138. PADARLI BEHBUD
Bunnan qabax ağ nefti, qara nefti Bakıdan dəvələrə yüklüyürdülər, gətirif kəntlərdə satırdılar. Bir dəsdə gedir Bakıda dəvələri yüklüyür, gəlir çıxır Padara. Eşidir ki, Padarda Behbud addı biri var, çox güjdüdü. Gəlir çıxır xırmana. Dəvələri düşürdür. Deyir ki, mənim nə satdığımı sora bileysiz. Mən eşitmişəm ki, burda Behbud addı biri var, çox güjdüdü. Mən öz vilayətimdə güjdüyəm, Behbud da burda güjdüdü. Mən gəlmişəm Behbudnan güləşəm. Əyər Behbud məni yıxdı, şərtimiz nədi verəjəm. Mən Behbudu yıxdım, şərtim nədi onu alajam. Bu söhbətin içində Behbud da orda olur. Behbud bərk gülür. Deyir, niyə güldün? Deyir, tutalım Behbud mən. Məni yıxa bilərsən? Deyir, canı da alaram, sən kimsən ki? Dəvələrin erkəyinə nər deyillər, dişisinə maya deyillər, heyvərəsinə yurdaqayıdan deyillər, arvana, lök deyillər. Beş nev dəvə var. Behbud baş barmağını diriyir nərin ombasına. Nər də qızıf, ağzınnan köpük tökülür. Deyif, hay elə, dəvən dursun. Deyir, dəvəynən nə işin var? Deyir, görürsən baş barmağımı dirəmişəm dəvənin ombasının üsdünə. Əyər baş barmağımın ağrısınnan dura bildi, Behbudu yıxeysən. Əyər dura bilmədi, çıx get. Dəvə nə qədər laxlanır, laxlanır, qalxa bilmir. Bunu Zaman kişi nağıl eliyirdi. Deyir, indi nədi sözün? Deyir, yox, şərtimiz şərtdi. Gejə qalıf burda Behbudnan güləşməliyəm. Deyir, Behbud mənəm. Dəvən durammadı ki? İndi nədi fikrin? Hava da toran çalır. Dedi, qalıf burda sənnən güləşəjəm, amma bu şərtnən: mən harda qalsam maa xəyanət olmasın. Behbud deyir ki, səni heş kimə vermərəm, qalessən bizdə. Özü də sənnən daqavor bağlıyajam, nə sən yatmıyessən, nə mən. Mənim yediyim yeməyi sənin qabağına qoyajaxlar, sənkin də mənim qabağıma ki, birdən zəhər tökəllər. Səhər güləşejeyih. Ya sən məni yıxarsan qalib olarsan, ya mən səni. And içirdi Zaman kişi ki, güləşdilər. Torpax xırmandı, dizdərini dirədilər yerə, sürünə-sürünə gedillər ora, gəlillər bura, nə bu onu yıxa bilir, nə o bunu. Axırda Behbud bir nərə çəkdi, dəvə yiyəsini qaldırdı qəlbiyə. Dedi ki, səni atım, yoxsa yavaşca qoyum yerə. Dedi, yox, da bildim ki, sən mənnən güjdüsən.
Dostları ilə paylaş: |