127. QAÇAQ FƏRZALI
I mətn
Şuşa rayonunun Qala dərəsi kəndi var, on səkgizinci ildə ermənilər ordan gəlif Laçın rayonunun Ağanus kəntlərini qırıf qarət eliyiflər. Təkcə Unannovu kəndində on səkgiz nəfəri bir gecədə öldürüf, on ikisin də əsir aparıflar Qala dərəsinə. Əsir aparılannardan birinin də mənə qohumluğu çatırdı, Mehri addı arvad idi. O deyirdi ki, nəvəmnən məni də aparmışdılar. Uşaq, qadın, hamilə, qoca demədən əllərinə keçəni öldürürdülər, süngüyə taxırdılar. Bir yaxın erməni dosdumuz vardı. Dedi ki, bunu verin mən aparım. Məni aldı, gecəynən gətirdi ötürdü, heylə oldu mən sağ qaldım. Qalannarını qırdılar.
Bu hadisədən sora Qaçax Fərzalı bir müddət yoxa çıxıf. Demə, İran vasitəsiynən addıyıf Türkiyəyə. Gedif ora, Osman paşaynan, Loğman paşanı gətirif Tərxannı kəndinə. Çadırlar qurduruf. Bir ucu Arazdan bir ucu Şuşaya qədər adamlar yığışıf, onnarı silahnan təmin eliyiflər. Həmin qaçaqlarnan gedif Qala dərəsini dağıdır. Erməni deyirdi ki, Fərzalı, bura gedən dərə deyil ey, qalan dərədi. Deyir, indi görərik. Tamam dağıdır o kəndi, ermənilər sovet vaxdı genə gəlif orda məskunnaşmışlar.
Nə qədər ki o adam sağ idi erməni cəsarət edib bir kəndə girə bilmirdi. Rusiyaynan da əlaqə saxlıyıfdı. Gedif bir top alıf, bir dənə də topçu. O vaxdı da azərbaycannılarda topçu yox idi. Gorusun kəntləri var – Dığ, Gorunzur. Yalın başında Qoçdaş deyilən yer var, topu orda qurduruf ordan kəntdəri vururmuş. Özü də binokulla baxırmış. Görur rus atdı, kəndin getdi yuxarısından dəydi. Yerə dəyən kimi toz qalxır, heş kəndə yaxın getmədi. Deyir, ə, düz at. İkincini atır, bu da kəndin ayağına düşür. Yenə dəymədi. Quru torpaxdı, düşən kimi toz qalxır. Üçüncünü atıf sağa, dördüncünü sola. Görür bu elə xaç şəkli çəkir. Xəncəri çıxardıf, ordaca boynun vuruf. Daha o topu atan olmuyuf. Topun hissələri atmışıncı illərə qədər o kəntdə idi. O topnan erməniləri ordan qoymurdu bir addım gələ.
II mətn
Ermənilər Hadrut rayonunun Arpagədiyi, Ağcakənd kəntlərinnən Laçın rayonunun Suarası, Fərəcan kəndlərinə basqın eliyirmişdər. Bir gün də ermənilər bu kəndlərə basqına gəlirmiş. Fərzalı adam yığıf gedif Xorgədiyi deyilən yerdə ermənilərnən qarşılaşıf. Nəysə, böyük atışma gedənnən sora ermənilər çox itki verərək qayıdıf. Fərzalının əmisi oğlu həmin döyüşdə həlak olur. Yalyurtda, Tirtöküləndə, Palantökəndə döyüşlər oluf. Bu camahatın hansı qorxub qaçırmışsa, deyirmiş qaşmıyın, qaçanı vurajam, atdı qaçdı atın vurajam, piyada getdi özün vurajam. Heylə camahatı qaçmağa qoymuyuf.
Orda Məcütdü kəndi var. Məlik qayasınnan Məcütdü qabax-qənşərdi, aradan Həkəri çayı gedir. O üzdə qəlbidə ermənilərdi, bu üzdə bizim camahatdı. Ermənilər ordan çox atırmışlar. Onnan əlaqədar Fərzalı bütün camahatı yığıf Kürdyalında səngər qazıf erməniləri qoymurmuş kəntdən kənara çıxalar. Çıxanı vururmuş.
Sora nətər olufsa, bir təsadüf güllə gəlif bunun çiyninə dəyif. Bu bir az qalır. Deyir, camahat, tüfəngi qaldıra bilmirəm, indi özünüz öz müdafiyənizi təşkil eliyin. Kamandir gedənnən sora bular nə eliyə bilər? Onnan sora qaçıf dağılıflar, erməni də gəlif o kəntdəri yandırıf, tamam kül eliyif. Bizim camahat gəlif Cəbrayıl rayonunun Gəyən düzünə. Fərzalı Gəyən düzündə rəhmətə gedif, orda da basdırıflar. Heç qəbri də məlum deyil.
Dostları ilə paylaş: |