəydi onun, onda sağ qalardı).
Paşa bəyə xəbər çatdırıllar ki, Temir yüzbaşı filan yerdə belə hak-hesab elədi. Çağırıf onun qulağının divinə bir şillə vurur. Deyir:
– Sən qudurmusan xalxın çörəyin yeyif həm də verirsən şallağın ağzına. Dədən Qulu sənə nə qoyuf gedifdi, ə, onu vurursan? Dədən Quluya da hörmət qoymadın.
Nəysə, bunu bərk vurufdu. Deyif ki, Temir, ağlında saxla ki, kasıba əl qaldırmağ olmaz.
II mətn
Sovet hökuməti gələndə Temir yüzbaşı görüf ki, bolşevik gəlir, əyri yolnan kommunist partiyasının biletini alır. Gətirir arvadı Aynaya verir, deyir:
– Bunu qoy bir yerə, lazım olar.
Rus gəlif qapıya dirənəndə deyir ki, o qırmızı bileti gətir bura. Deyir:
– A kişi, hansı qırmızı bileti?
Deyir:
– Saa qırmızı bilet verməmişdim, onu gətir.
Deyir:
– Rus qapıya dirənəndə hamısını yandırdım.
Nəysə, kişini tutullar, aparıf salıllar Şuşa türməsinə. O vaxdı atamı da tutullar. Nətər olufsa türmədə Temir yüzbaşıynan bir yerdə olullar. Atam deyir, baxdım gördüm ki, sakqal tökülüb bura, başının tükü də bax burdan (çiynini göstərir – top.), saş buraxıbdı. Dedim:
– Temir əmi, nolar adam ölümə gedəndə. Üzünün-başının günü nədi, gəti qırxım.
Dedi:
– Yox, yox, ay oğul. Bunu qırxmax lazım döyül. Bu baş axmax başdı. Bu baş ixtiyarı verdi Aynanın əlinə, Ayna da bu başı saldı bu günə. Bu başı bit-sirkəyə yedizdirəjəm.
Onnan sora yazığı gülləliyif öldürmüşlər.
Dostları ilə paylaş: |